Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Neftçala və Salyan rayonlarına səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Neftçala və Salyan rayonlarına səfər edib

26.09.2017 [10:23]

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala rayonuna səfərə gedib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə yaxından tanış olub.
Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin digər bir müəssisəsi - “Gilan PİVOT” MMC-nin fəaliyyəti və Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxana ilə tanış olub.
Daha sonra Prezident İlham Əliyev “Toğrul-2008” MMC-nin müəssisəsində də olub.
Dövlətimizin başçısı “Sun Rise Production” MMC-nin Sənaye Məhəlləsində yaratdığı müəssisə ilə də tanış olub.
Prezident İlham Əliyev həmçinin Sənaye Məhəlləsinin inzibati binasında da olub.
Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Neftçala şəhərinin tarixində çox əlamətdar bir gündür. Neftçalada Sənaye Məhəlləsi açılır, öz işinə başlayır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Mən çox şadam ki, qısa müddət ərzində gözəl şəhərcik yaradılıbdır. Neftçala rayonunun inkişafında bu sənaye məhəlləsinin çox böyük rolu olacaq. Burada artıq bir neçə müəssisə fəaliyyətə başlayıb, bir neçə müəssisənin fəaliyyəti yaxın aylarda təmin ediləcəkdir. Bir sözlə, bizim vaxtilə verdiyimiz qərar artıq həyatda öz əksini tapır. İki il əvvəl Neftçalada Sənaye Məhəlləsinin yaradılması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır. İki il ərzində yaradılan bu gözəl sənaye şəhərciyi artıq istifadəyə verilir. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına çox böyük təkan verəcək. Bu sənaye məhəlləsinin yaradılması əslində bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə - xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. İndi Mingəçevir şəhərində böyük sənaye zonası yaradılır və kiçik şəhərlərdə də belə layihələrin icrası çox əlamətdar hadisədir. Böyük şəhərlərdən sonra ilk sənaye zonası Neftçala rayonunda yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq.
Sənayeləşmə siyasəti uğurla aparılır. Biz bu zonaların yaradılması ilə iş adamlarına dövlət tərəfindən növbəti dəstək göstəririk. Bu zonanın yaradılması bizim təşəbbüsümüz olmuşdur. Azərbaycan dövləti bu təşəbbüslə çıxış edib və dövlət tərəfindən bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayrılıbdır. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyubdur. Yəni, bu, onu göstərir ki, burada dövlət-özəl sektor tərəfdaşlığı özünü göstərir. Çünki əgər biz bu təşəbbüslə çıxış etməsəydik, onu irəli sürməsəydik, bax, bu zona da heç vaxt yaranmazdı. İndi bu zona var və o, böyüyəcək. Bildiyimə görə, rayon sahibkarları tərəfindən maraq çox böyükdür. Burada istehsal olunan və olunacaq mallar idxalı əvəzləmək üçün bizə kömək göstərəcək. Çünki indi bizim əsas məqsədimiz yerli istehsalı daha da gücləndirmək, idxaldan asılılığı azaltmaqdır.
Bu zonanın ən böyük müəssisəsi avtomobil zavodudur. Bu zavodun fəaliyyəti nəticəsində biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaqdır. Bu zavodun yaradılması İran-Azərbaycan tərəfdaşlığının təzahürüdür və çox şadam ki, Azərbaycanda, Neftçalada belə gözəl müəssisə yaradılıb. Mənə verilən məlumata görə, bütövlükdə Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq. Bu, işsizliyin aradan qaldırılması istiqamətində növbəti addım sayıla bilər. Bilirsiniz ki, bu göstəriciyə görə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır, Azərbaycanda işsizlik çox aşağı səviyyədədir. Ancaq biz daim yeni iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Çünki Azərbaycanda əhali artır. Hər il əhalinin sayı ən azı 100 min nəfər artır. Əlbəttə, iş yerlərinin yaradılması daimi proses olmalıdır. Elə iş yerləri yaradılmalıdır ki, onlar həm sənayenin, həm kənd təsərrüfatının inkişafına xidmət göstərsin və bu iş yerlərinin yaradılması nəticəsində istehsal olunan məhsullar idxalı da əvəzləsin. Biz Neftçala Sənaye Məhəlləsində bunu görürük. Burada, demək olar ki, təqdim edilən bütün müəssisələr idxalı azaldacaq, əvəzləyəcək, yerli məhsul daxili və xarici bazarlara çıxarılacaq.
Bu Sənaye Məhəlləsinin çox böyük mənası var. Bu, onu göstərir ki, biz düzgün yoldayıq və qəbul edilmiş qərarlar vaxtında, yüksək səviyyədə icra olunur. Biz bu məhəlləni cəmi iki il ərzində yarada bilmişik. Bu, deməyə əsas verir ki, hər bir rayonda belə sənaye məhəllələri yaradıla bilər. Əslində bu məsələ ilə bağlı müvafiq göstəriş artıq verilmişdir və əminəm ki, tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq.
Gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında mütləq yeni bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır. Müvafiq göstəriş verilib və bölgələrdə yaşayan, fəaliyyət göstərən sahibkarlar, iş adamları da əlbəttə ki, bu zonaların yaradılmasında fəal iştirak etməlidirlər. Çünki burada, yəni, istehsal sahəsinə yatırılan sərmayə özəl sektor tərəfindən qoyulur. Əlbəttə, qeyd etdiyim kimi, dövlət də daim öz dəstəyini göstərəcək. Dövlət bu ərazini seçib, burada infrastruktur layihələrini icra edib, modul konstruksiyaları inşa edib, sahibkarları səfərbər edib, güzəştli şərtlərlə kreditlər verib ki, onlar yaxşı iş görsünlər.
Beləliklə, mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Yenə də qeyd etmək istəyirəm ki, bu zonanın Neftçala rayonunun inkişafına böyük dəstəyi olacaqdır. Rayonun inkişafı bundan sonra da uğurla getməlidir. Neftçala rayonunda bir çox önəmli layihələr icra edilibdir - sosial layihələr, iqtisadi layihələr, infrastruktur layihələri. Bu gün əsaslı təmirdən sonra Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edəcəyəm. Bu böyük xəstəxana indi ən yüksək standartlara cavab verir. Neftçala rayonunda yol layihələri uğurla icra edilir, 11 kəndi birləşdirən bir yol layihəsi istismara verilibdir və digər layihə tezliklə icra ediləcək. O layihənin icrası nəticəsində 20-dən çox kənd artıq bir-biri ilə gözəl yolla bağlanacaq və beləliklə, Neftçala rayonunun əksər kəndlərinin yol problemi öz həllini tapacaq.
Suvarma ilə bağlı böyük işlər görülür. Biz yeni əkin sahələrini dövriyyəyə buraxırıq. Meliorasiya işləri sürətlə gedir. Bu gün biz Neftçala magistral su kanalının və nasos stansiyasının birinci mərhələsinin istismara verilməsini qeyd edəcəyik. Beləliklə, kənd təsərrüfatının inkişafına da böyük təkan veriləcək. Bir sözlə, biz rayonun inkişafına kompleks şəkildə yanaşırıq, kənd təsərrüfatı əlbəttə ki, əsas sahədir və indi Neftçala ölkəmizin sənaye mərkəzlərinin birinə çevrilir. Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Sonra Neftçala balıq yemi istehsalı müəssisəsinin baş mühəndisi Tofiq Mahmudov çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında da iştirak edib.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri barədə məlumat verib.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış olub.
Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev dövlətimizin başçısına məlumat verib ki, 2007-ci ildən başlayaraq Mərkəzin həkimləri bölgələrə səfərlər edirlər. Tərkibi 14 nəfərdən ibarət həkim briqadasının səfərlərində məqsəd onkoloji xəstəliklərin erkən aşkarlanmasıdır. İndiyədək Mərkəzin əməkdaşları ölkənin 51 bölgəsində 50 minə yaxın insanı müayinədən keçiriblər. Mobil Diaqnostika Kompleksi müxtəlif kabinetlərdən və laboratoriyadan ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev əkin sahələrinə suvarma suyunun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.
Dövlətimizin başçısı həmin gün Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev fermer Əlihüseyn Hacıyevlə söhbət edib.
Sonra dövlətimizin başçısı pambıqçılarla görüşüb.
* * *
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfərə gedib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verib.
Dövlətimizin başçısı yarımstansiyanı işə salıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında da iştirak edib.
Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verilib.
Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzulayıb.
Prezident İlham Əliyev Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında da iştirak edib.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Prezidenti görüşdə çıxış edib: “Sizi ürəkdən salamlayıram. Salyan rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Salyan rayonuna səkkizinci səfərimdir. Bugünkü səfər zamanı biz yeni kənd yolunun açılışını birlikdə edirik. Bu, çox əhəmiyyətli yoldur. Uzunluğu 30 kilometr olan bu yol bir neçə kəndi birləşdirir. Beləliklə, bu, Salyan rayonunun yol infrastrukturuna növbəti töhfədir. Bu, ikinci kənd yolu layihəsidir. Əvvəlki dövrdə bir layihə icra edilmişdir, indi üçüncü layihənin icrası ilə bağlı işlər gedir. Sabah həmin yolun tamamlanması ilə əlaqədar yeni Sərəncam da imzalanacaq və beləliklə, əminəm ki, yaxın gələcəkdə Salyan rayonunda bütün kənd yolları abadlaşacaq.
