Altı il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində rəşadətli ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etdi. 30 ilə yaxın işğal atında olan torpaqlar Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Ordumuzun qazandığı şanlı zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon - Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi dinc yolla işğaldan azad edildi.
Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Ermənilərin dəyişməyən xisləti
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Rayonun 484 nəfər şəhidi var. Onların 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə, 1 muzey, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Rayonun məcburi köçkün əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Kəlbəcər canlı təbiət muzeyini xatırladır
Dağlar qoynunda yerləşən Kəlbəcər başdan-başa canlı təbiət muzeyini xatırladır. Təkcə bir faktı göstərmək kifayətdir ki, rayon ərazisində 30 mindən artıq bulaq var, 4 mindən artıq bitki növü bitir və onlardan 200-ü dərman bitkisidir. Kəlbəcərdə həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağı yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisu mineral suları hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur və daim çağlayan 12 bulaqdan ibarətdir. İstisuyu yerin təkindən 58,8 dərəcə C istiliyində qaynayır. Mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Ərazidəki bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.
“İstisu” İstirahət-müalicə kompleksinin 34 hektar ərazidə salınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işləri gedir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottec də tikilir.
Qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidə var. Bağlıpəyə kəndi yaxınlığında yerləşən Xudavəng kompleksi Ağdərə-Kəlbəcər avtomobil yolunun üzərində yerləşir. Laçın kəndində “Laçınqaya” qalası, Lev kəndində “Lev” kilsəsi, Qaraçanlı kəndində “Uluxan” qalası, Başlıbel kəndində “Aşağı qalaça” və “Yuxarı qalaça”, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənddə “Lök” qalası, Qalaboynu və Comərd qalaları da digər qədim alban abidələri sırasına daxildir.
Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizm potensialından xəbər verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ötən il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim ediblər. Həmin mərasim zamanı Prezident İlham Əliyev deyib: “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub”.
Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş regionların iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.
Nardar BAYRAMLI