Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Həsrət bitdi...

Həsrət bitdi...

22.08.2026 [09:55]

33 il öncə işğal olunan Cəbrayıl və Füzuli bu gün yeni inkişaf mərhələsini yaşayır

30 ilə yaxın bir dövrdə 23 avqust tarixi ağrılı səhifələrdən biri kimi yadda qalmışdı. 33 il öncə həmin gün Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə Ermənistanın Azərbaycan torpaqlarına qarşı həyata keçirdiyi təcavüzün miqyası daha da genişləndi. Hər iki rayon strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın gözəl guşələridir.

Ağır işğal günləri...

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər var idi. O cümlədən, rayonda aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümüklərinin tapıldığı Azıx mağarası mövcud idi. Bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, rayon sakinlərindən 733 nəfəri şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirib əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1994-cü ilin yanvarında rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu.

Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu da 1993-cü il avqustun 23-də işğal edilib. İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana, 3 daimi, 4 səyyar kino qurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix-diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer-mama məntəqəsi xidmət göstərirdi. Əsas məşğuliyyət isə əkinçilik və maldarlıq olub.

1990-cı ildən rayon camaatı köməksiz şəkildə erməni silahlıları ilə üz-üzə durmaq məcburiyyətində qalmışdı. İşğal edilmiş digər ərazilər kimi Cəbrayıl rayonu da həmin illərdə böyük köməyə ehtiyac duyurdu. AXC-“Müsavat” cütlüyünün iradəsizliyi və səriştəsizliyi cəbrayıllıları da köməksiz qoymuşdu. Rayon əhalisindən döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın şəxs Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Lələtəpə qalibiyyəti...

1994-cü ildə Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ilin aprelindən sonra ikinci həyatını yaşamağa başladı. Daha dəqiq desək, buna Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması üçün əlverişli şərait yarandı. Prezident İlham Əliyev 2017-ci il yanvarın 24-də “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncam imzaladı.

Abadlaşan Füzuli...

Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.

2021-ci ilin yanvarında isə Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi. Həmin il yanvarın 14-də təməli atılan Hava Limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılırsa da, artıq həmin ilin avqust ayında uçuş-enmə zolağı hazır idi və ilk sınaq təyyarəsini qəbul etmişdi. 2021-ci il oktyabrın 26-da isə hava limanının rəsmi açılışı oldu. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın və dövlət rəsmilərinin olduğu Türkiyənin bir nömrəli təyyarəsi Ankara - Füzuli hava xətti ilə uçuş edərək, birbaşa Füzuli Beynəlxalq Hava Limanına endi.

Artıq rayonda bərpa işləri sürətli şəkildə davam edir. Böyük Qayıdış I Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna qədər Füzuli rayonunda Füzuli şəhəri və 10 kəndin bərpa olunub təhvil verilməsi nəzərdə tutulub. Şəhər və 10 kənddə ümumilikdə 22 min nəfərə qədər əhalinin məskunlaşması planlaşdırılır.

Cəbrayılın azadlıq günü

2020-ci il Vətən müharibəsində Cəbrayıl rayonu da öz azadlığına qovuşdu. Cəbrayıl düşmən tapdağından xilas edilən ilk şəhər idi. Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl rayonunun kəndləri bir-bir işğaldan azad edilirdi. Dövlət başçısı bu sevincli xəbərləri xalqla bölüşürdü. Oktyabrın ilk günlərində rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal qüdrətli ordumuz tərəfindən işğaldan azad edildi. Bu gün Cəbrayıl rayonu da özünün yeni quruculuq günlərini yaşayır. Artıq Böyük Qayıdış proqramı çərçivəsində ailələr Cəbrayıla qayıdır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31