Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkə gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir

Ölkə gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir

06.10.2020 [09:23]

Öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirən Azərbaycan gəncliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan milli mübarizədə böyük əzm və qətiyyət nümayiş etdirir
Milli ideologiyamız olan azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi məzmunu olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən baxışlar sistemidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını məhz azərbaycançılıq ideologiyası təşkil edir.
XX əsrin 90-ci illərinin əvvəlində respublikamızda mövcud olan mürəkkəb şərait həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsini və onların imkanlarından istifadə edilməsini taleyüklü bir məsələ kimi ortaya çıxardı. Bu məsuliyyətli məsələnin həllini öz üzərinə götürən böyük dövlət xadimi Heydər Əliyev qısa müddətdə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsinə nail ola bildi. Eyni zamanda həmin dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideologiyası Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.
Ümummilli Lider Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi Onun Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi tarixi xidmətlərdəndir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgə yaşayışının tarixi təcrübəsidir.
Qeyd etmək yerinə düşər ki, müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Ötən zaman göstərdi ki, müstəqillik yolumuz Ümummilli Lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi illərdə azərbaycançılıq ideologiyasının əsas müddəaları, başlıca prinsipləri sistemli şəkildə işlənib hazırlandı və həyatımızın bütün sahələrində öz əksini tapdı.
Heç şübhəsiz, müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Hər bir ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi məhz onun gəncləridir. Yəni, gənclər hər bir xalqın inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan, Azərbaycanda gənclərlə iş sahəsində görülən tədbirlər ölkə gəncliyinin daha da inkişafına təkan verir. Bu, həm də gəncliyin milli ruhda və vətənpərvərlik ideyası əsasında tərbiyəsinə xidmət etdi. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.
Azərbaycanda gənclər siyasətinin əsasında layiqli vətəndaş və sağlam nəslin formalaşdırılması dayanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amalın təsdiqidir. Ümummilli Lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin formalaşmasını qürur hissi ilə vurğulayaraq deyib: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
Vurğulamaq yerinə düşər ki, hazırda Azərbaycan Ordusunda gənc hərbi qulluqçularda milli mənlik şüurunun inkişaf etdirilməsi və hərbi vətənpərvərlik hisslərinin artırılması istiqamətində bir sıra təşkilati tədbirlər həyata keçirilir. Bu gün bəhs olunan istiqamətdə gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Vətənin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın düşmən işğalından azad edilməsi naminə çalışmaq üçün gənc hərbi qulluqçuların müəyyən hərbi ixtisasa sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, hərbi təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, hərbi xidmətdə yoldaşlarına nümunə olması və Vətənin keşikçisi adını uca tutması çox vacibdir. Vətəni sevmək, onun ərazi bütövlüyünü, maddi və mənəvi sərvətlərini düşmənlərdən qorumaq, iqtisadi və hərbi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək düşmən təxribatlarının qarşını almaq hər bir Azərbaycan vətəndaşı kimi hamının müqəddəs borcudur.
Ölkəmizdə orduya göstərilən qayğı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrlə bağlı verdiyi Sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənc hərbi qulluqçularda vətənpərvərlik hisslərinin artmasına son dərəcə müsbət təsir göstərir. Azərbaycan Ordusunun gündən-günə güclənməsi, yeni müasir silahlarla təchiz edilməsi, qoşun, birlik və birləşmələrin keçirilən hərbi təlimlərdə yüksək döyüş hazırlığı göstərməsi, ölkəmizin hərbi qüdrətinin dünyada artması və Qarabağ probleminin həlli məsələsində təşəbbüsü ələ alması Ermənistanı və onun havadarlarını daha çox narahat etməyə başlayıb. Ordunun döyüş və mənəvi-psixoloji hazırlığı, xalq və ordu vəhdəti işğal altında olan torpaqlarımızın azad olmasını yaxınlaşdırır. Azərbaycan Ordusunun gücünü onun xalqına, dövlətinə sədaqəti və Vətəninə sevgisi təşkil edir.
Bir sözlə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsil və tərbiyəsinə diqqət və qayğının nəticəsidir ki, hazırda gənc nəsildə yüksək vətənpərvərlik ruhu formalaşıb. Bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Bu isə, öz növbəsində, gəncliyə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Gənclər Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər. Bu isə onu təsdiqləyir ki, bütün sahələrdə uğurlar qazanan Azərbaycan gəncliyi düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə hazırdır və hazırda cəbhədə qəhrəmanlıq göstərir.
Bu gün xalqımız tarixi günlərini yaşayır. Cəbhə bölgələrindən gələn qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ruhlandırır, onlar ordumuza dəstəklərini müxtəlif formalarda ifadə edirlər. Məlum olduğu kimi, Azərbaycan Ordusunun qələbə sevincini Ali Baş Komandan, Prezident İlham Əliyev “Twitter” səhifəsində paylaşıb. Başqa sözlə, oktyabrın 3-ü tariximizə bir çox yaşayış məntəqələrimizin azad olundugu gün kimi daxil olub. Paylaşımında “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”, - deyə vurğulayan Prezident İlham Əliyev bir qədər sonra isə Madagizin tarixi adının bərpa edildiyini, bundan sonra Suqovuşan adlandırılacağını bildirib. Üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması hər birimizdə böyük qürur hissi, bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırır. Prezident İlham Əliyev oktyabrın 3-də Azərbaycan Ordusunun növbəti qələbəsini - Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edilməsi xəbərini paylaşdı. Oktyabrın 4-də isə bu sıraya daha bir qələbə sevincimiz yazıldı. Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etdiyi barədə paylaşım edən Prezident İlham Əliyev, eyni zamanda bu tarixi hadisə münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edib.
Azərbaycan Ordusunun cəbhə bölgələrində göstərdiyi şücaət qürurvericidir. Bu gün paytaxt Bakımızı zəfər bayraqlarımız bəzəyir. Xalqımız cəbhədən gələn qələbə xəbərləri fonunda “Eşq olsun Azərbaycan əsgərinə!”, “İgid əsgər, irəli!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Prezident-xalq-ordu birliyi sarsılmazdır” kimi döyüş ruhlu çağırışlarlarla Ordumuza dəstəklərini ifadə edirlər.

(davamı növbəti sayımızda)
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 757 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30