Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sülh, həmrəylik və əməkdaşlıq prinsipləri

Sülh, həmrəylik və əməkdaşlıq prinsipləri

17.09.2026 [14:43]

Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi mühüm ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyan hadisə kimi diqqəti cəlb edir. Görüş zamanı dövlət başçısının çıxışı Azərbaycanın keçdiyi tarixi yol, əldə etdiyi nəticələr, Türk dünyası və İslam aləmi ilə münasibətləri, eləcə də regionda sülh və əməkdaşlıq gündəliyi ilə bağlı mühüm mesajları özündə əks etdirib.

Prezident İlham Əliyev çıxışında Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlaması nəticəsində yaranmış ağır vəziyyətə toxunaraq bildirdi ki, 30 ilə yaxın davam edən işğal dövründə şəhər və kəndlərimiz dağıdılıb, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşüb. Dövlət başçısı qeyd etdi ki, uzun illər davam edən danışıqlar nəticə vermədikdən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhər və kəndlərin yenidən inşa edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın qarşısında açılan yeni mərhələnin real mənzərəsini yaradır. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər yalnız dağıntıların aradan qaldırılması deyil, həm də həyatın yenidən qurulması prosesidir.

Prezident İlham Əliyev çıxışında münaqişənin humanitar nəticələrinə də toxunaraq Azərbaycanın mülki əhaliyə münasibəti ilə bağlı mövqeyini ifadə etdi. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycan əhalisi ağır itkilərlə üzləşib, yaşayış məntəqələri və dini abidələr dağıdılıb. Bu gün həmin ərazilərdə aparılan bərpa işləri də keçmiş münaqişənin nəticələrinin aradan qaldırılmasına xidmət edir.

Azərbaycanın yeni mərhələdə əsas diqqəti quruculuğa, insanların təhlükəsiz və layiqli şəkildə öz doğma torpaqlarına qayıtmasına və regionda davamlı sülhün təmin olunmasına yönəlib. Bu yanaşma ölkəmizin gələcəyə baxışının mühüm göstəricilərindən biridir.

Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin, Qafqaz dini qurumlarının və Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçılarının bir araya gəlməsi Azərbaycanın dini-mədəni dialoqa verdiyi əhəmiyyətin göstəricisidir. Prezident İlham Əliyev qeyd etdi ki, birlik hər birimizi gücləndirəcək. Bu fikir Türk dünyası, Qafqaz və İslam aləmi arasında qarşılıqlı əlaqələrin və həmrəyliyin əhəmiyyətini bir daha ortaya qoyur.

Seyid Yəhya Bakuvi irsinin beynəlxalq səviyyədə müzakirə olunması isə Azərbaycanın zəngin mənəvi və intellektual irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər ortaq dəyərlərin qorunmasına, xalqlar və dini icmalar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh və əməkdaşlıq gündəliyini ön plana çıxarıb. Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayaraq bu istiqamətdə atılan addımların regionun gələcəyi üçün əhəmiyyətini diqqətə çatdırdı.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş yeni reallıqları davamlı sülhə, regional əməkdaşlığa və qarşılıqlı etimada çevirməkdir. Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi, Qafqazda dialoqun inkişaf etdirilməsi və İslam aləmi ilə əməkdaşlığın genişləndirilməsi bu siyasətin mühüm istiqamətlərindəndir. Azərbaycan keçmişin mürəkkəb sınaqlarından yeni reallıqlar yaradaraq gələcəyə sülh, həmrəylik və əməkdaşlıq prinsipləri əsasında addımlayır.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30