Bu adamın qarşısında baş əyməyə bilmərəm
30.09.2021 [15:21]
Siyasət böyük ağıl işidir. Vətəni ürəklə sevmək, ağılla qorumaq lazımdır, gurultulu sözlərlə yox
Bir müddət öncə Xalq artisti Flora Kərimovanın “Daha müxalifətçiliyə yer qalmayıb” fikri müxalif düşərgəni ona qarşı çevirdi. Onun bu fikirləri AXCP və “Müsavat” tərəfindən aqressiv qarşılanmışdı.
Hər zaman açıqsözlülüyü ilə seçilən Flora Kərimova hər iki müxalifət partiyasının rəhbərlərinə sosial şəbəkələrdə tutarlı cavab verdi. Amma yenə də ürəyində sözü var. Dövlət başçısının Sərəncamı ilə bu ilin iyul ayında Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Flora Kərimovaya Prezidentin fərdi təqaüdü verildi, avqust ayında “Şərəf” ordeni ilə təltif edildi. Bu təltiflər qarşısında Xalq artistinin cavabı “Mən Sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın Sizin kimi oğlu var!”, - deyərək sevincini ifadə etdi. Bu gün Xalq artisti Flora Kərimova ilə söhbətləşirik. Nə ömür yolundan, nə də yaradıcılığından danışacağıq. İllərini mübarizələrdə keçirmiş bu qadının dəyişən siyasi düşüncələri, dəyişməyən Vətən sevgisi barədə danışırıq.
- Flora xanım, bircə dəfə “daha müxalifətə gərək yoxdur” deməklə müxalifət sizə qarşı cəbhə açdı, sizi sildi, düşmən siyahısına saldı. Onların sırasında keçirdiyiniz illərə heyifiniz gəldi?
- Heç bir dediyim sözə, yaşadığım ana heyifsilənmirəm. Çünki həmin anda o vəziyyəti elə görüb vətəndaş mövqeyimi dilə gətirmişəm, inandığımı danışmışam. Vicdanımın səsini dilləndirmişəm.
Bilirsiniz, vicdanını qoltuq altında gəzdirənlər çoxdur, vicdan o zaman özünü təhqir olunmuş sayır, insan vicdanını alçaldanda özü alçalır, çürüyür. Mən “qurşaqdan aşağı vicdan” məvhumunu dərk edirəm, amma baş əymirəm. Belə adamların nə vətəninə, nə onun şəhidinə, nə sağlam övladına, nə dininə, nə bu gününə, nə də sabahına hörməti var. Belələrini ancaq özünün maraqları düşündürür.
Vətəni qorumaq üçün aslan ürəyi lazımdır. Mən İlham Əliyevə aslan ürəkli insan deyirəm. İllərlə düşünüb, bu gün üçün zəmin yaradıb, illərlə çəkilən zəhmətin bəhrəsini mən bu gün gördüm. Mən bu adamın qarşısında baş əyməyə bilmərəm. İstəyir kütlə düşüncəsiylə müxalifət cəbhəsindəkilər məni çarmıxa çəksinlər, istəyir mənə “satılmış” desinlər. Mən Vətənimin, torpağımın bütövlüyünü istəyirdim, onu da gördüm. Mən onun gördüyü işləri deməsəm Allah cəzamı verər. Yeganə xalqıq ki, “şəhidlik zirvəsinə ucaldı” kəlməsini işlədirik. Vətən yolunda ölümü ucalıq kimi görürük. Biz bu azadlıq naminə qanımızdan, canımızdan keçmişik. Bunu deməyib başqa nəyi deyək? Mənim 80 yaşım var, nə üçün satılım?. Satılmadım, satılmadım 80 yaşında satıldım? Nə üçün? Məzar üçün ya Fəxri xiyabandakı yer üçün?
- Bugünkü müxalifətin mübarizə formasından razısınız?
- Çoxunun öz maraqları naminə, kimlərdənsə nə qədərsə vəsait alaraq müxalifətçi olduğunu bilirik. Kütlənin qınağından qorxub real həqiqətləri dilinə gətirə bilməyənlərin mənim Vətən sevgimə, cəsarətimə şübhəsi var. Sizlərdən fərqli olaraq “çox sağ ol” deməyə səmimiyyətim çatır. İndi nə var “Müxalifətçilik” etməyə! Bu gün siz tox qarnınızla, xaricdən gələn böyük imkanlarınızla müxalifətçisinizsə, mən sovetlərdən qanı bahasına canını qurtaran indiki şəhidlərdən çox şəhidi, yarası, itkisi olan dövrün müxalifəti olmuşam! 25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən sənətkaram. Demişəm, yenə təkrar edirəm - mənim davam torpaq - qürur davası olub, qarın yox! Mən haqq bildiyimi danışmışam, bu gün də həqiqət bildiyimi deyirəm. Əgər mən bu torpağın qəhrəmanına satılmışamsa, min dəfə deyin, təki bu satqınlığın nəticəsi olsun. Millətimin namusu toxunulmaz olsun, torpaq namusdur, bu qədər möhtəşəm iş görülüb, Qarabağı yalnız ermənilərin yox, neçə-neçə böyük güclərin əlindən qoparıb geri almışıq. Bunu dərk etmək lazımdır.
- Flora xanım, dövlət başçısı tərəfindən təltif olunmağınızı necə qiymətləndirirsiniz?
