Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın perspektivlərini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının açıqlamaları Azərbaycanın xarici siyasətində Asiya regionunun artan əhəmiyyətini, ölkəmizin beynəlxalq iqtisadi və nəqliyyat əlaqələrindəki mövqeyini, dost dövlətlərlə münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi strategiyasını bir daha nümayiş etdirdi. Müsahibədə Azərbaycan–Vyetnam əlaqələrinin tarixi köklərinə xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev iki xalq arasında dostluğun təməlinin ötən əsrin ortalarında qoyulduğunu xatırladaraq, 1959-cu ildə Vyetnamın o zamankı rəhbəri Ho Şi Minin Bakıya səfərinin əhəmiyyətini vurğuladı. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri isə əlaqələrin inkişafına yeni təkan vermişdir. Bu tarixi hadisələr göstərir ki, Bakı ilə Hanoy arasında münasibətlər yalnız diplomatik əlaqələrə deyil, qarşılıqlı hörmətə, etimada və uzun illər ərzində formalaşmış dostluq ənənələrinə əsaslanır. Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Həmin səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etdi. Hökumətlərarası komissiyanın fəaliyyəti, parlamentlərarası əlaqələr və siyasi dialoq əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığa önəm verir. Vyetnamın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstək dostluq münasibətlərinin mühüm göstəricisidir.Müsahibədə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsi də xüsusi yer tutur. Prezident cənab İlham Əliyev qeyd etdi ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstərici tərəflərin iqtisadi imkanlarını tam əks etdirmir. Energetika sahəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnamın PetroVietnam şirkəti arasında imzalanmış anlaşma memorandumu yeni əməkdaşlıq imkanları yaradır. Neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi, texniki xidmətlər və mütəxəssislərin hazırlanması bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə maraq göstərməsi iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından mühüm perspektivlər açır. Azərbaycanın coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu, dəniz limanı və dəmir yolu imkanları ölkəmizi Şərqlə Qərb arasında mühüm bağlantı mərkəzinə çevirir. Vyetnamla bu sahədə əməkdaşlığın genişləndirilməsi ticarət əlaqələrinin artmasına, yeni bazarlara çıxışa və iqtisadi tərəfdaşlığın daha da güclənməsinə xidmət edə bilər.Azərbaycan–Vyetnam münasibətlərində humanitar və mədəni əməkdaşlıq da xüsusi yer tutur. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə və təhsil proqramlarına göstərilən dəstək iki xalq arasında dostluğun möhkəmlənməsinə töhfə verir. Azərbaycanla Vyetnam arasında təhsil əlaqələrinin zəngin tarixi vardır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu əlaqələrin möhkəm təməlindən xəbər verir.
Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan əsas mesajlardan biri mövcud siyasi dialoqun konkret iqtisadi nəticələrlə möhkəmləndirilməsidir.