Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların fasiləsiz elektrik enerjisi ilə təminatı üçün mühüm addımlar atılır

Regionların fasiləsiz elektrik enerjisi ilə təminatı üçün mühüm addımlar atılır

27.04.2016 [10:06]

Son 12 ildə həyata keçirilən tədbirlər nəticəsində bölgələrin elektrik enerjisi ilə təchizatında ciddi dönüşə nail olunub
Məlum olduğu kimi, son 12 ildə paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı, məişət şəraitlərinin yaxşılaşdırılması, kommunal ehtiyaclarının dolğun şəkildə ödənilməsi ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Məhz bunun nəticəsidir ki, hazırda bölgələrin infrastruktur təminatı 12 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin sürətli iqtisadi inkişafı fonunda infrastruktur layihələrinin icra olunmasından məmnunluğunu ifadə edərək deyib: “Demək istəyirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik”.
Son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər bu ilin birinci rübündə də davam etdirilib.
Ümumiyyətlə, son 12 ildə ölkədə yeni enerji güclərinin yaradılması sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Eyni zamanda, son illərdə enerjinin abonentlərə çatdırılması sahəsində də əhəmiyyətli dönüş yaranıb. Aparılan texniki yenidənqurma və maddi-texniki təchizatın gücləndirilməsi sayəsində artıq Bakı şəhərində abonentləri ən çətin hava şəraitində belə yüksək keyfiyyətli enerji ilə təmin etmək mümkün olur. Prezident İlham Əliyev isə qarşıya bölgələrin də enerji təminatını Bakının səviyyəsinə çatdırmaqla bağlı vəzifə qoyub. Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasında bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək”.
Bu məqamda qeyd edək ki, dövlət başçısının tövsiyə və tapşırıqlarına müvafiq olaraq “Azərişıq” ASC-nin Region Elektrik şəbəkələri tərəfindən istehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bu istiqamətdə şəbəkələr üçün tikilmiş yeni binalar da xüsusi əhəmiyyət kəsb edir. Səhmdar Cəmiyyətdən KİV-ə verilən məlumata görə, 2015-ci ildə respublikamızın 18 rayonunda - Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda, cari ilin əvvəlində isə Göyçay və Biləsuvar rayonları, Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikilərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verilib.
Bu istiqamətdə növbəti addım isə martın 29-da atılıb. Həmin tarixdə “Şimal Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsi Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binası abonentlərin istifadəsinə verilib. Məlumat verilib ki, binanın tikintisinə 2015-ci ilin ortalarında başlanılıb. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli binada 13 iş otağı, iclas zalı, qonaq otağı, mətbəx və yardımçı otaqlar yerləşir. İnzibati binada işçilərin normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb, otaqlar ofis mebeli, zəruri texniki avadanlıq, kompyuter və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Yeri gəlmişkən, “Azərişıq” ASC yaranan gündən reabilitasiya planına əsasən Şəki Elektrik Şəbəkəsində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0,4 kV-luq şəbəkələrin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb. Eyni zamanda, Şəki rayonunda elektrik tələbatçılarını dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün 2016-cı il ərzində 110/35/10 kV-luq “Cəfərabad”, 35/10 kV-luq “Köbər-Zəyzid” yarımstansiyalarının, 35 kV-luq Taxılçılıq, 35 kV-luq Şəki-Çeşməli, 35 kV-luq Cəfərabad - Çeşməli hava xəttinin (ümumilikdə 43.4 km) yenidən qurulması, 10 kV-luq Aydınbulaq, 10 kV-luq İnçə-Zunut, 10 kV-luq Qudula, 10 kV-luq Cumakənd, 10 kV-luq B.Zəyzid hava xətlərinin (ümumilikdə 153.93 km) qurulması, 48.8 km ÖİN xəttinin çəkilməsi və 30 ədəd müxtəlif gücdə KTM quraşdırılması nəzərdə tutulub.
