Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası Azərbaycan Milli Məclisində birinci və qalib partiya olaraq öz yerini tutacaq

Yeni Azərbaycan Partiyası Azərbaycan Milli Məclisində birinci və qalib partiya olaraq öz yerini tutacaq

19.10.2010 [09:17]

Mübariz Qurbanlı: Biz bu seçkilərdə uğur qazanacağımızı proqnozlaşdırmışıq, eyni zamanda, aparılan ictimai rəy sorğuları da əhalinin böyük əksəriyyətinin YAP-ın siyasi xəttinə, partiyamızın proqramına səs verəcəyini deməyə əsas verir
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, partiyanın 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizədi Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, oktyabr ayının 15-dən Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası builki seçki kampaniyası zamanı hansı əsas məsələlərə diqqət yetirir?
- Parlament seçkilərinin ən mühüm mərhələlərindən birini təşviqat kampaniyası və onun həyata keçirilməsi təşkil edir. Bütövlükdə götürdükdə, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə ciddi şəkildə hazırlaşmışdır. ümumiyyətlə, YAP-ın böyük seçki təcrübəsi var və partiyamız indiyə qədər keçirilən seçkilərin hər birində iştirak etməklə uğurlar əldə edib. Əlbəttə, qazandığımız bu uğurların əsasında ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin xalq tərəfindən müdafiə olunması və bu xəttin uğur gətirməsi dayanır. Bu gün Azərbaycan xalqı Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, Azərbaycan xalqının sosial-iqtisadi rifahının yaxşılaşdırılması və digər sahələrdə görülən işləri müdafiə edərək bunun müqabilində Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək verir. YAP seçkilərə gedərkən, istər bələdiyyə seçkiləri, istər parlament seçkiləri olsun, öncə namizədlərin seçilməsi və müəyyənləşdirilməsi istiqamətində çox ciddi araşdırmalar aparır və bu araşdırmaların nəticəsində də bizim namizədlər cəmiyyət tərəfindən qəbul edilən, hörmətə malik olan və eyni zamanda, təşviqat kampaniyası zamanı xalq arasında geniş izahat işləri aparmağa qadir olan şəxslər olub.
Noyabrın 7-də keçiriləcək seçkilərdə təbii ki, bizim böyük üstünlüyümüz mövcuddur. Seçkilərin bizim qələbəmizlə başa çatacağını deməyə əsasımız var. Biz bu seçkilərdə uğur qazanacağımızı proqnozlaşdırmışıq, eyni zamanda, aparılan ictimai rəy sorğuları da əhalinin böyük əksəriyyətinin YAP-ın siyasi xəttinə, partiyamızın proqramına səs verəcəyini deməyə əsas verir.
- YAP-ın seçki proqramı və onun əsas istiqamətləri barədə nə demək istəyərdiniz?
- YAP-ın bütövlükdə seçki proqramı partiyanın ümumi proqramından irəli gələn vəzifələri müəyyən edib. Bilirsiniz ki, bu proqram ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan bir proqramdır və partiyanın qurultaylarında həmin proqrama bu və ya digər əlavələr edilsə də, tam olaraq onun mahiyyəti olduğu kimi qalmaqdadır. YAP-ın proqramı 6 mühüm prinsip müəyyən edib və prinsiplər, əslində Azərbaycan dövlətçiliyinin təməl prinsipləridir. Buraya azərbaycançılıq, vətəndaş həmrəyliyi, qanunçuluq, sosial ədalət və sair prinsiplər daxildir. Bu prinsiplər bu gün də öz əhəmiyyətini qoruyub saxlayır və gələcəkdə də qoruyub saxlayacaq. Aydındır ki, hər bir partiyanın seçki proqramı həmin partiyanın söykəndiyi ideoloji prinsipləri və bütövlükdə onun müəyyən etdiyi strategiyanı özündə əks etdirir. YAP-ın xalqa təqdim etdiyi seçki proqramı iki mühüm istiqaməti özündə əks etdirir. Bilirsiniz ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi böyük, uğurlu siyasi xətt nəticəsində Azərbaycan iqtisadi-siyasi baxımdan bölgənin lider dövlətinə çevrilib. Və bu gün bizim əsas məqsədimiz və vəzifəmiz başlanmış bu siyasətin davam etdirilməsinə nail olmaqdır. Azərbaycan xalqı başlamış olduğu bu böyük yolun-Heydər Əliyev yolunun davam etdirilməsini istəyir, Azərbaycanın milli maraqları da bu məsələnin üzərində qurulub. Başlanmış bu böyük yol davam etdirilməlidir və davam etdirilən bu siyasətdə bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycan dövlətini daha da gücləndirməkdir. YAP-ın bugünkü şüarında əsas istiqamətlərdən biri güclü dövlətdir. Prezidentimiz Azərbaycanı güclü, qüdrətli və bölgənin lider dövləti olaraq nüfuzunun daha da artırılmasını qarşısına məqsəd kimi qoyub. Bu gün Azərbaycanın strateji məqsədi inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Yəni, dünyada ölkələrin təsnifatı vardır: biri var geridə qalan ölkələr, biri var inkişaf etməkdə olan ölkələr, biri də var inkişaf etmiş ölkələr. Azərbaycan bu gün inkişaf etməkdə olan ölkələrin sırasındadır. Növbəti mərhələdə bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil etmək və respublikamızın regionda liderliyini qoruyub saxlamaqdan ibarətdir. Ona görə də, güclü dövlət çağırışı bir sıra məsələləri gündəmə gətirir. İqtisadi və hərbi, beynəlxalq və siyasi, eyni zamanda, mənəvi-psixoloji təhlükəsizliyini və öz müstəqilliyini qorumağa qadir olan Azərbaycan Ermənistan tərəfindən müharibəyə cəlb olunub, Azərbaycanın ərazilərini işğal edib. Güclü dövlət anlayışı, eyni zamanda, Azərbaycanın təhlükəsizliyini, sərhədlərinin bərpa edilməsini qarşıya məqsəd qoyur. Bu gün güclü dövlət, həmçinin, iqtisadi cəhətdən tərəqqi və inkişafdır.
- 2011-ci ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılması da qeyd etdiyiniz məqsədlərin reallaşmasına xidmət edir...
- 2011-ci il üçün Azərbaycanın dövlət büdcəsini bu günlərdə müzakirə etdik. Büdcə müzakirəsi zamanı bir daha bildirildi ki, hazırda Cənubi Qafqazda mövcud olan üç ölkənin içərisində Azərbaycan birinci yerdədir və ölkəmizin dövlət büdcəsi, hətta üst-üstə Ermənistan və Gürcüstanın birlikdə büdcəsindən böyükdür. Hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən artıq olması mənəvi-psixoloji üstünlüyümüzü göstərir. Büdcəmizin ilbəil artması Azərbaycanın iqtisadi cəhətdən gücünün göstəricisidir. Azərbaycan bu gün ərzaq təhlükəsizliyini, milli təhlükəsizliyini təmin etməyə qadir olan, bölgədə müstəqilliyini təmin etməyə qadir olan dövlətdir. Lakin güclü dövlət uğrunda mübarizə, güclü dövlətin qurulması istiqamətində proses davam edir. Bu il Azərbaycanın valyuta ehtiyatları 25 milyard dollardan yuxarıdır və ilin axırına 30 milyarda çatacaq. Bütün bunlar Azərbaycanın gücünün göstəricisidir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması deməkdir.
Təbii ki, güclü dövlət, eyni zamanda, vətəndaşların rifahını diqqətdə saxlayan dövlət deməkdir. Ona görə də, şüarımız “güclü dövlət, yüksək rifah” fikirlərindən ibarətdir. Hər kəsin, hər ailənin rifahı naminə qarşıda vəzifələr dayanır. Ona görə də, Azərbaycanda yoxsulluğun aradan qaldırılması, işsizliyin minimum səviyyəyə endirilməsi YAP-ın seçki proqramının əsas qayəsini təşkil edir. Təbii ki, bizim bu seçki proqramı bütövlükdə partiyanın proqramındakı müddəaların, seçki kampaniyası zamanı irəli sürülən prinsipial istiqamətidir.
- Mübariz müəllim, YAP-ın irəli sürdüyü proqram bütövlükdə digər partiyaların proqramlarından nə ilə fərqlənir?
