Yeni regional nizamın siyasi fəlsəfəsi: suveren dövlətin qlobal baxışı
15.07.2026 [12:09]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı Azərbaycanın bu gün regionda və dünyada tutduğu mövqenin geniş siyasi mənzərəsini ortaya qoydu. Dövlətimizin başçısının müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin suallarına verdiyi cavablar göstərdi ki, Azərbaycan artıq yalnız öz sərhədləri daxilində baş verən proseslərlə kifayətlənən dövlət deyil. Ölkəmiz regional gündəliyə təsir göstərən, beynəlxalq təşəbbüslərlə çıxış edən, milli maraqlarını müstəqil şəkildə müdafiə edən və tərəfdaşları tərəfindən etibarlı siyasi aktor kimi qəbul olunan gücə çevrilib.
Forumun ildən-ilə daha geniş coğrafiyanı əhatə etməsi də təsadüfi deyil. Bu il Şuşada 53 ölkədən 160 qonağın, 30 xəbər agentliyinin, 60-dan artıq media qurumunun və 10 beynəlxalq təşkilatın nümayəndəsinin iştirakı Azərbaycanın yaratdığı bu platformaya marağın artdığını göstərir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Forumda iştirakı onun artıq davamlı beynəlxalq dialoq məkanına çevrildiyini təsdiqləyir.
Bu tədbirin məhz Şuşada keçirilməsi isə ona xüsusi məna verir. Bir neçə il əvvəl Qarabağa gələn xarici qonaqlar əsasən dağıdılmış şəhərləri, viran qoyulmuş kəndləri və işğalın ağır izlərini görürdülər. Bu gün isə eyni insanlar bərpa edilən şəhərlərin, tikilən evlərin, çəkilən yolların və doğma torpaqlarına qayıdan sakinlərin şahidi olurlar. Qarabağda baş verən dəyişikliklər artıq yalnız rəqəmlərlə və hesabatlarla ifadə olunmur. Bu inkişaf gözlə görünür və birbaşa müşahidə edilir.
Məhz buna görə Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın həqiqətlərini dünyaya göstərən mühüm platformadır. Buraya gələn jurnalistlər Qarabağın keçmişini də, bu gününü də öz gözləri ilə görürlər. Azərbaycan onları hazır siyasi mətnlərlə inandırmağa çalışmır, reallığı yerində göstərir. Bu isə istənilən bəyanatdan daha təsirli siyasi kommunikasiyadır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məsələlərdən biri Azərbaycanın orta gücə çevrilməsi ilə bağlı yanaşması oldu. Dövlətimizin başçısı bu anlayışı yalnız əhalinin sayı, ərazinin böyüklüyü və ya iqtisadi göstəricilərlə məhdudlaşdırmadı. Onun ifadə etdiyi yanaşmaya görə, orta güc ilk növbədə öz milli maraqlarını müdafiə edə bilən, xarici təzyiq qarşısında geri çəkilməyən, sərhədlərindən kənarda baş verən proseslərə təsir göstərən və regional məsuliyyət daşıyan dövlətdir.
Azərbaycan son illərdə bu keyfiyyətlərin hər birini nümayiş etdirib. Ölkəmizin müdafiə qabiliyyəti yalnız hərbi paradlarda deyil, döyüş meydanında təsdiq olunub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, ona qəbul etdirilmək istənilən ədalətsiz reallıqla barışmayıb və xalqın iradəsini siyasi nəticəyə çevirib.
Ancaq Azərbaycanın gücü təkcə qələbə qazanmasında deyil. Əsas məqam qələbədən sonra necə davranmasındadır. Prezident İlham Əliyevin “biz suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik, buna nail olduq və daha irəli getmədik” fikri dövlətimizin məsuliyyətli siyasətinin mahiyyətini ifadə edir. Azərbaycan müharibəni sonsuz qarşıdurmaya çevirmədi, dayanmalı olduğu anda dayandı və regiona sülh gündəliyi təqdim etdi.
Bu, sadəcə hərbi deyil, siyasi müdrikliyin göstəricisidir. Uzun illər işğaldan əziyyət çəkmiş, şəhərləri dağıdılmış, vətəndaşları doğma yurdlarından didərgin salınmış bir dövlətin qələbədən sonra emosiyalarla deyil, məsuliyyətlə hərəkət etməsi onun siyasi yetkinliyini göstərir. Azərbaycan keçmişi unutmur, lakin gələcəyi də keçmişin əsirinə çevirmək istəmir.
Dövlətimizin başçısının çıxışında səslənən əsas fikirlərdən biri də sülhün ədalətli olması ilə bağlı idi. Sülh sadəcə silahların susması demək deyil. Əgər o, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmırsa, davamlı ola bilməz. Azərbaycanın mövqeyi dəyişməzdir: heç bir ölkənin sərhədləri zorla dəyişdirilə bilməz, heç bir xalq xarici iradəyə tabe edilməməlidir.
