Donald Trampla Kim Çen Inın görüşü:Şimali Koreya əvvəlki dövlət deyil
22.08.2026 [09:45]
Dünyanın diqqəti yenidən Koreya yarımadasına yönəlib. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp avqustun 19-da Şimali Koreya lideri Kim Çen Inla bu ilin sonuna qədər görüşmək niyyətində olduğunu açıqlayıb. Bu xəbər ilk baxışda sadəcə iki liderin yenidən görüşmək planı kimi görünə bilər, amma məsələnin arxasında Şərqi Asiyanın təhlükəsizliyindən tutmuş, nüvə silahlarının yayılmasına, ABŞ-la Çin arasında rəqabətdən Rusiya ilə Şimali Koreyanın yaxınlaşmasına qədər çox ciddi problemlər dayanır. Üstəlik, Trampın bu açıqlaması ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılmasından sonra gəlib, bu da Vaşinqtonun Pxenyanla münasibətlərdə yeni səhifə açmağa çalışdığını göstərir. Görüşün dəqiq tarixi və yeri hələ rəsmi şəkildə açıqlanmayıb, lakin payız aylarında, xüsusilə noyabrda Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı forumu çərçivəsində belə bir görüşün mümkünlüyü barədə müzakirələr aparılır.
Fəqət bu dəfə Trampın qarşısında 2018-ci ildə Sinqapurda görüşdüyü Kim Çen In yoxdur. Aradan səkkiz il keçib, bu müddətdə Şimali Koreya nüvə silahı və uzaqmənzilli raket proqramlarını inkişaf etdirib, Rusiya ilə hərbi və siyasi əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirib, ABŞ və Cənubi Koreyanın hərbi əməkdaşlığını öz təhlükəsizliyinə əsas təhdid kimi qələmə verməyə davam edib. Ona görə də qarşıdakı görüşü 2018-ci ildə başlayan diplomatik prosesin sadə davamı saymaq böyük səhv olardı. Şərtlər dəyişib, Kim Çen Inın əlindəki imkanlar dəyişib və ən əsası, onun əlindəki nüvə silahı artıq çoxdandır gələcəkdə qazanılası imkan deyil, mövcud hərbi-siyasi reallıqdır.
Sinqapur görüşü dünyaya böyük ümid vermişdi...
12 iyun 2018-ci ildə ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Sinqapurdakı görüşü dünya siyasətində tarixi hadisə kimi qiymətləndirildi. Sinqapur Cənub-Şərqi Asiyada yerləşən kiçik, lakin iqtisadi və maliyyə baxımından çox mühüm şəhər-dövlətdir, həmin gün onun adı dünyanın diqqət mərkəzindəydi: tarixdə ilk dəfə Amerika Birləşmiş Ştatlarının fəaliyyətdə olan prezidenti Şimali Koreyanın lideri ilə birbaşa görüşürdü.
Halbuki bundan bir neçə ay əvvəl vəziyyət tamam başqaydı: Vaşinqtonla Pxenyan arasında söz savaşı gedirdi, Şimali Koreya nüvə və raket sınaqları keçirirdi, Tramp isə Pxenyanı ciddi şəkildə təhdid edirdi. Kim Çen In da ABŞ-a qarşı sərt bəyanatlar verir, bununla yanaşı ölkəsinin hərbi imkanlarını nümayiş etdirirdi. Bir sözlə, dünya Koreya yarımadasında müharibə ehtimalından narahat idi. Sonra diplomatiya başlandı. Sinqapur görüşünün ardınca ABŞ və Şimali Koreya yeni münasibətlər qurmaq, Koreya yarımadasında davamlı sülh yaratmaq və yarımadanın nüvəsizləşdirilməsi istiqamətində işləmək barədə razılığa gəldi. Həmin vaxt bir çoxları düşünürdü ki, bəlkə də Koreya yarımadasında onilliklər boyu davam edən qarşıdurmanın sonu yaxınlaşır. Amma siyasi bəyanatla real razılaşma arasında çox böyük məsafə var.
