Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qəhrəmanlıq və şərəf salnaməsi

Qəhrəmanlıq və şərəf salnaməsi

24.09.2026 [14:10]

Sentyabrın 24-də YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyətinin  və  YAP Samux rayon təşkilatının  birgə təşkilatçılığı ilə  27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq və şərəf salnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları, 44 günlük Vətən müharibəsinin iştirakçıları, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə  açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi və əbədi yer tutduğunu bildirib. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən birinə çevrilib. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, xalqımızın həmrəyliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirib. Bu tarixi Qələbə uzun illər işğal altında qalan torpaqlarımızın azadlığına yol açıb və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib.

Gündüz Bayramov vurğulayıb ki, əldə olunan Zəfərin təməlində Azərbaycan xalqının milli iradəsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Şəhidlərimizin göstərdiyi misilsiz fədakarlıq isə hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaq. Şəhidlərin xatirəsini yaşatmaq, onların ailələrinə diqqət və qayğı göstərmək dövlətimizin və cəmiyyətimizin mühüm vəzifələrindən biridir.

Tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək oğlunun və bütün şəhidlərimizin Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan danışıb. Bildirib ki, şəhidlərimizin həyatı və döyüş yolu gənc nəsil üçün əsl Vətən sevgisi və vətəndaşlıq nümunəsidir. Şəhid ailələrinə göstərilən diqqət və qayğının onların mənəvi dayağı olduğunu qeyd edən İlham Məmmədov dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqətə görə minnətdarlığını ifadə edib.

Daha sonra tədbirdə iştirak edən  44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda  olan  polkovnik  Aydın Şıxəliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı, Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov, Qarabağlar ərazi partiya təşkilatının sədri Vidadi İsayev və Samux şəhər 6 saylı uşaq bağçasının müdiri Təhminə Nəsibova çıxış edərək  44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından, şəhidlərimizin fədakarlığından və qazilərimizin şərəfli döyüş yolundan bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın milli iradəsinin, Vətən sevgisinin və həmrəyliyinin parlaq təcəssümüdür. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının davam etdirilməsi hər birimizin mənəvi borcudur. Eyni zamanda, şəhidlərin qəhrəmanlıq yolunun gənc nəslə nümunə kimi çatdırılmasının, onlarda vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda  qeyd  olunub  ki,  27 Sentyabr – Anım Günü Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Şəhidlərimizin adı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlıq salnaməsi gələcək nəsillər üçün daim müqəddəs örnək olacaq.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30