Aprelin 14-də isə “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə yeni inzibati bina Xızı rayonunda tikilib və abonentlərin istifadəsinə verilib. Məlumat verilib ki, əməkdaşların səmərəli fəaliyyəti üçün bütün texniki şəraiti olan ofis binasının iş otaqları energetika sahəsinin avadanlığı ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq, burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.
Ümumiyyətlə, ötən il reabilitasiya planına əsasən Xızı Elektrik Şəbəkəsində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 35;10(6);0,4 kV-luq şəbəkələrin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb. Bu ilin ilk üç ayı ərzində isə 1,8 km SİP kabel çəkilib, 39 ədəd 0.4 kV-luq, 19 ədəd 6-10 kV-luq dayaqlar basdırılıb, 26 ədəd 0,4 kV-luq, 24 ədəd 6-10 kV-luq dayaqlar rənglənib, 51 ədəd sayğac quraşdırılıb, 3 ədəd transformator təmir olunub. Eyni zamanda, 2016-cı ildə Xızı rayonu ərazisində ümumi uzunluğu 44 km təşkil edən 35 kV-luq “Quşçuluq-2” və “Altıağac-Siyəzən”, 6-10 kV-luq ümumi uzunluğu 69,4 km olan, Baxışlı, Şurabad, Ağdərə, Bəyəhmədyurd, Altıağac hava xətlərinin əsaslı təmiri planlaşdırılıb,15 ədəd yeni KTM-in quraşdırılması və 21 km-ə yaxın yeni ÖİN (SİP) xətlərinin çəkilməsi nəzərdə tutulub.
Regionlarda sözügedən istiqamətdə əldə edilən uğurlardan söz düşmüşkən mart ayında “Səngəçal” Elektrik Stansiyasında (ES) 101,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Cari ilin birinci rübündə isə burada istehsal edilən elektrik enerjisinin həcmi 343,4 milyon kilovat-saata yaxın olub. Avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində stansiyanın digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
Mart ayında həmçinin “Göyçay-1” kiçik su elektrik stansiyasında (KSES) 400 min kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. 2016-cı ilin I rübündə isə burada elektrik enerjisi istehsalı 746 min kilovat-saatdan artıq olub. Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş bu stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir.
Bundan başqa, “İsmayıllı-1” kiçik su elektrik stansiyasında (KSES) 2016-cı ilin birinci rübü ərzində 1,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Mart ayında isə burada elektrik enerjisi istehsalı 421 min kilovat-saata yaxın olub. İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən bu stansiyanın ümumi layihə gücü 1,6 meqavat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 kilovoltluq yarımstansiya tikilib və elektrik ötürücü xətlər çəkilib. Yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3,2 meqavat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Bu KSES ildə 8 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir.
Səhmdar Cəmiyyətdən verildən məlumata görə, kiçik çaylarda stansiyaların tikintisi davam etdirilir. Gücü 1,5 meqavat olan “Balakən-1” KSES istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir. Gücü 1,6 meqavat olan “İsmayıllı-2”, gücü 0,3 meqavat olan “Astara-1”, ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir.
Bir sözlə, görünən odur ki, aparılan yenidənqurma işləri rayonların elektrik enerjisi təchizatı sahəsində əsaslı dönüş yaradıb və bu iş davamlı xarakter daşıyır. Fiziki və mənəvi cəhətdən öz istismar müddətini başa vurmuş transformatorlar yeniləri ilə əvəz edilir. Eyni zamanda, elektrik enerjisi itkisinə səbəb olan elektrik naqilləri dəyişdirilərək kabellərlə, çürümüş, yararsız vəziyyətdə olan ağac dirəklər dəmir-beton dirəklərlə əvəz olunur. Məhz bunun nəticəsində də rayonların mərkəzində, kənd və qəsəbələrində enerji təchizatı günbəgün yaxşılaşır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1280 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31