Sinqapur sənədində əsas məqsədlər müəyyənləşdirilsə də, bu hədəflərə necə çatılacağı tam aydın deyildi. Şimali Koreyanın nüvə silahlarından hansı mərhələlərlə imtina edəcəyi, nüvə proqramına beynəlxalq nəzarətin necə həyata keçiriləcəyi, ABŞ-ın hansı iqtisadi sanksiyaları hansı şərtlərlə aradan qaldıracağı və Pxenyanın nüvə silahından imtinasından sonra öz təhlükəsizliyinə hansı təminatı alacağı kimi məsələlər açıq qalırdı. Başqa sözlə, tərəflər getmək istədikləri istiqaməti göstərmişdilər, amma həmin istiqamətdə hansı yolla hərəkət edəcəkləri barədə konkret razılığa gələ bilməmişdilər.
Hanoyda dostluq söhbəti bitdi
27-28 fevral 2019-cu ildə Tramp və Kim Çen In ikinci dəfə - bu dəfə Vyetnamın paytaxtı Hanoy şəhərində görüşdülər. Vyetnam Cənub-Şərqi Asiyada yerləşən və ABŞ-la keçmişdə ağır müharibə aparmış ölkədir. Buna görə Hanoy görüşünün özü də müəyyən simvolik məna daşıyırdı. Lakin Sinqapurdan fərqli olaraq burada böyük siyasi jestlər yetmirdi, tərəflər konkret məsələlər üzrə razılaşmalıydılar. Şimali Koreya iqtisadi sanksiyaların əhəmiyyətli hissəsinin götürülməsini istəyirdi. Sanksiya deyəndə bir dövlətə və ya hökumətə siyasi-iqtisadi təzyiq göstərmək məqsədilə tətbiq edilən məhdudiyyətlər nəzərdə tutulur. ABŞ isə Pxenyanın nüvə proqramından daha ciddi şəkildə geri çəkilməsini tələb edirdi, amma tərəflər hansı güzəştin qarşılığında hansı güzəştə gedəcəkləri barədə razılığa gələ bilmədilər. Nəticədə, Hanoy görüşü heç bir yekun saziş imzalanmadan başa çatdı.
Bu hadisə mühüm bir həqiqəti ortaya qoydu: iki liderin şəxsi münasibətlərinin yaxşı olması dövlətlər arasında mürəkkəb problemlərin avtomatik həll olunması demək deyil. Tramp Kimlə yaxşı münasibət qura bilərdi, Kim də Trampın danışıqlar üslubunu qəbul edə bilərdi, amma masanın üzərinə nüvə silahı, iqtisadi sanksiyalar, hərbi təhlükəsizlik, Cənubi Koreyanın maraqları və ABŞ-ın beynəlxalq öhdəlikləri qoyulmuşdu. Bunların heç biri sadəcə dostluq söhbəti ilə həll olunmur.
Panmuncom görüşü tarixi görüntü yaratdı, amma nəticə dəyişmədi
30 iyun 2019-cu ildə Tramp bu dəfə Koreya yarımadasının ortasında yerləşən və Şimali Koreya ilə Cənubi Koreyanı ayıran sərhəd zonasına getdi. Bu ərazi Koreya dilində Panmuncom adı ilə tanınır və iki Koreya arasında hərbi qarşıdurmanın simvolik məkanlarından biridir. Burada Kim Çen Inla görüşən Tramp hətta Şimali Koreya ərazisinə bir neçə addım da atdı. Tarixi görüntülər dünyanın bütün televiziya kanallarıyla yayıldı. Lakin diplomatiyada görüntü ilə nəticə arasında böyük fərq var: Şimali Koreya nüvə proqramından imtina etmədi, ABŞ-ın da əsas sanksiya siyasəti dəyişmədi və Koreya müharibəsini hüquqi baxımdan tam başa çatdıracaq sülh müqaviləsi imzalanmadı. Bir müddət sonra ABŞ-la Şimali Koreya arasında yüksək səviyyəli danışıqlar faktiki olaraq dayandırıldı. İndi Tramp həmin diplomatik prosesi yenidən başlatmaq istəyir. Amma bu dəfə qarşısındakı Kim Çen In əvvəlki Kim deyil.
