Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qələbədən quruculuğa: Azərbaycanın yeni liderlik mərhələsi

Qələbədən quruculuğa: Azərbaycanın yeni liderlik mərhələsi

19.09.2026 [11:00]

Azərbaycanın son illər keçdiyi tarixi yol yalnız ərazi bütövlüyünün və suverenliyin bərpası ilə məhdudlaşmır, bu yol həm də ölkənin regionda və daha geniş beynəlxalq məkanda siyasi, mənəvi və diplomatik çəkisinin əhəmiyyətli dərəcədə artması ilə xarakterizə olunur. Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərlərinin VII toplantısı və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi bu reallığın mühüm göstəricilərindən biridir.

Bu tədbirlərin eyni vaxtda Bakıda keçirilməsi təsadüfi təsir bağışlamır. Burada iki mühüm xətt birləşir: Azərbaycanın zəngin mənəvi-mədəni irsi və müasir dövlət siyasətinin yaratdığı beynəlxalq əməkdaşlıq platforması. Prezident İlham Əliyevin çıxışında da məhz bu bağlılıq xüsusi vurğulanır. Azərbaycan tarixən türk dünyası ilə Qafqaz arasında mühüm coğrafi və mədəni körpü rolunu oynayıb. Bu gün isə həmin təbii üstünlük siyasi diplomatiya və fəal beynəlxalq təşəbbüslərlə daha geniş məna qazanır.

Azərbaycanın bu prosesdə fərqləndirici cəhəti onun müxtəlif platformalarda birləşdirici və dialoqa yönəlmiş mövqe nümayiş etdirməsidir. Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi, islam həmrəyliyinin möhkəmləndirilməsi, dini və mədəni dialoqun təşviqi artıq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu siyasətin arxasında ardıcıl dövlətçilik xətti dayanır. Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Prezidentin həmin tədbiri yalnız idman yarışı deyil, müsəlman ölkələri arasında birlik və həmrəyliyin təzahürü kimi qiymətləndirməsi Azərbaycanın beynəlxalq təşəbbüslərinin mahiyyətini aydın göstərirdi. Qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Bakıda keçirilməsi isə Azərbaycanın bu istiqamətdə qazandığı etimadın növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Lakin Azərbaycanın bugünkü nüfuzunu yalnız diplomatik tədbirlərin coğrafiyası ilə izah etmək mümkün deyil; bu nüfuzun ən mühüm dayaqlarından biri ədalətin və suverenliyin bərpasıdır.

Otuz il ərzində həllini tapmayan Qarabağ münaqişəsi Azərbaycanın dövlət siyasətinin qarşısında duran ən mürəkkəb məsələlərdən biri idi. Uzun illər ərzində aparılan danışıqlar nəticə vermədi. Nəhayət, Azərbaycan öz hərbi-siyasi gücünə, xalqın birliyinə və dövlət iradəsinə əsaslanaraq ərazi bütövlüyünü təmin etdi. Burada Prezident İlham Əliyevin siyasi liderliyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır, çünki hərbi qələbə ilə siyasi nəticənin əldə olunması eyni proses deyil. Müharibədə qazanılan üstünlüyü davamlı sülhə, regional əməkdaşlığa və quruculuğa çevirmək daha mürəkkəb mərhələdir. Məhz bu mərhələdə siyasi liderliyin ikinci tərəfi - sülh diplomatiyası ön plana çıxır.

Konfrans iştirakçılarından birinin Prezident İlham Əliyevin fəaliyyətini xarakterizə edərkən səsləndirdiyi “Siz müharibədə sərkərdə olduğunuz kimi sülhdə də sərkərdəsiniz” fikri bu baxımdan diqqətəlayiqdir. Digər çıxışda isə Azərbaycan Prezidenti həm müharibədə, həm də sülh prosesində göstərdiyi liderliyə görə yüksək qiymətləndirilib. Bu qiymətləndirmələrin əhəmiyyəti ondadır ki, onlar yalnız Azərbaycan daxilindən yox, beynəlxalq dini və ictimai xadimlərin dilindən də səslənir. Qarabağ isə Azərbaycanın yeni mərhələsinin ən canlı nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə bu gün aparılan genişmiqyaslı bərpa və quruculuq işləri hərbi qələbənin real sosial nəticələrini nümayiş etdirir. Ağdamın yenidən qurulması xüsusilə simvolik məna daşıyır. Prezidentin çıxışında qeyd edildiyi kimi, bərpa prosesinə 2021-ci ildən başlanıb və ilk bərpa olunan obyektlərdən biri Ağdam məscidi olub. Artıq dağıdılmış və ya ciddi zərər görmüş 12 məscidin bərpası və yenidən qurulması həyata keçirilib. Bu faktın siyasi və mənəvi yükü böyükdür, çünki məscidin bərpası yalnız memarlıq abidəsinin yenilənməsi anlamına gəlmir; bu, dağıdılmış şəhərin, qırılmış həyatın və pozulmuş tarixi yaddaşın bərpasıdır. Daha geniş mənada Qarabağda həyata keçirilən quruculuq siyasəti Azərbaycanın dövlət modelinin mühüm xüsusiyyətini ortaya qoyur: qələbə dağıtmaq üçün deyil, qurmaq üçün qazanılıb.
Bu gün Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması bu siyasətin ən mühüm nəticələrindən biridir. Prezidentin verdiyi məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzurun artıq 48 şəhər və kəndində həyat bərpa olunub və 90 mindən çox insan həmin ərazilərdə yaşayır.
Bu rəqəmlər sadəcə statistika deyil, onların arxasında evlərinə qayıdan insanlar, açılan məktəblər, yaradılan iş yerləri, bərpa olunan məscidlər, yenidən qurulan şəhərlər və gələcəyə üz tutan həyat dayanır. Azərbaycanın siyasi uğurunun mahiyyəti də məhz burada görünür. Dövlət müharibədən sonra intiqam siyasəti deyil, quruculuq və sülh siyasəti yürüdür. Prezident çıxışında da Azərbaycan tərəfinin müharibə zamanı əsas hədəfinin hərbi birləşmələr olduğunu, mülki əhaliyə qarşı müharibə aparılmadığını vurğulayıb. Bu yanaşma Azərbaycanın qələbədən sonrakı davranışının mühüm siyasi xüsusiyyətini göstərir.

