Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan hakimiyyəti xalqa güvənir

Azərbaycan hakimiyyəti xalqa güvənir

05.12.2012 [02:15]

Prezident İlham Əliyev: Biz Azərbaycan xalqının iradəsinə əsaslanaraq öz siyasətimizi aparırıq və bu siyasət nəticə etibarilə konkret rəqəmlərlə, konkret işlərlə ölçülür
Öz inkişafına görə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə etibarlı tərəfdaş kimi tanınır. Məhz özülündə xalq-iqtidar birliyinin dayandığı bu inkişafın, həmçinin, qazandığımız etibarlı tərəfdaş imicinin nəticəsidir ki, ötən il 155 ölkənin dəstəyini qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Lakin bugünkü uğurları əldə etmək heç də asan olmayıb və Azərbaycan qüdrətli dövlət mövqeyinə çatmaq üçün ağır sınaqlardan keçməli olub.
Məlum olduğu kimi, müstəqilliyimizin ilk iki ili Azərbaycanda xaos, anarxiya, vətəndaş qarşıdurması ilə yadda qalıb. Həmin illərdə rəhbərlikdə olanların yarıtmaz siyasəti nəticəsində ölkədə xoşagəlməz proseslərin cərəyan etməsi, böhran, iqtisadi tənəzzül və s. bu kimi mənfi hallar Azərbaycanı bir dövlət kimi yox olmaq təhlükəsi ilə baş-başa qoymuşdu.
Məhz belə bir ağır şəraitdə Azərbaycanın gələcəyini düşünən ziyalıların Ulu öndər Heydər Əliyevə müraciət etməsindən və Ümummilli liderimizin bu müraciəti müsbət cavablandırmasından sonra, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təsis edildi. Eyni zamanda, 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə gələn YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin həyata keçirilməsi nəticəsində qısa müddət ərzində ölkədə sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu və Azərbaycanda bütün sahələri əhatə edən islahatlar aparıldı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesinin sürətlə irəliləməsi, buna paralel olaraq, sosial-siyasi sabitliyin təmin olunması öz növbəsində davamlı inkişafa zəmin yaratdı.
2003-cü ildən sonra bu siyasətin Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirilməsi nəticəsində isə Azərbaycan nəinki Cənubi Qafqaz regionunun lider dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib. Balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsi, demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi proqramların reallaşdırılması bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Əksər yerli və xarici ekspertlərin də vurğuladıqları kimi, hazırda Azərbaycan daxili və xarici siyasətində balansı qoruyan, beynəlxalq əməkdaşlığın tələbləri ilə milli maraqları uzlaşdıra bilən ölkə kimi ön sıralarda dayanır. Bu gün vətəndaşların rifah halının daha da yaxşılaşması, ölkənin iqtisadi və hərbi gücünün artması üçün daxildə çeşidli proqramların reallaşdırılması ilə yanaşı, xarici əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Belə ki, respublikamız BMT, Aİ, Avropa Şurası, AŞPA, İƏT, UNESCO başda olmaqla ən müxtəlif beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, bu qurumlar çərçivəsində bir çox dövlətlərlə əlaqələrini daha da genişləndirir.
Onu da deyək ki, Azərbaycan beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi xarici siyasətini reallaşdırarkən milli maraqlarımızı ön sırada tutur. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, həmçinin, ölkəmizə olan etimadı daha da artırır. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilib. Yuxarıda da vurğuladığımız kimi, bunun əyani sübutu keçən il BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. Həmin vaxt Azərbaycanın namizədliyinin 155 ölkə tərəfindən dəstəklənməsi ölkəmizin xarici siyasətinin nə qədər düzgün və səmərəli olduğunun bariz nümunəsidir. Azərbaycan, həmçinin, Qoşulmama Hərəkatına üzv olarkən də dünya birliyinin mütləq əksəriyyətinin dəstəyini qazanıb.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqi zamanı bəyan etdiyi kimi, bu dəstək dərhal Qoşulmama Hərəkatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığı, beynəlxalq hüququ, Azərbaycanın mövqeyini əks etdirən qətnamədə də öz əksini tapıb. Görünən odur ki, beynəlxalq əməkdaşlığın genişlənməsinin, ölkənin siyasi nüfuzunun artmasının ən önəmli cəhətlərindən biri Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi barədə gerçək faktların daha sürətlə yayılmasıdır.
Bir sözlə, bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınır. Siyasi sabitlik baxımından Azərbaycan bir çox ölkələr üçün nümunədir. Təbii ki, bu siyasətin həyata keçirilməsində gücünü xalqdan alan, nəinki Azərbaycanın, ümumilikdə regionunun ən böyük partiyası olan YAP-ın da özünəməxsus rolu var. Sözügedən mərasimdəki çıxışında bu məsələyə də toxunan Prezident İlham Əliyev deyib ki, partiyamızın çox möhkəm dayaqları, çox güclü əsasları var və həqiqət ondan ibarətdir ki, bu gün siyasi müstəvidə bizə rəqib ola biləcək siyasi qüvvə yoxdur.
Lakin təəssüflər olsun ki, ölkəmizin müstəqil şəkildə, heç bir xarici yardıma ehtiyacı olmadan inkişaf etməsi, milli maraqlara əsaslanan siyasət yürütməsi bəzi qüvvələri razı salmır. Bu qüvvələr zaman-zaman müxtəlif təxribatlar törətməklə Azərbaycanı öz yolundan uzaqlaşdırmağa çalışırlar. Prezident İlham Əliyev sözügedən mərasimdəki nitqində erməni lobbisi, islamafob siyasi dairələr və imperialist mərkəzlərin Azərbaycana qarşı düşmən mövqedə dayanan əsas qüvvələr olduğunu bildirib. Dövlət başçısı, eyni zamanda, ölkəmizin istənilən təxribata cavab verməyə hazır olduğunu da bəyan edib: “Əgər kiminsə xəstə beyninə yenə də gücümüzü sınamaq fikri gələrsə, biz hər zaman layiqli cavab verməyə hazırıq. Biz, yenə də deyirəm, Azərbaycan xalqının iradəsinə əsaslanaraq öz siyasətimizi aparırıq və bu siyasət nəticə etibarilə konkret rəqəmlərlə, konkret işlərlə ölçülür”.
Təbii ki, Azərbaycan dövlətinin bəhs edilən sahələrdə əldə etdiyi uğurlar, eyni zamanda, xalqın dəstəyinə əsaslanır. Yəni, Azərbaycan xalqı ölkəmizin inkişafına, daha da qüdrətlənməsinə hesablanmış islahatların aparılması nəinki alqışlayır, həmçinin, bu islahatların həyata keçirilməsi üçün hökumətə yaxından kömək edir. Qısası, hazırda uğurlarımıza kölgə salmaq, ölkəmizi milli maraqlara əsaslana, müstəqil siyasət kursundan döndərmək istəyən qüvvələrə xatırlatmaq yerinə düşər ki, onların bu cəhdləri uğursuzluğa düçar olacaq. Çünki dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycan iqtidarı öz gücünü xalqdan alır: “Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız vardır. Bu da Azərbaycan xalqıdır. Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1096 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31