Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qlobal təhlükəsizlik üçün: “Sülh Şurası” modelinin yeni institusional perspektivləri

Qlobal təhlükəsizlik üçün: “Sülh Şurası” modelinin yeni institusional perspektivləri

21.02.2026 [11:56]

Dəyişən dünya nizamında təhlükəsizlik islahatlarının zəruriliyi

XXI əsr dünyada informasiya və inkişaf əsri kimi xarakterizə olunsa da, yeni dövrdə siyasi qarşıdurmalar, geostrateji konfrantasiyalar daha da dərinləşir. Sirr deyil ki, beynəlxalq münasibətlər sistemi hazırda dərin və çoxşaxəli transformasiya mərhələsindən keçir. II Dünya müharibəsindən sonra formalaşan, “Soyuq müharibə”dən sonrakı dövrdə isə əsasən liberal beynəlxalq nizam prinsiplərinə əsaslanan qlobal idarəetmə mexanizmləri yeni geosiyasi reallıqlara adekvat cavab verməkdə çətinlik çəkir. Böyük güclər arasında artan siyasi-iqtisadi rəqabət, regional münaqişələrin kəskinləşməsi, beynəlxalq statuslu aktorların təsir imkanlarının genişlənməsi və beynəlxalq hüququn selektiv tətbiqi mövcud təhlükəsizlik arxitekturasının effektivliyini zəiflədib. Xüsusilə son illərdə müxtəlif qitələrdə baş verən silahlı toqquşmalar və humanitar böhranlar göstərir ki, beynəlxalq sistemdə kollektiv təhlükəsizlik mexanizmləri əvvəlki kimi işlək deyil.

Bu kontekstdə qlobal sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh əsas institut olan Birləşmiş Millətlər Təşkilatı və onun əsas orqanı sayılan BMT Təhlükəsizlik Şurası mövcud münaqişələrin qarşısının alınması və ya aradan qaldırılması istiqamətində gözlənilən nəticələri əldə edə bilmir. Təhlükəsizlik Şurasında veto hüququnun siyasi alətə çevrilməsi, geosiyasi maraqların qərar qəbul etmə prosesinə dominant təsiri və qəbul olunan qətnamələrin icra mexanizmlərinin zəifliyi qurumun funksionallığını məhdudlaşdırır.

Belə şəraitdə beynəlxalq ictimaiyyət qarşısında duran əsas suallardan biri ondan ibarətdir ki, mövcud institutlar islahat yolu ilə gücləndirilməlidir, yoxsa alternativ mexanizmlərin yaradılması zəruridir? Dünyanın müxtəlif regionlarında davam edən müharibələr, humanitar fəlakətlər və dərinləşən siyasi qarşıdurmalar göstərir ki, yalnız mövcud mexanizmlərə güvənmək artıq kifayət deyil. Əksinə, daha çevik, siyasi iradəyə əsaslanan və nəticəyönümlü yeni platformaların yaradılması müasir dövrün çağırışlarına cavab verə bilər.

Məhz bu baxımdan “Sülh Şurası” kimi alternativ bir mexanizmin yaradılması ideyası aktuallıq qazanıb. Belə bir qurum klassik çərçivələrdən kənara çıxaraq, konkret münaqişələrin həlli üçün daha operativ qərarlar qəbul edə, vasitəçilik və sülh quruculuğu prosesində daha çevik rol oynaya bilər. Qlobal sistemin çoxqütblü xarakter aldığı bir dövrdə sülhün təmin olunması üçün yeni yanaşmaların tətbiqi qaçılmaz görünür.

Mövcud münaqişələrə təsir və beynəlxalq mexanizmlərin effektivlik problemi

Hazırda dünyada 60-dan artıq aktiv münaqişə ocağının mövcudluğu beynəlxalq təhlükəsizlik sisteminin dərin böhran içində olduğunu göstərir. Bu münaqişələr təkcə regional xarakter daşımır, eyni zamanda qlobal güc balansına və beynəlxalq iqtisadi-siyasi münasibətlərə ciddi təsir göstərir. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən Qəzzada davam edən humanitar böhran və genişmiqyaslı hərbi əməliyyatlar beynəlxalq ictimaiyyətin təsirli müdaxilə mexanizmlərinə malik olmadığını nümayiş etdirir.

