Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dövlət Suverenliyi – müstəqil Azərbaycanın əbədi dayağı

Dövlət Suverenliyi – müstəqil Azərbaycanın əbədi dayağı

17.09.2026 [14:42]

Turac İbrahimova

YAP Kəngərli rayon təşkilatının fəalı

Hər bir xalqın tarixində onun dövlətçilik iradəsini, milli birliyini və müstəqillik əzmini özündə əks etdirən mühüm günlər vardır. Azərbaycan xalqı üçün 20 sentyabr məhz belə tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi xalqımızın həyatında müstəsna əhəmiyyətə malik tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsidir.

Dövlət suverenliyi yalnız dövlət sərhədlərinin bütövlüyü ilə məhdudlaşan anlayış deyil. Suverenlik dövlətin öz ərazisində Konstitusiyasının və qanunlarının aliliyini təmin etməsi, milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirməsi, daxili və xarici siyasətini sərbəst həyata keçirməsi deməkdir. Bu baxımdan suverenlik Azərbaycanın mövcudluğunun, dövlət idarəçiliyinin və institusional davamlılığının fundamental əsasını təşkil edir.

Azərbaycanın müasir tarixində suverenliyin tam bərpası uzun və mürəkkəb mübarizə yolunun nəticəsidir. 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində ölkəmizin əraziləri işğala məruz qalmış, yüz minlərlə insan doğma yurdlarından didərgin salınmış, Azərbaycan dövlətinin suveren hüquqlarının ölkə ərazisinin bir hissəsində həyata keçirilməsi mümkün olmamışdır.

Lakin Azərbaycan xalqının dövlətçilik iradəsi və ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan ardıcıl siyasət nəticəsində tarixi ədalətin bərpası üçün mühüm mərhələlər keçildi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici addım oldu. Bu tarixi Qələbə xalqımızın milli iradəsinin, Ordumuzun gücünün və dövlətimizin qətiyyətinin təcəssümünə çevrildi.

2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpası ilə nəticələndi. Cəmi 23 saat davam edən əməliyyat sentyabrın 20-də başa çatdı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bütün ərazilərimizdə bərpası təmin edildi. Bununla Azərbaycanın dövlət suverenliyinin tam bərpası tarixi reallığa çevrildi.

20 sentyabrın mahiyyəti məhz bu tarixi reallıqda öz ifadəsini tapır. Həmin gün Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin bərqərar olmasını, qanunun aliliyinin təmin edilməsini və dövlətçilik prinsipinin bütün ölkə ərazisində vahid şəkildə həyata keçirilməsini simvolizə edir. Bu tarix, eyni zamanda, Azərbaycan dövlətinin gələcək inkişafı üçün yeni mərhələnin başlanğıcıdır.

Suverenliyin bərpası yalnız hərbi uğur deyil, həm də dövlət idarəçiliyinin, hüquqi sistemin, sosial-iqtisadi inkişafın və vətəndaş həmrəyliyinin vahid dövlət məkanında daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, insanların doğma yurdlarına qayıdışı və həmin ərazilərin ölkənin vahid iqtisadi və sosial məkanına inteqrasiyası suverenliyin real məzmununu nümayiş etdirir.

Dövlət suverenliyi həm də milli məsuliyyətdir. Onu qorumaq yalnız dövlət qurumlarının deyil, cəmiyyətin hər bir üzvünün üzərinə düşən mühüm vəzifədir. Güclü dövlətçilik ənənələri, qanunun aliliyinə hörmət, milli həmrəylik və vətəndaş məsuliyyəti suveren Azərbaycanın davamlı inkişafının başlıca dayaqlarıdır.

20 sentyabr yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün Azərbaycanın öz taleyinə sahib çıxmasının, dövlətçilik iradəsinin və milli birliyinin rəmzidir. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və gələcəyə yönəlmiş dövlətçilik strategiyasının mahiyyətini özündə birləşdirir.

Bu əlamətdar tarix bir daha göstərir ki, müstəqil Azərbaycan öz suverenliyini qorumaq və möhkəmləndirmək gücündə olan, dövlət institutlarını inkişaf etdirən və qarşısına qoyduğu strateji məqsədlərə inamla addımlayan dövlətdir. 20 sentyabrın tarixi əhəmiyyəti də məhz bundadır: suverenlik Azərbaycanın yalnız bugünkü mövcudluğunun deyil, gələcək inkişafının və dövlətçilik davamlılığının əsas təminatıdır.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30