Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / WUF13 müxtəlif beynəlxalq platformalarda...

WUF13 müxtəlif beynəlxalq platformalarda...

05.02.2026 [11:35]

Ölkəmizdə baş tutacaq bu nüfuzlu tədbirin təqdimatları keçirilir

Bu il 17-22 may tarixlərində ölkəmizdə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bir sıra yüksəksəviyyəli beynəlxalq tədbirlərdə təqdim olunub. Belə ki, 29 yanvarda Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Polşa və Zimbabve Respublikasının BMT yanında Daimi Nümayəndəliklərinin həmsədrliyi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) dayanıqlı urbanizasiya və Yeni Şəhərsalma Gündəliyi üzrə Dostlar Qrupunun iclası keçirilib.

BMT-nin mənzil-qərargahında...

Tədbir Yeni Şəhərsalma Gündəliyinin icrasının orta müddətli qiymətləndirilməsinə hazırlıq çərçivəsində təşkil olunub və BMT-yə üzv dövlətlərin nümayəndələrinin geniş iştirakı ilə baş tutub. İclas Dostlar Qrupunun həmsədrlərinin açılış nitqləri ilə başlayıb. Ardınca BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Gündəliyinin icrası üçün əsas fəaliyyət çərçivəsi, öhdəliklər, prioritetlər və hesabatlılıq mexanizmləri barədə təqdimatla çıxış edib. Daha sonra sənədin icrasının qiymətləndirilməsinə dair həmməruzəçilər Malavi və Polşa Respublikasının BMT yanında Daimi Nümayəndələri şəhərsalma sahəsində mövcud çağırışlar və qiymətləndirmə hesabatının hazırlanması prosesi ilə bağlı fikirlərini bölüşüblər.

UN-Habitat-ın Dostlar Qrupu dünyanın bütün regionlarını təmsil edən 50 dövlətin üzv olduğu platformadır və əsas məqsədi şəhərlərin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı inkişafını təşviq etmək üçün üzv dövlətlər arasında dialoq və əməkdaşlığı gücləndirməkdir. İclas çərçivəsində Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı təqdimat edilib, forumun mövzusu, əsas tədbirləri və WUF13-ə hazırlıq prosesi haqda məlumat verilib.

Birgə brifinq keçirilib

Yanvarın 30-da isə Azərbaycan Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə WUF13-ə həsr olunmuş diplomatik brifinq keçirilib. Tədbirdə BMT yanında akkreditə olunmuş 100-dən çox daimi nümayəndəliklərin rəhbərləri, müşahidəçilər və diplomatik korpusun üzvləri iştirak ediblər. Brifinqdə açılış nitqi ilə çıxış edən Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Daimi Nümayəndənin müavini Elvin Əşrəfzadə Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində qlobal dialoqa verdiyi töhfələri vurğulayıb və WUF13-ün müasir çağırışlara kollektiv cavabların formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxışında bildirib ki, WUF13 dünyada 3 milyard insanı əhatə edən qlobal mənzil böhranının həlli üçün dialoqu genişləndirmək, tərəfdaşlıqları gücləndirmək və praktik həlləri təşviq etmək baxımından mühüm platformadır. O vurğulayıb ki, WUF13 tədbiri Yeni Şəhərsalma Gündəliyinin icrasına dəstək verərək şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı inkişafına töhfə verəcək.

Brifinqdə WUF13 Milli Koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək forumun mövzusu, məqsədləri və foruma hazırlıq prosesləri barədə məlumat verib. O, Azərbaycanın WUF13-də irəli sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili, interaktiv və nəticəyönümlü formatda Nazirlər görüşünün keçirilməsi, 35 min kvadratmetr ərazidə təşkil olunacaq “Urban Expo” sərgisindən danışıb.

