Zorakılığa bəraət qazandıran düşüncələr dəyişməlidir...
“Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”. Bu ifadəni ilk dəfə eşidənlər arasında bir anlıq tərəddüd yaşayanlar da ola bilər: Görəsən, burada söhbət qadınların törətdiyi zorakılıqdan gedir, yoxsa qadınların məruz qaldığı zorakılıqdan? Bu söz birləşməsi problemin düzgün qavranmamasına yol açır. Əslində, bu günün mahiyyəti tamamilə aydındır: söhbət qadınlara və qızlara qarşı törədilən zorakılığın aradan qaldırılmasından, onların həyat, azadlıq, təhlükəsizlik və ləyaqət hüquqlarının qorunmasından gedir - qadın zorakılığından deyil...
Hər il noyabrın 25-də qeyd olunan Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü cəmiyyətə mühüm bir həqiqəti xatırladır: qadına qarşı zorakılıq şəxsi münasibətlərin arxasında gizlədilə biləcək məsələ deyil. Bu, insan hüquqlarının pozulması, ictimai təhlükəsizliyə və sosial ədalətə təhdiddir.
Zorakılığın görünməyən üzü
Zorakılıq dedikdə çoxlarının ağlına ilk növbədə fiziki xəsarətlər gəlir. Halbuki qadınlara qarşı zorakılıq bundan daha geniş anlayışdır. Bəzən onun izi bədəndə deyil, insanın ruhunda, özünəinamında, gələcəyə olan ümidində qalır.
Fiziki zorakılıqla yanaşı, psixoloji təzyiq, təhqir, təhdid, iqtisadi asılılıq yaratmaq, qadının işləməsinə və təhsil almasına mane olmaq, onu ailəsindən və dostlarından təcrid etmək də zorakılığın formalarıdır. Cinsi zorakılıq, məcburi nikah, erkən evlilik, insan alveri və rəqəmsal mühitdə təqib də bu problemin müxtəlif təzahürləridir.
Qapalı qapılar arxasında baş verənlər
Ən təhlükəli məqamlardan biri isə odur ki, bu halların bəziləri cəmiyyətin müəyyən təbəqələri tərəfindən hələ də “ailədaxili məsələ”, “ailənin öz işidir” kimi qiymətləndirilir. Halbuki heç bir ənənə, adət və ya ailə münasibəti insanın təhlükəsiz yaşamaq hüququnu əlindən ala bilməz. Bir sözlə “ailə məsələsidir” deyib susmaq problemin həlli deyil
Qadınlara qarşı zorakılığın ən ağrılı tərəflərindən biri onun çox zaman qapalı qapılar arxasında baş verməsidir. Qonşular eşidir, yaxınlar hiss edir, bəzən ailə üzvləri hər şeyi bilir, amma heç kim müdaxilə etməyə cəsarət etmir. “Ailə dağılmasın”, “uşaqlar atasız qalmasın”, “el-aləm nə deyər?” kimi düşüncələr qadınları susmağa məcbur edən görünməz maneələrə çevrilir. Bəzi qadınlar iqtisadi müstəqilliklərinin olmaması, uşaqlarının gələcəyi, sosial qınaq və təkrar zorakılıq qorxusu səbəbindən yaşadıqları barədə danışa bilmirlər. Lakin susmaq zorakılığı dayandırmır. Əksinə, zorakılıq törədən şəxsdə cəzasızlıq hissini gücləndirə bilər. Cəmiyyət anlamalıdır ki, zorakılığa məruz qalan qadına “niyə dözdün?” sualını verməkdənsə, “sənə necə kömək edə bilərik?” sualını vermək daha doğrudur.
Zorakılığın ən ağır nəticəsi: Gələcək nəsillərə ötürülən qorxu
Qadına qarşı zorakılıq yalnız bir insanın taleyinə təsir etmir. Bu, bütöv ailənin, xüsusilə də, uşaqların psixoloji dünyasında dərin izlər buraxır. Ailədə anasına qarşı zorakılığın şahidi olan uşaq sevgini, münasibətləri və ailə anlayışını yanlış nümunələr əsasında öyrənə bilər. Belə mühitdə böyüyən uşaqlarda qorxu, narahatlıq, özünəqapanma və davranış problemləri yarana bilər. Daha təhlükəlisi isə zorakılığın normal münasibət forması kimi qəbul edilməsidir.
Beləliklə, qadına qarşı zorakılığın qarşısının alınması yalnız qadınların müdafiəsi deyil, həm də sağlam düşüncəli, qarşılıqlı hörmətə əsaslanan gələcək nəslin yetişdirilməsi deməkdir.
Rəqəmsal dünya qadınlar üçün hər zaman təhlükəsiz deyil
Texnologiyanın inkişafı həyatımızı asanlaşdırsa da, zorakılığın yeni formalarının yaranmasına da şərait yaradıb. Sosial şəbəkələrdə təhqir, hədələmə, şəxsi foto və məlumatların icazəsiz yayılması, davamlı onlayn təqib, saxta hesablar vasitəsilə nüfuzdan salma cəhdləri qadınların üzləşdiyi rəqəmsal zorakılıq nümunələridir.