- Əvvəla, qeyd edim ki, digər partiyaların proqramlarında əvvəlki illərdə olduğu kimi, populizm özünü büruzə verməkdədir. Xüsusilə, müxalifət partiyalarının nümayəndələrinin seçki kampaniyası zamanı səsləndirdikləri fikirlərdə iqtisadi-siyasi populizmin elementlərini görürük. Bu gün Azərbaycanın qarşısında duran vəzifələr var. Bu vəzifələri Azərbaycan iqtidarı yerinə yetirməyə qadirdir və yerinə yetirməkdədir. ölkəmizdə həyata keçirilən abadlıq və quruculq işləri, əhalinin rifahının yaxşılaşdırılması istiqəmətində görülən tədbirlər, yoxsulluğun minimum səviyyəyə endirilməsi istiqamətində atılan addımlar, beynəlxalq aləmdə Azərbaycanın imicinin yüksəlməsi və sair məsələlər buraya daxildir. Azərbaycan hökuməti, YAP ölkənin perspektiv vəzifələrini və istiqamətlərini tam şəkildə müəyyənləşdirir. Bununla bərabər, hansıları həll etmək mümkündürsə bu proses də həyata keçirilir. Hazırda həll edilməsi çətin olan vəzifələrin gələcəkdə mümkün olan həll yollarını elmi şəkildə işləyib hazırlayır, zaman-zaman bu müddəaları tətbiq etməklə həllinə nail olur. Bu gün Azərbaycan regionların inkişafını sürətləndirməyi, sənaye müəssisələrinin yaradılmasını qarşıya məqsəd qoyub. Azərbaycan nail olmağa çalışır ki, ölkənin hər yerində enerji təminatı həyata keçirilsin, ölkənin hər yerində sənaye və kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərsin, istehsal müəssisələri yaradılsın və Azərbaycan əhalisinin Bakı şəhərində yaşayan qismi ilə regionlarda yaşayan əhalinin həyat şəraiti və məişətindəki fərqlər tamamilə aradan qaldırılsın. Yəni, bu çox ciddi bir məsələdir və bu məsələnin həyata keçirilməsi regionlardan işçi qüvvəsinin şəhərə axınının qarşısını alacaq. Bu, eyni zamanda, regionlarda inkişafın daha yüksək səviyyəyə qalxmasına, həyat tərzinin yaxşılaşdırılmasına hesablanmış bir məsələdir. Bu gün regionların şəhərlərinə nəzər salaq-Gəncə, Şəmkir və başqaları inkişaf edir, yeni istehsal müəssisələri yaradılır, şəhərlər böyüyür və gözəlləşdirilir. Şəhərlərdə aparılan quruculuq işlərindən başqa yerli istehsalın artırılması, sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasını təmin edir. Eləcə də, Salyan, Şəki və digər şəhərləri, rayon mərkəzlərini götürək. Hamısında eyni vəziyyət hökm sürür-iqtisadi inkişaf və tərəqqi. Belə sürətli inkişaf yeni iş yerlərinin açılması, iqtisadiyyatın güclənməsi ilə yanaşı, bölgələrin əhəmiyyətini artırır, mədəni-maarif ocaqlarına çevrilən mərkəzlərin formalaşmasına gətirib çıxarır. Paytaxtda, eyni zamanda, regionlarda irimiqyaslı tikinti işlərinə imza atılır. Əlbəttə, burada mədəni və sosial obyektlərin, orta təhsil müəssisələrinin tikintisini də qeyd etmək lazımdır.
Bu gün bizim əsas vəzifələrimizdən biri əhalinin rifahının yaxşılaşdırılması və daha da yüksəldilməsidir. YAP-ın “güclü dövlət, yüksək rifah” şüarında bu məsələ öz əksini tapıb. Bu, eyni zamanda başlanmış böyük siyasətin, böyük yolun davamı deməkdir. Azərbaycanın bugünkü inkişaf meyillərinə nəzər yetirdikdə ölkəmizin iqtisadi baxımdan reytinqinin də yüksəldiyinin şahidi oluruq. Təsadüfi deyil ki, Azərbaycan reytinq cədvəlinə görə kredit imkanları olan dövlətlər sırasında öz yerini möhkəmləndirir. Təbii ki, Ermənistanın torpaqlarımızı işğal etməsi və təcavüzkar siyasəti nəticəsində yaranmış Qarabağ probleminin həlli də önəmli bir yerdədir.
- Seçki proqramında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansı məsələlər öz əksini tapıb?
- Seçki proqramında Azərbaycan ordusunun gücləndirilməsi, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, çevik və praqmatik xarici siyasətin həyata keçirilməsi əsas yerlərdən birini tutur. Eyni zamanda, Azərbaycanın iqtisadi yüksəlişi Qarabağ məsələsinin həllinə təsir göstərən vasitələrdən biridir. Azərbaycanın güclü iqtisadiyyata malik olması düşməni qarşımızda aciz vəziyyətə salır. Bu gün Ermənistan aclıq təhlükəsi ilə üz-üzədir. Orada sənaye müəssisələri dayanıb, mühacirət kütləvi xarakter alıb. Bütün bunlar, əlbəttə, Azərbaycanın Ermənistan üzərində mənəvi-psixoloji üstünlüyünə gətirib çıxarır. Prezident İlham Əliyevin güclü dövlət siyasəti birbaşa Qarabağ məsələsinin həllinə xidmət edir. Əlbəttə, Qarabağ məsələsindən danışarkən bizim proqramımızda qaçqın və məcburi köçkünlərə dövlət qayğısının artırılmasını da vurğulamaq istərdim. Bundan əlavə, YAP-ın proqramında bizim dövlət idarəçiliyi, milli təhlükəsizlik, idarəçiliyin təkmilləşdirilməsi, müasir istehsal sahələrinin yaradılması ilə bağlı, sahibkarlığın inkişafına dəstək, regionların iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar Milli Məclisdə deputatlarımızın müxtəlif təkliflərlə çıxış etməsi, həyat şəraitinin yaxşılaşdırılması, gənclərə diqqət və qayğı, həyat keyfiyyətinin yüksəldilməsi və digər bu kimi məsələlər öz əksini tapıb. Proqramımız müasir bir proqramdır və Yeni Azərbaycan Partiyası təşviqat kampaniyasında bu proqrama istinad edərək hər bir namizədinə böyük dəstək verir. YAP-ın hər bir namizədi öz bölgəsində seçki təşviqatı apararkən həmin proqramdakı müddəalara, həmçinin, bölgələrdəki əldə edilmiş uğurlara istinad edərək geniş şəkildə bunları həyata keçirəcək.
