Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

22.08.2026 [08:48]

Məzarlar da zamanla

Dostlaşıb tanış olur

Bəzi daşlar orda da

Fəhləyə məmur olur

Məzar var ki, başında

Bir abidə ucalır

Məzar var ki, başında

Adi bir daş dayanır

Məzar var il boyu

Həmişə yada düşür

Məzar var tarix boyu

Heç ora yolun düşmür

Məzar var yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var kol-kos basır

Kim olduğu bilinmir

Adama elə gəlir

O daşlar da danışır

Ona yaxın məzarla

Öz dərdini paylaşır

***

Bir çiçək idin ki, ömürlük təzə

Araz yadigarı qalmışdın bizə

Qəlbində nə böyük gözəl arzular

Heyf xəyalların düşdü dənizə

Səndən bizə qalan dəyərli miras

Təmiz duyğuların, hisslərin oldu

Yazdığın alovlu, odlu şeirlər

Bir də kitab dolu xatirən oldu

Gözəl nümunədir həyat yolların

Vaxtsız yol çıxdı ömür karvanın

Bilməzdik Rəhilə ziyarətinə

Şahidlik edəcək nurlu məzarın

Nə xoşbəxt insansan sevənin çoxdur

Sənin ürəklərdə heykəlin tuncdur

Uzanır cənnətə indi qolların

Qovuşar ruhuna Məmməd Arazın

***

Məhəbbət yolunda yıxılmaq olar

Yetər ki, qalxmağa bir yolun olsun

Ayrılıb yenidən sevmək də olar

Yetər ki, sevməyə bir üzün olsun

Bir ürək nə qədər sevgi daşıyar

O olar, bu olar, o biri olar

Qəlb boxça deyil kim gəldi tuta

Axırda cırılıb, partlayıb daşa

Demə sevənlərim günahkar idi

Yarı yolda qoyub tərk etdi məni

De mən qəlbimi açıq qoymuşam

Hər gələn atını oynadıb getdi

Bir gün geriyə dönüb baxanda

Alnının qırışı çaşdırar səni

Yarımçıq sevgilər bir alov kimi

İçində qaynayıb yandırar səni

***

Ört üstünü yat ay bala

Getmə dərin xəyala

Qış da bitir çox az qalıb

Gül-çiçəkli bahara

Bilirəm heç sevmirsən

Soyuq qışı, qarı sən

Ayaqqabın su buraxır

Dərsə gedə bilmirsən

Dua edib nənə-bala

Tapşırarıq Yaradana

Çətin olmaz bu qışı da

Yetişərik bahara

Böyük oğlan olarsan

Sən də bir gün ucalarsan

Hər nə qədər imkan olsa

Keçmişini unutmazsan

***

Yağır küçələrə payız yağışı

Sanki illərin həsrətin yuyur

Qatır qabağına torpağı, daşı

Bu gecə gözümdən yuxunu qovur

O vaxt səninlə yağan yağışda

Möhkəmcə islanıb çox üşümüşdük

Yadına gəlirmi soyuq ayazda

Titrəyə-titrəyə biz öpüşmüşdük

Bir dəfə yenə də yağışlı gündə

Tutub əl-ələ yaman qaçırdıq

Başdan ayağa suyun içində,

Adamsız küçədə at oynadırdıq

Hər gün yağırdı bizim şəhərə

Bəzən leysan, bəzən də çiskin

Bir gün zəng edib dedin ki, mənə

İmkan olsa çətir alarsan mənə

Gölməçə olardı hər tərəf, hər yan

Ara verməzdi burda yağışlar

Hər gün ayaqların su olduğundan

Demişdin xəstəyəm, donuram yaman

Sən demə çoxunun yağışlı gündə

Varmış xatirəsi bir ürək dolu

Bilməzdim mənim də yağışlı gündə,

Düşəcək yadıma bir sevgi yolu.

***

Arzuları bir-bir gerçək etməyə

Vaxt azalıb, gecikirsən ay ürək

Bu həyatda əməl qoyub getməyə

Gecikirsən bir az tələs ay ürək

Çoxdandır heç yoxlamırsan özünü

Bəlkə sağlam, bəlkə xəstəsən bilək

Deyirdin ki, qəm bağlayıb üzünü

Gecikirsən sil dərdini ay ürək

Hiss edirəm içində bir boşluq var

Vaxt ötsə də dola bilmir bu ürək

Çox sakitsən bilirəm ki, sözün var

Töküb, boşalt öz içini ay ürək

Pünhan tutmusan neçə sirrini

Bilirəm vəfada tayın yox ürək

Hərçənd bilməsələr bəzən qədrini

Gecikirsən üsyan elə ay ürək

Əvvəlkitək zövq almaqda acizsən

Əl-qolunu itirmiş bir əlilsən

Son mənzilin uzaq deyil bilirsən

Gecikirsən aman yoxdur ay ürək

***

Gələr bu dünyanın bir gün bəd üzü

Qatar öz qabağına, əllini-yüzü.

Bağlanar insanın bəsirət gözü

Etmə pis rəftarı, sinə dağlama,

Dürüst olanın, yolun bağlama.

Uyma yalana, vermə sən cəza

Baş verər ömrünə acı bir qəza.

Saxla bu dünyadan köçənə əza

Əyriyə düz deyib, haqqına girmə,

Versə də birisi sənə yüz tirmə.

Keçmişi unudub, dünəni silmə

Əlində nə varsa, daimi bilmə

Dolansın beynində qoy ilmə-ilmə

Məqamın səninlə həmişəlik deyil,

İnsanı ucaldan vəzifə deyil.

Səadət, xoşbəxtlik önündə ərin,

Getmə çox dayaza, düşün ki, dərin

Nə qədər ev yıxılıb, əlində şərin,

Mən deyim biləsən sözüm tükənməz

Dünyanın əvvəli, sonu bilinməz.

Əyyub Məmmədov

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31