Sülhə mane olmaq cəhdi...
28.07.2026 [12:25]
Ermənipərəst konqresmenlər yenidən öz ampluasında
Ötən ilin avqustunda Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli görüşü Cənubi Qafqazda sülhün təminatı, yeni təhlükəsizlik arxitekturasının yaradılması baxımından mühüm bir tarixi hadisə kimi yadda qaldı. Məhz bu üçtərəfli görüşdə əldə olunan razılaşmalar, sülh sazişi layihəsinin paraflanması, imzalanan Birgə Bəyannamə Ermənistan ilə Azərbaycan arasında sülhün daha da yaxınlaşmasına rəvac verib. Məhz Vaşinqtonda nümayiş olunan iradə sülh sənədinin imzalanmasının yaxın olduğuna da böyük inam yaradır. Paralel olaraq regionda digər sülhyaradıcı amillərin - Zəngəzur dəhlizinin (TRİPP) açılması perspektivinin formalaşmasının, Türkiyə - Ermənistan sərhəddinin açılmasının da mühüm bir coğrafiyada yeni münasibətlər sisteminin bərqərar olmasına təkan verə biləcəyi düşünülür. Bu isə özlüyündə həm də prosesə beynəlxalq diqqəti cəlb edir. Vaşinqtonun yaxından iştirakı, ev sahibliyi ilə sülh prosesinə verilən dəstək vacib amil kimi ön plana çıxıb - bu, Azərbaycanın sülh təşəbbüslərinin dəstəklənməsi, regionun yeni gələcək mərhələyə qədəm qoyması üçün bütün imkanların səfərbər olunması deməkdir.
Tramp administrasiyasının sülh məsələsindəki aktiv iştirakı, tərəflər arasında razılaşmaların əldə olunması istiqamətində səyləri isə bölgədə yeni reallıqların yaranmasına yol açır. Bu isə özlüyündə erməni lobbisinin maraqlarına cavab vermir - yaranan situasiya xüsusilə ABŞ-da yaşayan erməni lobbisini narahat edir. Bunun nəticəsidir ki, onlar Azərbaycana qarşı ənənəvi şər-böhtan və qarayaxma kampaniyasından əl çəkmək, ölkəmizə qarşı qərəzli mövqedən uzaqlaşmaq istəmirlər.
Bəli, erməni lobbisi və onların “himayəsində” olan bəzi siyasətçilər təxminən otuz ili əhatə edən işğal dövründə, postmüharibə mərhələsində dəfələrlə Azərbaycana qarşı qərəzli kampaniyalar təşkil ediblər, ayrı-ayrı Avropa və ABŞ təsisatlarında ölkəmiz əleyhinə həqiqətdən uzaq qətnamələr qəbul edilməsinə nail olublar. Bu dəfə yenə analoji mənzərənin şahidi oluruq - erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir. Ələbaxan konqresmenlər, pulla ələ alınırlar. Geniş imkanlara, maliyyə qaynaqlarına malik olan erməni lobbisi onlara qrantlar, bahalı hədiyyələr müqabilində sifarişlər verir və Azərbaycan əleyhinə fəaliyyətlərə sövq edir.
Qərəzli, əsassız “düzəliş” cəhdi - Şerman və “komandası”nın canfəşanlığının pərdəarxası
Qeyd edək ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı 2026-cı il iyulun 22-də ölkəmiz əleyhinə irəli sürülmüş düzəlişlər və əsassız ittihamlar da məhz bu qəbildəndir. Qeyd edək ki, sabiq konqresmen, açıq korrupsiya faktları ilə təqsirləndirilən Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şermanın müəllifliyi ilə ortaya çıxan düzəlişlər erməni lobbisinin maraqlarının açıq ifadəsidir. Birləşmiş Ştatların son dövrlərdə Cənubi Qafqaza yönəlik siyasəti ilə zidd təsir bağışlayan bu düzəlişlərin mahiyyəti ortadadır - bunlar Şerman başda olmaqla bəzi konqresmenlərin aralıq seçkilərdə nüfuzlu lobbi dairələrinin siyasi və maliyyə dəstəyini qazanmaq məqsədi güdür.
Maraqlıdır ki, ölkəmizə qarşı olan ermənipərəst qrupların tezisləri dəyişmir - budəfəki düzəlişlərin xarakteri və məğzi də özündən əvvəlkilərdən fərqlənmir. 2023-cü il antiterror əməliyyatlarından sonra ölkəmizə qarşı başlanan təzyiq kampaniyalarının tezisləri əsasında “formalaşdırılan” bu düzəlişlərin altından da çirkin missiya daşıyıcısı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun və onun kimilərinin “silueti” boylanır. Eyni siyasi xətt Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı iddialarında da əks olunur. Qurumun ayrı-ayrı deputatları, xüsusən Frank Şvabe kimi şəxslər uzun müddətdən bəri Azərbaycan barəsində məhz bu düzəlişlərdə yer alan qeyri-obyektiv və qərəzli təşəbbüslərlə çıxış edirlər. Bu bir daha onu sübut edir ki, erməni lobbisi müxtəlif beynəlxalq platformalarda ölkəmizə qarşı sistemli şəkildə hücumlar tərtib edir, qərəzli və yalan kampaniyaları aparır. Diqqət yetirsək, bu dəfə də əsas “mövzu” ölkəmizə qarşı ağır cinayətlər törətmiş şəxslərlə bağlıdır. Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində “hərbi əsirlər” və “siyasi məhbuslar” kimi terminlərin işlədilməsi, onların azadlığa çıxması üçün canfəşanlıq edilməsi hər şeyi açıq şəkildə ortaya qoyur. Birmənalı şəkildə bəllidir ki, bu şəxslər hərbi əsirlər və ya siyasi məhbuslar deyillər - onlar Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilən cinayətkarlardırlar. Onların həbsini “siyasi motivlə” pərdələmək isə faktların bilərəkdən təhrif edilməsi, müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir.