Mənə bu gün məlumat verildi ki, bir yol layihəsi də var və bu məsələ vətəndaşlar tərəfindən qaldırılıb - Salyan-Şirvan yolunun tikintisi məsələsidir. Bu məsələyə də baxılacaq və əminəm ki, Dövlət İnvestisiya Proqramına bu yol da salınacaq və beləliklə, həm Şirvan şəhəri ilə əlaqə yaxşılaşacaq, həm də ki, yolun üstündə bir çox kəndlər, qəsəbələr var, bu, onlara da böyük bir hədiyyə olacaq.
Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir. Salyan sakinləri yaxşı bilirlər ki, Bakı-Salyan yolu əsaslı şəkildə tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir. Bir sözlə, Salyan rayonunun digər bölgələrlə, xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi böyük dərəcədə yaxşılaşıb. Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə çox böyük diqqət göstərilir. Bu il, - bu layihəyə şərti ad vermişik, - “40 yol” layihəsi icra edilir. Əslində, bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir.
Salyan rayonunun inkişafı ilə bağlı kompleks tədbirlər görülür, sosial infrastruktur yaxşılaşır. Bu gün mən 2 saylı məktəbin yeni binasının açılışında iştirak etmişəm. Bu da çox böyük təhsil ocağıdır. Şəhərin ən böyük məktəbidir və bu məktəbin böyük ənənəsi var. Onu biz yenidən tikdik.
Kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atılır. Salyanda pambıqçılığın bərpası istiqamətində işlər yaxşı gedir. Mənə verilən məlumata görə, 7 min hektarda pambıq əkilib, bu da məşğulluğu təmin edir. Minlərlə insan indi bu sahədə işləyir, pul qazanır. Qazlaşdırma Salyan rayonunda 80 faizdən çoxdur. Bu da yaxşı göstəricidir. Növbəti illərdə əlbəttə ki, daha da artacaq. Bu gün biz elektrik yarımstansiyasının açılışını etdik və elektrik enerjisi ilə təminat daha da yaxşılaşacaq. Keçən il biz içməli su layihəsinin birinci mərhələsini mənim iştirakımla istismara verdik və növbəti dövrdə bu layihənin tam tamamlanması nəzərdə tutulur. Bir sözlə, Salyan rayonunun həm sosial, həm iqtisadi inkişafı diqqət mərkəzindədir. Nəzərə alsaq ki, infrastruktur layihələrinin bir çoxu icra edilib, növbəti illərdə qalan layihələr də icra ediləcək.
Biz daha çox diqqəti kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməliyik. Bu istiqamətdə də addımlar atılır. Qeyd etdiyim kimi, böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və 7 min hektarda pambıq əkilib. Bu, böyük nailiyyətdir və sənaye istehsalının artırılması istiqamətində də addımlar atılmalıdır. Bu gün mən Neftçala şəhərində Sənaye Məhəlləsinin açılışında da iştirak etmişəm. Bizim bir çox şəhərlərimizdə buna oxşar sənaye zonaları yaradılmalıdır, o cümlədən Salyan şəhərində. Müvafiq göstəriş verilibdir, gərək yerli icra orqanları yer ayırsınlar və dövlət tərəfindən bütün infrastruktur layihələri orada icra ediləcək və sahibkarlar üçün yaxşı şərait yaradılacaq. Çünki bundan sonrakı dövrdə sənayenin və kənd təsərrüfatının inkişafı ölkəmizin uzunmüddətli ümumi inkişafını təmin edəcək.
Son vaxtlar Azərbaycanda aqroparkların yaradılması geniş vüsət almışdır. Onlardan biri də Salyan rayonunda yaradılır. Mənə verilən məlumata görə, bu, 3 min hektar sahədə yaradılır. Biz həm məşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaqdır. İndi də bu asılılıq azalır və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir. Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilibdir - pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq - biz bütün bu sahələrə xüsusi diqqət göstəririk. Hər bir rayonun özünə xas olan kənd təsərrüfatı sahələri var və ixtisaslaşma istiqamətində də çox ciddi addımlar atılır.
Ona görə, bu gün Salyan rayonunun gələcək inkişafı ilə bağlı məndə çox nikbin fikir var. Əminəm ki, bu günə qədər həll olunmayan məsələlər öz həllini tapacaq və rayonun sürətli inkişafı təmin ediləcəkdir. Bu yolun açılışı da, əslində, Azərbaycanın ümumi inkişafını göstərir. Bizim ölkəmiz inkişaf edir, sosial-iqtisadi layihələr icra olunur. Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıbdır, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq. Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək. Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaqdır. Yəni, iqtisadi, maliyyə sahələrində qarşımızda heç bir problem yoxdur. Azərbaycan möhkəm iqtisadi potensiala malik olan bir ölkədir. Gələcək illərdə bizim iqtisadi gücümüz ancaq artacaq və beləliklə, bütün rayonlarda işlər daha da yaxşı gedəcək.
Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm”.
Sonra Aygün Əzizova və fermer Avdı Həsənov Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Dövlətimizin başçısı səfər çərçivəsində Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə də tanış olub.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kompleks barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev ting sahələrinə baxıb.
Kompleksin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 934 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31