- Bütövlükdə təşviqat kampaniyası həyata keçirilərkən hansı yeni üsullardan, texnologiyalardan istifadə ediləcək?
- Təşviqat kampaniyasında məqsəd hər bir namizədin şəxsi keyfiyyətlərini, eyni zamanda, mənsub olduğu partiyanın seçki proqramını vətəndaşa çatdırmaqdır. Vətəndaşlara bunları müxtəlif yollarla çatdırmaq olar. Media vasitəsi ilə, elektron informasiya vasitəsi ilə, müxtəlif kütləvi aksiyalar keçirməklə və s. Biz bunların hamısından davamlı istifadə edəcəyik. Məsələn, həmişə olduğu kimi mediadan, mətbuatın imkanlarından yararlanacağıq. Amma bütün bunlarla yanaşı, hesab edirik ki, ən sınanmış yol seçici ilə canlı təmasdır. Seçici ilə canlı təması heç nə ilə əvəz etmək mümkün deyil. Əgər siz radioda, televiziyada və yaxud da mitinqdə çıxış edirsinizsə bu çıxış passiv metod hesab olunur. Nə mənada? Qarşı tərəfin, yəni, seçicinin sizə hər hansı bir sual vermək imkanı yoxdur. Qarşı tərəf sizinlə dialoq imkanına malik deyil. Amma canlı təmas zamanı seçici hər hansı bir sualı, hər hansı bir məsələni sizinlə müzakirə edə bilmək imkanı qazanır. Onu düşündürən məsələyə sizin münasibətinizi öyrənə bilər. O da öz növbəsində sizə təkliflərini verə bilər. Bu onun yaşadığı, məskunlaşdığı bölgə, kənd və ərazi ola bilər və şübhəsiz ki, həmin məkanlarda qarşılaşdığı problemlərin həlli üçün sizinlə polemika qura bilər. Ona görə də, YAP təşviqat kampaniyası zamanı canlı ünsiyyətə ən çox üstünlük verən bir partiyadır və bizim seçki təbliğatımızın əsas özəyini bu kampaniya təşkil edir: Hər bir qapını döymək, hər bir seçici ilə təmas qurmaq, imkan daxilində hər bir seçicinin qaldırdığı məsələnin həllinə işıq salmaq. Biz prezident seçkilərində də, parlament seçkilərində də ən müasir üsullara əl atsaq da, müasir texnologiyanın üsullarından geniş istifadə etsək də, canlı ünsiyyəti həmişə diqqət mərkəzində saxlamışıq və bunun da effektini görmüşük. Son olaraq qeyd etmək istəyirəm ki, təşviqat kampaniyamız uğurla gedir. Şəxsən mənim özümün YAP-ın namizədi olaraq 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyim irəli sürülüb. Artıq Şəmkir rayonunun kəndlərində, Daşkəsən rayonunda bir sıra görüşlər keçirmişəm. Maraqlı görüşlərimiz olub. Hesab edirəm ki, bizim apardığımız seçki kampaniyası, vətəndaşlarla canlı ünsiyyətimiz uğurlu nəticənin əldə olunmasına gətirib çıxaracaq və Yeni Azərbaycan Partiyası bu dəfə də Azərbaycan Respublikasının Milli Məclisində birinci və qalib partiya olaraq öz yerini tuta biləcək. Bizim qələbəmiz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Biz də dövlət başçısının gördüyü işlərin və apardığı siyasətin uğurlu nəticələrini xalqa çatdırmaqla xalqın dəstəyini qazanırıq və gələcəkdə də bu böyük siyasətə xidmətimizi həyata keçirəcəyik.

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31