Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda heyvandarlığın inkişafında yeni mərhələ başlayıb

Regionlarda heyvandarlığın inkişafında yeni mərhələ başlayıb

14.07.2016 [09:42]

Cari ilin əvvəlindən respublikanın bölgələrində ət və ət məhsulları istehsalının artması sayəsində daxili bazarda həm iri, həm də xırdabuynuzlu heyvan ətinin pərakəndə satış qiyməti manat ifadəsində 20 faizdən çox azalıb ki, bu da olduqca diqqətəlayiq göstəricidir
Son illərdə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması, həmçinin aqrar sektorda intensiv metodların tətbiqi, qabaqcıl dünya təcrübəsindən geniş istifadə olunması sayəsində ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının daxili istehsal hesabına təmin olunması əhəmiyyətli dərəcədə genişlənib. Belə ki, artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatı 100 faiz daxili istehsal hesabına ödənilir. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Prezident İlham Əliyev cari il iyulun 10-da Onun Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində aqrar sektorda istehsalın genişləndirilməsinin zəruriliyini bir daha gündəmə gətirib. Prezident İlham Əliyev bildirib ki, respublikamızda həm keyfiyyətli məhsul yetişdirilməli, həm də daxili bazar qorunmalıdır: “Yerli istehsalı sürətləndirmək, artırmaq üçün, əlbəttə, biz tənzimləyici tədbirlər də görməliyik. Ümumiyyətlə, Azərbaycan kimi ölkədə kənd təsərrüfatı məhsullarının idxalı mənə bir az qəribə görünür. Ona görə biz həm keyfiyyətli məhsul yetişdirməliyik, həm özümüzü tam təmin etməliyik və əlbəttə ki, daxili bazarımızı qorumalıyıq”.
Respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi yüksəlib
Son illərdə Azərbaycanın müxtəlif regionlarında həm daxili ərzaq tələbatının ödənilməsi, həm də ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan heyvandarlığın inkişafı xüsusilə diqqəti cəlb edir. Statistikaya nəzər saldıqda görürük ki, bölgələrdə aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıq sahəsində daha yüksək olub. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bundan sonra respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində daha yüksək artım baş verəcək. Yeri gəlmişkən qeyd edək ki, yerli istehsalın artması cari ilin birinci yarısında heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalması ilə nəticələnib. Kənd təsərrüfatı naziri Heydər Əsədovun Nazirlər Kabinetinin bəhs olunan iclasındakı çıxışında verdiyi məlumata əsasən, idxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb. Diqqəti cəlb edən göstəricilərdən biri də ondan ibarətdir ki, ölkədə ötən ilin son ongünlüyündə baş verən devalvasiyaya baxmayaraq, daxili bazarda həm iri, həm də xırdabuynuzlu heyvan ətinin pərakəndə satış qiyməti manat ifadəsində 20 faizdən çox azalıb.
Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ilin sonunda ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Mütəxəssislərin qənaətinə görə, respublikanın bölgələrində heyvandarlıqda intensiv metodların tətbiqi sayəsində məhsuldarlığı 5-6 dəfə artırmaqla hədəflənən nəticələrin əldə olunması tam realdır.
Regionlarda heyvandarlıqda intensiv metodların tətbiqi ət və ət məhsulları istehsalında dönüş yaradıb
Son illərdə respublikanın ərzaq təminatının daxili istehsal hesabına gücləndirilməsi ilə bağlı müəyyənləşdirilən strateji hədəfə uyğun olaraq regionlarda heyvandarlığın inkişaf etdirilməsi, ət və ət məhsulları istehsalının artırılması məqsədilə görülən çoxsaylı tədbirlər sırasında intensiv metodların tətbiqini xüsusi qeyd etmək lazımdır. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkədə müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli yaxşılaşıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq heyvandarlıqda intensiv metodların tətbiqinə geniş meydan verilir. Ölkəyə yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb. Respublikanın regionlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri çərçivəsində həmçinin son vaxtlarda respublikaya Fransadan 624 baş şarole cinsindən olan ətlik istiqamətli damazlıq heyvan gətirilib.
Süni mayalanmanın genişləndirilməsi regionlarda heyvandarlığın inkişafına yeni təkan verəcək
Son vaxtlar respublikamızda süni mayalanmanın genişləndirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə silsilə tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev süni mayalanmanın tətbiqi ilə heyvandarlıqda yeni inkişaf mərhələsinin başladığına diqqət çəkərək vurğulayıb: “İndi biz yeni dövrə keçirik, mövcud mal-qaranın cinsini süni mayalanma yolu ilə yaxşılaşdıracağıq. Buna bir neçə il vaxt lazım olacaq”.
