Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarına səfər edib
24.09.2014 [09:51]
Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.
Əvvəlcə İsmayıllıya gələn dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi mərkəzi meydanda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, mərkəzi meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verib.
Xəstəxanada aparılan əsaslı yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həkim Gülər Babayeva səhiyyə ocağında yaradılan şəraitə və bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdırıb.
Prezident İlham Əliyev deyib: “Çox sağ olun. Xəstəxananın əsalı təmirdən sonra açılışı rayon sakinləri üçün gözəl hadisədir. İndi burada bütün imkanlar var. Gözəl şərait, avadanlıq və tibbi xidmət də buna uyğun şəkildə, yüksək səviyyədə olmalıdır. Çünki insanların sağlamlığı əlbəttə ki, hər bir insan üçün, dövlətimiz üçün çox vacibdir. Yeni gənc nəsil yetişir. Onlar da fiziki, mənəvi cəhətdən sağlam olmalıdırlar.
İnsanların sağlamlığını şərtləndirən bir neçə amil var. Onlardan birincisi əlbəttə ki, tibbi xidmətdir - vaxtında diaqnostikadan, müayinədən keçməkdir. Şadam ki, İsmayıllı rayonunda da dediyiniz kimi, bu dispanserləşdirmə uğurla keçirilib.
Biz bu prosesləri bundan sonra da mütəmadi qaydada davam etdirəcəyik ki, hər bir insan gedib onda olan xəstəlikləri aşkar etsin və gözəl tibbi xidmət görsün.
Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Çünki mən istəyirəm ki, hər bir şəhərdə, hər bir rayonda işlər yaxşı getsin.
Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam. Rayonun gələcək inkişafı ilə bağlı konkret proqramlar var. Xüsusilə indi infrastruktur layihələri icra edilir. İçməli su, kanalizasiya layihəsi icra olunur, yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Kənd yollarının tikintisinə vəsait ayrılır. Sosial obyektlər tikilir. Bax, bu gözəl xəstəxana artıq 40 ildən sonra əsaslı şəkildə təmir edilib, insanların sərəncamına verilir. Bu gün uşaq bağçası açılacaq. Məktəblər tikilir. Hələ ki, bu sosial infrastrukturla bağlı görüləsi işlər çoxdur. Çünki biz, ilk növbədə, vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binaları - sosial obyektləri bərpa etməliyik, yenilərini tikməliyik və bunu edirik. Ölkəmizi irəliyə aparırıq, inkişaf etdiririk. Çünki ölkəmizin uğurlu inkişafı regionların inkişafından böyük dərəcədə asılıdır.
Yeni sənaye müəssisələri yaradılır, iş yerləri açılır. Bilirəm ki, İsmayıllıda da yeni sənaye müəssisələri yaradılır. Keçən il burada olarkən artıq bunun ilkin nəticələrini görmüşük. Bildiyimə görə, indi burada yeni investisiya layihələri icra edilir ki, işsizlik tamamilə aradan götürülsün.
İsmayıllının çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır. Şamaxıdan Balakənə qədər bu böyük bir turizm zonasıdır ki, indi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir. Gözəl otellər tikilir. İsmayıllının da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik.
Yaxın gələcəkdə buraya qoyulacaq investisiyaların həcmi daha da artmalıdır. Bu, Dövlət Proqramında nəzərdə tutulub. Artıq üçüncü regional inkişaf proqramı icra edilir. İki proqram artıq icra edilib. Üçüncü proqram başlamışdır və 2018-ci ilə qədər o da başa çatmalıdır. Ümid edirəm ki, o vaxta qədər rayonda bir dənə də olsun sosial infrastruktur problemi qalmayacaq. Hər halda bu, bizim istəyimizdir.
Əlbəttə ki, gələcək illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Bu günlərdə biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü təntənəli şəkildə qeyd etdik və XXI əsrin kontraktına start verdik. Bax, deyə bilərəm ki, bugünkü inkişaf və hətta bu gözəl xəstəxana məhz o illərdə qəbul edilmiş müdrik qərarlardan sonra mümkün olmuşdur. Çünki əgər o vaxt Ulu öndər Heydər Əliyev o tarixi addımı atmasaydı, bizim maddi imkanımız o qədər də böyük olmazdı, iqtisadi təhlükəsizliyimizi təmin edə bilməzdik, istər-istəməz asılı vəziyyətdə ola bilərdik.
Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Yəni, bu, bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir. Eyni zamanda, iqtisadi müstəqilliyimiz. “Əsrin kontraktı”nın bəhrəsini hər bir vətəndaş görür - abadlaşan şəhərlərdə, tikilən binalarda, salınan yollarda, artan maaşlarda və vaxtilə tikilmiş, indi təmir olunan belə gözəl xəstəxanalarda.
Növbəti tarixi layihənin - “Cənub” qaz dəhlizinin təməli iki gün bundan əvvəl təntənəli şəkildə qoyulub. Bilirsiniz ki, çoxlu qonaqlar var idi və bu layihə Azərbaycana əlavə imkanlar gətirəcək. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edirik. Hər bir rayonda, hər bir kənddə əgər bütün problemlər həll olunarsa, onda ölkədə problem qalmayacaq. Hər halda biz buna çalışmalıyıq və əminəm ki, İsmayıllı rayonu qısa müddət ərzində ölkədə ən qabaqcıl rayonlardan birinə çevriləcəkdir. Mən də çalışacağam ki, sizinlə bərabər bu məqsədə nail olaq. Bir daha sizi təbrik edirəm”.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlətimizin başçısına İsmayıllıda görülən abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.
Dövlətimizin başçısı inzibati binanın operativ idarəetmə otağı ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin, İsmayıllı rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün inşa olunan inzibati binanın açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə inzibati binada yaradılan şərait haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, inşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binanın foyesində partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın müxtəlif qurultayları, iclasları və bu siyasi qurumun fəaliyyəti ilə bağlı keçirilən tədbirlərdəki iştiraklarını əks etdirən maraqlı fotolardan ibarət guşələr yaradılıb.
Binada bütün otaqlar zəruri avadanlıqla təchiz edilib. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb. İnzibati binada YAP Gənclər Birliyinin və Qadınlar Şurasının rayon təşkilatları da fəaliyyət göstərəcək. Binadakı 50 yerlik konfrans zalında isə partiyanın fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi üçün zəruri şərait yaradılıb.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün belə müasir binaların inşası bir daha sübut edir ki, ölkəmizin inkişafına mühüm töhfələr verən bu partiyaya inam və sevgi daha da artır və onun sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına burada aparılan əsaslı təmir işləri barədə məlumat verilib.
* * *
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Yeni turizm obyekti ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlanıb.
Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Qəbələ rayonunda yeni otel istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. İndi tanış oldum, çox gözəl şərait var, ən yüksək səviyyədə xidmət göstəriləcəkdir. Qəbələnin turizm potensialının inkişafı üçün bu otelin də çox böyük əhəmiyyəti olacaqdır. İndi Bakıdan sonra otellərin sayına görə Qəbələ ikinci yerdədir. Bu, məni çox sevindirir. Çünki bu bölgənin çox gözəl turizm imkanları var. Şadam ki, son illərdə biz bu imkanlardan maksimum dərəcədə istifadə edirik.
Qəbələdə beşulduzlu, dördulduzlu, üçulduzlu otellər tikilir. Bu otelin də xüsusiyyəti ondan ibarətdir ki, burada insanlar müalicəvi sulardan istifadə edəcəklər və əlbəttə ki, turistlərin axını daha da güclü olacaqdır. Qəbələ Beynəlxalq Aeroportunun tikintisindən sonra indi buraya xarici qonaqlar da gəlirlər, onların da sayı artır. Azərbaycan vətəndaşları burada istirahət edirlər. Çox gözəl, əlamətdar hadisələrdir. Çünki bunlar həm bölgənin, həm Qəbələ rayonunun, eyni zamanda, ölkəmizin inkişafına xidmət göstərir.
Bu gün Qəbələdə tikilən otellər ən yüksək səviyyədədir. Yəni, bunların hamısı müasir standartlara cavab verir və istirahət etmək üçün çox gözəl imkanlar var. Qəbələ, eyni zamanda, mədəniyyət mərkəzinə çevrilir. Ənənəvi musiqi festivalları keçirilir və qonaqların sayı artır. Xarici qonaqlar Qəbələ ilə tanış olarkən vətənə döndükdə əlbəttə ki, öz təəssüratlarını bölüşürlər. Beləliklə, bu bölgəyə, bu şəhərə maraq daha da artır. Əlbəttə, bu, insanlar üçün də yeni imkanlardır. Bax, bu ərazidə bir neçə kənd yerləşir. O kəndlərin sakinləri də bundan istifadə edəcəklər, iş yerləri açılır. Minlərlə iş yerləri açılıbdır. Turizm obyektlərində işləyənlərin sayı artır. Həm təcrübə toplayırlar, eyni zamanda, yaxşı maaş alırlar. Beləliklə, ölkəmizin turizm sektoru sürətlə inkişaf edir.
