Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı-Daşkənd: Tarixi önəm daşıyan səfər

Bakı-Daşkənd: Tarixi önəm daşıyan səfər

23.08.2026 [14:24]

Son illərdə Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiya regionunda yerləşən dövlətlərlə əlaqələrin daha da möhkəmləndirilməsi prioritet istiqamətlərdən biri kimi önə çıxıb. Əlamətdar haldır ki, bu istək qarşılıqlıdır. Öz növbəsində Mərkəzi Asiya dövlətləri də ölkəmizlə əlaqələrin intensivləşməsinə böyük maraq göstərirlər. Bunun təsdiqi olaraq  2025-ci ilin noyabr ayında Azərbaycan məhz dost ölkələrin istəyi ilə  Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə quruma  tam hüquqlu üzv qəbul edilib. Beləliklə, Prezident İlham Əliyevin bildirdiyi kimi, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir.

Eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya regionunun ayrı-ayrı ölkələri arasında ikitərəfli münasibətlər dərinləşməkdə davam edir. Bu baxımdan Azərbaycanın Özbəkistanla əlaqələrinin intensivləşməsi xüsusi diqqət çəkir. Qısa müddətdə ölkələırimiz arasında münasibətlər strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə yüksəlib. Bu gün iki dost və qardaş ölkə qarşılıqlı əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərə güclü impuls verməklə keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyacaq. Səfər iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin  daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm daşıyır.

Liderlərin qarşılıqlı səfərlərinin böyük önəmi

Hazırda dünyada dövlətlər arasında yaxınlıq əlaqələrinin qurulmasına və inkişafına liderlərin bir-birilərinə münasibəti güclü şəkildə təsir göstərir. Liderlərin qarşılıqlı hörmət və rəğbəti öz növbəsində cəmiyyətlərə transfer olunur və nəticədə son dərəcə gözəl ab-hava yaranır. Azərbaycanla Özbəkistan arasında münasibətləri də məhz bu kontekstdən dəyərləndirmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev xalqlarımızın çoxəsrlik tarixə söykənən dostluq əlaqələrini irəli aparmağa böyük maraq göstərirlər. Onlar hər görüşdə bir-birilərinə dərin rəğbətlərini ifadə edirlər. Liderlər dəfələrlə məmnunluq hissi ilə bildiriblər ki, onlar Azərbaycanda və yaxud Özbəkistanda olanda özlərini döğma evlərində və ailələrində olduqları kimi hiss edirlər. Azərbaycan və Özbəkistan Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə böyük uğurlara imza atırlar. Bunu dost ölkələrin dinamik inkişafı və beynəlxalq səviyyədə qazandığları böyük nüfuz da əyani şəkildə təsdiqləyir. Liderlər isə hər görüşdə qardaş ölkələrin nailiyyətlərinə xüsusi vurğu etməklə buna sevindiklərini bildirirlər. 

Belə xoş məramın göstəricisidir ki, son illərdə prezidentlərin qarşılılı səfərləri daha da intensivləşib.  Son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu səfərlər çərçivəsində 2024-cü il avqustun 23-də Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Həmin gün Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də yeni müttəfiqlik formatının institusional əsaslarını möhkəmləndirib.

Özbəkistan mətbuatında verilən məlumatlara görə, qardaş ölkədə Prezident İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfərinə də böyük hazırlıqlar görülüb. Belə ki, hava limanının ərazisi, Daşkənd küçələri   Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib, insanlar da Azərbaycan Prezidentinin səfərinə qəlbən seviinirlər. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən paytaxt meydanlarında hündürmərtəbəli binalar Azərbaycanın üçrəngli bayrağı ilə işıqlandırılıb.

Həmçinin Azərbaycan Prezidentinin səfəri münasibətilə genişmiqyaslı dron şousu təşkil edilib. Səma üzündə yüzlərlə dron vasitəsilə prezidentlərin portretləri və iki ölkənin bayraqları nümayiş etdirilib. Səfərin gündəliyi də kifayət qədər geniş əhatə dairəsinə malikdir. 

İqtisadi əlaqələr sənaye kooperasiyası və investisiya əməkdaşlığı istiqamətlərində genişlənir 

İki döst ölkənin ali siyasi rəhbərliyinin dostluq münasibətlərindən qaynaqlanan qarşılıqlı iqtisadi əlaqələr də uğurla genişlənir. Bu gün ikitərəfli iqtisadi əlaqələr ticarət münasibətləri ilə yanaşı, sənaye kooperasiyası və investisiya əməkdaşlığı istiqamətlərində də genişlənir. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin və investisiyaların artırılmasını, birgə layihələrin həyata keçirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdiriblər. Ötən il iyulun 2-də iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan Proqram qəbul edilib.

İnvestisiya əməkdaşlığının mühüm mexanizmlərindən biri Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətidir. 2023-cü ildə yaradılmış şirkətin nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır.

Sənaye kooperasiyasının uğurlu nümunələrindən biri avtomobil istehsalı sahəsində əməkdaşlıqdır. Hacıqabul Sənaye Parkında Azərbaycan və Özbəkistan şirkətlərinin əməkdaşlığı çərçivəsində 10 min 720 “Chevrolet” markalı avtomobil istehsal edilib. Bundan əlavə, “Azərmaş Park” MMC ilə Özbəkistanın “SamAvto” şirkətinin əməkdaşlığı çərçivəsində “ISUZU” markalı 275 avtobus istehsal olunub.

