Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın qlobal liderliyi

Azərbaycanın qlobal liderliyi

21.02.2026 [12:11]

Ölkəmiz “Sülh Şurası”na yaradıcı (founding) üzv statusu ilə qoşulub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”  beynəlxalq birliyin diqqət mərkəzindədir ki, bu da təsadüfi deyil. Hazırda dünya olduqca həssas dönəmdən keçir, sürətli transformasiyalar baş verir.  Narahatlıq doğuran ən mühüm məqamlardan biri isə dünyada müharibə risklərinin artması ilə bağlıdır. Ayrı-ayrı güc mərkəzləri tərəfindən hətta nüvə təhdidləri də vaxtaşırı gündəmə gətirilir.

Belə, heç də adi olmayan bir şəraitdə Donald Trampın ideya müəllifliyi və bilavasitə rəhbərliyi ilə “Sülh Şurası”nın yaradılması bəşəriyyəti xilas etmək, Qəzzada və digər ünvanlarda dağıntıları bərpa etmək üçün ümid işığı kimi görünür.

 Azərbaycanın da bu qurumda təmsil olunması xüsusi məna daşıyır. Xatırladaq ki, Davos Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurası”na qoşulmaqla bağlı dövlətlərə açıq müraciət edilib. Bu müraciət fonunda Azərbaycan Respublikası “Sülh Şurası”na yaradıcı (founding) üzv statusu ilə qoşulub.

Azərbaycanın və onun Liderinin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisi

Elə ölkələr var ki, onların ayrı-ayrı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri formal səciyyə daşıyır. Bu qəbildən olan dövlətlər beynəlxalq əməkdaşlıqda bir qayda olaraq öz maraqlarını önə çəkirlər və daim umacaqlarını dilə gətirirlər, elə hey yardım, kömək istəyirlər. Ləyaqətli və gücllü dövlət olan Azərbaycan isə belə davranışları heç vaxt özünə rəva görmür. Azərbaycanın multiregional səciyyə daşıyan xarici siyasəti sırf milli maraqlara, müstəqillik və suverenlik prinsiplərinə və əlbəttə ki,  beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın verdiyi qərarlar hansısa uzaq paytaxtlarda deyil, Bakıda, dövlətimizin başçısı tərfindən imzalanır. Ölkəmizin xarici siyasətində indiki narahat dünyada yaranan çağırışlar mütləq qaydada nəzərə alınır. Təkcə son vaxtlarda, o cümlədən də yeni növ koronovirus pandemiyası dönəmində Prezident İlham Əliyev bir neçə dəfə beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər  ayrı-ayrı dövlətlər, o cümlədən də BMT tərəfindən dəstəklənib. Həm də məsuliyyətli dövlət olan Azərbaycan yalnız təşəbbüslər irəli sürməklə kifayətlənmir, eyni zamanda, praktiki müstəvidə humanitar aksiyalarda yüksək fəallıq göstərir, ehtiyacı olanlara kömək edir. Respublikamızın BMT TŞ-də təmsilçiliyi, Qoşulmama Hərəkatında (QH) sədrliyi həmin təşkilatların tarixində məhsuldar dövr kimi xatırlanır. Azərbaycan qlobal pandemiya dönəmində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), ehtiyacı olan dövlətlərə böyük həcmlərdə maliyyə yardımı göstərdi, ayrı-ayrı ölkələrin vaksinlərə çıxışını təmin ettdi. Son dörd ildə isə Azərbaycandan Ukraynaya bir neçə dəfə humanitar yardım yola salınıb. Respublikamız həmçinin keçid dövrünü yaşayan Suriyaya ilk yardım əli uzadan dövlətlər sırasında yer alır.

Azərbaycan həmçinin Qəzza məsələsində həssas yanaşma sərgiləyir. Ölkəmizin birmənalı mövqeyi ondan ibarətdir ki, münaqişə iki dövlət prinsipi əsasında həllini tapmalıdır. Yeri gəlmişkən, Azərbaycan indiyədək Fələstin dövlətinə də bir neçə dəfə humanitar yardım göndərib.

Azərbaycanın beynəlxalq əməkdaşlıqda fəallıq göstərməsi, qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verməsi öz növbəsində beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Bu gün respublikamız beynəlxalq miqyasda etibarlı tərəfdaş, müxtəlif mədəniyyətləri “Bakı prosesi” və digər təşəbbüslər çərçivəsində bir araya gətirən dialoq məkanı kimi tanınır. Respublikamıza və onun Liderinə dünyada artan rəğbət bunun əyani təsdiqidir. Ölkəmizin yuxarıda bəhs etdiyimiz statusda “Sülh Şurası”na qoşulması bunun növbəti ifadəsidir. “Sülh Şurası” çərçivəsində respublikamıza böyük önəm verilməsi Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi, ölkənin inkişaf modeli, strateji sabitliyi və çoxtərəfli diplomatiyaya verdiyi töhfələrlə birbaşa bağlıdır. Beynəlxalq problemlərin qarşısının alınmasında və idarə olunmasında oynadığı rol, konstruktiv yanaşması, dialoq və nəticəyönümlü diplomatiya həyata keçirməsi ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuz qazanmasını şərtləndirən amillərdir. “Sülh Şurası”nda Azərbaycanın iştirakı ölkəmizin mövbəti uğurudur. Bu, o anlama gəlir ki, dünyada ən həssas məqamlarda nəzərlər Azərbaycana dikilir və ölkəmiz də ona bəslənilən ümidləri hər zaman yüksək səviyyədə doğruldur.

Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarı və ən fəal təşviqatçılarındandır

Xüssusi olaraq vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqtonda keçirilən  “Sülh Şurası”nın ilk iclasında iştirak etmək üçün dəvət edilib. Bu, Prezident İlham Əliyevin dünyada böyük nüfuzu və ona olan hörmətin təzahürüdür.  Bunu tədbir zamanı Prezident Trampın bir neçə dəfə Azərbaycanın dövlət başçısına xitab etməsi bir daha təsdiqlədi. Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın tədbir çərçivəsində görüşməsi və əlsıxmanın Prezident Tramp tərəfindən qeyd edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın və dövlət başçımızın rolunun göstəricisidir. İclasda Azərbaycan və Ermənistan liderlərinin əlsıxması böyük rəmzi məna daşıyır. Bu, həm də onun nümayişidir ki, “Sülh Şurası”nın fəlsəfəsi qarşıdurmanı inkar edir, ölkələri barışığa çağırır. Azərbaycan və Ermənistan otuz ildən çox bir müddətdə müharibə şəraitində yaşayıblar. Bu illərdə Azərbaycan ərazilərinin təxminən 20 faizi işğal altına düşüb, bir milyondan artıq insan doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Müharibə illərində ölkəmizin təxminən 11 min kvadratkilometr ərazisində bütün yaşayış məntəqələri vəhşicəsinə dağıdılıb, mədəni irs yox edilib, təbii sərvətlər talanıb. Azərbaycan bu ədalətsizliyə öz gücü ilə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyə nail olub.

Təbii ki, iki qonşu ölkə əbədi olaraq düşmənçilik edə bilməz. Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarı və ən fəal təşviqatçılarındandır. Müharibə başa çatdıqdan sonra qalib Azərbaycan yaratdığı yeni reallıqları regionda sülhə nail olmaq üçün real zəmin kimi dəyərləndirdi və bu istiqamətdə vaxt itirmədən məqsədyönlü fəaliyyətlərə başladı. Məhz İlham Əliyevin siyasi qətiyyəti və fəal diplomatiyası sayəsində sülhyaratma prosesində böyük yol keçilib. Bu yolda ötən il avustun 8-də Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində  Azərbaycan, Ermənistan liderlərinin iştirakı və Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanması böyük nailiyyətdir. Vaşinqton görüşündən sonra regionda real olaraq sülh mövcuddur, atəş səsləri eşidilmir, insanlar həyatlarıni itirmirlər. Eyni zamanda, Azərbaycan  sülhə töhfə vermək naminə öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir. Eləcə də ölkəmizdən Ermənistana enerji məhsullarının ilk partiyaları yola salınıb. Bundan başqa, son aylarda etimad quruculuğu prosesi çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri İrəvanda və Bakıda bir neçə dəfə görüşüblər. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan konstitusiyasına müvafiq dəyişiklik edildikdən sonra yekun sülh sazişinin imzalanmasında hər hansı bir maneə qalmayacaq.

Eyni zamanda, Azərbaycanın məqsədyönlü siyasəti yalnız Cənubi Qafqaz coğrafiyasında deyil, bütün dünyada sülhün bərqərar edilməsinə yönəlib. Ölkəmizin bu siyasəti D.Trampın sülh çağırışları ilə üst-üstə düşür. Məlum olduğu kimi, Yaxın Şərqdə sülh prosesinin əsası ötən il oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitində qoyulub. Azərbaycan Prezidentinin də dəvət aldığı həmin sammitdə Donald Trampın təşəbbüsü və siyasi iradəsi, həmçinin beynəlxalq birliyin dəstəyi sayəsində sülh razılaşmasının imzalanması Qəzza bölgəsi və bütün Yaxın Şərq  coğrafiyası üçün yeni bir tarixin başlanğıcı kimi dəyərləndirilir. Yaxın Şərq Sülh Sammitində müvafiq razılaşmanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Beləliklə də, Donald Trampın irəli sürdüyü 20 bəndlik sülh panı işə düşüb. Ötən dövrdə atəşkəs kiçik istisnalarla pozulsa da, bunlar böyük müharibə miqyasına keçməyib. Şarm əl-Şeyxdə, Davosda və Vaşinqtonda keçirilən bütün görüşlərində Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərqdə başlanan sülh prosesinə qətiyyətli siyasi dəstəyini ifadə edib.