Şimali Koreyanın nə qədər nüvə silahı var?
Şimali Koreya nüvə arsenalının dəqiq sayını açıq bəyan etmir. Buna görə dünyadakı rəqəmlər kəşfiyyat məlumatları, peyk görüntüləri, elmi hesablamalar və müstəqil araşdırmalar əsasında hazırlanır. Məsələn, SIPRI adıyla tanınan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu İsveçin paytaxtında yerləşən müstəqil elmi-tədqiqat institutudur. Bu institut dünya üzrə silahlanma, hərbi xərclər, silah ticarəti, münaqişələr və nüvə silahları ilə bağlı araşdırmalar aparır, hər il dünya silahlanmasının vəziyyətini əks etdirən hesabatlar hazırlayır. SIPRI-nin 2026-cı il qiymətləndirməsinə əsasən, Şimali Koreyanın təxminən 60 nüvə başlığı var. ABŞ prezidenti Donald Tramp isə avqustun 19-da Şimali Koreyanın 57 çox güclü nüvə silahına malik olduğunu bildirib. Bu, ABŞ hökumətinin açıq təsdiqlədiyi rəsmi arsenal siyahısı deyil, Trampın açıqladığı qiymətləndirmədir. Cənubi Koreyanın müdafiə naziri Ahn Gyu-bek isə avqustun 20-də Şimali Koreyanın nüvə arsenalının 80-120 başlıq arasında ola biləcəyini söyləyib və bunun müxtəlif özəl tədqiqatların hesablamalarına əsaslandığını, Cənubi Koreya ordusunun dəqiq rəqəmi müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.
Rəqəmlərin 57, 60 və ya 120 olması arasında böyük fərq var, amma burada əsas məsələ konkret rəqəmdən daha vacibdir. Müxtəlif mənbələrin hesablamaları arasında fərq olsa da, onların hamısı eyni reallığa işarə edir: Şimali Koreya nüvə silahına malikdir və onun nüvə imkanları 2018-ci ilə nisbətən xeyli böyükdür. Bu isə qarşıdakı danışıqların mahiyyətini tamam dəyişir.
Kim Çen In nüvə silahından niyə əl çəksin?
Kim Çen In üçün nüvə silahı sadəcə bir neçə bomba və ya raketdən ibarət hərbi arsenal deyil. Şimali Koreya rəhbərliyi bu silahı ölkənin xarici müdaxilədən qorunmasının və mövcud siyasi hakimiyyətin saxlanmasının əsas təminatlarından sayır. Pxenyanın məntiqi belədir: nüvə silahı olan ölkəyə hərbi müdaxilə daha böyük risk yaradır, buna görə də həmin ölkənin rejimini zorla dəyişmək daha çətin olur. Bu səbəbdən Trampın qarşısında duran əsas məsələ “Kim Çen Inı nüvə silahından necə daşındıraq?” sualından daha mürəkkəbdir. Əsas məsələ ondan ibarətdir ki, Kim nüvə proqramını məhdudlaşdırmaq və ya dondurmaq müqabilində ABŞ-dan nə istəyəcək və Vaşinqton bu tələblərin hansı qismini qəbul etməyə hazır olacaq. Burada iqtisadi sanksiyaların yumşaldılması, Şimali Koreyanın iqtisadi fəaliyyəti üçün imkanların artırılması, diplomatik əlaqələrin normallaşdırılması, ABŞ-la Cənubi Koreyanın hərbi təlimlərinin azaldılması və Pxenyanın təhlükəsizliyinə müəyyən siyasi təminatların verilməsi kimi məsələlər gündəmə gələ bilər.