Süni mayalanmanın genişləndirilməsi regionlarda heyvandarlığın inkişafında ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq. Prezident İlham Əliyev bildirib ki, respublikada süni mayalanma yolu ilə heyvandarlığın inkişafı bir neçə məqsədə xidmət edir: “Burada biz bir neçə məqsədi güdürük. İlk növbədə, bundan sonra da tam şəkildə özümüzü ətlə, südlə və süd məhsulları ilə təmin edəcəyik. İkinci vəzifə - bizdə ixrac potensialı yaranır. Üçüncüsü, biz artıq örüş torpaqlarından digər bitkiləri yetişdirmək üçün istifadə edəcəyik”.
Qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Burada Avstriyadan, Almaniyadan və Rusiyadan alınıb gətirilmiş 21 baş törədici buğadan və kəldən yüksəkkeyfiyyətli toxum istehsal olunur. Süni mayalama tədbirlərinin idarə edilməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün zona baytarlıq laboratoriyaları heyvan toxumları və maye azot ilə təchiz edilir. Toxumun respublikada 13 məntəqədən paylanması təşkil edilib ki, bu da mütəxəssislərin vaxt itkisinin qarşısının alınmasına və xərclərin azalmasına imkan verir. Ümumiyyətlə, respublikada heyvanların süni mayalandırılması sahəsində artıq işlək bir mexanizm formalaşıb. Belə ki, hər rayonda və şəhərdə süni mayalama mərkəzləri yaradılıb. Süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır.
Hazırda Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşası başa çatmaq üzrədir. Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Niderlandın təcrübəsindən istifadə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, RSMM ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq, həmçinin təlim-təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bu məqsədlə mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq.
RSMM-də istifadə ediləcək törədici buğa və kəllər xarici ölkələrdən idxal olunacaq və tam qapalı şəraitdə saxlanılacaq. Yemin paylanması və mikroiqlim parametrlərinin stabilliyi avtomatik olaraq kompüterləşmiş sistem vasitəsilə idarə ediləcək.
Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada lider olan Fransanın “İMV technologies” şirkətinin istehsalıdır.
RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək. Belə ki, RSMM Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun embrion transplantasiyası laboratoriyası ilə əlaqəli şəkildə fəaliyyət göstərməklə respublikanın yerli genofonduna daxil olan, müxtəlif coğrafi-iqlim şəraitinə uyğunlaşmış və müsbət təsərrüfat göstəricilərinə malik cinslərə məxsus törədici heyvanların da saxlanılaraq onlardan alınmış genetik materialın yayılması işini də həyata keçirəcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 iyun tarixli Sərəncamı ilə bu kompleksin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına 8,4 milyon manat sərf ediləcək.
Normativ-hüquqi bazanın möhkəmləndirilməsi heyvandarlıqda intensiv metodların tətbiqinə əlavə stimul yaradır
Ölkənin regionlarında heyvandarlığın inkişafında intensiv metodların tətbiqinin genişlənməsində və məhsuldarlığın artmasında bu sahədə normativ-hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsinin böyük rolu var. Prezident İlham Əliyevin ötən il imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb. Haqqında bəhs olunan sərəncamlarda Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə maliyyə təminatının artırılması da daxil olmaqla bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət başçısının imzaladığı müvafiq Sərəncamla əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya verilməsi nəzərdə tutulub. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların verilməsi qaydaları hazırlanıb.