Əlbəttə ki, turizmin inkişafı baxımından Bakı - bizim paytaxtımız birinci yerdədir. Bakıda indi dünyanın bütün əsas otel şəbəkələri fəaliyyət göstərir. Son 2-3 il ərzində şəhərimizdə beşulduzlu altı otel tikilmişdir. Bütün bu otellər ən yüksək səviyyədə xidmət göstərir. Baxın, cəmi iki il ərzində Bakıda “Marriott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Fairmont”, “Four Seasons”- dünya miqyasında ən birinci sırada olan altı otel fəaliyyət göstərir. Ondan sonra “Sheraton”, “Hyatt”, “Radisson”. Bu, ölkəmizin inkişafını göstərir və investorların Azərbaycanın gələcəyinə inamını əks etdirir.
İndi bölgələrdə də bu proses gedir. Şadam ki, digər rayonlarda da gözəl otellər açılır və mən də bütün o açılışlarda şəxsən iştirak edirəm. Misal üçün, bu yaxınlarda Şamaxıda gözəl otel açılmışdır - “Rixos”. Qubada böyük qolf meydançası ilə bərabər müasir otel açılmışdır. Burada naftalan vannaları da vardır. O da çox düzgün addımdır. Çünki indiyədək insanlar naftalandan ancaq Naftalan şəhərində istifadə edə bilirdilər. İndi Naftalan şəhərində beşulduzlu iki otel fəaliyyət göstərir. Üçüncüsü də təxminən yaxın zamanlarda açılacaqdır. Yəni, bütün bölgələrdə bu proses gedir. İndi şəhərlər arasında turizmin inkişafı ilə bağlı gedən rəqabət məni çox sevindirir. Çünki bu, sağlam rəqabətdir. Bizim çox gözəl ölkəmiz, çox gözəl təbiətimiz, müxtəlif iqlimimiz, müxtəlif təbii zonalarımız, dağlarımız, çaylarımız, meşələrimiz var. Əlbəttə, biz bundan maksimum dərəcədə istifadə etməliyik ki, həm vətəndaşlar, həm də dövlət fayda götürsün.
Bizim güclü iqtisadiyyatımız var. Təbii ki, neft-qaz sektorumuz inkişaf edir. Bu yaxınlarda tarixi hadisə baş vermişdir. Bundan sonra onilliklər, bəlkə də 100 ildən artıq bir müddətdə Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxaracaq və bundan biz gəlir əldə edirik. Ancaq biz çalışmalıyıq ki, xidmət, qeyri-neft, sənaye sektorları və turizm inkişaf etsin. Turizm daimi gəlir mənbəyidir. Sadəcə, infrastruktur olmalıdır. Yollar, aeroport, əlbəttə ki, bütün digər infrastruktur layihələri - su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisi, otellər və yüksək xidmət.
Qəbələdə artıq fəaliyyət göstərən otellərdə xidmət yaxşı səviyyədədir. Əminəm ki, burada da belə olacaq, insanlar üçün yeni iş yerləri açılacaq.
Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm və uğurlar arzulayıram”.
* * *
Rayon ictimaiyyəti adından çıxış edən Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədov Prezident İlham Əliyevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələ rayonuna səfəri çərçivəsində Gilan Qida Şəhərciyi ilə tanış olub.
Gilan Qida Şəhərciyində müxtəlif zavodların yaradılması rəqabətə davamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.
Dövlətimizin başçısı “Gilan Holding”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxıb.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında iştirak edib.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Sonra dövlətimizin başçısı hərbi hissənin qərargahında yaradılan şəraitlə tanış olub.
Sonda dövlətimizin başçısı Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdiyi silah və texnika növlərinə baxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri İlyas Babayev Prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verib.
Prezident İlham Əliyev mərkəzin sərgi salonu ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10

