Orta Dəhlizin rəqəmsallaşdırılması
28.07.2026 [11:49]
Azərbaycanda nəqliyyat və logistika sahəsində həyata keçirilən rəqəmsal transformasiya tədbirləri ölkənin xidmətlər balansında nəqliyyat sektorunun rolunun daha da güclənməsinə mühüm töhfə verə bilər
Son illərdə dünyanın ayrı-ayrı regionlarında geosiyasi və geoiqtisadi vəziyyətin gərginləşməsi fonunda təhlükəsiz nəqliyyat dəhlizlərinin önəmi heç vaxt olmadığı qədər artıb. Belə bir şəraitdə Avrasiyanın mühüm nəqliyyat bağlantısı olan Transxəzər marşrutunun (Orta Dəhliz) cəlbediciliyi artıb. Ayrı-ayrı ölkələr və şirkətlər yüklərinin məhz bu marşrut üzərindən daşınmasına üstünlük verirlər ki, bu da özünü yük həcmlərinin artmasında göstərir.
Qarşıdakı dönəmdə isə Orta Dəhlizi yeni perspektivlər gözləyir. Söhbət ilk növbədə müasir dövrün əsas çağırışlarından olan rəqəmsal həllərin Orta Dəhliz üzrə də tətbiqi dairəsinin genişləndirilməsindən gedir. Beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyəti təkcə müasir infrastrukturla deyil, həm də rəqəmsal texnologiyaların tətbiqi ilə müəyyən edilir. Bu reallıq nəzərə alınmaqla Orta Dəhlizin rəqəmsallaşdırılması da iştirakçı dövlətlər tərəfindən prioritet hədəf kimi müəyyənləşdirilib və bu istiqamətdə respublikamızda real tədbirlərin həyata keçirilməsinə başlanıb.
Orta Dəhlizin funksionallığının artmasında Azərbaycanın müstəsna rolu
Əlverişli coğrafi mövqeyə malik Azərbaycan Orta Dəhlizin təsisçi dövlətləri sırasında yer alır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
İndiyədək Azərbaycan Transxəzər marşrutunun funksionallığının artmasında müstəsna rol oynayıb. Bu, bir tərəfdən respublikamızın Avrasiyada son dərəcə əlverişli coğrafi mövqedə yerləşməsi, uzunmüddətli daxili sabitliyə malik olması, cəmiyyətdə tolerantlıq mühitinin hökm sürməsi, digər tərəfdən isə geniş nəqliyyat-logistika imkanları təqdim etməsi ilə bağlıdır. Prezident İlham Əliyev son 23 ildə ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə almaqla strateji baxış nümayiş etdirərək qeyd olunan sahənin inkişafına həssas yanaşma sərgiləyib. Onun qətiyyətli siyasi iradəsi ilə ölkə boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı nəqliyyat-logistika layihələri uğurla icra olunub və respublika ərazisindən keçən bütün marşrutlar üzrə tranzit daşımalarının optimal vaxt rejimində səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Tam qətiyyətlə deyə bilərik ki, hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir. Bu yaxınlarda Beynəlxalq Nəqliyyat Forumunun hesabatı təqdim olunub. Həmin hesabatda da Azərbaycanın ölkə ərazisində nəqliyyat-logistika infrastrukturuna böyük həcmlərdə investisiyalar yönəltməsinə xüsusi diqqət çəkilib. Bildirilib ki, 2022-2024-cü illər üzrə Azərbaycanın daxili nəqliyyat infrastrukturuna investisiyaları ÜDM-in orta hesabla 3,5 faizini təşkil edib.
Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumunun hesabatında da yüksək qiymətləndirilən müasir nəqliyyat-logistika infrastrukturu quruculuğundan bəhs edərkən ölkəmizdə bu sahəyə kompleks yanaşma sərgiləndiyinin önəminə xüsusi diqqət çəkilməlidir. Hesabatda 2024-cü ilədək olan dövrün statistikasına istinad olunub. Respublikamızda 2004-cü ildən başlayaraq həmin tarixədək olan dövrdə nəqliyyat-logistika sahəsində reallaşdırılan layihələr müxtəlif istiqamətləri - avtomobil yollarını, dəmiryolunu, su və hava nəqliyyatını əhatə edib.
Azərbaycanın 2004-2024-cü illərdə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir nəqliyyat infrastrukturu quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyunca avtomobil yollarının yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Bütövlükdə, ölkəmizdə avtomobil yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə ərazisində təxminən 20 min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub.
