Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-ABŞ münasibətləri yüksələn xətlə və uğurla inkişaf edir

Azərbaycan-ABŞ münasibətləri yüksələn xətlə və uğurla inkişaf edir

07.07.2026 [11:35]

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb

Azərbaycan dövlətinin yürütdüyü praqmatik, əməkdaşlığa istinad edən, xüsusilə bərabərhüquqlu şəkildə qarşılıqlı maraqların qorunmasını özündə birləşdirən siyasət ölkəmizi qlobal dünyanın diqqət mərkəzinə gətirir. Bakı bölgədə formalaşan yeni reallıqlar əsasında müasir konfiqurasiya yaradır, yeni siyasi-iqtisadi nizamın formalaşmasına töhfə verir. Bu isə, əməkdaşlıqda maraqlı olan dövlətlər üçün əlaqələrin daha da güclənməsi perspektivini ön plana çəkir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ABŞ-ın milli bayramı -müstəqilliyin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubu da dərinləşən əlaqələrin mühüm təsdiqidir.

Qeyd edilməlidir ki, Donald Trampın ikinci dəfə dövlət başçısı seçilməsi ilə ABŞ - Azərbaycan münasibətləri son 2 ildə yeni mərhələyə qədəm qoyub - daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bu mənada, xüsusi vurğulanmalıdır. Bu iki il ərzində Prezident Trampın Azərbaycan dövlət başçısı ilə bir neçə dəfə görüşməsi, ötən ilin yayında Vaşinqtonda keçirilən Sülh Sammiti əlaqələrin inkişaf dinamikasından xəbər verir.

ABŞ qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir...

Vurğulanmalıdır ki, XXI əsrin başlanğıcından bəri qlobal təhlükəsizlik sistemi ardıcıl sarsıntılarla üz-üzədir. “Soyuq müharibə”dən sonrakı mərhələdə formalaşdırılmış beynəlxalq nizam, xüsusilə də sülhün qorunmasına cavabdeh olan institutlar - BMT və digər beynəlxalq strukturlar, xüsusilə regional təhlükəsizlik alyansları (vaxtilə yaradılmış, bir neçə gün öncə rəsmən ləğv olunmuş ATƏT-in Minsk qrupu timsalında) artıq müasir reallıqlar qarşısında effektiv deyil. Silahlı münaqişələrin coğrafiyası genişlənib, lokal toqquşmalar beynəlxalq rəqabətin qlobal müstəviyə daşındığı platformalara çevrilib, yeni güc mərkəzlərinin yüksəlişi və geosiyasi rəqabətin sərtləşməsi dünya təhlükəsizliyinin konturlarını dəyişib. Son 10 ildə isə xüsusilə müşahidə olunan bu proseslər nəticəsində sülhün davamlılığını təmin edən mexanizmlər işləmir, böhranların idarə olunması gecikir, diplomatik vasitəçilik isə çox zaman güc siyasətinin kölgəsində qalır. Bu fon qlobal aləmdə yeni vasitəçilərə, fərqli diplomatik yanaşmalara ehtiyac yaradıb.

Məhz belə bir mərhələdə ABŞ Prezidenti Donald Trampın son 2 ilə yaxın müddət ərzində həyata keçirdiyi sülh təşəbbüsləri beynəlxalq siyasətdə diqqətçəkən hadisələrdən birinə çevrilib. Trampın barış proseslərinə müdaxiləsi həm üslub, həm də sürət baxımından klassik diplomatiyadan fərqlənir. O, daha çox açıq danışıq formatı və birbaşa əlaqələr üzərində qurulan vasitəçilik xəttini tətbiq edir. Nəticə etibarı ilə, Tramp artıq 10-dan çox münaqişənin bitməsinə vəsilə olub - beləliklə, ABŞ Prezidenti qlobal təhlüəksizlik arxitekturasına böyük töhfə verib. Prezident İlham Əliyev məktubunda bildirib ki, azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi: “Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir”.

Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırıb

Son iki ildə yeni mərhələyə qədəm qoyan ABŞ-Azərbaycan ikitərəfli münasibətləri yeni bir status qazanıb. Qeyd edək ki, bu il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Bu sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə ən yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir. Belə ki, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti hər iki ölkə tərəfindən təsdiqlənib. Eləcə də diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlər, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev ABŞ-ın dövlət başçısına ünvanladığı təbrik məktubunda bildirib ki, son dövrdə Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur: “Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm”.

İmzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan ilə ABŞ arasında münasibətlərin sadəcə genişlənməsi deyil, onların strukturlaşmış və uzunmüddətli strateji çərçivəyə salınması deməkdir. Sənəd göstərir ki, Bakı ilə Vaşinqton qarşılıqlı maraqları ayrı-ayrı istiqamətlər üzrə deyil, vahid və qarşılıqlı əlaqəli sistem daxilində görür. Bu yanaşma siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və müdafiə sahələrini bir-birini tamamlayan elementlər kimi formalaşdırır. Bütün bunların fonunda Xartiya Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə daşıyan strateji yol xəritəsi kimi qiymətləndirilə bilər. Bu sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsinə, ortaq maraqların uzlaşdırılmasına və gələcək əməkdaşlığın institusional əsasda inkişafına zəmin yaradır.

Trampın Cənubi Qafqazda sülh gündəliyinin təşviqi istiqamətində səyləri...

Sirr deyil ki, 2020-ci il Vətən müharibəsi nəinki bizim regionda, eləcə də mühüm bir coğrafiyada yeni münasibətlər sistemi formalaşdırdı. Azərbaycan müharibədən sonrakı dövrdə də qalib dövlət olmasına baxmayaraq, özünün sülhpərvər siyasi ənənəsinə sadiq qaldı - Bakı regionda sabitliyin və davamlı təhlükəsizliyin bərpası üçün qətiyyətli iradə nümayiş etdirdi. Tarix göstərdi ki, Azərbaycan üçün qələbə revanşizm demək deyil - qələbə yeni bir siyasi reallıq, yeni münasibətlər sistemi və yeni inkişaf mühiti formalaşdırmaq imkanıdır. Beləliklə, Azərbaycanın müəllifi olduğu sülh gündəliyi regionun taleyini dəyişən əsas siyasi xəttə çevrildi.

Cənubi Qafqazda formalaşan yeni sülh şəraiti 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşdə özünün siyasi və diplomatik təsdiqini tapdı. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan bu görüş regionun gələcəyi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qarşılıqlı razılaşmanın imzalanması artıq köhnəlmiş və nəticəsiz mexanizmlərin tarixə qovuşduğunu göstərdi.

Bu addım iki ölkə arasında münasibətlərin normallaşması ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində formal fəaliyyət göstərən, lakin real nəticə ortaya qoya bilməyən Minsk qrupunun ləğvi regionda yeni və daha effektiv siyasi yanaşmaların ön plana çıxdığını təsdiqlədi. Vaşinqton görüşü göstərdi ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri artıq beynəlxalq müstəvidə də qəbul edilir və dəstəklənir. Bu, Cənubi Qafqazda formalaşan sülh prosesinin lokal deyil, qlobal miqyasda tanınmasının göstəricisidir. Region artıq münaqişə zonası kimi deyil, sabitlik və əməkdaşlıq məkanı kimi qəbul olunmağa başlayır.

Bu prosesdə ABŞ-ın, xüsusilə Prezident Donald Trampın rolu ayrıca vurğulanmalıdır. Hakimiyyətə qayıdışından sonra ötən dövr Tramp administrasiyası Azərbaycanla münasibətlərə xüsusi önəm verərək Cənubi Qafqazda Bakı tərəfindən formalaşdırılan yeni siyasi reallıqları açıq şəkildə dəstəklədi. Bu yanaşma ABŞ-ın regionda sabitliyə, təhlükəsizliyə və praqmatik əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirilə bilər.

Paralel olaraq Zəngəzur dəhlizi (TRİPP) layihəsinin reallaşması ilə bağlı əldə edilən tarixi razılaşma Azərbaycanla yanaşı, bütün region üçün strateji dönüş nöqtəsi sayılır. Çünki nəzərdə tutulan yeni xəttlər, əlaqələr ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin formalaşdırılması ilə yanaşı, həm də Avrasiya tranzit xəritəsini yenidən qurur. Açılacaq bu xətt həm də Azərbaycan vasitəsilə Mərkəzi Asiyanın Qərbə, Aralıq dənizinə və qlobal cənuba daha sərfəli, daha təhlükəsiz çıxış əldə etməsinə imkan verir. Bu marşrut qlobal iqtisadi nizama yeni bir strategiya qazandırır. Prezident İlham Əliyev məktubunda qeyd edib ki, “Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim”.

Azərbaycan ilə ABŞ arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlıq

Bu əlaqələrin gələcək perspektivdə olduqca vacibdir - Azərbaycan ilə ABŞ arasında münasibətlərin daha da genişlənməsi və yeni mərhələyə qədəm qoyması bütün mənalarda bölgənin sabit inkişafı üçün olduqca vacib amillərdəndir. Prezident İlham Əliyevin məktubunda o da qeyd edilir ki, “Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Bəli, müasir dövrdə ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir - rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir.

Qeyd edilməldir ki, Prezident Trampın birinci prezidentlik dövründə (2017-2021) ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib və tərəfdaşlıq əlaqələrini vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. Bütün məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.

Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu hər zaman dəstəkləyib və bu gün də dəstəkləyir. 44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövluyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31