ABŞ üçün də vəziyyət asan deyil: Vaşinqton Şimali Koreya ilə danışıqlarda ciddi güzəştlərə gedərsə, Cənubi Koreya da, Yaponiya da öz təhlükəsizliyinin zəiflədiyi qənaətinə gələ bilər.
Dünyanı qorxudan əsas təhlükə
Əslində, dünyanı ən çox narahat edən məsələ Trampın Kimlə görüşməsi deyil, əksinə, dost olmayan dövlətlərin liderlərinin danışması hər zaman müharibə təhlükəsindən daha yaxşıdır. Əsas təhlükə nüvə silahının beynəlxalq siyasətdə getdikcə daha böyük siyasi üstünlük vasitəsinə çevrilməsidir. Bir dövlət nüvə silahı yaradır, beynəlxalq təzyiqlərə baxmayaraq həmin silahı saxlayır, sonra böyük dövlətlər onunla məhz bu nüvə imkanlarına görə danışıqlar aparmağa başlayırsa, başqa dövlətlərin rəhbərləri də bundan özləri üçün nəticə çıxara bilərlər. Düşünə bilərlər ki, nüvə silahına sahib olmaq beynəlxalq təzyiqdən qorunmağın və böyük dövlətləri danışıqlar masasına gətirməyin ən etibarlı yollarından biridir. Bax, dünyanı əslində qorxudan budur: belə bir düşüncə populyarlaşsa, nüvə silahlarının yayılmasının qarşısını almaq daha da çətinləşə bilər.
Cənubi Koreya ilə Yaponiya məsələnin ən həssas nöqtəsində dayanır. Hər iki ölkə iqtisadi və texnoloji baxımdan dünyanın ən güclü dövlətləri sırasındadır, lakin nüvə silahına malik deyil və öz təhlükəsizliyini böyük ölçüdə ABŞ-ın hərbi imkanlarına bağlayır. Şimali Koreyanın nüvə arsenalının böyüməsi və ABŞ-ın Pxenyanla münasibətlərdə güzəştlərə getməsi Seul və Tokioda təhlükəsizlik siyasətinə yenidən baxmaq barədə müzakirələri gücləndirə bilər. Belə bir proses başlansa, məsələ artıq Şimali Koreya problemi olmaqdan çıxıb, Asiyada nüvə silahının yayılması probleminə çevriləcək.
ABŞ-la Cənubi Koreyanın hərbi təlimləri niyə azaldılır?
Trampın Kim Çen Inla yenidən görüşmək niyyətindən əvvəl ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılması da xüsusi diqqət çəkir. Bu təlimlər iki ölkənin hərbi qüvvələrinin Şimali Koreyanın mümkün hücumuna qarşı birgə fəaliyyət göstərmək qabiliyyətini yoxlamaq və artırmaq məqsədi daşıyır. 2026-cı ildə keçirilmiş əsas təlimlərdən biri Ulchi Freedom Shield adlanır. Bu, ABŞ və Cənubi Koreya ordularının birlikdə keçirdiyi böyük illik hərbi hazırlıq proqramıdır. Tramp həmin təlimlərin miqyasının və müddətinin azaldılmasına göstəriş verib. Təlimlərin əvvəlcədən planlaşdırılan 11 gün əvəzinə 5 gün davam etdirilməsi və bəzi praktiki sahə təlimlərinin azaldılması qərarı qəbul olunub. Tramp bu qərarı həm ABŞ üçün maliyyə yükü, həm də Şimali Koreya ilə münasibətləri yumşaltmaq istəyi ilə əlaqələndirib.
Lakin Seul üçün məsələ yalnız maliyyə məsələsi deyil. Cənubi Koreya hesab edir ki, bu təlimlər ABŞ-ın onun təhlükəsizliyinə verdiyi zəmanətin mühüm praktiki hissəsidir. Ona görə Vaşinqtonun Pxenyana diplomatik jest üçün hərbi təlimləri azaltması Seulda məmnunluq yaratmır.
