Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

29.06.2018 [09:53]

Prezident İlham Əliyev: Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanmışdır
Film sektoru onilliklərdir ki, ən mühüm və təsirli mədəniyyət sahələrindən biri kimi ictimai sferada özünə yer tapıb. Cəmiyyət həyatının ən aktual problemlərinə diqqətin cəlb olunması, milli-mənəvi dəyərlərin yaşadılması, tarixi həqiqətlərin təbliği baxımından kino güclü təsir vasitəsidir. Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli Sərəncamında da deyildiyi kimi: “Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanmışdır”. Kinonun inkişafı mədəniyyətdə tərəqqinin önəmli göstəricisi olmaqla mədəni, iqtisadi, hətta siyasi əhəmiyyətə malikdir.
Azərbaycan kinosu zəngin inkişaf yolu keçib
Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən etibarən A.M.Mişon tərəfindən çəkilən “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. xronika süjetləri ilə başlayır. 1915-ci ildə M.Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlandı. Növbəti ildə Bakıda Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film nümayiş etdirildi.
1923-cü ildə təsis olunan Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) həm filmlər çəkir, həm də Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlayırdı. AFKİ sonralar “Azdövlətkino” (1926-1930), “Azərkino” (1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm” (1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar daşıyaraq, 1961-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır.
1935-ci ildə “Azərfilm”in Moskvanın “Mejraypromfilm” kinostudiyası ilə birgə yaratdığı “Mavi dənizin sahilində” bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxıldı.
İkinci Dünya müharibəsi illərində qəhrəman döyüşçülərə həsr olunmuş “Vətən oğlu” və “Bəxtiyar” (1941, 1942) kinonovellaları, müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş “Sualtı qayıq T-9” (1943) bədii filmləri çəkildi.
1945-ci ildə Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası yenidən ekranlaşdırıldı. Bu filmə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.
Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı (“Qızmar günəş altında” (1957), “Qara daşlar” (1958), “Onun böyük ürəyi” (1959), “Ögey ana” (1959), “Onu bağışlamaq olarmı?” (1960), “Böyük dayaq” (1962), “Telefonçu qız” (1962) və s.). Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Uzaq sahillərdə” (1958) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir.
60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. “Koroğlu” (1960) bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir.
Azərbaycan kinosunda musiqili komediya janrına meylin güclənməsi ilə “Görüş” (1955), “Sevimli mahnı” (“Bəxtiyar”, 1955), “O olmasın, bu olsun” (1965), “Romeo mənim qonşumdur” (1963), “Əhməd haradadır?” (1964), “Ulduz” (1964), “Arşın mal alan” (1965), “Qaynana” (1978) kimi uğurlu filmlər çəkildi.
1970-80-ci illərdə tarixi mövzularda çəkilən filmlər Azərbaycan kinosunun incilərinə çevrildilər. N.Nərimanovun fəaliyyətindən bəhs edən “Ulduzlar sönmür” (1971), “Nəsimi” (1973), “Dədə Qorqud” (1975), “Babək” (1979), “Nizami” (1982) və C.Məmmədquluzadənin obrazının canlandırıldığı “Qəm pəncərəsi” (1986) filmləri bu qəbildəndir. Həmin dövrdə Azərbaycan Televiziyasının çəkdiyi filmlər (“Ad günü” (1977), “Dantenin yubileyi” (1978) və b.) sayəsində televiziya filmi janrı da inkişaf etdi.
İkinci Dünya müharibəsi mövzusunun əks olunduğu “Bizim Cəbiş müəllim” (1970), “Bakıda küləklər əsir” (1974), “Tütək səsi” (1975), “Şərikli çörək” (1969), “Mən sizi həyatımdan artıq sevirdim” (1985) filmləri də milli kinomuzun unudulmaz nümunələridir.
1950-ci illərin sonundan Azərbaycanda uşaq filmləri, 60-cı illərin sonundan isə cizgi filmləri çəkilməyə başlandı.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi milli kinomuzun qarşısında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoydu. Milli ideologiyanın əks olunduğu, eləcə də dövrün aktual problemlərinə həsr olunan filmlər çəkilməyə başlandı. Müstəqillik dövründə təbii olaraq Qarabağ müharibəsini, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü təsvir edən çoxsaylı bədii və sənədli filmlər (“Haray” (1993), “Laçın dəhlizi” (1993), “Qədirin sorağında” (1993), “Vətən mənə oğul desə” (1996), “Canavar balası” (1997), “Qırmızı qar” (1998), “Sarı gəlin” (1998), “Arxada qalmış gələcək” (2004), “Qarabağa gəzinti” (2005), “Girov” (2005), “Yalan” (2006), “Biz qayıdacağıq” (2007), “Atılmamış güllələr” (2008), “Bir addım” (2009), “Yaddaş” (2010), “Dolu” (2012), “Xoca” (2012), “Yarımçıq xatirələr” (2015), “Vandalizm” (2016), “Xüsusi təyinatlı İbad” (2016), “Dönüş” (2018) çəkilib.
Kinomuzun inkişafı güclü dövlət qayğısı ilə əhatə olunub
Azərbaycanda bütün sahələr üzrə müşahidə olunan yenidənqurma və inkişaf fonunda mədəniyyət sahəsindəki müsbət dəyişikliklər diqqəti cəlb edir. Qədim və zəngin mədəniyyətə sahib olan ölkəmizdə mədəniyyət və incəsənət sahələrinin müasir zamanın tələblərinə uyğun şəkildə inkişaf etməsinin təmin olunması məqsədilə görülən işlər təqdirəlayiqdir.
Ümumiyyətlə, Azərbaycanda mədəniyyətin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin söylədiyi “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir” müdrik kəlamı bu sahədə görülən işlərin məqsəd və məramını açıq şəkildə ortaya qoyur.
Digər mədəniyyət sahələri kimi, kino sənətinin inkişafında da dövlətin diqqət və qayğısı mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyükdür. Ulu öndər incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirərək, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatına dair yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulayıb.
Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyev hələ 1970-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara böyük qayğı və hörmətlə yanaşıb. Ulu öndər 1976-cı ildə milli kinomuzun 60 illik yubileyi ilə əlaqədar kino işçilərinin böyük qrupuna fəxri adlar verib, ayrı-ayrı dövrlərdə “Azərbaycanfilm”in texniki bazasının möhkəmləndirilməsi, kinostudiya üçün yeni avadanlığın alınması üçün vəsait ayırıb.
“Azərbaycanfilm”də çəkilmiş, lakin sovet ideoloqlarının qəbul etmədiyi “İstintaq”, “Bir cənub şəhərində” və digər filmlər məhz Heydər Əliyevin təkidi ilə ekran üzü görüb. “Şəhərin yay günləri” pyesinin ekranlaşdırılması, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, “Uzaq sahillərdə” filminin çəkilişi ideyası, ən başlıcası isə, hər il avqustun 2-nin Azərbaycan kinosu günü kimi qeyd olunması Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndərin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə Azərbaycanda ilk kinosüjetin çəkilməsi, eləcə də kino işçilərinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri nəzərə alınaraq avqustun 2-si Azərbaycan kinosu günü, kino işçilərinin peşə bayramı elan olunub.
Təsadüfi deyil ki, dahi tarixi şəxsiyyət və milli kinonun hamisi olan Heydər Əliyevin həyatı haqqında, Onun çoxşaxəli fəaliyyətindən bəhs edən tanınmış yerli və xarici rejissorlar tərəfindən çoxsaylı maraqlı sənədli filmlər ərsəyə gətirilib.
Ulu öndərin kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı mədəni islahatları nəzərə aldıqda tam əminliklə deyə bilərik ki, son 15 ildə Azərbaycan mədəniyyəti özünün yüksəliş dövrünü yaşayır, təkrarsız milli mədəni sərvətlərimizin dünyada təbliği indiyədək görünməmiş zirvəyə yüksəlir. Prezident İlham Əliyevin kino sahəsinə qayğısı son illərdə bu sahədə canlanmaya səbəb olub. Dövlət başçısı ilk gündən respublikanın kino sənətini, bu sahədə çalışan incəsənət xadimlərini diqqət mərkəzində saxlayır. Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli, “Azərbaycan kinosunun 2008-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq edən 2008-ci il 4 avqust tarixli sərəncamları bu sahəyə verilən önəmdən irəli gəlir.
Milli kinonun inkişafında Heydər Əliyev Fondunun rolunu isə xüsusi qeyd etmək lazımdır. Belə ki, son illərdə Fondun dəstəyi ilə “Bir günəş altında” (2016), “Əbədi ezamiyyət” (2016) sənədli, “Son iclas” (2018) bədii-sənədli filmləri ərsəyə gətirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı direktoru olduğu və beynəlxalq səviyyəli komandanın hazırladığı “Əli və Nino” bədii filmi isə Azərbaycan tarixi ilə bağlı mühüm mesajların dünyaya çatdırılmasına əvəzsiz töhfədir.
Bütövlükdə, ölkənin ümumi inkişafı, sabitlik, azad siyasi mühit milli kinonun inkişafına əlverişli zəmin yaradır. Təsadüfi deyil ki, Azərbaycan kinosunda yaradıcılıq baxımdan filmlərin istehsalı artıb. Yerli filmlər kinoteatrlarda xarici filmlərlə uğurla rəqabət aparır. Telekanallarda isə yerli seriallar xarici serialları əvəzləyib. Tamaşaçıların milli kinoya marağı xeyli dərəcədə artıb. Bütün bunlar 120 yaşı olan Azərbaycan kinosunun sürətli tərəqqi dövrünü yaşadığını və qarşıda böyük inkişaf perspektivlərinin olduğunu təsdiqləyir.
Zahid İLHAMOĞLU
“Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1004 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31