Dəniz nəqliyyatı Orta Dəhlizin mühüm seqmentini təşkil edir. Ötən dövrdə respublikamızda dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb. Bu gün Azərbaycan Xəzərdə ən böyük daşıma donanmasına malikdir. Burada əlamətdar məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan nəqliyyat imkanlarını ölkə hüdudlarından kənara çıxarmağı bacarıb. Qara dənizdə daşımalar həyata keçirmək üçün üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sularda Azərbaycan bayrağı altında üzən gəmilər “Aframax” tipli tankerlərdir.
Reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı modernləşib. Müvafiq Dövlət Proqramının icrası çərçivəsində çoxsaylı layihələr reallaşdırılıb ki, bunun da sayəsində Orta Dəhlizin ötürücülük imkanları artıb.
Azərbaycanın nəqliyyat-logistika imkanlarını artıraraq Avrasiyanın mühüm nəqliyyat hablarından birinə çevrilməsindən bəhs edərkən ölkəmizin liderliyi ilə inşa olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini ayrıca qeyd edə bilərik. Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanın dəmir yolları şəbəkələrinin birləşdilməsini təmin edib. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsi üzrə layihə də yekunlaşıb.
Beynəlxalq dəhlizlərin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı Beynəlxalq Ticarət Limanının birinci fazasının illik yükdaşıma qabiliyyəti 15 milyon tondur. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq.
Orta Dəhliz üzrə beynəlxalq daşımalarda elektron icazə sisteminə keçid
İdarəetmənin rəqəmsallaşdırılmasını ölkə gündəliyinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirən Azərbaycan həmçinin Orta Dəhlizin rəqəmsallaşdırılmasında da liderlik nümayiş etdirir. İndiyədək Azərbaycan dövlətinin güclü siyasi iradəsi sayəsində Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla Orta Dəhlizdə elektron icazə (E-Permit) sisteminin tətbiqi razılaşdırılıb. Artıq siyahıya beşinci dövlət - qonşu Gürcüstan da əlavə olunub. Bu günlərdə iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bununla bağlı razılıq cari il aprelin 8-9-da Bakıda keçirilən Azərbaycan-Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub. Razılaşmaya əsasən, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrup mayın 1-dən etibarən sistemlərin inteqrasiyası istiqamətində texniki işlərə başlayıb. Aparılan işlər nəticəsində proses uğurla yekunlaşıb.
İnteqrasiya prosesinin tamamlanmasından sonra tərəflər arasında elektron icazə blanklarından istifadə edilməklə ilk pilot daşımalar həyata keçirilib. Pilot mərhələnin uğurlu nəticələrinə əsasən, sistemin aktiv tətbiqinə keçid məqsədilə ilkin olaraq tərəflər arasında 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit və 1000 ədəd üçüncü ölkə elektron icazə blankı mübadilə edilib. Hazırda həmin elektron icazə blanklarının daşıyıcılara təqdim edilməsinə başlanılıb.
Beləliklə, Gürcüstan Azərbaycanın elektron icazə (E-Permit) sistemini tətbiq etdiyi beşinci ölkə olub. Daşıyıcılar AYNA-nın e-xidmət portalı vasitəsilə elektron icazə blanklarını olduqları yeri tərk etmədən, günün 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər.
Yeni sistem daşıyıcılara icazə blanklarını məsafədən və operativ şəkildə əldə etmək imkanı yaratmaqla yanaşı, beynəlxalq yük daşımalarında inzibati prosedurların sadələşdirilməsinə, kağız sənəd dövriyyəsinin azaldılmasına və nəqliyyat sahəsində rəqəmsallaşmanın genişlənməsinə mühüm töhfə verəcək.
“Bir Pəncərə” Rəqəmsal Logistika Platforması təqdim olunub
Bu günlərdə xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi (İS) - Rəqəmsal Logistika Platformasının rəsmən təqdim olunması ölkəmizin ərazisindən keçən beynəlxalq marşrutların, o cümlədən də Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan çox mühüm addımdır. Təqdimat mərasimində bildirilib ki, platforma Azərbaycan Prezidentinin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Yeni sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini vahid rəqəmsal mühitdə inteqrasiya etməklə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha sadə, şəffaf və izlənilə bilən xidmət imkanları yaradır.
