Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İcbari tibbi sığorta sisteminə keçid ölkəmizdə tibbi xidmətin keyfiyyətcə yeni mərhələsini yaradacaq

İcbari tibbi sığorta sisteminə keçid ölkəmizdə tibbi xidmətin keyfiyyətcə yeni mərhələsini yaradacaq

23.11.2019 [10:54]

Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqi əhaliyə tibbi xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb
Son illər Azərbaycanda tibb sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi, mühüm Dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə reallaşdırılan dövlət siyasətinin prioritetlərini təşkil edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsidir. Ümumiyyətlə, icbari tibbi sığortanın (İTS) məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək. Həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik bu sahəyə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda icbari tibbi sığorta pilot layihə şəklində Mingəçevir şəhəri və Yevlax rayonunda artıq üçüncü, Ağdaş rayonunda isə ikinci ildir ki, tətbiq edilir. Pilot ərazilərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və tibbi xidmətlərə əlçatanlığı artırmaq məqsədilə bir sıra tədbirlər görülüb.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanası müasir standartlara uyğun fəaliyyət göstərir
Pilot layihə hazırda Mingəçevir şəhərində də uğurla davam edir. Pilot lahiyənin başlanğıcında Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs (PHŞ) yaradılıb və onun bütün tibbi təchizatı yaxşılaşdırılıb. Həmçinin Mingəçevir şəhərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası nəzdində təcili yardım bölməsi yaradılıb. Eyni zamanda, qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqi icra olunur. Xəstəxananın nəzdində fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi iki bölmədən ibarətdir: Təcili Yardım bölməsi - ACİL və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS). Bölmənin xidmətində 10 ədəd ambulans maşın var, onlardan beşi Mingəçevirdə İTS-nin tətbiq edildiyi dövrdə alınan reanimobillərdir. Digər beş ambulans da lazım olan yeni və müasir avadanlıqlarla təmin olunub.
Hazırda Mingəçevir şəhər Mərkəzi Xəstəxanası müasir standartlara uyğun tibbin bir çox sahələri üzrə vətəndaşlara xidmət göstərməyə davam edir. İcbari tibbi sığortanın tətbiq edildiyi 3 ilə yaxın müddətdə isə xəstəxana həm keyfiyyət, həm də kəmiyyət baxımından davamlı olaraq inkişaf edir, bir-birinin ardınca bir sıra yeniliklərə imza atılır. Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Könül Ələkbərov bildirib ki, insanlar tibbi sığortanın tətbiqindən çox razıdırlar. Bu sistemin tətbiqi həm tibbi personal, həm də vətəndaşlar üçün əlverişlidir. Onun fikrincə, bu sistemin tətbiqi ölkəmizdə həyata keçirilən inqilabi sosial islahatların tərkib hissəsidir. K.Ələkbərov rəhbərlik etdiyi müəssisədə görülən işlər haqda məlumat verərkən deyib ki, həyata keçirilən yeniliklərdən biri də xəstəxanada əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədi ilə yaradılan Ailə Sağlamlıq Mərkəzləridir. Bu mərkəzlərdə xəstələr ilkin olaraq ailə həkimləri tərəfindən müayinə və müalicə edilir, zərurət yarandığı halda daha ixtisaslaşmış həkimlərə istiqamətləndirilirlər.
Onu da qeyd edək ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının tərkibində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzi 2 bölümdən ibarətdir. Ailə Sağlamlıq Mərkəzlərinin təşkilində inkişaf etmiş ölkələrin tibbi təcrübələrindən istifadə olunur. Həkimləri yerli kadrlardan ibarət olan bu mərkəzlər ilkin səhiyyəni təşkil edir və burada əhaliyə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Mingəçevir Ailə Sağlamlıq Mərkəzlərində ümumilikdə 18 adda tibbi xidmət göstərilir ki, buna EKQ, USM xidməti, laborator analizlərin götürülməsi, görmə qabiliyyətinin yoxlanması, hamilə qadınların və yenidoğulmuşların patronajı da daxildir. Hər kəs bilməlidir ki, səhhətində yarandığı narahatlıqlarla bağlı ilkin olaraq, Ailə Sağlamlıq Mərkəzinə - ailə həkiminə müraciət etməli və birbaşa mütəxəssisin müayinə və müalicəsindən yararlanmalıdır.
K.Ələkbərovun sözlərinə görə, 2017-ci ilin may ayından etibarən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında endoskopik əməliyyat icra olunmağa başlayıb. Mingəçevir şəhərində ilk dəfə olaraq icbari tibbi sığortanın tətbiqi ilə başlanılan laporaskopik əməliyyatlar bu gün də uğurla davam etdirilir. Bundan başqa, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində 2019-cu ilin əvvələrindən TUR avadanlığı ilə əməliyyat həyata keçirilməyə başlanıb. Xəstəxananın təcrübəli həkimləri Azər İbadullayev və Cavid İsayev tərəfindən prostat vəzinin adenoması diaqnozu qoyulmuş xəstələrdə prostat vəzinin adenoması və sidik kisəsi törəmələri əməliyyatı aparılır. Həmçinin sistoskop vasitəsilə böyrəklərdə stendləşmə əməliyyatı aparmaq da mümkündür. Qeyd edək ki, sözügedən əməliyyat icbari tibbi sığortanın baza zərfinə daxil olduğu üçün daha öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrində həyata keçirilirdi.