- Bu, dövlətin mənə olan münasibəti idi. Mən dövlətə xəyanət etməmişəm, amma rəhbərlərə də yaltaqlanmamışam. Onlar mənim ürəyimi, münasibətimi gördülər. Böyüklük etdilər. Əslində, mənə verilən bu fəxri adlar məni müxalifət tərəfindən söyülmək riski altına saldı. Trollar var, sosial şəbəkələrdə ağızlarına gələni yazır, sonra səhifələrini bağladırlar. Mən Prezident təqaüdümün ilkini qazilərimizə verdim. Onda da çıxdılar söydülər ki, özünə şöhrət qazanmaq üçün belə edir. 80 yaşımda mənə nə şöhrət? Mən 13 yaşımdan göz önündəyəm, ən böyük səhnələrdə, efirlərdə olmuşam, mənim bu şəkildə populyarlıq qazanmağa ehtiyacım varmı? Mənə düz danışmaq, sözübütöv olmaq gücünü torpağıma hopan qanlar verdi, bölünmüş Vətənim üçün ağladığım günlərim verdi. Mənim bütün dərdim-sərim işğal altındakı Vətən torpaqlarım olub, bunu da dönə-dönə demişəm.
- Qələbədən sonra hansı hissləri yaşayırsınız?
- Dünən yanlış bir xəbər eşitdim, siz inanın ki, mənim həyəcandan, əsəbdən, ağlamaqdan təzyiqim yüksəldi. Səhv bir məlumat eşitdim ki, guya Minsk qrupu gəlib, yenə öz bildiyini edəcək. Nə qədər stress keçirdim. Yaşlanmışam, bəzən rusdilliyəm deyə oxuduğum materialı səhv başa düşə bilirəm. O saat köməkçilərimə, inandığım adamlara üz tuturam, soruşuram ki, bizdən heç nə geri alınmadı, heç kim bizə heç nə eləmədi ki, əlimizdən nəyisə almadılar ki? Heç kim mənim günümü yaşamasın. Mənə Allah ürəyimə bu dərin hissiyatı, bu qədər böyük Vətən sevgisi verməklə bəlkə də, cəza verib. Mən heç zaman özüm üçün göz yaşı tökmədim, amma bu yaşa çatmışam, torpağım, Vətənim üçün körpə uşaq kimi titrəyirəm.
- Amma müxalifəti hətta qələbə sevincimiz belə qane eləmədi. Sizcə niyə?
- Bilirsiniz, bir çox özünə müxalifətçi deyənlər çıxıb boş-boş populist çıxışlar edirlər, kütlə də onlara inanır. Amma o kütlə demir ki, o raket başqasının yox, mənim evimə düşsəydi, nə edərdim? Kənardan durub gurultulu sözlər demək asandı, amma o sponsorlu müxalifətçilərin özlərinin evinə, bağına raket düşsəydi, balaları həlak olsaydı, necə olardı? Bunu düşündülərmi? Bunu öz hissləri üzərində sınadılarmı? Gərək Bakını da düşmənlərimiz vuraydı, partladaydı? Onda ürəkləri soyuyacaqdı? Axı nə istəyirlər, arzuladıqları nədir? Siyasət böyük ağıl işidir. Vətəni ürəklə sevmək, ağılla qorumaq lazımdır, gurultulu sözlərlə yox.
Müxalifətçilik intellektlə Vətənə olan sevginin vəhdətidir. İndiki söyüş müxalifətini mən qəbul edə bilmərəm. Bu, Azərbaycan adına yaraşmaz. Kiminsə qadınına, anasına, bacısına söymək mübarizə üsulu deyil. Bu nədirsə, o qədər alçaq bir işdir ki, mən ona deməyə ayrı söz tapmıram, ifadə edə bilmirəm. Siz söyərkən hədəfə Azərbaycanı qoyursunuz. Bu söyüşləri söyərkən hədəfiniz bütün Azərbaycan qadınlarıdır. Müxalifət əsil olmalıdır. Müxalif fikir olmalıdır, müxalifət qarın güdmək üçün yol olmamalıdır. Bu söyüşü söyüm, filankəsi təhqir edim, əvəzində pul qazanım, xalqın gözündə düz danışan adam kimi yüksəlim, amma qazanım - bu düşüncələrlə müxalifətçilik etmək Vətəni satmaq deməkdir, bu cür yaşamaq, yalan müxalifət olmaq xainlik deməkdir. Bu milləti bölmək olmaz.
Üz tuturam soruşuram, nə üçün bölürsünüz bu xalqı, müharibəyə gedən xalq sizdən soruşdu getdi? Ölümə getdiklərini bilə-bilə getdilər, Vətən uğrunda savaşmaq üçün növbələrə düzüldülər, Səfərbərlik xidmətlərinin qarşısında gənclərimiz “bizi də aparın” deyib az qala dava edirdilər. Belə bütövürəkli bir cəmiyyətimiz var. Bu birliyə xələl gətirmək məncə, günahdır. Niyə ara qızışdırırsınız? Mən həm iqtidara, həm də müxalifətə deyirəm. Bir-birinizdə düşmən axtarmayın, hamı bir millətin övladıdır.
- Torpaqlarımız alındı. İndi hansı arzunuz qalıb?
- İnsan arzuları bitməz-tükənməzdir. İndi tək arzum nəvəm balaca Floranı görüb, bağrıma basmaq, qoxulamaqdır. Pandemiyaya görə ayrı düşmüşük. Ömür vəfa eləsin təki. Bu gün iqtidar bu qələbəylə məni bir insan kimi ucaltdı. Hamımız xalq, millət kimi ucaldıq. Biz daha utanmırıq, sınmırıq. Sabah bu iqtidarın xalqıma, torpağıma qarşı bir səhvi olsa, mən susmaram, etiraz səsimi ucaldaram, amma mən İlham Əliyevin böyük torpaq sevgisini gördüm. Onu tanıdım, sevdim. Ona görə də, arxayın öləcəyəm.
İlhamə Rəsulova
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

