Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəfərin və böyük qayıdışın rəmzi

Zəfərin və böyük qayıdışın rəmzi

17.09.2026 [11:52]

20 Sentyabr Azərbaycan xalqının yaddaşında dövlətçilik tariximizin mühüm və qürurverici səhifələrindən biri kimi xüsusi yer tutur. Bu əlamətdar tarixin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə rəsmiləşdirilib. Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncama “20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” müddəası əlavə edilib.

Bu tarixin təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm tarixi hadisələri özündə əks etdirir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu. Bu Zəfərin ən qürurverici məqamlarından biri isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldatması oldu.

Üçrəngli bayrağımızın illər boyu həsrətlə gözlənilən şəhərlərimizdə dalğalanması xalqımız üçün tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Bu, həm də Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzminin, xalqımızın milli iradəsinin parlaq ifadəsi idi. Bu gün həmin şəhərlərdə dalğalanan Dövlət Bayrağı Zəfərimizin əbədi simvolu olmaqla yanaşı, gələcək nəsillərə Azərbaycanın bu torpaqlardakı tarixi və hüquqi varlığını nümayiş etdirir.

Bu gün azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısının Qarabağa mütəmadi səfərləri, görülən işlərlə yerində tanış olması, yeni layihələrin təməlini qoyması, müxtəlif obyektlərin açılışlarında iştirakı və sakinlərlə görüşləri bu prosesin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. Yeni yollar, yaşayış məhəllələri, məktəblər, sosial və mədəniyyət obyektləri yaradılır, şəhər və kəndlərimiz müasir tələblər əsasında yenidən qurulur.

Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, yeni təhsil və sosial obyektlərin yaradılması, şəhər infrastrukturunun yenilənməsi bu qədim Qarabağ məkanının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Xocalı, Xocavənd və Ağdərədə də bərpa-quruculuq işləri sürətlə davam etdirilir, yaşayış məntəqələri yenidən qurulur, müasir infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Prezident İlham Əliyevin bu ərazilərə səfərləri zamanı sakinlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması və görülən işlərlə yerində tanış olması Böyük Qayıdış prosesinin dövlətimizin daim diqqət mərkəzində olduğunu göstərir.

Bu gün Qarabağda aparılan quruculuq işləri Zəfərin davamıdır. Bir vaxtlar dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, doğma torpaqlarından didərgin düşmüş insanlar öz yurdlarına qayıdır, burada yeni həyat və yeni gələcək formalaşır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq yalnız Zəfər tariximizin deyil, həm də Azərbaycanın quruculuq və inkişaf salnaməsinin mühüm ünvanlarıdır.

20 Sentyabr həm Zəfərimizin, həm dövlət suverenliyimizin, həm də Böyük Qayıdışın rəmzi olan əlamətdar gündür. Bu tarix bizə şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın milli həmrəyliyini xatırladır. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin ruhuna ən böyük ehtiram, xalqımız üçün sonsuz qürur, gələcək nəsillər üçün isə əbədi Zəfər nişanəsidir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30