Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Terrorun kölgəsində qalan gənclik...

Terrorun kölgəsində qalan gənclik...

30.04.2026 [08:38]

Unudulmayan 30 aprel

ADNA terrorundan 17 il ötür

17 il öncə bu gün yaddaşlara qanla yazıldı, insan talelərini bir anda alt-üst edən, adi bir günün içində qəfil qopan dəhşətli faciə kimi tarixə həkk olundu. Aprelin 30-u günü hər şey sanki bir anlıq dayandı, zamanın özü belə sarsıldı. Çünki Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) sakit dəhlizlərində dolaşan gənclik arzuları, gələcəyə ümidlə baxan baxışlar, elm və bilik uğrunda çalışan insanların həyatları bir anda qorxu, panika və geri dönüşü olmayan itkilərlə əvəz olundu.

Həmin gün səhər heç kim hiss etmirdi ki, bir neçə dəqiqə sonra adi həyatın axarı parçalanacaq, tələbələrin gülüş səsləri silah səslərinə qarışacaq, müəllimlərin sakit addımları ölümün kölgəsi ilə üst-üstə düşəcək. Hər kəsin yaddaşında silinməz iz buraxacaq bir faciə başlayacaq. Terrorun ən dəhşətli tərəfi onun qəfil gəlməsi və ən müdafiəsiz, ən günahsız insanları hədəf almasıdır...

17 il öncə ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. Tədris binasına silahlı hücum zamanı universitetin ikinci korpusuna daxil olan terrorçu Fərda Qədirovun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində müəllim və tələbələr amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq öldürüb.

Maraqlıdır ki, hadisə 2009-cu ildə Azərbaycan büdcəsinə yüz milyonlarla dollar həcmində neft gəlirləri daxil olan günlərdə törədilib. Neft Akademiyasının hədəf olaraq seçilməsi də bu baxımdan təsadüfi görünmür. Bir sıra qonşu və uzaq dövlətlərdə bu tərəqqinin qısqanclıq doğurduğu gün kimi aydın idi. Hər halda həmin ölkələrin mediasında ölkəmizə yönəlik mənfi yüklü materiallar çoxalmışdı. Ona görə də Azərbaycanın məhz ən həssas yerindən - uğurlarının əsas qaynağı olan neftin və gəncliyin üzərindən vurulması sui-qəsd nəzəriyyəsi tərəfdarları ilə yanaşı, ayıq, soyuq düşünməyi üstün tutan analitiklərin də nəzərini şimala yönəltmişdi.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adamöldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma, gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyan olub. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də F.Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib.

İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyənləşdirib. O, cinayəti törətməzdən əvvəl mobil telefonu ilə video çəkib və bunu Azərbaycan cəmiyyətinə nifrət etdiyi üçün törətdiyini deyib. Qədirov Gürcüstana gəlməzdən əvvəl Rusiyada yaşayıb.

Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı, bütün ölkə sarsıldı. Dəhşətli terrordan 17 il ötsə də, universitetin divarlarındakı nalələr, acılar hələ də qalmaqdadır. Bu faciə bir daha göstərdi ki, insan həyatının dəyəri ölçülməzdir. Belə hadisələr unudulmamalı, xatırlanmalı, dərs çıxarılmalı və gələcəkdə eyni qaranlığın təkrarlanmaması üçün yaddaşlarda daim canlı saxlanmalıdır.

ADNA terrorunun dəhşəti təkcə o an yaşanan qorxu ilə ölçülmür. Onun ən ağır tərəfi sonrasında gələn sükut, boş qalan auditoriyalar, geri qayıtmayan addımlar, hər küncdə hiss olunan yoxluq və insanların içində yaranan o izaholunmaz boşluqdur. O boşluq ki, heç bir zaman tam dolmur, çünki itirilənlər sadəcə insanlar deyil, eyni zamanda ümidlər, planlar və gələcəklər idi...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30