Kim Yo Çjonun mövqeyi nə deməkdir?
Şimali Koreya tərəfinin reaksiyasında Kim Çen Inın bacısı Kim Yo Çjonun mövqeyi xüsusi əhəmiyyət daşıyır. Kim Yo Çjon Şimali Koreyanın hakim Koreya Əmək Partiyasının yüksək vəzifəli rəhbərlərindən biridir, özü də xüsusilə ABŞ və Cənubi Koreya ilə münasibətlər barədə Pxenyanın ən sərt siyasi açıqlamalarını verən şəxslərdən biri kimi tanınır. O, ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasını ciddi güzəşt kimi qəbul etməyib, təlimin miqyasının aşağı salınmasının onun xarakterini dəyişmədiyini bildirib. Bununla yanaşı, Kim Yo Çjon Donald Trampla qardaşı Kim Çen In arasında şəxsi münasibətlərin yaxşı olduğunu etiraf etsə də, son vaxtlar iki liderin rəsmi əlaqələrindən xəbərdar olmadığını bildirib.
Bu açıqlamanın arxasındakı siyasi məntiq aydın görünür: Pxenyan Trampın “Kimlə münasibətlərimiz yaxşıdır” sözünü ABŞ-ın dövlət siyasətinin dəyişməsi kimi qəbul etmir. Başqa sözlə, Şimali Koreya üçün Trampın Kim Çen Inla şəxsi münasibətləri bir məsələdir, Amerikanın Şimali Koreyaya qarşı uzunmüddətli dövlət siyasəti isə tamam başqa məsələdir. Kim Yo Çjonun mövqeyinin güclənməsi də təsadüfi deyil. O, 2026-cı ilin fevralında Koreya Əmək Partiyasının rəhbər strukturunda daha yüksək vəzifəyə yüksəlib, bununla da Kim ailəsinin hakimiyyət sistemində siyasi çəkisinin daha da artdığı görünür.
Şimali Koreya ilə Rusiya niyə yaxınlaşıb?
Koreya məsələsinin ən mühüm yeni tərəflərindən biri son illər Moskvanın Pxenyanla əlaqələrinin daha da möhkəmlənməsidir. 2024-cü ilin 19 iyun tarixində Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfərə gedib və Kim Çen Inla Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalayıb. Bu müqavilə iki ölkə arasındakı siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini yeni səviyyəyə qaldırıb. Sənəddə tərəflərdən birinə qarşı silahlı təcavüz nəticəsində müharibə vəziyyəti yaranarsa, digər tərəfin yardım göstərməsi nəzərdə tutulur. Bu yaxınlaşmanın Ukrayna müharibəsi ilə birbaşa əlaqəsi var. Şimali Koreyanın Rusiyaya müxtəlif hərbi vasitələrlə dəstək verdiyi barədə məlumatlar Cənubi Koreya, Ukrayna və digər ölkələr tərəfindən açıqlanıb. Şimali Koreya isə Rusiya ilə münasibətlərini öz təhlükəsizlik maraqları baxımından əsaslandırır. Bu vəziyyət Kim Çen Inın Vaşinqton qarşısında əlini gücləndirir, çünki Pxenyan artıq yalnız Çinlə münasibətlərinə arxalanan ölkə deyil; Rusiya ilə də strateji əlaqələri olan Şimali Koreya ABŞ-la danışıqlarda alternativ tərəfdaşa malik olduğunu nümayiş etdirə bilir.
