Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ayaq saxla, zaman, dayan an, sən gözəlsən!

Ayaq saxla, zaman, dayan an, sən gözəlsən!

13.12.2023 [11:21]

İohann Volfqanq Hötenin “Faust” dramatik poeması haqqında

Əvvəli ötən sayımızda…

Mefistofelin zühuru Faustun bütün həyatını dəyişir, onu quru nəzəriyyənin, kitabdan gələn hökmlərin buxovlarından qurtarıb laboratoriyanın divarları arasından canlı həyata çıxarır.

Professorla İblis arasında müqavilə bağlanır - Faustun ruhunu təhvil almağın əvəzində Mefistofel ona dünyanın həzzlərini daddıracaq, kainatın sirlərini açacaq. Faust hansı zövq anını əbədi dondurmaq istəsə, həmin anın əbədi sakininə, deməli, həm də İblisin əbədi köləsinə çevriləcək. Şərt bu qədər ağırdır.

Ancaq başa düşmək olmur ki, ilahi bilik niyə Tanrıdan yox, İblisdən gəlir. Məgər sirrə can atan insan Allahdan dərs ala bilməzmi?

Görünür, burada idrak ağacının meyvəsini dərəndən sonra insanın cənnətdən qovulması haqqında xristian mifi həlledici rol oynayıb. Orta əsrlər kilsəsi xristianları dünyəvi elmlərdən, antik müəlliflərin əsərlərindən, məbəddən qıraqda öyrənilən hər bilikdən oddan qoruyan kimi qoruyurdu. Odur ki, savadlanmaq üçün Şeytana əl açmaqdan savayı çarə qalmırdı. O zaman şübhə mələyi İblis - Tanrıya, kilsəyə, dini kitablara şübhəsiz, sözsüz-sovsuz inam bəsləmək istəməyənlərin etiqad yeriydi.

***

Artıq Faust Mefistofelin iksiri sayəsində gəncləşib, gözəlləşib, yaşamaq eşqiylə, həyat enerjisiylə dolu bir növcavana çevrilib. On beş yaşının içində olan yetim qız Marqarita (Qretxen) ilə rastlaşanda onun qanı qaynayır, eşqin havası müdrik Faustun beyninə vurur.

Məsum qızın əvvəlcə atası, sonra öz əliylə bəsləyib böyütdüyü kiçik bacısı ölüb, qardaşı əsgərlikdədir. Evin, həyətin bütün işləri, ailənin qayğıları Qretxenin körpə çiyinlərindədir.

İblisin araçılığıyla sadəlövh qızı yola gətirmək çətin olmur, sevgi qığılcımları onun da pak qəlbini közərdir. Faustla rahat görüşmək üçün Marqarita anasına yuxu dərmanı içirir, ancaq dərmanın dozası artıq olduğundan ana bu yuxudan ayılmır. Daha sonra qızın qardaşı işdən xəbər tutub bacısını pis yola çəkən Faustu duelə çağırır, Şeytanın fəndi sayəsində Faust onu da o dünyaya göndərir.

Qəhrəmanı ədalət mühakiməsindən yayındırmaq üçün Mefistofel onu uzaqlara qaçırır. Bir müddət sonra Marqaritanın qızı dünyaya gəlir, qadın qınaqdan qorxduğuna görə körpəsini çayda boğur. Bununla belə cinayətin üstü açılır, Qretxen cəzadan yayına bilmir, həm pozğun, həm qatil kimi edama məhkum olunub zindanda öz sonunu gözləyir.

Göründüyü kimi, günahdan günah, cinayətdən cinayət törəyir, Faust ayaq basdığı hər yerdə özündən sonra xarabalıq, dağıntı qoyub gedir.

***

Valpurgiya gecəsində onlar İblisin düzüb-qoşduğu çal-çağırda, balda iştirak eləyirlər. İfritələrin, əcinnələrin əcaib rəqsi, şər qüvvələrin şeytani təmtərağı, iblisanə təntənəsi Faustu vahiməyə salmır, belə görünür o özü də artıq cinlər diyarının sakininə çevrilib.

Elə oradaca Marqaritanın halı ona əyan olur, Faust Mefistofeli geri qayıtmağa çağırır. İblis əvvəl ona tabe olmaq istəmir, “bütün bu bəlalara sən özün səbəb olmadınmı?” deyib yaxasını qırağa çəkir. Faustun təkidindən sonra onlar Marqaritanın yaşadığı şəhərciyə dönürlər, keşikçiləri yuxuya verib zavallı Qretxenin yanına keçirlər. Fəqət artıq iş işdən keçib, Marqarita havalanıb, onu xilas eləmək mümkün deyil.

