Bərabər məsafəli və suveren şərtlərlə…
18.10.2026 [10:22]
Münasibətlərdə qırmızı xətt: Strateji müttəfiqliyin fonunda ideoloji tabeçilik və "böyük qardaş" diktəsi qəbuledilməzdir
Geosiyasi proseslərin sürətlə dəyişdiyi, regional münaqişələrin yeni risklər yaratdığı, böyük güclərin öz maraqlarını müxtəlif vasitələrlə irəli sürdüyü bir şəraitdə milli təhlükəsizliyin əsas təminatlarından biri müstəqil qərarvermə qabiliyyətidir. Azərbaycan da hər zaman xarici siyasətini milli maraqlar, suverenlik və praqmatik əməkdaşlıq prinsipləri üzərində qurur. Bu baxımdan Türkiyə ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Ortaq tarix, dil, mədəniyyət, strateji tərəfdaşlıq və hərbi-siyasi əməkdaşlıq iki ölkəni birləşdirən mühüm amillərdir. Azərbaycan-Türkiyə münasibətləri regionda qüvvələr nisbətinə, təhlükəsizlik mühitinə və iqtisadi əlaqələrin inkişafına ciddi təsir göstərir.
Lakin münasibətlərin möhkəmliyi tərəflərin bütün məsələlərdə eyni mövqedən çıxış etməsini və ya birinin digərinin xarici siyasət prioritetlərini avtomatik qəbul etməsini tələb etmir. Əksinə, həqiqi müttəfiqlik qarşılıqlı etimadla yanaşı, milli maraqların müstəqil müəyyənləşdirilməsini, fərqli yanaşmaların açıq müzakirəsini və tərəflərin suveren qərarlarına hörməti nəzərdə tutur. Türkiyənin Yaxın Şərq və Şimali Afrikada həyata keçirdiyi siyasət, müxtəlif konfrantasiyalarda tərəf olaraq iştirakı və regional ambisiyaları Ankara üçün müəyyən strateji imkanlar yaratsa da, həmin siyasətin bütün nəticələrini Azərbaycan üçün də məqbul hesab etmək olmaz. Hər bir coğrafiyanın özünəməxsus siyasi reallıqları, riskləri və maraq toqquşmaları var.
Müttəfiqlik emosiyalarla deyil, milli maraqların uzlaşdırılması ilə ölçülür
Müasir dövlətlərarası münasibətlərdə tarixi bağlılıq nə qədər dərin olsa da, hər bir ölkənin öz təhlükəsizlik prioritetlərini müəyyənləşdirmək hüququ dəyişməz qalır. Ankara ilə Bakı arasında əməkdaşlığın gələcək perspektivləri də məhz bu prinsipin qorunmasından asılıdır. İki ölkənin bir çox məsələdə üst-üstə düşən maraqları olsa da, onların coğrafi mövqeləri, regional məsuliyyətləri və xarici siyasət gündəlikləri tamamilə eyni deyil. Türkiyə geniş Yaxın Şərq məkanında, Aralıq dənizində, Şimali Afrikada və digər istiqamətlərdə öz təsir imkanlarını artırmağa çalışır. Azərbaycan isə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, ərazi bütövlüyünün qorunması, nəqliyyat bağlantılarının genişləndirilməsi və beynəlxalq tərəfdaşlarla balanslı münasibətlərin inkişaf etdirilməsi kimi prioritetlərə malikdir.
Bu fərqlər müttəfiqlik üçün problem deyil. Problem həmin fərqlərin nəzərə alınmaması və bir tərəfin strateji seçimlərinin digər tərəf üçün də məcburi siyasi xətt kimi təqdim edilməsidir. Azərbaycan Türkiyənin maraqlarını anlayaraq ona dəstək verə bilər, lakin bu dəstək hər konkret vəziyyətdə milli maraqların qiymətləndirilməsindən keçməlidir. Eyni yanaşma Ankaranın Azərbaycana münasibətində də əsas götürülməlidir. Müttəfiqlər arasında etimadın göstəricisi fikir ayrılıqlarının olmaması deyil, onların qarşılıqlı hörmət çərçivəsində həll edilməsidir. Xüsusilə xarici siyasətdə qərarlar yalnız siyasi bəyanatların yaratdığı emosional atmosferə əsaslanmamalıdır. Hər hansı addımın Azərbaycan iqtisadiyyatına, təhlükəsizlik mühitinə, beynəlxalq əlaqələrinə və regional mövqelərinə mümkün təsirləri əvvəlcədən hesablanmalıdır. Bakı öz mövqeyini formalaşdırarkən və irəli sürərkən özünün maraqlarını əsas götürür və bu da mütləq zərurətdir. Çünki milli maraqlara söykənən münasibət dəyişən siyasi şəraitə davamlı olur, müvəqqəti geosiyasi hesablamalardan asılılığı azaldır.
