Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Sənətkar ömrü...

Sənətkar ömrü...

16.07.2026 [09:27]

Mirzə Babayevin anadan olmasından 113 il ötür...

Bu gün Azərbaycan estrada musiqisinin banilərindən sayılan M.Babayevin anadan olmasından 113 il ötür. O, təkcə Azərbaycan musiqisinin sevilən səsi deyil, həm də elmi düşüncə ilə incəsənətin eyni insanda necə harmonik şəkildə birləşə biləcəyinin nadir nümunələrindən biri kimi mədəniyyət tariximizdə özünəməxsus yer tutan şəxsiyyətlərdəndir. M.Babayevin ömür yolu göstərir ki, insanın istedadı yalnız bir sahə ilə məhdudlaşmır, əksinə, zəhmət, intellekt və yaradıcılıq eşqi ilə müxtəlif istiqamətlərdə parlaq uğur qazanmaq mümkündür.

M.Babayev müğənnilik fəaliyyətinə 1940-cı illərin əvvəlində müharibədən qayıdan zaman görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 40-dan artıq filmdə rol alıb.

Xalqın böyük məhəbbətini qazanmışdı...

Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 40-dən artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirik. Bu mötəbər musiqi ocağında dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harada işləməsindən asılı olmayaraq, Mirzə Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.

Bənzərsiz səsə malik olan tanınmış müğənni həm də mahir memar idi - O, Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin də layihə müəllifidir.

Onunla işləyəndə yorulmurdular...

“Dərviş Parisi partladır” filmində Məstəli şahı oynayanda Kamil Rüstəmbəyovun bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta bu vaxta kimi Məstəli şahın teatrdakı ifaçılarından da çox-çox irəli gedə bilib. Onunla işləyən rejissorlar deyirdilər ki, Mirzə Babayev işləyəndə heç yorulmaq bilmirdik. Çəkiliş meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının ovqatına tamam yeni bir ruh gətirirdi. Bir sözlə, o, yaratdığı obrazın əsil memarına çevrilirdi.

İllər ötsə də unudulmayacaq...

Onun yaradıcılığından cild-cild kitablar yazmaq olar. Çünki onun həyat yolu mədəniyyət və incəsənətimizin zəngin bir dövründən keçir. Onun mahnıları, filmləri uzun illər xalqımızın mənəvi yaddaşında ən həzin duyğular kimi yaşayacaq. Bəli, zaman keçəcək, nəsillər dəyişəcək, amma mənəvi dəyərlərimiz arasında milli musiqimizin əvəzsiz xadimlərindən M.Babayevin yaratdığı mahnılar öz gözəlliyini itirməyəcək. Çünki bu mahnılar xalqımız üçün yaranmışdı və xalq da onların ifaçısını sonsuz məhəbbətlə sevir.

Mirzə Babayevin yaradıcılığının ən mühüm xüsusiyyətlərdən biri sadəliklə peşəkarlığın vəhdətidir. Çünki o, heç vaxt ifalarında nümayişkarlığa üstünlük verməyib, əksinə, təbii ifa tərzi, zərif interpretasiya bacarığı və yüksək musiqi mədəniyyəti ilə dinləyicini valeh etməyi bacarıb. Bu isə onun sənətini zamandan asılı olmayan mənəvi dəyərə çevirib və Azərbaycan musiqisinin qızıl fonduna daxil edib.

Bu gün Mirzə Babayev doğum günündə böyük ehtiramla xatırlanır, onun səsləndirdiyi nəğmələr yenə insanların qəlbində yaşayır, sənətə və elmə bəxş etdiyi töhfələr minnətdarlıqla anılır. Hər dəfə onun ifaları səslənəndə bir daha aydın olur ki, həqiqi sənətkar fiziki ömrünü başa vursa da, yaratdığı əsərlər, formalaşdırdığı mədəni irs və xalqın yaddaşında qazandığı sevgi sayəsində gələcək nəsillər üçün  örnək olaraq qalır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Mədəniyyət

Sənətkar ömrü...

16 İyul 09:27  

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31