Enerji və nəqliyyat sahələrində güclü əməkdaşlıq potensialı  

Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlığın böyük perspektiv vəd edən istiqamətlərindən biri enerji əməkdaşlığıdır. SOCAR ilə Özbəkistanın “Uzbekneftegaz” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi iki ölkənin enerji şirkətləri arasında tərəfdaşlığın yeni istiqamətlərə çıxarılması baxımından əhəmiyyətlidir. Özbəkistanın “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılmış "Neftegaztexnologiya" birgə müəssisəsi 2016-cı ildən neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. Tranzit daşımaların həcmi də  kifayət qədər genişlənib. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcmi 1,4 milyon ton olub.

Məlumdur ki, hazırda dünya enerji transformasiyası dönəmindən keçir. İki dost ölkənin gündəliyində də yeni qlobal çağırışlarla bağlı məsələlərə xüsusi yer verilir. Həmçinin iki ölkənin enerji əməkdaşlığı ənənəvi neft-qaz əməkdaşlığından bərpaolunan enerji və regional enerji sistemlərinin əlaqələndirilməsinə doğru inkişaf edir. 2024-cü il noyabrın 13-də COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu təşəbbüs Mərkəzi Asiyada istehsal edilən bərpaolunan enerjinin Xəzər və Qara dəniz marşrutu ilə Avropa istiqamətində ötürülməsi üçün yeni imkanlar yaradır. Burada söhbət yalnız elektrik enerjisinin ötürülməsindən getmir. Mərkəzi Asiyanın bərpaolunan böyük enerji potensialının Azərbaycan ərazisindən Qərb bazarlarına çıxarılması regionların yaşıl transformasiyasını sürətləndirə, enerji təhlükəsizliyini gücləndirə və yeni geoiqtisadi bağlantılar yarada bilər. 

Son illərdə Azərbaycanla Özbəkistan arasında  nəqliyyat-logistika sahəsində əməkdaşlığın prioritetliyinin artması da məmnunluq doğurur. Hər iki ölkənin əlverişli corafi yerləşməsi onların tranzit imkanlarını artırır.  Bu gün Orta Dəhliz iki ölkənin coğrafi mövqelərini vahid regional üstünlüyə çevirən əsas platformalardan biri qismində çıxış edir.  Marşrut Mərkəzi Asiyanın istehsal və ixrac imkanlarını Xəzər vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə əlaqələndirir.

Azərbaycanın beynəlxalq dəniz limanı, dəmir və avtomobil yolları, hava limanları, gəmiçilik və logistika infrastrukturu ilə Özbəkistanın istehsal və ixrac potensialının birləşdirilməsi marşrutun iqtisadi səmərəliliyini daha da artırır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inkişafı da bu istiqamətdə yeni imkanlar yaradır.
Eyni zamanda, 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş iki ölkə arasında avtomobil daşımalarının inkişafını daha da sürətləndirib. 

Özbəkistan–Azərbaycan Regionlararası Forumu: 400-dək şirkət bir araya gəlib, mühüm sənədlər imzalanıb

Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri ərəfəsində Daşkənddə təşkil edilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb, sənədlər mübadilə olunub. Forum
 Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

İqtisadiyyat Nazirliyindən  bildirilib ki, tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ağır sənaye, maşınqayırma, metallurgiya və metal emalı, tikinti, tekstil, kənd təsərrüfatı, qida, turizm, təhsil, tibb və əczaçılıq, mühəndislik, konsaltinq, dağ-mədən, kimya, mebel, elektrotexnika, avtomobil sənayesi, dəri məmulatları, plastik emalı və digər sahələrdə fəaliyyət göstərən 400-dək şirkət təmsil olunub.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir. Nazir strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını vurğulayıb, regional bağlantıların möhkəmləndirilməsi üçün geniş imkanları qeyd edib. Bildirilib ki, əlaqələr yalnız dövlətlərarası səviyyədə deyil, şəhərlər və regionlar arasında da fəal şəkildə inkişaf edir.

Əməkdaşlığın fəal təşviqi, sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma, kənd təsərrüfatı və digər istiqamətlərdə tərəfdaşlığın, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, Orta Dəhliz Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Məqsəd dəhlizi sadəcə tranzit marşrutu deyil, əlavə dəyərin yaradıldığı iqtisadi platformaya çevirməkdir. Bunun üçün dəmir yolu və dəniz daşımalarının əlaqələndirilməsi, tariflərin optimallaşdırılması, rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vacibdir.

Diqqətə çatdırılıb ki, Qarabağ və Şərqi Zəngəzur yeni investisiya imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Burada dövlət tərəfindən yaradılan infrastruktur və investisiya təşviqləri özəl sektor üçün əlverişli şərait formalaşdırır. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək iki ölkə arasındakı qardaşlığın mühüm göstəricisidir.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. Qarşılıqlı ticarətin və investisiyaların artırılması, regionlar arasında birbaşa biznes əlaqələrinin gücləndirilməsi və birgə layihələrin reallaşdırılması üçün geniş imkanların olduğu vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktor vəzifəsini icra edən Roksana Nesor hər iki ölkənin investisiya və ixrac potensialı, sahibkarlar üçün təqdim olunan dəstək mexanizmləri barədə məlumat veriblər. Şübhə yoxdur ki, forumda mübadilə olunan sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31