Tezis dəyişmir, müəllif dəyişmir, hədəf dəyişmir...
Bu dəfəki “düzəlişlər” də müəllif Bred Şermanın bu formatda ilk cəhdi deyil. Ötən ilin avqustunda da ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd etmişdi - həmin düzəlişlərin də müəllifi məhz Şerman idi. Bu düzəlişlər də açıq şəkildə anti-Azərbaycan xarakterli idi. Bəs Şermanın erməni lobbisi ilə işbirliyinin altında nələr yatır? Qeyd edək ki, Kaliforniyadan olan demokrat konqresmen Şermanın kimliyi və mövqeyi haqda yeni nəsə deməyə ehtiyac yoxdur - Bred Şerman ABŞ Konqresinə Kaliforniya ştatında, Los Anceles şəhərindəki San Fernando dairəsindən (30-cu dairə) seçilib. O, Azərbaycan və Türkiyəyə qarşı qatı düşmən mövqeyi sərgiləyir. Şerman, həmçinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin və Konqresin Erməni Məsələləri üzrə Komissiyasının üzvüdür. Nəinki erməni dəstəkçisi, hətta ermənidən daha çox erməni kimi tanınır - 2023-cü il antiterror tədbirlərindən sonra Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtması üçün Donald Trampın administrasiyasına belə müraciət etmişdi. Bu şəxs erməni lobbisinin bütün anti-Azərbaycan təşəbbüs və təbliğat kampaniyalarında öndə gedib. Onlar Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə ikili standartlardan çıxış etməklə Ermənistana dəstək göstərib, ilhaqa, təcavüzə özünəsayaq haqq qazandırıb.
Milli Məclis: Konqresmenləri mütəşəkkil erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırırıq
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi qanun layihəsinə dair açıqlama yayıb. Açıqlamada baş verənlərin erməni lobbisinin təsiri altında həyata keçməsi qeyd olunur və bildirilir ki, bu cür addımların Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin ardıcıl surətdə irəli aparıldığı bir dövrdə baş verməsi narahatlıq doğurur: “ Möhkəm və uzunmüddətli sülhün bərqərar edilməsinə yönələn beynəlxalq səylər, xüsusən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçilik təşəbbüsü və birbaşa dəstəyi iki dövlət arasında münasibətlərin nizama salınması üçün real imkanlar açmışdır. Belə bir şəraitdə ayrı-ayrı konqresmenlərin siyasi motivli birtərəfli qərarları qəbul etdirmək cəhdləri nəinki etimad mühitini pozur, həm də sülh prosesinə əngəl törədir. Bu cür hərəkətlər yalnız erməni lobbisinin radikal şovinist dairələrinin maraqlarına xidmət edir. Onilliklər ərzində bu dairələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmuş və qarşıdurmanı qoruyub saxlamağa çalışmışlar, indi isə regional gərginlikdən öz siyasi və maliyyə hədəflərinə nail olmaq üçün istifadə edirlər”.
Açıqlamada vurğulanır ki, Milli Məclis Amerika Birləşmiş Ştatlarının konqresmenlərini mütəşəkkil erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə, beynəlxalq hüquqa və Azərbaycan Respublikasının suverenliyinə hörmət göstərməyə, eləcə də Cənubi Qafqazda sülh prosesinin pozulmasında və qarşıdurmanın qalmasında marağı olan qüvvələrin əlində alətə çevrilməməyə çağırır.
TÜRKPA etiraz bəyanatı yaydı...
Erməni lobbisinin təsiri altında sülh prosesinə qarşı addım kimi qiymətləndirilən bu düzəlişlər beynəlxalq aləmdə də etirazla qarşılanır. Məsələ ilə bağlı Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ciddi narahatlığını ifadə edib. TÜRKPA-nın Baş katibi Ramil Həsən bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanır ki, bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu prosesinin fəal davam etdiyi bir dövrdə irəli sürülməsi təəssüf doğurur.
Qanunvericilik qərarlarının ayrı-ayrı lobbi qruplarının maraqları ilə deyil, faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb. TÜRKPA qanunverici orqanları iki ölkə arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırıb.
Assambleya bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də mehriban qonşuluq prinsiplərinə sadiqliyini bir daha təsdiq edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54

