Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünyanın ən prestijli mükafatlarından biri Azərbaycanda

Dünyanın ən prestijli mükafatlarından biri Azərbaycanda

06.02.2026 [08:10]

Prezident İlham Əliyevin  “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın və onun Liderinin dünyada artan nüfuzunun daha bir təsdiqidir

Azərbaycan Prezidenti İlham Əliyev daha bir nüfuzlu beynəlxalq təltifə - “Zayed İnsan Qardaşlığı Mükafatı”na  layiq görülüb. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində mükafatın  təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinin irəliləməsinə, yekun sülh sazişinin paraflanmasına görə deyil, həm də Onun şəxsən sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsidir.

Dünyada böyük nüfuza malik  “Zayed İnsan Qardaşlığı Mükafatı”

“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada böyük nüfuza malikdir. Mükafat Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.

Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilməsi və həmin ali mükafatın məhz Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən verilməsi təltifin siyasi çəkisini qat-qat artırır. Bu, Azərbaycan-BƏƏ münasibətlərinin strateji mahiyyət daşıdığına hər iki ölkədə böyük önəm verilməsinin göstəricisidir. İki dost ölkə müxtəlif sahələrdə qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq əlaqələri qurublar. BƏƏ özünün iqtisadi imkanları, resursları, əhali sayı etibarı ilə regionun nüfuzlu dövlətlərindən biridir. Öz növbəsində Azərbaycan İslam dünyasının bir parçası olması ilə qürur duyur və dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Ölkəmizin həm regional, həm də İslam dünyasında həyata keçirdiyi siyasət BƏƏ-nin siyasəti ilə uzlaşır. İki dost ölkə həm İslam ölkələrini birləşdirən təşkilatlar, həm də digər beynəlxalq platformalar çərçivəsində sıx əməkdaşlıq edirlər və bir-birinin mövqeyinə dəstək verirlər.

Milli və beynəlxalq səviyyədə qəbul olunan böyük Lider

Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqının özü tərəfindən verilib. Dövlətimizin başçısı Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan, xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olmuş,  bu gün də dövlətimizi qətiyyətlə gələcəyə doğru aparan,  ən yüksək zirvələri fəth etmiş böyük Liderdir. Son 22 ildə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. İlham Əliyev isə ona görə fateh Liderdir ki, Onun arxasında yenilməz güc - xalq var.

Təkcə son dövrlərdə dünyada yaşanan bir sıra kataklizmlər milli dövlətlər üçün çox ağır sınaqlar olub. O cümlədən bəzi dövlətlər müharibələrin, iqtisadi böhranların, pandemiyanın gətirdiyi çətinliklərə dözə bilməyiblər və bir sıra hallarda xarici güclərdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər. Azərbaycan bu kimi fəsadlardan yan ötən dövlətdir. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir.

Bu gün ölkə daxilində aparılan çoxvektorlu siyasətdə cəmiyyətin bütün sosial təbəqələrinin mənafeyi diqqət mərkəzində saxlanılır. Heç kəs dövlət qayğısından kənarda qalmır. Ölkədə ədalətli resurs bölgüsü təmin edilir, dövlətin imkanları artdıqca sosial məqsədlərə yönələn tədbirlərin əhatə dairəsi də genişləndirilir. 

Azərbaycan Prezidentinin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, həmçinin Azərbaycana və onun Liderinə beynəlxalq aləmdə göstərilən yüksək hörmət və etibarın parlaq təcəssümüdür. Bu gün Azərbaycan dünyada dialoq məkanı kimi tanınır. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəssinə uyğun olaraq ölkəmiz davamlı olaraq qlobal həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüslər irəli sürür, həmçinin dünya gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq tədbirlərə məmnuniyyətlə ev sahibliyi edir. Ölkəmizin böyük məsuliyyətlə ev sahibliyi etdiyi COP29 konfransında bir sıra önəmli substantiv nəticələr əldə olundu.  COP29-dan sonra cari ildə ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbirin keçirilməsi gözlənilir.  Söhbət 2026-cı il 17-22 may tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir. Dünyanın nəzərləri yenidən Azərbaycana yönələcək, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq.

Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından daha bir mühüm hadisəyə də diqqət çəkmək istərdik. Bu, ölkəmizin D-8 beynəlxalq təşkilatına üzv qəbul edilməsidir. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Azərbaycan 2024-cü il dekabrın 19-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib. Respublikamızın yekdilliklə D-8-in üzvlüyünə qəbul edilıməsi İslam səkkizliyinin tarixində ilk genişlənmə idi. Bu və digər fakt İslam dünyasında Azərbaycanın nüfuzunun artmasının göstəricisidir.

Dünya üçün nümunə olan sülh gündəliyi

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsində dayanan ən mühüm məqamlardan biri sülh və birgəyaşayışla bağlıdır. Ayrı-ayrı regionlarda qanlı müharibələrin alovlandığı indiki dövrdə dünyanın heç vaxt olmadığı qədər sülhə böyük ehtiyacı var. Qalib Azərbaycan da beynəlxalq birlik üçün nümunə sayıla biləcək sülh gündəliyinə malikdir. Mükafat Prezident İ.Əliyevin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir.

Qalib Azərbaycan sülh niyyətində olduğunu müharibə başa çatandan dərhal sonra bütün dünyaya bəyan etdi. Bunun təsdiqi olaraq Azərbaycanın qarşı tərəfə göndərdiyi 5 bənddən ibarət sülh paketi beynəlxalq norma və prinsiplərə istinad olunmaqla hazırlanmışdı. Burada Azərbaycan qalib dövlət olaraq hansısa bir imtiyazlardan çıxış etməmişdi ki, bu da ölkəmizin sülh istəyində nə qədər səmimi olduğunu təsdiqləyir.  Bundan sonra sülhyaratma prosesinə start verildi. Təəssüf ki, yenə də Ermənistanın və bu dövlətin havadarlarının manipulyasiyalara əl atmaları səbəbindən sülhyaratma prosesi rəvan şəkildə irəliləmədi və müəyyən zaman itkisinə yol verildi. Ancaq nəticə etibarı ilə Azərbaycanın iradəsi qalib gəldi və sülhyaratma prosesini ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan mühüm razılaşmalaradək irəlilətmək mümkün oldu. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnində əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır.

Beləliklə, onilliklər ərzində işğalçılıq siyasətindən əziyyət çəkən Cənubi Qafqaz coğrafiyasında yeni bir dönəm başlayıb. İndi bu coğrafiya Azərbaycanın iradəsi və yaratdığı reallıqlar sayəsində heç vaxt olmadığı qədər sülhə yaxındır. Yekun sülh sazişinin paraflanması, eləcə də Minsk qrupunun ləğvi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Hazırda regionda real sülh şərti var və etimad quruculuğu yolunda addımlar atılır. Mükafatın Prezident İlham Əliyevə verilməsi də beynəlxalq ictimaiyyətin Onun 35 illik münaqişəni sülh yolu ilə sonlandırmaq, Cənubi Qafqazda davamlı sülh və sabitlik yaratmaq uğrunda göstərdiyi səylərə və Azərbaycanın prinsipial sülh siyasətinə verdiyi yüksək qiymətin ifadəsidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28