Bu prinsip Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə münasibətində də açıq şəkildə görünür. Ölkəmiz beynəlxalq hüququn bütün dövlətlər üçün eyni qaydada tətbiq olunmasını müdafiə edir. Azərbaycanın mövqeyi vəziyyətə uyğun dəyişən siyasi yanaşma deyil. Bu mövqe ölkəmizin özünün keçdiyi tarixi yoldan, işğal və müharibə təcrübəsindən irəli gəlir.
Prezident İlham Əliyev Cənubi Qafqazda yaranmış yeni reallıqları da aydın şəkildə ifadə etdi. Bu gün region beş il əvvəlki region deyil. İkinci Qarabağ müharibəsi onilliklər ərzində dəyişməz görünən siyasi mənzərəni əsaslı şəkildə yenilədi. Azərbaycanın suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda yeni siyasi tarazlıq yaratdı.
Bu səbəbdən regiona köhnə yanaşmalarla baxmaq artıq mümkün deyil. Cənubi Qafqazı yalnız böyük güclərin rəqabət meydanı kimi görmək, ayrı-ayrı ölkələri süni şəkildə önə çıxarmaq və real imkanları siyasi simpatiyalara qurban vermək regionun inkişafına xidmət etmir. Azərbaycan isə fərqli model təklif edir: əməkdaşlıq, qarşılıqlı fayda, nəqliyyat bağlantıları və təhlükəsizlik.
Azərbaycanın nəqliyyat siyasəti bu baxışın əsas hissəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, qonşularla normal münasibətlər olmadan tranzit ölkəyə çevrilmək mümkün deyil. Azərbaycan uzun illər ərzində həm fiziki infrastruktur yaradıb, həm də qonşu dövlətlərlə etibarlı əməkdaşlıq qurub. Nəticədə ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat mərkəzlərindən birinə çevrilib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının 15 milyon tondan 25 milyon tona çatdırılması, yeni gəmilərin tikilməsi, Mərkəzi Asiya, Gürcüstan, Türkiyə və Avropa ilə əlaqələrin genişləndirilməsi bu siyasətin konkret nəticələridir. Dünyada müharibələrin, siyasi gərginliyin və ənənəvi marşrutlar üzrə risklərin artdığı bir vaxtda Azərbaycanın təqdim etdiyi təhlükəsiz və etibarlı dəhlizlərin əhəmiyyəti daha da yüksəlir.
Türkiyə ilə münasibətlər də Azərbaycanın regional siyasətində xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan dövlətlərdəndir. Bu yaxınlıq yalnız ortaq dil, tarix və mədəniyyətlə izah edilmir. İki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə formalaşmış əməkdaşlıq real müttəfiqlik münasibətləridir.
Şuşa Bəyannaməsi bu münasibətləri hüquqi və siyasi baxımdan yeni səviyyəyə yüksəldib. Azərbaycan və Türkiyə yalnız dost və qardaş deyil, eyni zamanda müttəfiqdir. Bu birlik hər iki dövlətin təhlükəsizliyini gücləndirməklə yanaşı, regionda sabitliyə və əməkdaşlığa xidmət edir.
Forumda Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinə dair səslənən fikirlər də xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərin son dövrdə müsbət istiqamətdə inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığa yeni dinamika verdiyini bildirdi. Eyni zamanda, AŞPA-nın Azərbaycana münasibətindəki qərəzli və ayrı-seçkilik xarakterli yanaşmalar açıq şəkildə tənqid edildi.
Burada əsas məsələ Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina etməsi deyil. Azərbaycan normal, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdə maraqlıdır. Lakin ölkəmiz suverenliyini bərpa etdiyinə görə cəzalandırılmasını, ona ultimatum dili ilə müraciət olunmasını və ikili standartların tətbiq edilməsini qəbul etmir.
Eyni yanaşma ABŞ-la münasibətlərdə də özünü göstərir. Prezident İlham Əliyev 907-ci düzəlişin Azərbaycana qarşı tarixi ədalətsizlik olduğunu və artıq siyasi məzmununu tam itirdiyini vurğuladı. Azərbaycan Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırdığı, sülh prosesinə real töhfə verdiyi və regionda yeni əməkdaşlıq imkanları yaratdığı halda bu düzəlişin qüvvədə qalması heç bir məntiqə uyğun deyil.
Eyni zamanda, ABŞ-la münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın xarici siyasətdə qazandığı yeni imkanları göstərir. Ticarət, investisiyalar, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, müdafiə və nəqliyyat sahələrində yaradılmış əməkdaşlıq mexanizmləri münasibətlərin artıq praktik məzmun daşıdığını göstərir.
Azərbaycanın beynəlxalq nüfuzunun digər mühüm göstəricisi müxtəlif tərəflər arasında etibarlı vasitəçi kimi qəbul edilməsidir. Qoşulmama Hərəkatına sədrliyi dövründə 120 ölkənin yekdil dəstəyini qazanması, sədrliyin müddətinin uzadılması və COP29 çərçivəsində ziddiyyətli mövqelər arasında razılıq əldə olunması təsadüfi deyil.