“Bir Pəncərə” İnformasiya Sistemi sahibkarların inzibati yükünün azaldılmasına, dövlət xidmətlərinə çıxışın asanlaşdırılmasına və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Platformanın tətbiqi ilə logistika zəncirində operativliyin artırılması, məlumat mübadiləsinin sürətləndirilməsi və ticarət əməliyyatlarının optimallaşdırılması nəzərdə tutulur. Uzunmüddətli perspektivdə sistem Azərbaycanın daha çevik və dayanıqlı xarici ticarət ekosisteminin formalaşmasına, biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ölkənin tranzit potensialının gücləndirilməsinə və təchizat zəncirlərinin daha səmərəli qurulmasına mühüm töhfə verəcək.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, “Bir Pəncərə” informasiya sistemi logistika ekosisteminin bütün iştirakçılarını vahid platformada birləşdirərək yükdaşımalarının planlaşdırılması, icazələrin alınması, məlumat mübadiləsi və logistika xidmətlərinin daha operativ təşkilini təmin edəcək. Dünyada bu modelin tətbiq olunduğu ölkələrin sayı məhduddur. Azərbaycan dövlət-biznes əməkdaşlığı əsasında vahid rəqəmsal ekosistem formalaşdırmaqla beynəlxalq ticarətdə etibarlı və müasir logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov qeyd edib ki, “Bir Pəncərə” platforması sahibkarlar üçün gömrük prosedurlarının sadələşdirilməsi və dövlət xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihənin tam tətbiqindən sonra sahibkarların eyni məlumatı müxtəlif dövlət qurumlarına təkrar təqdim etməsinə ehtiyac qalmayacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə çıxışında bildirib ki, Azərbaycanda nəqliyyat və logistika sahəsində həyata keçirilən rəqəmsal transformasiya tədbirləri ölkənin xidmətlər balansında nəqliyyat sektorunun rolunun daha da güclənməsinə mühüm töhfə verə bilər. Onun sözlərinə görə, bu ilin birinci rübündə Azərbaycanın tədiyyə balansında qarşılıqlı xidmətlər dövriyyəsinin 30 faizi nəqliyyat xidmətlərinin payına düşüb. Ümumi dəyəri 1,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 69 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi hesabına formalaşıb. “Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz artıb, idxalı isə 10,6 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 54,4 faiz artaraq 500 milyon dollara çatıb. Bu göstəricilər nəqliyyat xidmətlərinin Azərbaycanın xidmətlər balansında dayanıqlı və artan əhəmiyyətə malik strateji istiqamətlərdən birinə çevrildiyini göstərir”, - deyə qurum rəsmisi vurğulayıb.
Layihə rəhbəri Ehtiram Quliyev platformanın əsas funksionallıqları barədə məlumat verərkən bildirib ki, sistem dörd əsas alt sistemdən ibarətdir və idxalatçılar, ixracatçılar, daşıyıcılar, ekspeditorlar, logistika şirkətləri və digər maraqlı tərəflər üçün geniş imkanlar yaradır.
Qeyd edilib ki, “Bir Pəncərə” İnformasiya Sistemi uzunmüddətli inkişaf perspektivi üçün nəzərdə tutulmuş milli rəqəmsal platformadır. Növbəti mərhələlərdə sistemə yeni dövlət xidmətlərinin, əlavə inteqrasiyaların və beynəlxalq əməkdaşlıq imkanlarının daxil edilməsi planlaşdırılır.
“Bir Pəncərə” İS-nin Orta Dəhliz üzrə tərəfdaş ölkələrin müvafiq sistemlərinə inteqrasiyası
Azərbaycanın nəqliyyat və logistika sektorunda rəqəmsal transformasiyanın dərinləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyur. İctimaiyyətə təqdim olunan “Bir Pəncərə” informasiya sistemi yalnız yeni elektron platforma deyil, dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və səmərəliliyi artıracaq müasir rəqəmsal idarəetmə modelidir.
Bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev KİV-ə açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, gələcək mərhələdə “Bir Pəncərə” informasiya sisteminin Orta Dəhliz və digər beynəlxalq nəqliyyat dəhlizləri üzrə tərəfdaş ölkələrin analoji informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulur. Bu inteqrasiya beynəlxalq daşımalarda elektron məlumat mübadiləsini genişləndirəcək, elektron nəqliyyat və ticarət sənədlərinin qarşılıqlı tanınmasını təmin edəcək, sərhədlərarası yükdaşımaların daha sürətli, təhlükəsiz və proqnozlaşdırılan şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
“Bir Pəncərə” informasiya sistemi Azərbaycanın tranzit potensialının daha da artırılmasına, xarici ticarətin inkişafına, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Bu layihə eyni zamanda Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına və müasir logistika mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək”, - deyə F.Əliyev qeyd edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