Çin prosesləri diqqətlə izləyir
Pekin də bu prosesdən kənarda qala bilməz. Çin Xalq Respublikası Şimali Koreyanın ən mühüm qonşularından biridir, odur ki, Koreya yarımadasında hər hansı böyük münaqişə birbaşa Çinin təhlükəsizlik və iqtisadi maraqlarına təsir göstərə bilər. Pekin bir tərəfdən Şimali Koreyanın nüvə arsenalının daha da böyüməsini istəmir, çünki bu, regionda sabitliyi zəiflədir və ABŞ-ın hərbi mövcudluğunun gücləndirilməsi üçün əlavə əsas yaradır; digər tərəfdən, Çin Şimali Koreyanın tamamilə ABŞ-ın təsir dairəsinə keçməsini də istəmir. Bu səbəbdən Pekinin ən çox arzuladığı vəziyyət böyük ehtimalla Koreya yarımadasında müharibənin olmaması, ABŞ-la Şimali Koreya arasında dialoqun davam etməsi və regionda qüvvələr balansının kəskin dəyişməməsidir.
Üstəlik, Çin xarici işlər naziri Vanq İ avqustun 19-da Cənubi Koreyaya səfərə gedib və Seulda Koreya yarımadasının təhlükəsizliyi məsələsini müzakirə edib. Çin tərəfi ABŞ-ın Şimali Koreyaya qarşı “düşmən siyasətini” dəyişməli olduğunu bildirərək dialoqun bərpasına çağırıb. Bu da göstərir ki, Tramp-Kim görüşü baş tutsa, onun nəticəsini yalnız Vaşinqton və Pxenyan müəyyən etməyəcək.
Qarşıdakı görüşdə sövdələşmə nə olacaq?
Çox güman, Kim Çen In nüvə proqramını məhdudlaşdırmaq üçün ABŞ-dan ciddi qarşılıq istəyəcək, Tramp isə bunun müqabilində Şimali Koreyanın nüvə və raket proqramı ilə bağlı yoxlana bilən real öhdəlik götürməsini tələb edəcək. Əgər Pxenyan nüvə materialının istehsalını dayandırmağa razılaşsa, bunun qarşılığında iqtisadi sanksiyaların bir hissəsinin yumşaldılmasını tələb edə bilər. Yox, əgər raket sınaqlarını məhdudlaşdırarsa, daha böyük siyasi və təhlükəsizlik təminatları istəyə bilər. Pxenyan bir az da irəli gedib nüvə obyektlərini beynəlxalq yoxlamaya açsa, ABŞ-dan uzunmüddətli təhlükəsizlik zəmanəti də tələb edə bilər.
Burada “beynəlxalq yoxlama” ifadəsinin də mənasını aydınlaşdırmaq lazımdır. Söhbət nüvə proqramının həqiqətən dayandırılıb-dayandırılmadığını müəyyənləşdirmək üçün xarici mütəxəssislərin və beynəlxalq təşkilatların obyektlərə giriş ixtiyarı əldə etməsindən gedir, çünki sadəcə “biz nüvə proqramını dayandırdıq” demək kifayət deyil, qarşı tərəf bunun həqiqətən baş verdiyini yoxlamaq istəyəcək. Məhz bu səbəbdən gələcək danışıqlarda ən çətin məsələ tərəflərin bir-birinin etimadını qazanması olacaq.
Bu dəfə dünya şəkillərə yox, nəticəyə baxacaq
Tramp və Kim yenidən görüşüb, əl sıxıb, xoş sözlər deyib dünyaya sülh mesajı verə bilərlər. Lakin 2018-19-cu illərin təcrübəsini dadmış dünya artıq tarixi görüntülərlə kifayətlənməyəcək. 2018-ci ildə böyük ümidlər yarandı, 2019-cu ildə danışıqların nə qədər çətin olduğu ortaya çıxdı, sonrakı illərdə isə Şimali Koreyanın nüvə və raket arsenalı daha da inkişaf etdi. Üstəlik, diplomatik jestlərin fonunda Pxenyanın hərbi fəaliyyəti hələ də davam edir. Avqustun 20-də Cənubi Koreya ordusu Şimali Koreyanın təxminən 10 qısamənzilli ballistik raket buraxdığını bildirib. Ballistik raket müəyyən trayektoriya üzrə yüksək sürətlə hərəkət edən, uzaq hədəfə zərbə vurmaq üçün istifadə olunan raket növüdür. Cənubi Koreya bu hadisədən sonra ABŞ və Yaponiya ilə birlikdə müşahidəni gücləndirib.