Dövlətlər Azərbaycana ona görə etibar edirlər ki, ölkəmizin gizli siyasi gündəliyi yoxdur. Azərbaycan bacardığı yerdə kömək edir, mümkün olmadığı hallarda isə qeyri-real vədlər vermir. Məhz bu dürüst və nəticəyönümlü siyasət ölkəmizin regional və beynəlxalq proseslərdə rolunu artırır.
Enerji təhlükəsizliyi Prezident İlham Əliyevin çıxışında mühüm yer tutan mövzulardan biri idi. Azərbaycanın boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz ixrac etməsi ölkəmizin qlobal enerji xəritəsindəki mövqeyini göstərir. Avropaya qaz tədarükünün artması, Almaniya və Avstriya kimi yeni bazarlara çıxış Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunu daha da gücləndirir.
Bununla yanaşı, dövlətimizin başçısı vacib bir məqamı da önə çəkdi: tərəfdaşlıq qarşılıqlı məsuliyyət tələb edir. Azərbaycan hasilatı artırmaq, yeni yataqları istismara vermək və boru kəmərlərinin imkanlarını genişləndirmək üçün böyük sərmayələr yatırırsa, onun uzunmüddətli müqavilələrə və sabit bazara ehtiyacı var. Enerji təhlükəsizliyi yalnız istehlakçı ölkələrin deyil, hasilatçı dövlətlərin də maraqlarının nəzərə alınmasını tələb edir.
Azərbaycan eyni zamanda gələcəyin enerji siyasətini də qurur. Qarabağda su elektrik stansiyalarının istifadəyə verilməsi, Günəş elektrik stansiyalarının tikilməsi və 2032-ci ilədək 8 giqavat bərpaolunan enerji gücünə çatmaq planı ölkəmizin yaşıl enerji sahəsində böyük potensiala malik olduğunu göstərir. Ənənəvi və bərpaolunan enerji imkanlarının paralel inkişafı Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyini möhkəmləndirir.
Prezident İlham Əliyevin rəqəmsal transformasiya və süni intellekti dövlət gündəliyinin əsas istiqamətlərindən biri kimi göstərməsi də xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada dövlətin gücü artıq yalnız ordunun sayı, iqtisadiyyatın həcmi və ya enerji ehtiyatları ilə ölçülmür. Texnoloji inkişaf, rəqəmsal infrastruktur, məlumatların qorunması və süni intellekt imkanları da milli gücün vacib hissəsinə çevrilib.
Bu baxımdan media da dövlətlərin təhlükəsizlik və nüfuz siyasətində mühüm rol oynayır. Media sadəcə məlumat ötürmür, həm də ictimai rəyi formalaşdırır, ölkələr haqqında təsəvvür yaradır və beynəlxalq qərarlara təsir göstərir. Azərbaycanın qazandığı nailiyyətləri, üzləşdiyi ədalətsizlikləri və həyata keçirdiyi siyasəti dünya ictimaiyyətinə düzgün çatdırması milli maraqların müdafiəsinin bir hissəsidir.
Prezident İlham Əliyevin müstəmləkəçilik və insan hüquqları məsələlərinə toxunması da bu mənada təsadüfi deyildi. Azərbaycan müstəmləkə şəraitində yaşamağın nə demək olduğunu öz tarixindən bilir. Ölkəmizin sərvətləri uzun illər xarici mərkəzlər tərəfindən istismar edilib, xalqımız müstəqil qərar vermək hüququndan məhrum olub. Bu səbəbdən Azərbaycan bu gün öz gələcəyini müstəqil müəyyənləşdirmək istəyən xalqların hüquqlarına həssas yanaşır.
Müstəqilliyin Azərbaycana nə verdiyi isə göz önündədir. Bir vaxtlar real siyasi və iqtisadi qərarvermə imkanlarından məhrum olan ölkə bu gün öz milli maraqlarını qoruyan, regional proseslərə təsir göstərən və beynəlxalq tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər quran güclü dövlətdir. Azərbaycanın orta gücə çevrilməsi məhz müstəqilliyin, siyasi iradənin və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
IV Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan qarşıdakı dövr üçün də aydın siyasi baxışa malikdir. Əsas məqsəd müdafiə potensialını gücləndirmək, milli maraqları qorumaq, sərhədlər boyunca sülhə nail olmaq, enerji və nəqliyyat imkanlarını genişləndirmək, texnoloji inkişafı sürətləndirmək və mümkün qədər çox ölkə ilə praktik əməkdaşlıq qurmaqdır.
Bu gün Azərbaycanın gücü yalnız onun ordusunda, iqtisadiyyatında və enerji ehtiyatlarında deyil. Əsas güc xalqın iradəsində, dövlətin müstəqil qərar vermək qabiliyyətində, əldə edilmiş nəticələrin qorunmasında və bu imkanların sülhə, əməkdaşlığa və inkişafa yönəldilməsindədir.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı bir daha göstərdi ki, Azərbaycan artıq başqalarının yaratdığı siyasi reallıqlara uyğunlaşan dövlət deyil. Azərbaycan yeni regional reallıqları özü yaradan, onların istiqamətini müəyyənləşdirən və gələcək üçün konkret siyasi gündəlik təqdim edən güclü və müstəqil dövlətdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24