Eyni zamanda, 2022-ci ildən etibarən davam edən Rusiya-Ukrayna müharibəsi Avropa qitəsində təhlükəsizlik arxitekturasını kökündən dəyişdirib. Müharibənin uzanması, diplomatik təşəbbüslərin nəticəsiz qalması və tərəflər arasında kompromis imkanlarının məhdudluğu mövcud beynəlxalq vasitəçilik mexanizmlərinin effektiv olmadığını göstərir. Bu münaqişə yalnız iki dövlət arasında deyil, həm də böyük güclər arasında dolayı qarşıdurma xarakteri daşıyır və qlobal enerji, ərzaq və təhlükəsizlik bazarlarına təsir edir.

Qəzza problemi isə onilliklərdir davam edən və həllini tapmayan münaqişə kimi beynəlxalq təşkilatların, xüsusilə BMT-nin səmərəsizliyinin simvoluna çevrilib. Müxtəlif sülh təşəbbüsləri, atəşkəs razılaşmaları və beynəlxalq konfranslar uzunmüddətli nəticə verməyib.

Beləliklə, çoxsaylı münaqişələrin paralel şəkildə davam etməsi və hətta genişlənməsi beynəlxalq mexanizmlərin preventiv diplomatiya və effektiv vasitəçilik funksiyalarını yerinə yetirə bilmədiyini təsdiqləyir. Bu reallıq alternativ platformaların formalaşdırılmasını zəruri edir.

BMT-nin institusional məhdudiyyətləri və islahat zərurəti

Vurğulandığı kimi, qlobal təhlükəsizliyin qorunmasına cavabdeh olan Birləşmiş Millətlər Təşkilatı münaqişələrin qarşısının alınması və həlli sahəsində yetərli təsir imkanları nümayiş etdirə bilmir. Bunun əsas səbəblərindən biri Təhlükəsizlik Şurasında veto hüququnun mövcudluğudur. Beş daimi üzvün - ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın veto səlahiyyəti bir çox hallarda siyasi konsensusun əldə olunmasına mane olur.

BMT-nin qərarlarının icrası mexanizmi də zəifdir. Məsələn, Ermənistan-Azərbaycan münaqişəsi dövründə qəbul edilmiş dörd qətnamənin 30 il ərzində icra olunmaması təşkilatın təsir imkanlarının məhdudluğunun açıq göstəricisidir.  Qətnamələrin hüquqi qüvvəsi olsa da, onların icrası üçün effektiv sanksiya və məcburetmə alətləri praktikada tətbiq olunmur.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən səsləndirilən “Dünya 5-dən böyükdür” tezisi də məhz Təhlükəsizlik Şurasının mövcud strukturuna yönəlmiş tənqidi ifadə edir. Bu yanaşma qlobal idarəetmədə daha ədalətli təmsilçilik və qərar qəbuletmə mexanizmlərinin yenilənməsi ideyasını gündəmə gətirir.

Beləliklə, BMT-nin struktur və prosedur məhdudiyyətləri yeni çoxtərəfli platformaların yaradılmasını aktuallaşdırır. Əgər mövcud sistem islahatlara açıq deyilsə və ya islahatlar ləng gedirsə, alternativ mexanizmlər qlobal təhlükəsizliyin təmin olunmasında əlavə rol oynaya bilər.

“Sülh Şurası” alternativ mexanizm kimi...

Mövcud reallıqlar fonunda alternativ sülh mexanizmlərinin yaradılması ideyası müxtəlif siyasi dairələrdə müzakirə olunur. Xüsusilə, ABŞ-ın bəzi beynəlxalq strukturlardan uzaqlaşması və çoxtərəfli mexanizmlərə alternativ yanaşmalar irəli sürməsi yeni platformaların formalaşdırılması ideyasını gücləndirir. Vaşinqton UNESCO, BMT-nin İnsan Hüquqları Şurası və digər başqa BMT strukturlarından çıxmaqla yeni bir situasiya yaradıb. Belə bir mərhələdə “Sülh Şurası” təşəbbüsünün ortaya çıxması və fəal iş prinsipinin nümayişi göstərir ki, nəzərdə tutulan addımlar daha effektiv və təsiredici ola bilər. Əsas məqsəd kimi:

- Konkret münaqişələr üzrə siyasi dialoqun təşkili;

- Vasitəçilik və ya təşkilatçılıq mexanizmlərinin gücləndirilməsi;

- Operativ qərar qəbuletmə imkanlarının artırılması;

- Ortaq maraqlar üzərində konsorsiumun əldə olunması;

- Tərəflərin daha çox iqtisadi əlaqələrin gücləndirilməsi və geocoğrafi üstünlüklərin iqtisadi dividendlərə transfer olunmasına yönləndirilməsi nəzərdə tutulur.