Bu hallar bəzən virtual mühitdə baş versə də, onların real həyatda yaratdığı psixoloji və sosial nəticələr kifayət qədər ağırdır. Deməli, qadınların təhlükəsizliyi dedikdə yalnız küçədə və ya evdə təhlükəsizlik deyil, internet məkanında da hüquqlarının qorunması nəzərdə tutulmalıdır.
Mübarizə yalnız qanunlarla deyil, düşüncə ilə başlanır
Qadınlara qarşı zorakılığın qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi, hüquq-mühafizə və sosial xidmətlərin effektiv fəaliyyəti, sığınacaqların əlçatanlığı, hüquqi və psixoloji dəstəyin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Lakin bütün bunlarla yanaşı, cəmiyyətin düşüncə tərzində də dəyişiklik baş verməlidir.
Oğlan uşaqlarına erkən yaşlardan hörmət, bərabərlik və məsuliyyət anlayışları aşılanmalı, qızların təhsil alması, işləməsi, müstəqil qərar verməsi dəstəklənməlidir. Məktəblərdə, ailələrdə və ictimai mühitdə zorakılığa dözümsüzlük mədəniyyəti formalaşdırılmalıdır.
Ən əsası, zorakılığa məruz qalan qadınlar günahlandırılmamalı, onların müraciətləri ciddi qəbul edilməli, müdafiə mexanizmləri real nəticə verməlidir. Zorakılığın qarşısının alınması yalnız qadınların deyil, kişilərin də məsuliyyətidir. Çünki qadın hüquqlarına hörmət etmək hər bir sağlam cəmiyyətin ortaq dəyəri olmalıdır. Bu baxımdan noyabrın 25-i sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün qadınlara qarşı zorakılıqla bağlı susqunluğun pozulması, cəmiyyətin diqqətinin problemə yönəldilməsi və konkret addımların atılması üçün bir çağırışdır.
Qadınlara qarşı zorakılıqla mübarizə Azərbaycanda da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illərdə bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, zərərçəkənlərin müdafiə mexanizmlərinin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və sosial dəstək xidmətlərinin təşkili istiqamətində bir sıra addımlar atılıb.
Bu istiqamətdə mühüm sənədlərdən biri 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun məişət zorakılığının qarşısının alınması, zərərçəkənlərin müdafiəsi, onlara hüquqi və sosial yardım göstərilməsi üçün hüquqi əsaslar müəyyən edir.
Azərbaycanda atılan addımlar
Son illərdə bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, zərərçəkənlərin müdafiə mexanizmlərinin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və sosial dəstək xidmətlərinin təşkili istiqamətində bir sıra addımlar atılıb. Bu istiqamətdə mühüm sənədlərdən biri 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun məişət zorakılığının qarşısının alınması, zərərçəkənlərin müdafiəsi, onlara hüquqi və sosial yardım göstərilməsi üçün hüquqi əsaslar müəyyən edir.
2025-ci il yanvarın 27-də Prezident İlham Əliyev tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyə dəyişikliklər təsdiqlənib. Yeniliklər arasında zərərçəkənlərin müdafiəsini gücləndirən mühüm mexanizmlər yer alır.
Belə ki, məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət əlamətləri olmadıqda belə baxılması proseduru təkmilləşdirilib. Qısamüddətli mühafizə orderinin 24 saat ərzində verilməsi, şikayətin isə beş gün müddətində araşdırılması nəzərdə tutulub. Zərərçəkənin müraciəti əsasında dinləmələrdə vəkilin və psixoloqun iştirakı da təmin edilir. Yetkinlik yaşına çatmayan və əlilliyi olan zərərçəkənlərin müdafiəsi üçün əlavə təminatlar müəyyənləşdirilib. Bu dəyişikliklər zorakılıqla üzləşən qadınların müraciətlərinə daha operativ baxılması və onların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir.
Unutmayaq ki, qadının təhlükəsiz yaşamaq, sevmək, sevilmək, təhsil almaq, işləmək, sərbəst qərar vermək və öz həyatını qurmaq hüququ heç kimin icazəsindən asılı deyil.
Bir qadının qorxu içində yaşadığı evdə rahatlıqdan, təhqirə məruz qaldığı münasibətdə sevgidən, hüquqları əlindən alındığı cəmiyyətdə isə ədalətdən danışmaq mümkün deyil. Zorakılığa son qoymaq üçün əvvəlcə ona bəraət qazandıran düşüncələrə son qoymaq lazımdır. Hər bir qadının qorxmadan yaşamaq, öz həyatını sərbəst qurmaq və ləyaqətlə rəftar görmək haqqı var.
Çünki qadının susduğu yerdə ədalət danışa bilməz. Zorakılığa qarşı ən güclü mövqe isə laqeyd qalmamaq, susmamaq və hər bir insanın təhlükəsiz yaşamaq hüququnu müdafiə etməkdir.
Yeganə BAYRAMOVA