Bu hadisə çox şey deyir. Bir tərəfdə Tramp Kim Çen Inla görüşmək istəyir, digər tərəfdə Şimali Koreya əvvəlkitək hərbi imkanlarını nümayiş etdirir. Bu, Pxenyanın diplomatiya ilə təzyiqi paralel yürütmək siyasətindən əl çəkmədiyini göstərir.
Əsl məsələ Trampın Kimlə görüşməsi deyil...
Qarşıdakı görüşün ən böyük əhəmiyyəti iki liderin yenidən bir masa arxasında oturması olmayacaq. Əsas məsələ ABŞ-ın nüvə silahına malik Şimali Koreya ilə hansı yeni münasibət modelini quracağıdır. Əgər Vaşinqton yenə yalnız “tam nüvəsizləşmə” istəyib qarşılığında konkret və mərhələli güzəştlər təklif etməsə, danışıqların yenidən dalana dirənməsi mümkündür. Yox, əgər ABŞ Şimali Koreyanın nüvə arsenalını faktiki olaraq qəbul edib onunla yalnız silahların artırılmaması barədə razılaşsa, bu dəfə də başqa problem yaranacaq, Cənubi Koreya və Yaponiya öz təhlükəsizliyinin gələcəyi barədə ciddi suallar verməyə başlayacaq.
Ona görə ən real yol, bizcə, iki tərəfin bir-birindən mərhələli şəkildə güzəşt almasıdır: Şimali Koreya nüvə və raket proqramının müəyyən hissəsini dondurur, beynəlxalq yoxlamaya müəyyən imkan verir və yeni nüvə sınaqlarından imtina edir; ABŞ isə bunun qarşılığında mərhələli iqtisadi və siyasi güzəştlərə gedir, təhlükəsizlik təminatlarını genişləndirir və hərbi təlimlərin müəyyən hissəsini məhdudlaşdırır. Bu, Şimali Koreyanın tam nüvəsizləşdirilməsi olmayacaq, amma nüvə təhlükəsinin daha da böyüməsinin qarşısını almaq baxımından real nəticə verə bilər. Əks halda yenə böyük bəyanatlar eşidəcəyik, tarixi şəkillər görəcəyik, dünya bir neçə gün ümidlənəcək... və bir müddət sonra Şimali Koreyanın növbəti raket sınağını müzakirə etməyə başlayacağıq. Çünki bu gün qarşıda duran başlıca sual “Tramp Kim Çen Inla görüşəcəkmi?” deyil, əsas sual budur: nüvə silahının dövlətlərə beynəlxalq siyasətdə əlavə üstünlük qazandırdığı təhlükəli tendensiyanın qarşısını almaq mümkün olacaqmı?
Bu sualın cavabı mənfi olarsa, Şimali Koreya məsələsi Koreya yarımadasının problemi olaraq qalmayacaq. O zaman bütün dünya üçün daha böyük problem ortaya çıxacaq: nüvə silahının təhlükəsizlik zəmanəti kimi qəbul edildiyi və getdikcə daha çox dövlətin özünü qorumaq üçün həmin silaha yiyələnməyə can atdığı yeni beynəlxalq sistem. Məhz buna görə qarşıdakı Tramp-Kim görüşünün nəticəsi Vaşinqtonla Pxenyan arasındakı münasibətlərdən qat-qat böyük əhəmiyyət daşıyır.
Kəramət QƏNBƏROV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti”
kafedrasının müəllimi, beynəlxalq hüquq üzrə ekspert və beynəlxalq münasibətlər
üzrə tədqiqatçı
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