Beləliklə, “Sülh Şurası” ənənəvi beynəlxalq təşkilatlardan fərqli olaraq, daha məhdud üzvlük və daha çevik prosedurlar əsasında fəaliyyət göstərə bilər. Bu isə qərarların daha sürətli qəbul olunmasına və tətbiqinə imkan verəcək - eyni zamanda, belə bir mexanizm regional güclərin və təsirli dövlətlərin iştirakı ilə formalaşdırılarsa, qəbul edilən qərarların icrası üçün real siyasi iradə təmin edilə bilər.

Beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən dizaynı

Yaranan çətin situasiyanın ən əsas səbəblərindən biri müasir beynəlxalq münasibətlər sisteminin daha da çoxqütblü və qeyri-sabit xarakter daşıması ilə bağlıdır. Böyük güclər arasında iqtisadi-siyasi rəqabət dərinləşdikcə, regional münaqişələr ətrafında qruplaşma yarana bilir və bu da qlobal qarşıdurma riskini artırır. Bu şəraitdə beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən dizaynı zərurəti meydana çıxır. “Sülh Şurası” kimi mexanizm isə qlobal təhlükəsizlik sistemində yeni presedent yarada bilər - əgər belə bir platforma vasitəsilə, məsələn, Qəzzada dayanıqlı atəşkəs və siyasi razılaşma əldə olunarsa, bu model digər münaqişə zonalarına da tətbiq olunma ehtimalını ortaya qoyur. Əsas məsələ mexanizmin legitimliyinin, təmsilçilik prinsipinin və qərarların icra imkanlarının təmin edilməsidir.

Yeni təhlükəsizlik platforması həm dövlətlərarası münaqişələrin, həm də daxili silahlı qarşıdurmaların həllində vasitəçi rola malikdir. İkinci mərhələdə isə qurum humanitar böhranların aradan qaldırılması, qaçqın problemlərinin həlli və münaqişədən sonrakı bərpa prosesində koordinasiya funksiyanı da daşıya bilər. Beləliklə, beynəlxalq təhlükəsizlik arxitekturasının yenilənməsi təkcə institusional dəyişiklik deyil, həm də siyasi iradənin və məsuliyyət bölgüsünün yenidən müəyyənləşdirilməsidir. “Sülh Şurası” bu baxımdan innovativ və praqmatik yanaşma kimi qiymətləndirilə bilər.

Qlobal sülh gündəliyində yeni səhifə...

Bütün bunlar onu göstərir ki, müasir beynəlxalq münasibətlər sistemi ciddi sınaq qarşısındadır. Münaqişələrin sayının artması, onların uzunmüddətli xarakter alması və humanitar nəticələrinin ağırlaşması mövcud qlobal idarəetmə mexanizmlərində dəyişikliyi zəruri edir. Səbəb isə ənənəvi qərarların qəbulundakı siyasi bloklanmalar və icra mexanizmlərinin zəifliyi, beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmamasıdır. Bu reallıq fonunda alternativ mexanizmlərin yaradılması ideyası kimi “Sülh Şurası” təşəbbüsü qlobal təhlükəsizlik sistemində yeni nəfəs rolunu oynaya bilər. Belə bir platforma daha çevik qərar qəbuletmə prosedurları, siyasi iradəyə əsaslanan vasitəçilik mexanizmləri və konkret nəticələrə fokuslanmış fəaliyyət strategiyası ilə mövcud boşluqları doldura bilər. Nəticə etibarilə, dəyişən dünya nizamı yeni yanaşmalar tələb edir. Mövcud mexanizmlərin zəif tərəflərini nəzərə alaraq, daha çevik və inklüziv təhlükəsizlik platformalarının yaradılması beynəlxalq ictimaiyyət üçün strateji prioritetə çevrilməlidir. “Sülh Şurası” bu istiqamətdə atılan addımlardan biri kimi qlobal sülh gündəliyində mühüm yer tuta bilər.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28