İTS-nin tətbiqi əhaliyə göstərilən tibbi xidmətlərin istifadə imkanlarını ikiqat artırıb
Onu da bildirək ki, pilot layihə kimi Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiq edilməsi Mərkəzi Xəstəxanada əhaliyə göstərilən tibbi xidmətlərin istifadə imkanlarını ikiqat artırıb. Eyni zamanda, bir çox ilklərə imza atılıb ki, onlardan biri də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının müasir standartlara cavab verən avadanlıqlarla təmin olunmuş əməliyyat bloklarında endoprotez əməliyyatının aparılmasının mümkünlüyüdür. Endoprotez əməliyyatı nədir? - sınmış, yaxud hansısa xəstəliklə əlaqədar olaraq zədələnmiş oynağın süni oynaqla dəyişdirilməsi, yəni normal oynağın forması və funksiyasını əvəz edən bir üsuldur. Hazırda kifayət qədər mürəkkəb əməliyyat olan bud-çanaq oynağı və diz oynağının endoprotezləşməsini İTS-nin baza zərfi çərçivəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həyata keçirmək mümkündür. Bu sahə üzrə təcrübəli həkim travmatoloq Mehman Hüseynov 2019-cu ilin yanvar ayından etibarən endoprotezləşməyə ehtiyacı olan xəstələrin xidmətindədir.
Digər bir yenilik isə ondan ibarətdir ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında yeni bakterioloji laboratoriya qurulub. Regionun dövlət xəstəxanaları arasında yeganə olan bu laboratoriyada yeni avadanlıqlarla tam təchiz olunub, vətəndaşların qəbulu, müayinə nümunələrinin götürülməsi və bir sıra xəstəliklərə görə laborator analizlərin aparılması üçün hər cür şərait yaradılıb. Xəstəxanadaxili infeksiyalar bütün dünyada xəstələnmə, ölüm göstəricilərinin və müalicə xərclərinin artma səbəblərindən biri olaraq qalır. Bu baxımdan bütün xəstəxanalarda infeksiyalara nəzarət proqramının tərtib olunması vacibdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında da Keyfiyyətə Nəzarət sektorunun yaradılmasında əsas məqsəd xəstəxanadaxili infeksiyaların xəstələrdə, işçilərdə və ziyarətçilərdə yaranmasının və yayılmasının qarşısını almaqdır, həmçinin xəstəxananın ümumi işinin normal gedişinə, nöqsanların aradan qaldırılmasına nəzarət etmək, keyfiyyətin artırılması üçün zəruri tədbirlər görməkdir.
Bütün bunlarla yanaşı, pilot layihə çərçivəsində görülən işlərdən biri də ondan ibarətdir ki, xəstəxanada dərman təchizatının və tibbi sərfiyyatın işlənməsi elektronlaşdırılıb. Eləcə də yeni doğulmuşların intensiv terapiya bloku yaradılıb. Xəstəxanada ağır vəziyyətdə doğulan uşaqlara vaxtında və düzgün yardım göstərməklə yenidoğulmuşlar arasında baş verən ölümlərin sayını azaltmağa xidmət edir. Ana və uşaq otaqları yaradılıb. Hər həftənin bazar ertəsi günündə Doğum şöbəsində yatan zahılarla, cümə axşamı günündə hamilə və yeni ana olunmuş analarla canlı bağlantı qurulur, anaları maraqlandıran suallar yerindəcə cavablandırılır, körpələrin qidalandırılması ilə bağlı məsləhətlər verilir.
Pilot layihə çərçivəsində qeydiyyat üzrə növbə sistemi elektronlaşdırılıb, xəstəxana idarəetməsi və proqram təminatı avtomatlaşdırılıb
Bütün bunlarla yanaşı, pilot layihə çərçivəsində qeydiyyat üzrə növbə sistemi elektronlaşdırılıb, xəstəxanadaxili şəbəkə qurulub, xəstəxana idarəetməsi və proqram təminatı avtomatlaşdırılıb, PACS sistemi qurulub (radioloji cihazlardan alınan görüntülər arxivlənir və bu görüntülərin istənilən kompüterdən və ya web üzərindən əlçatanlığı təmin edilir), xəstəxanada fəaliyyət göstərən həkimlər və orta tibb personalı ölkənin aparıcı xəstəxanalarına və xarici ölkələrdə təkmilləşmə kurslarına göndərilir, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə mütəmadi olaraq elmi-praktik mövzularda təlimlər, regional tədris kursları keçirilir. Eləcə də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, əlil arabasından istifadə edənlərin, yaşlıların və uşaq arabası ilə şəxslərin rahat hərəkəti üçün əlverişli şərait yaradılıb. Həmçinin Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərliyi altında xəstəxananın əməkdaşları Mingəçevir Şəhər Qəyyumluq və Himayəçilik Komissiyasının təyin etdiyi qəyyumların fəaliyyətinə mütəmadi olaraq nəzarət edir. Bu məqsədlə fəaliyyət qabiliyyəti məhdud olan şəxslərin həyat şəraiti ilə yaxından tanış olunur, qəyyumlarla xəstələr barədə müəyyən söhbətlər aparılır, lazımi məsləhətlər verilir.