Faust sevgilisinin qarşısında diz çökür, onu qara yuxudan ayıltmağa çalışır. Marqarita handan-hana Faustu tanıyıb sevinir, ancaq canına daraşmış günahları daha onu xoşbəxt olmağa qoymaz. Odur ki, onlara qoşulub qaçmaqdan, İblisin göstərdiyi xidmətdən imtina eləyir, günahlarını layiq olduğu cəzayla kiritməyi üstün tutur.

Mefistofel Faustu tələsdirir. Qretxen onları yanından qovub, heç yana yayınmadan müticəsinə aqibətini gözləyir, haqq divanına könüllü təslim olur. Faust nə qədər peşmanlıq keçirsə də, sevgilisinin dizinin qırağında yaşadığı anları əbədiyyətə köçürmək istəmir. Mefistofel ona Marqaritanın layiqli cəza aldığını söyləyəndə göylərdən səda gəlir: “Qurtuldu!”

Beləcə, zavallı Qretxenin İblisin yardımından imtina eləməsi Allaha xoş gedir, qız edama qalmayıb canını tapşırır. Mələklər onun yaralı ruhunu Tanrının dərgahına daşıyırlar.

***

Əgər Faustun birinci bölümdəki macəraları real həyata yaxın, hissi-emosional, sentimental xarakterlidirsə, ikinci bölümdəki əhvalatlar başdan-başa irreal, fəlsəfi-estetik, zehni-intellektual xarakter daşıyır.

Mefistofel qəhrəmanı əvvəlcə imperator sarayına aparır. Onların torpağına ayaq basdıqları dövlət dərin maliyyə böhranı keçirir. Özünü təlxək kimi qələmə verən Mefistofel fırıldaq yoluyla dövləti böhrandan çıxarır, bundan sonra Faust mahir bir sehirbaz, xəzinə ovçusutək sarayda böyük hörmət-izzət qazanır.

Mefistofel ona antik qəhrəmanların, tanrıların dünyasına düşən açar verir. Faust kişi gözəlliyinin timsalı Parislə qadın gözəlliyinin simvolu Yelenanı ölülər səltənəti Aiddən geri çağırıb imperatorun məclisinə gətirir. Gözəl Yelena Faustun əlindən çıxsa da, fövqəlbəşər qəhrəman zamanı yara-yara onun ardınca antik dövrə gedib çatır, nəhayət, Yelenanı tapıb onunla evlənir.

Aydın məsələdir ki, bu izdivac rəmzi-estetik xarakter daşıyır, çox güman, antik dəyərlərə yeni nəfəs, yeni can verən renessans (intibah), klassisizm mərhələlərini simvolizə eləyir.

***

Faustun keçmişə yolu onun yaradıcılıq emalatxanasından keçir. Şagirdi Vaqner burada hələ də öz müəllimini gözləyir. Bu müddətdə o, Qomunkul adlı süni insan yaradıb. Demək, indən belə kişilərin əkməyinə, qadınların doğmağına ehtiyac qalmayacaq, insan elmin qüdrət əliylə yeni insanlar yaradacaq... Hötenin iki yüz il bundan qabaq qaldırdığı problem bu gün necə də aktualdır!

Fəqət bir məsələ var ki, Qomunkulun ruhu, taleyi yoxdur, insan təxəyyülü nə qədər yaradıcı olsa da, bunları ona vermək iqtidarında deyil (Bu məqamları süni intellektlə bağlı müzakirələrə giriş kimi də oxumaq olar).

Bunun qarşılığında Faustla Yelenanın Evforion adlı oğlu dünyaya gəlir. Höte onun hüsnünü çılğın ingilis şairi Bayronun nişanələriylə bəzəyir. Xarakterində dahilik əlamətləri daşıyan bu rəmzi övlad cansız Qomunkuldan fərqli olaraq coşqun həyat eşqiylə doludur, çünki sevgidən yaranıb.

Ancaq gözəl Evforion fani dünyada çox yaşamayacaq, çünki o, gəldiyi aləmə tamaşaçı gözüylə baxmır, onu fırtınalar, qasırğalar, savaşlar özünə cəlb eləyir. Ondan sonra Yelena da öz dövrünə, zamanına çəkilir, Faustla vidalaşanda ona deyir ki, gözəlliklə xoşbəxtliyin bir araya sığmamağı bu dəfə mənim başımda çatladı.

Faust nədənsə gözəl Yelenayla keçən günlərini də əbədiləşdirmək fikrinə düşmür. Deməli, estetik ideal da ondan ötrü hələ ən uca məram, ən yüksək məqam deyil.

***

Bundan sonra Mefistofel qəhrəmanı antik dünyanın harmoniyasından qoparıb yenidən orta əsrlərin girdabına tullayır, ona şöhrət, hakimiyyət qazanmağın cürbəcür yollarını öyrədir. Ancaq Faust bunların hamısından imtina eləyir, əvəzində İblisin qarşısına öz planını qoyur: Mefistofellə göydə uçanda o, dəniz sularının yuduğu bir parça torpaq görüb, dənizin sahilinə bənd vurmaqla Faust həmin torpağı məhsuldar bağ-bağçaya çevirmək arzusundadır.