Azərbaycanın qarşısında indi yeni və daha geniş vəzifələr dayanır. Əldə edilmiş sülh imkanlarını möhkəmlətmək, regionda kommunikasiyaları inkişaf etdirmək, türk dünyası ilə inteqrasiyanı dərinləşdirmək və islam aləmində həmrəyliyi gücləndirmək. Bu baxımdan Prezident İlham Əliyevin liderliyi yalnız Azərbaycanın daxili inkişafı ilə ölçülmür, onun fəaliyyəti Azərbaycanın beynəlxalq gündəliyinin formalaşdırılmasında da özünü büruzə verir. Bakının ardıcıl olaraq müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın artıq mühüm siyasi və diplomatik mərkəzlərdən birinə çevrildiyini göstərir. Konfrans iştirakçılarının çıxışlarında da Azərbaycan “konfranslar paytaxtı” kimi xarakterizə edilir və Prezidentin liderlik keyfiyyətləri xüsusi qeyd olunur. Burada mühüm bir məqam var: Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı regional əməkdaşlıq üçün də platforma yaratmağa çalışır. Türk dövlətləri, müsəlman dünyası, Qafqaz ölkələri və digər tərəfdaşlarla münasibətlər bu siyasətin müxtəlif istiqamətləridir.

Seyid Yəhya Bakuvi irsinin müasir dövrdə yenidən gündəmə gətirilməsi də təsadüfi deyil. Qarşıdurmaların və parçalanmaların artdığı dünyada onun irsindəki mənəvi dəyərlər, dialoq və insanları yaxınlaşdıran yanaşmalar xüsusi aktuallıq qazanır. Konfrans iştirakçıları da bu irsin müasir dünyada əhəmiyyətini vurğulayıblar. Beləliklə, Bakıda keçirilən tədbirlərin siyasi və mənəvi məzmunu bir-birini tamamlayır. Bir tərəfdə Azərbaycanın qədim və zəngin mədəni irsi, digər tərəfdə isə öz mövqeyini inamla müdafiə edən müasir, güclü dövlət dayanır. Bu iki xəttin kəsişdiyi nöqtədə Azərbaycan Prezidentinin siyasi liderliyi görünür. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəlcə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, sonra qələbəni quruculuq və diplomatiya mərhələsinə daşıdı. Bu gün Qarabağda yeni şəhərlər salınır, insanlar öz torpaqlarına qayıdır, məscidlər bərpa olunur, Bakıda beynəlxalq tədbirlər keçirilir, Azərbaycan türk və islam dünyası arasında əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verir. Bu, sadəcə bir siyasi mərhələnin yekunu deyil, yeni Azərbaycanın formalaşmasıdır və həmin Azərbaycanın əsas siyasi xüsusiyyəti güclə diplomatiyanı, milli iradə ilə beynəlxalq əməkdaşlığı, tarixi yaddaşla gələcəyə baxışı bir araya gətirməsidir.

Prezident İlham Əliyevin liderliyini xarakterizə edən əsas cəhət də məhz budur: qələbəni son məqsəd kimi yox, daha böyük quruculuğun başlanğıcı kimi görmək. Azərbaycanın bugünkü reallığı göstərir ki, tarix yalnız xatırlanmır, tarix həm də yenidən qurulur. Qarabağda dirçələn həyat, Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və Azərbaycanın türk-islam dünyasında artan rolu bunun ən aydın göstəriciləridir. Qələbədən sonra qarşıda yeni məsuliyyət mərhələsi açılıb. Azərbaycan bu mərhələyə inamla qədəm qoyur. Bu inamın əsas dayaqları isə dövlətçilik iradəsi, xalq birliyi, güclü iqtisadiyyat, müdafiə qabiliyyəti və düşünülmüş xarici siyasətdir. Məhz buna görə Azərbaycanın bugünkü uğurlarına yalnız keçmiş qələbənin nəticəsi kimi baxmaq kifayət deyil. Qarabağın bərpası, Böyük Qayıdış və beynəlxalq diplomatik fəallıq Azərbaycanın qarşıdakı onilliklər üçün yeni inkişaf modelinin əsasını formalaşdırır. Bu modelin mərkəzində isə güclü dövlət, milli həmrəylik və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji siyasi xətt dayanır.

Kəramət Qənbərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının sənədlərlə iş və arxiv şöbəsinin müdiri

Paylaş:
Baxılıb: 33 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30