Bütövlükdə, xəstəxanaya müraciətlərin sayı profilaktik gəlişlər də daxil olmaqla aşağıdakı kimidir: 2016-cı ildə 188 min 731, 2017-ci ildə 319 min 181, 2018-ci ildə 424 min 739 müraciət daxil olub. İcbari tibbi sığorta Mingəçevir şəhərində tətbiq edilmədən öncə Mərkəzi Xəstəxanada çarpayı sayı 672 olub, hazırda çarpayı sayı 310-dur.
Xəstəxanada həyata keçirilən xidmətlərin statistik sayına gəlincə, qeyd edək ki, stasionardan çıxan xəstələrin sayı 2018-cı ildə 9458 nəfər, 2019-cu ilin 9 ayında 10319 nəfər olub. Ambulator qəbulun sayı isə 2018-cı ildə 303 min 370 nəfər, 2019-cu ilin 9 ayında isə 402 min 220 nəfər təşkil edib. Bundan başqa, laborator müayinələrin sayı 2018-ci ildə 58 min 406, bu ilin 9 ayında 69 min 41, əməliyyatların sayı 2018-cı ildə 5114, 2019-cu ilin 9 ayında 5367 olub.
Onu da qeyd edək ki, icbari tibbi sığorta vasitəsilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat keçirmiş xəstələr öz razılıqlarını bildirirlər. Belə ki, 2019-cu ilin mart ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta ilə xolesistektomiya (açıq) əməliyyatı olunmuş Mingəçevir sakini Firəngiz İsmayıl qızı İsmayılova dövlətin öz vətəndaşı üçün yaratdığı bu şəraitdən minnətdarlıq edir: “Uzun müddət idi səhhətimdə narahatlıqlar var idi. Ağrılarım şiddətlənən zamanı cərraha müraciət etdim. Cərrah lazımi müayinələri apardıqdan sonra əməliyyatın vacib olduğunu söylədi. Bu ilin mart ayında ödümdə daş olduğu üçün əməliyyat edildim. 3 gün sonra evə buraxıldım. Tibb sahəsində yeni sistemin tətbiqindən məmnunuq. Belə bir şəraiti yaratdığına görə dövlət başçısına, İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinə və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının bütün kollektivinə, əsasən də ixtisaslı həkimlərinə təşəkkür edirəm”.
Mehriban Məhəmməd qızı Hüseynova isə bu ayın 14-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında xolesistektomiya (laporaskopik) əməliyyatı olunub. Əməliyyatdan sonra özünü yaxşı hiss edən M.Hüseynova öz minnətdarlığını bildirib: “Ölkə Prezidenti İlham Əliyevin Fərmanına əsasən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 2017-ci ilin əvvəlindən icbari tibbi sığorta tətbiq olunur. Əhali üçün tibbi xidmətlər daha əlçatan olub. Heç bir maddiyyat düşünmədən sağlığımızı Mingəçevir şəhər Xəstəxanasının həkimlərinə etibar edirik. Əməliyyatdan bir gün sonra artıq özümü çox yaxşı hiss etdim. Xəstəxananın bütün kollektivinə təşəkkürümü bildirirəm”.
Mingəçevirin digər sakini Ramiz Əvəz oğlu Əliyev isə şəkərli diabet xəstəsidir. O, şəhər xəstəxanasında ayrı-ayrı vaxtlarda uzunmüddətli müalicələr alıb, bir neçə dəfə əməliyyat olunub. Sonuncu əməliyyatı da bu ayın 14-də həyata keçirilib. O deyib: “Dövlətin biz vətəndaşlar üçün yaratdığı bu gözəl şərait üçün ölkə rəhbərliyinə minnətdarlıq edirəm. İcbari tibbi sığorta sisteminin tətbiq olunması xüsusən aztəminatlı ailələr üçün çox əlverişlidir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının bütün kollektivi xəstələrə qarşı çox diqqət yetirir, qayğı ilə yanaşırlar. Həkimlərin, tibb bacılarının mehribanlığı, səmimiliyi yaralarımıza məlhəm olur. Biz xəstələrin üzərində əməyi olan hər kəsə minnətdaram”.
NARDAR

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31