Qəzzada bərpa-quruculuq işlərinin və humanitar missiyaların həyata keçirilməsi

Tədbirin gündəliyində duran əsas məsələlərdən biri Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, eləcə də bərpa-quruculuq işlərinin və humanitar missiyaların həyata keçirilməsi idi. Qəzzada 7 oktyabr 2023-cü il tarixində HƏMAS-la İsrail arasında başlayan qanlı savaş Yaxın Şərq və bütövlükdə dünya üçün böyük fəlakət idi. İki il ərzində regionda insanlıq faciəsi yaşanıb. Qəzzada 60 mindən çox insan həyatını itirib. Humanitar böhran son həddə çatıb. Göz önündə xarabazarlığa çevrilmiş ərazilər uzanır. Uşaqlar, böyüklər ac-yalavac vəziyyətdədirlər, onlar ən zəruri səhiyyə xidmətlərindən məhrum qalıblar,  daldalanmağa yerləri yoxdur.

Bir sözlə, yerlə-yeksan edilmiş Qəzzanın bərpasını sıfırdan həyata keçirmək lazım gələcək. Zəruri infrastruktur qurulmalı, yaşayış evləri tikilməli, iş yerləri yaradılmalıdır. Bunun üçün isə böyük həcmlərdə maliyyə vəsaiti tələb olunur. Bunu elə Yaxın Şərq Sülh Sammitində Donald Trampın özü bildirib. “Qəzzaya çoxlu pul gələcək və çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq”, - deyə ABŞ Prezidenti yekun bəyanatında bildirib. O vurğulayıb ki, bu yenidən qurmaq deyil, əsl quruculuq olacaq.

Qəzza zolağının yenidən qurulması 70 milyard dollar xərc tələb edəcək. Bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Fələstin xalqına yardım proqramı üzrə administratorunun xüsusi nümayəndəsi Yako Silliers bildirib. “BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan zərərin və ehtiyacların operativ qiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”, - deyə o, Cenevrədə keçirilən brifinqdə vurğulayıb.

Eyni zamanda, Qəzzanın bərpası ilə bağlı “Ərəb planı” adlandırılan layihə də mövcuddur. Bu plan bir neçə ay bundan əvvəl Ərəb Dövlətləri Liqasının sammitində elan olunub. Ərəb liderləri Qəzza zolağının bərpası və gələcəkdə Fələstin Administrasiyasının (FA) bölgəyə nəzarətini təmin etmək üçün 53 milyard dollar (42 milyard funt sterlinq) dəyərində planı təsdiqləyiblər.

Azərbaycan Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılmasında iştirak etməyəcək

Daha bir mühüm məqam Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması  ilə bağlıdır. Bu ideya ilk dəfə Şarm əl-Şeyxdə ABŞ Prezidenti tərəfindən irəli sürülüb və Qəzza probleminin hərtərəfli həllinə yönəlmiş 20 maddəlik planın tərkib hissəsi kimi təqdim edilib.

Bəs, Azərbaycan Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılmasında iştirak edə bilərmi? Prezident İlham Əliyev bu ilin 5 yanvar tarixində yerli mediaya verdiyi müsahibədə bu suala özünün aydın  baxışını ifadə edib. Belə ki, dövlətimizin başçısı Azərbaycanın Qəzzada yaradılması nəzərdə tutulan Sabitləşdirmə Qüvvələrinin tərkibinə qoşulmaq niyyətində olmadığını bəyan edib.

Bu, tamamilə məntiqli yanaşmadır. Azərbaycan yeni müharibədən çıxmış ölkədir və hərbi kontingentin başqa bir münaqişə zonasına göndərilməsi məsələsi cəmiyyətdə müəyyən həssaslıq doğurur. Bu mövqe Azərbaycanın xarici siyasətində məsuliyyətli yanaşma, daxili ictimai rəyin nəzərə alınması və regional prioritetlərin qorunması prinsipinə əsaslanır.

Azərbaycan Respublikası öz praktiki təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində investor kimi aktiv rol oynaya bilər. Ölkəmiz münaqişədən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr nümunə kimi nəzərdən keçirilə bilər. Bu, həqiqətən unikal bir nümunədir. Müharibə başa çatandan sonra ermənilər bildirirdilər ki, Azərbaycanın işğaldan təmizlədiyi əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud buna onilliklər tələb olunacaq. Ancaq qalib Azərbaycan bəhs olunan ərazilərdə bərpa-quruculuq işlərinə müharibə başa çatandan dərhal sonra başladı. Artıq Qarabağda həyat canlanır, yenidən qurulan şəhər və kəndlərə bir-birinin ardında köç karvanları yola salınır. Qəzzada da bu təcrübədən istifadə etmək mümkündür. Gələcəkdə burada kommersiya şərtləri və investisiya layihələri əsasında Azərbaycan tərəfindən yatırımlar həyata keçirilə bilər. Ancaq indiki şəraitdə qeyd olunan 7 milyard dollar çərçivəsində Azərbaycanın hər hansı iştirakı nəzərdə tutulmur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28