Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 1,1 milyon vətəndaşı əhatə edən sosial qərar

1,1 milyon vətəndaşı əhatə edən sosial qərar

11.02.2026 [10:59]

Pensiyaların orta aylıq məbləği 590 manata yüksələcək

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncama əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq pensiyalar 9,3 faiz artırılıb. Yanvarın 1-dən etibarən qüvvəyə minən sərəncamla 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi göstəricilər əsasında indeksləşdirilib. Artımların tətbiqi tam avtomatlaşdırılmış elektron sistem üzərindən həyata keçirildiyindən, pensiyaçılardan hər hansı müraciət və ya sənəd təqdim olunması tələb edilmir. Bu yanaşma dövlət xidmətlərində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun artırılması məqsədinə xidmət edir.

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar isə fevral ayının pensiyası ilə birgə ödəniləcək. Beləliklə, pensiyaçılar fevral ayında həm indeksləşdirilmiş yeni pensiya məbləğini, həm də yanvar ayına düşən artım hissəsini eyni vaxtda əldə edəcəklər. Bu mexanizm pensiyaçıların maliyyə yükünün azaldılması və gəlirlərinin daha stabil şəkildə təmin olunmasına yönəlib.

Bütün növ əmək pensiyaları indeksasiya olunacaq

Dövlət başçısının müvafiq sərəncamına əsasən, indeksasiya bütün növ əmək pensiyalarına şamil olunacaq. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Eləcə də, son bir ildə əmək və pensiya qanunvericiliyinə edilmiş dəyişikliklər sayəsində əmək pensiyası hüququ əldə edənlərin də təqaüdləri artırılacaq. “Əmək pensiyaları haqqında” qanuna (Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) edilmiş dəyişikliklərdən sonra incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin pensiya yaşı həddinin 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ alması, eləcə də hərbi qulluqçuların hərbi xidmət dövrü üzrə müddətə görə, güzəştli pensiya hüququ qazanması sayəsində son bir ildə xüsusi şərtlərlə pensiya alanların da sayında əhəmiyyətli artımlara səbəb olub. Həmçinin, 2023-cü ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə yaşa və əlilliyə görə müavinət alanların, ailə başçısını itirməyə və digər müavinət növləri ilə əhatə edilənlərin də sayında artım qeydə alınıb.  Beləliklə, pensiyaların indeksləşdirilməsi 1,1 milyon pensiyaçını əhatə edir.

Əmək pensiyaları üçün 8 milyard manata yaxın vəsait nəzərdə tutulub

Pensiya artımlarının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Hökumətin ssenarilərinə əsasən, ümumilikdə, mövcud artımlardan sonra Azərbaycanda orta aylıq pensiya məbləği 543 manatdan 593 manata, yaşa görə isə 578 manatdan 632 manata yüksəlir. Bu sosial normativlər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60 faiz intervalına tam uyğun olmaqla, Azərbaycan pensiya sisteminin dayanıqlılığını və balanslı strukturunu əks etdirir.

Mövcud göstəricilər, eyni zamanda, pensiyaçıların gəlirlərinin artım tempinin saxlanıldığını və sosial müdafiə tədbirlərinin genişləndirildiyini və büdcədə sosial müdafiə xərclərinin artdığını şərtləndirir. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, büdcədə əmək pensiyalarının ödənişinə ayrılan vəsait 7 milyard 992,88 milyon manat səviyyəsində nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnozundan 10,85 faiz və ya 782,35 milyon manat çoxdur.

Onu da xatırladaq ki, Dövlət Sosial Müdafiə fondunun (DSMF) yığımlarında da artım nəzərə çarpmaqdadır. Ötən il fondun gəlirləri proqnozla müqayisədə 6 faiz və ya 471 milyon manat çox olmaqla 8 milyard 89 milyon manat təşkil edib. 2025-ci ildə DSMF-nin xərcləri 7,5 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat çoxdur.

2026-cı ildə isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi gəlir və xərclər üzrə balanslaşdırılmış şəkildə 8 milyard 483 milyon 70 min manat məbləğində təsdiqlənib. Bu isə ötən ilki artan gəlirlərlə müqayisədə təxminən 400 milyon manat vəsait deməkdir. Bu dinamika isə pensiya və təqaüdlərin artımı üçün dayanıqlı mənbə deməkdir.

Pensiya kapitalı inflyasiyaya uyğun artacaq

“Əmək pensiyaları” haqqında qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5,6 faiz olub. Bu o deməkdir, vətəndaşların 1 yanvar 2026-cı il tarixinə olan  pensiya kapitalları 5,6 faiz artırılacaq. Əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq. Bu mexanizm isə sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya hüquqlarının qorunmasında dövlətin aktiv rolunu nümayiş etdirir.

Qeyd edək ki, pensiya kapitalının indeksləşdirilməsi yığılan pulları inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdır. Hər ilin əvvəlində tətbiq olunan bu indeksasiya mexanizmi göstərir ki, vətəndaşların pensiya kapitalı yalnız onların əmək fəaliyyətindən irəli gələn sosial sığorta ayırmaları hesabına deyil, eyni zamanda, dövlət tərəfindən də müntəzəm olaraq qorunur və artırılır. Bu isə uzunmüddətli sosial təminat baxımından mühüm əhəmiyyət daşıyır.

Bir məqamı da xüsusi olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanda artıq inflyasiya birrəqəmli həddədir, bu isə orta aylıq pensiya məbləğinin və digər sosial artımların artım tempinin inflyasiya rəqəmini üstələməsinə səbəb olacaq. Yəni artımlar nominal dəyər baxımından alıcılıq qabiliyyətinin yaxşılaşmasına imkan verəcək.

Əhatəli sosial islahatlar rifahı yaxşılaşdırıb

Göründüyü kimi, həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etməkdədir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib, yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilib, aztəminatlı ailələrin təminatı daha da gücləndirilib.

Son 22 ildə dayanıqlı sosial təminat daha da möhkəmlənib, insanların sosial həyatında müsbət meyillər güclənib. 2003-cü ildən ötən dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı 44,4 dəfə artırılaraq 400, minimum aylıq pensiya 16 dəfə artırılaraq 320 manata çatıb. Orta aylıq əməkhaqqı 14,2 dəfə artaraq 77 manatdan 1095, orta aylıq pensiya 22,6 dəfə artaraq 539, yaşa görə orta aylıq pensiya 23,1 dəfə artaraq 574 manata yüksəlib.

Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilib və islahatlar 4 milyon nəfəri əhatə edib. Bu sosial proqramların maliyyə tutumu təqribən 8 milyard manata yaxındır. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti həmin  məqsədlər üçün xərclənib və maaş, pensiya və müavinətlərin artımı təmin edilib. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2,2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib.

Beləliklə, ölkəmizdə əhalinin sosial rifahının yüksəldilməsi və pensiyaçıların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil etməklə davamlı xarakter daşıyır. Son illər bu sahədə həyata keçirilən sistemli islahatlar və qəbul edilən qərarlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə formalaşdırılan sosialyönümlü inkişaf modelinin mühüm göstəricisidir. Bu baxımdan pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı növbəti qərar sosial müdafiə sahəsində ardıcıllığın və davamlılığın bariz nümunəsidir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28