Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Liderlərin təbrikləri...

Liderlərin təbrikləri...

06.02.2026 [10:51]

Azərbaycan Prezidentinin güclü lider olduğu beynəlxalq müstəvidə etiraf olunur

Hazırda dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqlar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Belə bir mürəkkəb mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitliyə və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal nümunə kimi çıxış edir. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.

Xarici siyasət Azərbaycana mühüm uğurlar qazandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu həm regional sabitliyin təmin olunmasında, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin praqmatik düşüncəyə və milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycana beynəlxalq müstəvidə mühüm uğurlar qazandırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adı, fəaliyyəti və siyasəti inkişaf, sülh  və sabitlik anlayışları ilə assosiasiya olunur. Azərbaycan Prezidenti ölkənin geosiyasi mövqeyindən, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında müstəqil siyasət yeridə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirib. Bu səbəbdən də dövlətimizin başçısının beynəlxalq müstəvidə də nüfuzu davamlı olaraq yüksəlir. Buna fevralın 4-də Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bir daha şahid olduq. Mərasimdə bu mükafat Azərbaycan Prezidenti İlham Əliyevə də təqdim olunub. Tədbir zamanı bir sıra dövlətlərin liderlərinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətləri nümayiş olunub. Liderlər sülh və sabitlik naminə Azərbaycanın və onun rəhbərinin rolunu, bütövlükdə sülhün region üçün önəmini xüsusi vurğulayıblar.

Ərdoğan: Türkiyə olaraq sülhə yönələn bütün təşəbbüsləri dəstəkləyirik

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan davamlı sülhün bərqərar olması yolunda İlham Əliyevin atdığı cəsur addımları xüsusi vurğulayıb. “Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik. Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik”,- deyə Ərdoğan qeyd edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə deyib ki, bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir: “Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də qeyd edib ki, uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri bu nüfuzlu mükafata layiqdir: “Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir”.

Şahbaz Şərif: Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq

“Parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə verib. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir”. Bu fikirləri isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif deyib. Onun sözlərinə görə, Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir: “Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq”.

Mərasimdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın da “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətləri səslənib. Çıxışlarda Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaların regionda dayanıqlı sülhü təmin edəcəyinə inam ifadə olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan isə mükafatın təqdimatında çıxışı zamanı xalqlarımız arasında əmin-amanlığın təmin olunması və etimada əsaslanması üçün səylərin davam etdiriləcəyini qeyd edib. Əlbəttə, vaxtilə torpaqlarımızı 30 il işğal altında saxlamış bir ölkənin rəhbərinin belə fikirlər söyləməsi təsadüfi deyil. Bunun səbəbi Prezident İlham Əliyevin “dəmir yumruğu” - qətiyyət və gücüdür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Prezident İlham Əliyevin liderliyi ilə azad olunması dövlətimizin gücünü Ermənistanla yanaşı, bütün dünyaya nümayiş etdirdi.

Bütövlükdə, Prezident İlham Əliyevin hərb, siyasət, diplomatiya və informasiya-təbliğat müstəvisində strategiyasının uğurlu nəticələri təkcə Azərbaycanın tarixi Zəfərində öz əksini tapmayıb. İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və qətiyyətli mövqeyi fonunda həyata keçirilən strateji kursun nəticəsində həm də çox mühüm geostrateji reallıqlar yaranıb. Bu reallıqlar, ilk növbədə, Azərbaycan dövlətinin gücününü göstəricisi olmaqla yanaşı, ölkəmizə tərəqqi, regiona rifah və inkişaf vəd edir. Azərbaycan Prezidentinin strateji təşəbbüsləri özündə həm tarixi ənənələri, həm mənəvi dəyərləri, həm siyasi reallıqları, həm də milli maraqları ehtiva edir. Bu amillər dünya ölkələrini də İlham Əliyev faktoru ilə hesablaşmağa təşviq edir. Məhz bütün bunlara görə də, Azərbaycan Prezidentinin böyük şəxsiyyət və güclü lider olduğu beynəlxalq müstəvidə də etiraf olunur.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28