Regionlarda kiçik ailə heyvandarlıq təsərrüfatlarının yaradılması yaxşı təşəbbüsdür
Son illərdə respublikanın müxtəlif regionlarında heyvandarlıq sahəsində bir sıra yeni pilot layihələr həyata keçirilir ki, bu da sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Heyvandarlıq istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikrokredit layihəsi hazırlanıb. Bəhs olunan layihənin əsas məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçikhəcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılması, respublikada heyvandarlıq sahəsində təsərrüfatçılığın müasirləşdirilməsi və heyvandarlıq məhsullarının marketinqi üzrə nümunələrin yaradılmasından ibarətdir. 2015-ci ilin əvvəlində start verilən layihəyə əsasən Ağcabədi, Bərdə və İmişli rayonlarında 5-10 başlıq kiçik ailə təsərrüfatlarının yaradılmasına kreditlər ayrılır. Pilot layihə Ağcabədi rayonunda 25, Bərdə rayonunda 26, İmişli rayonunda isə 18 ailə kəndli təsərrüfatını əhatə edir. Layihə çərçivəsində bu təsərrüfatlara lizinq yolu ilə 516 baş cins heyvanın verilməsi nəzərdə tutulub. Pilot layihəyə uyğun olaraq Avstriyadan gətirilmiş 178 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar ötən il noyabr ayının sonlarında Ağcabədi rayonunun Təzəkənd kəndində yaradılmış 25 fermer təsərrüfatına verilib. Hesablamalara görə, təqdim olunan istər maddi, texniki, istərsə də praktiki dəstək sayəsində ailə-fermer təsərrüfatları qarşıya qoyulan hədəflərə çatacaq və layihənin gəlirliliyi təmin olunacaqdır. Belə ki, hər bir inəkdən sutkada 22, il ərzində isə 6700 litr süd sağılması gözlənilir. Doğulmuş buzovların 1 yaşında satılması və südlük qaramalın təsərrüfatda 3-4 il müddətinə saxlanması nəzərdə tutulur. Təsərrüfatların ehtimal olunan illik dövriyyəsinin təhlilindən göründüyü kimi, 5 başlıq təsərrüfatlarda layihənin 1-ci ili üzrə xərclər təqribən 5200, gəlir isə 13400, layihənin 2-ci ilində müvafiq olaraq 8900 və 17900, layihənin 3-cü ilində isə 8900 və 21900 manat olması proqnozlaşdırılır. Layihənin dördüncü ilindən sonrakı dövrdə nəticələrin üçüncü ildə olduğu kimi təkrarlanacağı gözlənilir. Heyvandarlıq üzrə ailə-fermer təsərrüfatları bir sıra güzəştlərlə əhatə olunublar. Layihə çərçivəsində heyvanların paylanılmasından əvvəl onlar üçün yem bazasının formalaşdırılması və müvafiq şəraitdə saxlanılması istiqamətində işlər görülmüşdür. Cəlb edilmiş ailə fermer təsərrüfatlarının seçim meyarları da məhz fermerlərin heyvandarlıq təcrübələrinə, mövcud yem bazasına və yemlik istiqamətli bitkilərin əkilməsi məqsədi ilə pay torpaqlara malik olmalarıdır. Bu məqsədlə, seçilmiş fermerlərin ərazilərində aralıq əkinlərin aparılması üçün torpağın analizi həyata keçirilib, fermerlər qarğıdalı toxumları və gübrə ilə təmin ediliblər. Heyvanların yem rasionuna uyğun yemlərin hazırlanması məqsədilə, əkilmiş qarğıdalıdan müasir metodlardan istifadə etməklə silos hazırlanması təmin edilib, bu istiqamətdə maarifləndirici işlər aparılıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qarğıdalı biçən silos avadanlığı alınaraq müvafiq rayonlarda “Aqrolizinq” xidmətlərinə təhvil verilib. Bununla yanaşı, güzəştli kredit paketi çərçivəsində heyvanların saxlanılmasını müasir tələblərə uyğunlaşdırmaq üçün xüsusi layihə əsasında, ölçüləri heyvanların sayından asılı olaraq müəyyənləşdirilməklə fermerlər tərəfindən müasir tipli tövlələr tikilib. Eyni tipli, heyvan sayına görə həcmləri fərqli olan tövlələrdə heyvanların sağlam və gigiyenik normalara uyğun saxlanılması üçün bütün məsələlər nəzərə alınıb. Layihənin fermerlərə təqdim etdiyi üstünlüklərdən biri də onların güzəştli kredit paketi çərçivəsində daimi istifadə üçün portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin edilmələridir. Bu vasitə ilə ailə-fermer təsərrüfatlarında müasir texnologiyaların tətbiqi mümkün olmuşdur. Eyni zamanda, fermerlər südün saxlanılması üçün bidonlar ilə təmin ediliblər ki, bununla məhsulun çirklənməsinin və bakteriya formalaşmasının qarşısı alınıb, eyni zamanda, süd itkisi riskləri minimuma enib. Fermerlərin layihə çərçivəsində təşkilatlanması və birgə fəaliyyət göstərməsi məqsədilə fermerlərin birliyi - kooperativi yaradılıb. Belə ki, hər üç pilot ərazidə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə süd qəbulu məntəqəsi kooperativin sərəncamında olmaq şərti ilə yaradılaraq fermerlərin istifadəsinə verilib. Hər bir məntəqə 5 ton tutumunda soyuducu çənlər və avtomatik süd analizatoru, süd daşıma qabları və portativ laboratoriya cihazları, eləcə də yuyucu və dezinfeksiyaedici vasitələrlə təchiz edilib. Kooperativin fəaliyyətinin mühüm şərtlərindən biri də istehsal edilən məhsulların marketinqinin təşkilidir. Bu məqsədlə mövcud olan potensialdan istifadə ediləcəkdir. Təsərrüfatlardan yığılan süd öncədən müəyyənləşdirilmiş məbləğdə hər gün nağd ödəniş olmaq şərti ilə məntəqəyə təhvil verilir. Məntəqədə toplanmış südün kooperativ tərəfindən emal müəssisələrinə satışı üçün süd emalı müəssisələri ilə əlaqələr yaradılıb. Ancaq ailə-fermer təsərrüfatının daxilində süd məhsullarının emalı və ailə brendi formasında məhsulların (məsələn, pendir, qatıq, ayran, dovğa və s.) istehsalı da istisna edilmir. Layihənin növbəti mərhələlərində bunlar nəzərə alınacaqdır.
“Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılan ət və ət məhsulları alıcılar tərəfindən rəğbətlə qarşılanır
Son illərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsi və idxaldan asılılığın aradan qaldırılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib, 450-dən çox müxtəlif təyinatlı emal və sənaye müəssisəsi açılıb. Bunlardan biri də “Bərəkət” Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Bərəkət” Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qayğısından bəhrələnib, Babək qəsəbəsində istehsal müəssisəsi üçün torpaq sahəsi ayrılıb. 2012-ci ilin iyun ayından burada müasir layihə əsasında yeni ət məhsulları kompleksinin tikintisinə başlanılıb və 2013-cü ilin may ayında istifadəyə verilib. Ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsim sexləri, kolbasa və sosiska istehsalı sahələri, soyuducu kameralar, iş otaqları, hazır məhsulların satışı mağazası istifadəyə verilib, kəsimə hazırlanan heyvanların saxlanılması üçün hər cür şərait yaradılıb. Ümumilikdə, müəssisənin yaradılmasına 3 milyon 248 min manat vəsait sərf olunub ki, bunun da 1 milyon 530 min manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış güzəştli kreditdir. Müəssisədə gün ərzində 100 baş iribuynuzlu, 250 baş xırdabuynuzlu heyvanların kəsimini həyata keçirmək mümkündür. Burada müxtəlif dondurucu temperatura malik 8 soyuducu kamera yaradılıb, məhsulların ticarət mərkəzlərinə çatdırılması məqsədilə soyuducu yük yeri olan 2 nəqliyyat vasitəsi alınıb. Müəssisədə iri doğranmış, paketlənmiş, çəkilmiş, eləcə də yarımfabrikat paketlənmiş ət məhsulları istehsal olunur. Kompleksdə yaradılan kolbasa istehsalı sahəsinin gündəlik istehsal gücü 2 tondur. İstifadə olunan xammalın mütəmadi olaraq laborator müayinədən keçirilməsi burada keyfiyyətli kolbasa istehsalına imkan verir. Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılan müəssisədə istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Həmçinin müəssisənin daim təzə ətlə təmin olunması üçün ayrı-ayrı rayonlarda fəaliyyət göstərən fermer və fərdi sahibkarlarla əlaqələr yaradılıb. İstehsal edilən məhsulun ayrı-ayrı ticarət obyektlərinə keyfiyyətlə çatdırılması məqsədilə alınmış soyuducu kameralı xüsusi avtomaşınlardan səmərəli istifadə edilir. “Bərəkət” Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 30 nəfər daimi işlə təmin olunub. Hazırda müəssisədə müxtəlif çeşidlərdə ət və ət məhsulları, hisə verilmiş və bişirilmiş kolbasa məmulatları, eləcə də sosiska istehsal olunur.
“Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılan ət və ət məhsulları alıcılar tərəfindən rəğbətlə qarşılanır. Ayrı-ayrı ticarət şirkətlərindən alınan sifarişlər də dadı-tamı ilə seçilən bu yerli məhsula tələbatın çox olduğunu göstərir. Kompleksdə müxtəlif çeşidlərdə ət və ət məhsullarının istehsal olunması istehlakçılara seçim imkanı yaradır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1091 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31