Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın Suverenlik Zirvəsi- 20 Sentyabr

Azərbaycanın Suverenlik Zirvəsi- 20 Sentyabr

17.09.2026 [14:15]

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvim günü deyil, bir millətin taleyini dəyişən, dövlətçilik şüurunu əbədiləşdirən tarixi mərhələlərdir. 20 Sentyabr - Dövlət Suverenliyi Günü məhz belə günlərdən biridir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bu gün xalqımızın dövlətçilik iradəsini, suveren hüquqlarımızın tam bərpasını və tarixi ədalətin təminini simvolizə edir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, uzun illər ərzində ərazi bütövlüyümüz pozulmuş vəziyyətdə qalmışdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ bölgəsində separatçı rejim formalaşmışdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Lakin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində hələ də qanunsuz erməni silahlı birləşmələri qalırdı və Azərbaycanın konstitusiya quruluşu bu ərazilərdə tam bərpa olunmamışdı.

2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda erməni silahlı birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatların, mina terrorunun və qanunsuz silahlanmanın qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı.

Cəmi 23 saat davam edən əməliyyat 20 sentyabr 2023-cü ildə başa çatdı. Nəticədə Xankəndi şəhəri, Ağdərə, Xocalı, Xocavənd rayonları və ətraf yaşayış məntəqələri tam nəzarətə götürüldü, qanunsuz silahlı birləşmələr tərksilah edilərək təslim oldu, separatçı rejim birdəfəlik ləğv edildi. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi bütün ərazisində tam bərpa olundu.

Məhz bu tarixi hadisə 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi seçilməsinə əsas oldu. Dövlət başçısının digər Sərəncamı ilə 20 sentyabr eyni zamanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd olunur.

Azərbaycan xalqı üçün suverenlik sadəcə hüquqi-siyasi anlayış deyil. Bu, əsrlərlə davam edən milli azadlıq mübarizəsinin, minlərlə şəhidin qanı, fədakarlıq və qələbənin nəticəsidir. Suverenlik milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir.

Dövlət Suverenliyi Günü 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öz ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi uğrunda apardığı dönməz milli mübarizənin rəmzi sonudur. Bu gün 44 günlük müharibə ilə başlayan Zəfər yolunun Xankəndidə üçrəngli bayrağımızın ucaldılması ilə yekunlaşmasının təntənəsidir.

Bu gün bizə bir daha xatırladır ki, güclü dövlət yalnız güclü ordu ilə deyil, həm də xalq-iqtidar birliyi, milli həmrəylik və sarsılmaz iradə ilə yaşayır. 20 Sentyabr - Dövlət Suverenliyi Günü hər bir azərbaycanlının qürur günüdür. Bu gün tarixə yazıldı ki, Azərbaycan öz taleyinin sahibidir.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30