Brifinq çərçivəsində UN-Habitat-ın Kanada ofisinin rəhbəri Omar Siddique WUF13-ün proqramı, əsas tədbirləri və iştirak imkanları barədə təqdimatla çıxış edib. Tədbir sual-cavab sessiyası ilə davam edib. Türkiyə, Qırğızıstan, Belarus, Pakistan, El Salvador və digər ölkələrin diplomatları WUF13 tədbirinin yüksək səviyyədə təşkilində Azərbaycana olan inamlarını ifadə ediblər.

Deputatın təşəbbüsü ilə WUF13-ə həsr olunmuş tədbir...

Yeri gəlmişkən, qeyd edək ki, dünyanın 30 ölkəsindən 32 parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş “Parlamentlərin dayanıqlı şəhərlərin inkişafında və davamlı şəhərsalmanın təşviqində rolu” mövzusunda beynəlxalq onlayn tədbir də keçirilib. Tədbirin əsas məqsədi iştirakçıları WUF13-ün əsas məqsədləri və proqramı barədə məlumatlandırmaq və WUF13-də parlamentlərin iştirakının təşviqinə töhfə vermək olub.

Tədbir Azərbaycan Milli Məclisinin və Qlobal Parlamentari Akademiyasının (GCAP) üzvü Pərvanə Vəliyevanın təşəbbüsü, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Tədbirdə parlament üzvləri ilə yanaşı, UN-Habitat və digər ixtisaslaşmış agentliklərinin nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən deputat Pərvanə Vəliyeva xarici həmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasda iştirak etdiklərinə görə təşəkkür edib. Onun sözlərinə görə, hamımızı birləşdirən ortaq anlayış ondan ibarətdir ki, qlobal çağırışlar məhz şəhərlərdə cəmlənir və onların həll yolları da elə buradan başlamalıdır. Dayanıqlı şəhər inkişafı və inklüziv şəhərlərin formalaşması güclü parlament təşəbbüsləri olmadan mümkün deyil. Millət vəkili qeyd edib ki, sürətli urbanizasiya, iqlim riskləri, sosial bərabərsizlik, məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı cəmiyyətlərimizi köklü şəkildə dəyişir. Bu çağırışlar abstrakt deyil,  onlar hər gün seçicilərimizin həyatına birbaşa təsir göstərir.

P.Vəliyeva deyib ki, qanunverici orqanların üzvləri olaraq bu problemlərə uzaqgörənlik, əsaslandırılmış siyasət və uzunmüddətli öhdəliklərlə cavab vermək məsuliyyətini daşıyırıq: “Parlamentlər Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri kimi qlobal öhdəliklərin milli qanunvericiliyə, büdcə mexanizmlərinə və hesabatlılıq sistemlərinə çevrilməsində həlledici rol oynayır. Biz qanunvericilik təşəbbüsləri ilə yaşayış yeri məsələsinə sadəcə infrastruktur kimi deyil, sosial sabitliyin, ictimai sağlamlığın və iqtisadi dayanıqlığın əsasında dayanan fundamental insan hüququ kimi yanaşılmasını təmin edə bilərik”.

Açılışda xüsusi qonaq qismində Dominika Birliyinin Ətraf Mühit, Kəndlərin Müasirləşdirilməsi və Kalinago İcmasının İnkişafı naziri Kozier Frederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiya təcrübələrindən, mövcud çağırışlardan və Dominika parlamentinin tikinti normaları, zonalaşdırma qanunları və planlaşdırma sistemlərində gördüyü işlərdən danışıb.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən WUF13 haqda təqdimat edilib, Azərbaycanın WUF13 çərçivəsində irəli sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili olunacağı haqda məlumat verilib, şəhərsalma forumlarında parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb.

Müzakirələrdə iştirak edən əcnəbi deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatoruna birgə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbul edirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarının mərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açar nöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik, məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı əlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti və davamlı investisiyalar tələb edir. Biz bir daha təsdiqləyirik ki, parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara, siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledici rol oynayır. Biz WUF13-ün ev sahibi kimi Azərbaycan Respublikasına güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi kimi təqdim edilməsi istiqamətində fəaliyyətini alqışlayırıq”.

Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının əsas iştirakçı qruplarından biridir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28