Başqa coğrafiyaların riskləri…
Azərbaycan özünün milli təhlükəsizliyini qorumaq üçün Ankara ilə bərabər məsafəli və suveren şərtlərlə danışmalıdır ki, Türkiyə iqtidarının digər coğrafiyalarda – Sudan, Liviya, Suriya və s. - buraxdığı ağır geosiyasi səhvlərin və avantüraların bədəli bizim regiona və milli maraqlarımıza zərər vurmasın. Bu ölkələrin hər biri fərqli tarixi, daxili siyasi ziddiyyətləri və xarici müdaxilə amilləri ilə səciyyələnir. Belə mürəkkəb mühitlərdə hərbi, siyasi və diplomatik vasitələrdən istifadə qısamüddətli üstünlüklər qazandırsa da, uzunmüddətli sabitliyə nail olmaq həmişə mümkün olmur. Münaqişələrin uzanması, yerli qüvvələr arasındakı qarşıdurmalar, xarici aktorların rəqabəti və təhlükəsizlik boşluqları regional siyasətin mahiyyətini dəyişir.
Azərbaycan üçün bu kimi "nümunələri" öz təcrübəsində görmək niyyətində deyil. Başqa regionlarda formalaşan münaqişələrə qoşulmaq, tərəflər arasında seçim etmək və ya müəyyən geosiyasi qarşıdurmanın iştirakçısına çevrilmək ölkəmizin siyasi xətti ilə üst-üstə düşmür - kənar münaqişələrin yaratdığı diplomatik "duman", iqtisadi anlaşmazlıqlar və təhlükəsizlik riskləri Azərbaycanın öz strateji gündəliyinə mənfi təsir göstərə bilər.
Cənubi Qafqazın geosiyasi həssaslığı bu məsələyə daha ciddi yanaşmağı tələb edir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması, sülhün möhkəmləndirilməsi, regional kommunikasiyaların açılması və qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində hərəkət edərkən müxtəlif güc mərkəzlərinin rəqabətini də nəzərə almalıdır. Türkiyə ilə koordinasiya bu proseslərdə mühüm üstünlükdür, lakin Azərbaycanın regional gündəliyi yalnız başqa paytaxtların prioritetlərinə uyğunlaşmamalıdır - Bakı öz coğrafiyasının xüsusiyyətlərini, qarşılaşdığı təhdidləri və əldə etdiyi imkanları müstəqil qiymətləndirir.
“Böyük qardaş” yanaşması yox, bərabərhüquqlu tərəfdaşlıq modeli…
Yaxın tariximizin hər bir məqamında Azərbaycan-Türkiyə münasibətlərində siyasi yaxınlıq və qarşılıqlı dəstək mühüm yer tutub. Bununla belə, tərəfdaşlığın davamlılığı münasibətlərin hansı prinsiplərlə idarə olunmasından da asılıdır. Münasibətlərdə qırmızı xətt aydındır: Strateji müttəfiqlik gözəldir, amma ideoloji tabeçilik və "böyük qardaş" diktəsi qəbuledilməzdir.
Bəli, dövlətlərarası əlaqələrdə “böyük qardaş” və “kiçik qardaş” təsəvvürləri rəsmi qərarların qəbulunda hüquqi və siyasi meyarları əvəz edə bilməz. Beynəlxalq münasibətlərdə dövlətlərin ölçüsü, iqtisadi imkanları və hərbi gücü fərqlənə bilər, lakin suverenlik baxımından onların hər birinin öz milli maraqlarını müəyyənləşdirmək hüququ var. Azərbaycan üçün də Türkiyə ilə əməkdaşlığın əsasını məhz bərabərhüquqlu tərəfdaşlıq təşkil edir. Qarşı tərəfin bunu hansı anlamda qəbul etmək istəyindən asılı olmayaraq bu belədir. İkitərəfli münasibətlərdə fərqli sferalar üzərindən koordinasiya gücləndirilsə də, hər dövlət özünün milli və müzakirəedilməz maraqları, mövqeləri ilə hərəkət edir. Strateji müttəfiqlik qarşılıqlı öhdəlikləri nəzərdə tutur, lakin tərəflərdən birinin bütün məsələlərdə digərinin mövqeyini təkrarlamasını tələb etmir. Əksinə, açıq dialoq və qarşılıqlı hesabatlılıq anlaşılmazlıqların böyüməsinin qarşısını alır.
Azərbaycanın beynəlxalq əlaqələri yalnız Türkiyə istiqaməti ilə məhdudlaşmır. Ölkəmizin Avropa dövlətləri, ABŞ, Mərkəzi Asiya ölkələri, ərəb dünyası və digər tərəfdaşlarla münasibətləri özünəməxsus iqtisadi və siyasi əhəmiyyət daşıyır. Bu əlaqələrin hər biri Azərbaycanın suveren inkişafına, investisiya imkanlarına, enerji ixracına, tranzit potensialına və beynəlxalq mövqeyinə töhfə verə bilər. Bakı həmin münasibətləri inkişaf etdirərkən üçüncü ölkələrlə əməkdaşlığını başqa bir müttəfiqin siyasi gözləntilərinə qurban verməyəcək. Eyni zamanda, Azərbaycan öz ərazisinin və imkanlarının digər dövlətlərin regional rəqabətində alətə çevrilməsinə də yol verməyəcək. Bərabərhüquqlu münasibətlərin qorunması tək Türkiyə ilə deyil, başqa dövlətlərlə də strateji bağların daha da güclənməsinə yol açır. Azərbaycanın xarici siyasətində əsas meyar dəyişməzdir. Biz hər kəslə, bütün dövlətlərlə ən sıx əməkdaşlığın tərəfdarıyıq. Amma qərarlar Bakının milli maraqları əsasında verilib, verilir və veriləcək - Suverenliyin mahiyyəti də məhz budur…
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17