İblis cavabında deyir ki, onların maliyyə fırıldağından sonra bir müddət sarayında kef çəkən imperator indi çətin durumdadır, taxtı da, tacı da əlindən getməkdədir. Əvvəlcə onun hayına çatmalıdırlar.

Gerçəkdən də, Faustla Mefistofel kralın düşmənlərinə qarşı amansız hərbi əməliyyat hazırlayırlar. Nəticədə qiyam təhlükəsi aradan qalxır, darmadağın olunan üsyançılar ağır cəzalandırılırlar, zalım imperator yenidən taxtında möhkəmlənir.

Bundan sonra Faust öz arzusunu gerçəkləşdirməyə cəhd göstərsə də, bu səfər onun qarşısına puç, mənasız bir əngəl çıxır. Tikiləsi bəndin yerində biri Bavkida, o biri Filemon adlı bir cüt yoxsul qarı-qocanın koması var. Faust onlara başqa ev təklif eləsə də, tərs qocalar qaldıqları komadan çıxmaq istəmirlər. Səbri tükənən qəhrəman onlara əncam çəkməyi Mefistofelə tapşırır.

Bundan sonra qocaların komasına od düşür, qarı-qocayla birlikdə onların daxmasında gecələyən qonaq da yanıb kül olur. Faust öz diləklərinə yenə də insanların cəsədi üstündən keçməklə yetişir.

***

Ən böyük arzusunun astanasında olanda onun gözləri tutulur. Faustun qulağına bel-kürək, balta-çəkic səsləri gəlir. Mefistofel qəhrəmanı inandırır ki, onun əbədiləşdirmək istədiyi an yaxınlaşır (əslində isə lemur adlanan şər ruhlar həmin vaxt Fausta gor qazırlar), onun müqəddəs diləyi - azad insanların azad torpaqda azad, ruhani cəmiyyət quracağı məqam yetişir!

Bu, elə bir andır ki, yalnız ondan, məhz ondan ötrü zamanı dayandırmağa dəyər. Nə hakimiyyət, nə sərvət, nə şöhrət, nə də şəhvət insanı bunca xoşbəxtliyə çatdıra bilməz. Yalnız bu an əbədiyyətə köçməyə, dondurulmağa, diri qalmağa layiqdir, başqa hər cür xoşbəxtliyin rütbəsi bundan aşağıdır: “Ayaq saxla, zaman, dayan, dayan, an, sən gözəlsən!”

Anı dayandırdığı an Faust canını tapşırır. Fəqət onun ali diləyi ilahi administrasiyada qeydə alınır. Bu, hər bir idealist filosofun, sənətkarın ən müqəddəs arzusudur: xəyali göylər səltənətinin yer üzündə bərqərar olunması, kəsə desək, göyün yerə köçməsi. Başqa sözlə, sevgi, ədalət, mərhəmət səltənəti; azad, ruhani cəmiyyət.

Mefistofel Faustun ruhuna yiyələnmək istəyəndə göylərdən fərman gəlir, qəhrəmanın ruhu İblisdən alınıb mələklərin qanadında göy üzünə, Allahın dərgahına daşınır.

***

Səbəb olduğu saysız-hesabsız bəladan, fəlakətdən, törətdiyi onca günahdan, cinayətdən sonra Faustun bağışlanması, Tanrı dərgahına çağırılması qəribə görünür. Amma bunun izahı çoxdur, hərçənd bu izahların bir çoxu ağlabatan görünmür. Məncə, Höte bizi inandırmaq istəyir ki, bəşəriyyətin ən uca idealına tapınmaq hətta ən ağır cinayətləri, ən bağışlanmaz günahları da ört-basdır eləyə bilər.

Yenə deyirəm, Əflatunun ovcundan su içmiş hər bir idealist üçün, peyğəmbər arxetipini qəlbinin məzmunuyla dolduran hər bir Tanrı memarı üçün cəmi bəşər övladının qardaş kimi yaşayacağı, Əttarın quşları kimi bir-birində əks olunacağı azad, ruhani cəmiyyət diləklərin ən üstünü, arzuların ən alisi, xəyalların zirvəsidir.

Tanrı arxetipinə qapı o zirvədən açılır. Oradan Tanrıya vur-tut bir addım, cəmi bircə addım yol qalır...

P.S. Xeyir məqsədə şər vasitəsilə

çatmağın nə qədər doğru, həm də mümkün olub-olmadığıyla bağlı mənəvi problemə

Mixail Bulqakovun “Faust” fəlsəfi poemasının birbaşa təsiriylə qələmə aldığı “Master və Marqarita” romanı haqqında essedə toxunduğuma görə bu yazıda həmin məsələnin üstündə çox dayanmağa lüzum görmədim.

F.Uğurlu

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31