Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 25 Noyabr – Kəlbəcər şəhəri günü ölkəmizin ərazi bütövlüyünün və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən əlamətdar tarixlərdən biridir. Ölkəmizin Gülüstan guşələrindən biri- qədim Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür. Vətən müharibəsindəki 44 günlük şərəfli savaşımızda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlliyi ilə rəşədətli Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Bununla da Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Beləliklə, məlum üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix hər il Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər bölgəsi zəngin təbiəti, mineral suları, dağlıq landşaftı və arxeoloji tapıntıları ilə seçilir. Tarixi mənbələrə əsasən, Kəlbəcər ərazisi hələ antik dövrdən etibarən müxtəlif tayfaların məskunlaşdığı mühüm strateji bölgələrdən olub. Bölgədəki Xudavəng monastır kompleksi, Lev çayı vadisindəki kurqanlar, hərb tarixinə aid qalalar, aşıq sənətinin canlı ənənələri Kəlbəcərin mədəni və tarixi dəyərinin yalnız bir hissəsidir. Bu baxımdan 1993-cü ildə Kəlbəcərin işğalı bölgənin tarixində ağır bir faciə kimi yadda qalıb. Bu faciə nəticəsində minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur olub, yüzlərlə tarixi abidə dağıdılıb, təbii sərvətlər isə talan edilib. Lakin bütün çətinliklərə baxmayaraq, kəlbəcərlilər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyiblər. İşğal zamanı rayonun 511 dinc sakini öldürülüb, 321 nəfəri əsir götürülüb və itkin düşüb. Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olublar. İşğal nəticəsində yüzlərlə tarixi mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, muzey, xəstəxanalar və digər infrastrukturlar talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış proqramı doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışını təmin etməklə yanaşı, bölgənin sosial-iqtisadi inkişafına da yeni imkanlar yaradır.
2026-cı ildə rayon ərazisində 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçirilməsi planlaşdırılmışdı. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5 min nəfərdən çox, kənd və qəsəbələrə isə 8 min nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur. Artıq bu qayıdışa başlanılıb.
Yeni inşa edilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən həmin yolun layihə uzunluğu 80,7 kilometrdir. Həmçinin 2022-ci il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş «Kəlbəcər-1» Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.
Prezident İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, «Qamışlı» və «Meydan» Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Həmin ilin avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub və Zar kəndinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024-cü ilin sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayı üzərindəki «Yuxarı Vəng» Su Elektrik Stansiyasının, «İstisu» yarımstansiyasının, «Zar» KSES-in açılışlarında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda «Toğanalı» KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə «İstisu» mineral su zavodunun da açılışında iştirak ediblər. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz və möhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir.
2024-cü ilin sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və həmin yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi, Kəlbəcər rayonunda «İstisu» Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Eləcə də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, Kəlbəcər şəhərində inzibati binanın, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməli qoyulub. Onlar rayondakı Xudavəng monastır kompleksində də olublar. Ölkəmizin başçısı bu ildə Kəlbəcərə səfərlər edərək yeni sosial və iqtisadi obyektlərin açılışında iştirak edib.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin, xalqımızın birliyinin və Zəfərimizin real nəticəsidir. Kəlbəcərə qayıdış həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillərə ötürülən böyük vətənpərvərlik nümunəsidir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri