Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir, müttəfiqlərdir

Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir, müttəfiqlərdir

26.04.2018 [09:17]

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfər edib
Aprelin 25-də Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.
Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.
Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olunub. Münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Ölkələrimizin birlikdə həyata keçirdikləri qlobal əhəmiyyətli layihələrin əhəmiyyəti xüsusi qeyd edilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.
Dövlət başçıları iclasda çıxış ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı: “Əziz qardaşım, dəyərli nümayəndə heyətinin üzvləri.
Əvvəlcə, əziz qardaşım cənab İlham Əliyevə və dəyərli nümayəndə heyətinin üzvlərinə bir daha ölkəmizə “Xoş gəlmisiniz!” deyirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasının ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzu edirəm.
Cənab İlham Əliyevi prezident seçkilərindən sonrakı ilk rəsmi xarici səfərində Ankarada qonaq etməkdən məmnunluq hissi keçirirəm. Cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən də, inşallah, prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana edəcəyəm. Bunun bir ənənə halı alması da münasibətlərimizin müstəsnalığını açıq şəkildə ortaya qoyur. Zati-alinizin seçkilərdə qazandığı 86 faiz səs Azərbaycan xalqının Sizə olan etibarını nümayiş etdirdi. Bu etibar şübhəsiz ki, əsassız deyil. Prezident olduğunuz ötən 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəmdir. Qarşıdakı illərdə də Azərbaycanın uzaqgörən liderliyinizlə müstəqilliyindən bəri qət etdiyi yolu dəfələrlə artıracağına olan inamım tamdır.
Dəyərli nümayəndə heyətinin üzvləri, bir az əvvəl qardaşım Prezident İlham Əliyevlə keçirdiyimiz təkbətək görüşdə ikitərəfli münasibətlərimizin önəmini qeyd edərək, bundan sonra atılacaq addımlar haqqında fikir mübadiləsi apardıq. Eyni şəkildə nazirlərimiz də bir-biri ilə görüşərək öz planlarını müzakirə etdilər.
Aramızdakı qardaşlıq əlaqələrini real layihələrlə daha da gücləndirmək əzmindəyik. Ötən il açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu mənada çox önəmlidir. Bu dəmir yolu xəttinin funksional və davamlı istifadəsi ilə bağlı gördüyümüz işlər davam edir. Bu işləri tez bir zamanda bitirməliyik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu dəmir yolu xəttinin daha da məhsuldar işləməsi üçün əlimizdən gələni etməliyik. Transanadolu təbii qaz boru kəməri - TANAP prioritet layihələrimizdən biridir. Enerji sahəsindəki əməkdaşlığımızın zirvəsi olan bu layihənin açılışı, inşallah, bu ilin iyun ayında olacaq. Məlumdur ki, iyunun 24-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Ona görə, əgər açılışı iyunun əvvəllərində etsək, bu, həm Türkiyəyə, həm də dünyaya səs salacaq. Digər irihəcmli layihə olan Cənub Qaz Dəhlizi ölkələrimizlə yanaşı, bölgəmizə və Avropaya da rifah gətirəcək və enerji təhlükəsizliyinə çox böyük töhfə verəcək. Digər tərəfdən, “Star” neft emalı zavodunun da tikintisi tamamlanacaq. Beləliklə, Azərbaycan Türkiyəyə ən böyük sərmayə yatıran ölkə olacaq. Buna görə də şəxsən öz adımdan və xalqım adından Sizə təşəkkür edirəm. Məlum olduğu kimi, Türkiyənin Azərbaycanda lap əvvəldən neft sektorunda ən böyük investor olması təsadüfi deyil. Ancaq bunları qəti şəkildə kafi hesab etmirik və bu əməkdaşlığı daha da genişləndirmək üçün əlimizdən gələni edirik.
Bir neçə il əvvəl qarşıya qoyduğumuz ticarət hədəflərinə hələ ki, çata bilməmişik. Bunda qarşılıqlı münasibətlərimizdən asılı olmayaraq, dünyada baş verən qlobal iqtisadi hadisələrin də rolu var. Güzəştli ticarət sazişinin tezliklə imzalanması ticarətimizin bərabər rəqabət şərtləri çərçivəsində aparılması üçün çox böyük önəmə malikdir. Bu gün güzəştli ticarət sazişinin imzalanması ilə bağlı Anlaşma Memorandumunun imzalanacağından məmnunluq duyuruq.
Dəyərli qardaşım, dostluq və qardaşlıq əlaqələrimiz yalnız bu günün məhsulu deyil. Biz tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlətik. Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmdən xilas etmək üçün Azərbaycana gedərkən bu düşüncə ilə hərəkət edib. Qafqaz İslam Ordusunun 1918-ci ildə apardığı və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bugünkü Azərbaycanın müstəqilliyinin təməllərinin atılmasına da töhfə verib. Azərbaycanın müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyimiz bu il ərzində Qafqaz İslam Ordusu şəhidlərinin də xatirəsini layiqli şəkildə yad etmək üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.
Biz Türkiyədə hər zaman “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək hərəkət edirik və dar gündə də, yaxşı gündə də qardaşlarımızın yanındayıq. Azərbaycanda da bu vəziyyət eynidir. Bu baxımdan FETÖ, PKK, PYD, YPG, İŞİD terror qruplaşmaları ilə mübarizəmizdə heç vaxt dəstəyini əsirgəməyən Azərbaycan xalqına xüsusilə təşəkkür edirəm. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatını həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı öz mübarizəsi hesab edib. Orada canını qurban verən şəhidlərimiz üçün duyduğunuz üzüntünü, qazandığımız uğurlara görə də keçirdiyiniz sevinc hisslərini də təqdir edirik. Biz də Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə öz problemimiz, orada yaşanan faciələri öz faciəmiz hesab edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində təcili həlli ən böyük arzumuzdur. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan müzakirələr prosesini dəstəkləyirik. Ancaq bu prosesin 25 ildir münaqişənin həllində heç bir nəticə verməməsi və beynəlxalq təşkilatların müvafiq qərarlarının icra olunmaması yolverilməz haldır. Bu məsələdə Azərbaycana göstərdiyimiz dəstək bundan sonra da eyni qətiyyətlə davam edəcək.
Dəyərli qardaşım, Sizi və nümayəndə heyətinizi vəzifəyə yenidən seçildikdən sonra ilk rəsmi xarici səfərinizdə Türkiyədə qəbul etməkdən duyduğum məmnunluq hissini bir daha vurğulamaq istəyirəm.
Cənab Prezident, çıxış etmək üçün sözü Sizə verirəm, buyurun”.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı: “Çox sağ olun, əziz qardaşım.
Hörmətli Prezident, əziz dostlar.
İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm.
Mən yenidən qardaş ölkədə olmağımdan çox məmnunam. Siz də qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra bu, mənim ilk xarici səfərimdir. Seçkilərdə qazandığım qələbə münasibətilə məni ilk təbrik edən də əziz qardaşım Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu təbrik bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir, müttəfiqlərdir.
İki həftə bundan əvvəl seçkilər keçirildi. Bir həftə bundan əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumət tam formalaşdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşümüz olmuşdur. Biz bir çox məsələləri müzakirə etdik. Bu gün də geniş tərkibdə bu müzakirələri davam etdiririk.
Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli işində həmişə bizim yanımızda olmuşdur. Biz də öz növbəmizdə bütün məsələlərdə Türkiyənin yanındayıq. Hörmətli Prezidentin də qeyd etdiyi kimi, terrora qarşı mübarizədə, “Zeytun budağı” əməliyyatının aparılmasında həmişə Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub. Bu, bizim qardaşlıq borcumuzdur. Bu qarşılıqlı dəstək və bu qədər güclü iş birliyi ölkələrimizi gücləndirir və bölgədə yeni vəziyyət yaradır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ikitərəfli formatdan çıxıb, artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir. Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək.
Əlbəttə, bizi birləşdirən tarix, mədəniyyət, etnik köklər, dindir. Eyni zamanda, bu gün bizi birləşdirən ortaq maraqlardır. Hörmətli Prezidentin qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz layihələr artıq bizi gücləndirir və dünyada yeni vəziyyət yaradır.
Biz yaxın gələcəkdə TANAP-ın açılışını qeyd edəcəyik. Xatırlayıram ki, dörd il bundan öncə TANAP layihəsinin imzalanması mərasimi İstanbulda keçirilmişdir. Biz bu tarixi layihəni başa çatdırırıq. Bakı-Tbilisi-Qars dəmir yolu artıq fəaliyyətdədir. Bundan sonra biz çalışacağıq ki, yüklərin daşınması daha böyük həcmlə ölçülsün. Nəqliyyat və energetika sahəsində bizim iş birliyimiz bölgədə yeni vəziyyət yaradır.
Qarşılıqlı sərmayə qoyuluşu bizi sevindirir. Həm Türkiyə Azərbaycana, həm də Azərbaycan Türkiyəyə böyük sərmayələr qoyur və bu, bir daha bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir.
Mədəniyyət sahəsində, təhsil sahəsində gözəl əməkdaşlıq var. Müdafiə sənayesi sahəsində, müdafiə sahəsində əməkdaşlıq dərinləşir, birgə təlimlər keçirilir. Biz hörmətli Prezident ilə bugünkü görüşdə bu məsələyə də xüsusi diqqət yetirdik və qərara gəldik ki, həm ikitərəfli, həm də çoxtərəfli təlimlərdə birlikdə iştirak edək.
Biz Türkiyənin müdafiə sənayesinin məhsullarından bəhrələnirik. Türkiyə çox inkişaf etmiş müdafiə sənayesi yaratmışdır. Azərbaycan öz hərbi gücünü, o cümlədən Türkiyədən alınan silahlar hesabına artırır.
Bir sözlə, bizim əlaqələrimiz bütün sahələri əhatə edir və gündən-günə daha da güclənir. Əminəm ki, budəfəki səfərim və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası bizim əlaqələrimizə yeni nəfəs, yeni təkan verəcək. Qonaqpərvərliyə və hörmətə görə bir daha Sizə minnətdaram”.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı: “Əziz qardaşım, cənab İlham Əliyev.
Hörmətli nümayəndə heyətlərinin üzvləri, dəyərli mətbuat nümayəndələri.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası münasibətilə Ankarada qəbul etməkdən böyük məmnunluq hissi duyuram.
Dəyərli qardaşıma və nümayəndə heyətinə şəxsən öz adımdan və xalqım adımdan “Xoş gəldiniz!” deyirəm.
Bildiyiniz kimi, cənab İlham Əliyev aprelin 11-də keçirilmiş və böyük səs çoxluğu ilə qələbə qazandığı prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə edir. Bu rəsmi səfər münasibətilə xalqım adından xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
İlk növbədə, bu uğur münasibətilə hörmətli Prezident İlham Əliyevi təbrik edirəm. İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə “Can Azərbaycan” inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək.
İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir.
Xatırladığınız kimi, mən də Prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana etmişdim. Bunun ənənə halı alması aramızdakı qardaşlıq əlaqələrinin ən gözəl, ən konkret nümunəsidir. İnşallah, iyunun 24-dən sonra mən də ilk xarici səfərimi Azərbaycana etmək niyyətindəyəm.
Dəyərli mətbuat nümayəndələri, bu gün cənab İlham Əliyevlə həqiqətən səmimi müzakirələr apardıq. Əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz oldu. Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə nazirlərimiz apardıqları təkbətək görüşlər barədə bizə məlumat verdilər. Həm iclasın əvvəlində, həm də sonunda biz liderlər öz fikirlərimizi bildirdik.
Ötən il oktyabrın 30-da - Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasından əvvəl Azərbaycanın paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını etdik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu xəttin səmərəli şəkildə istifadəsi istiqamətində işlərimiz davam edir. İnşallah, bu fəaliyyətimizi çox qısa müddətdə başa çatdıracağıq. Gələcək üçün yeni layihələrimiz var, onları da həyata keçirəcəyik. Təbii ki, bunlardan ən mühümü iqtisadi sahədə milli valyutaya keçməyimiz olacaq.
Bununla yanaşı, yenə də birlikdə həyata keçirməyi nəzərdə tutduğumuz layihələr var ki, bunlar çox əhəmiyyətlidir. Təbii ki, hazırda önümüzdəki ən böyük layihə məlumdur. Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq. Bu, seçkiöncəsi həm xalqımıza, həm də bütün dünyaya bizim ən yaxşı müjdəmiz olacaq.
Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Digər tərəfdən, hazırda İzmirin Əliağa rayonunda inşası davam edən “Star” neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq. İnşallah, onun da açılışını sentyabr-oktyabr aylarında yenə qardaşımla birgə edəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq. İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir. Burada ən mühüm məqsəd müdafiə sənayesi sahəsində birlikdə atacağımız addımlar olacaq.
Təbii ki, bu gün əslində önəmli bir addım atdıq. Preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumunun imzalanmasından böyük məmnunluq duyduğumu xüsusi vurğulamaq istəyirəm. İnanıram ki, memorandumu qısa müddətdə həyata keçirəcəyik. İkitərəfli əlaqələrimizlə yanaşı, Azərbaycanla birlikdə Gürcüstan, Türkmənistan, İran və Pakistanla yaratdığımız üçtərəfli əməkdaşlıq formatı da çox mühüm əhəmiyyət kəsb edir. Bu formatlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq layihələrin davam və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Dəyərli mətbuat nümayəndələri, 2018-ci il mayın 28-də 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. Bu yubiley münasibətilə bütün Azərbaycan xalqını indidən təbrik etmək istəyirəm. Eyni zamanda, bu müstəqilliyin möhkəmlənməsində və Azərbaycanın sərhədlərinin müəyyənləşməsində töhfəsi olan Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb. 2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımi hazırlıq işləri görür. “Bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu kəlama görə Heydər Əliyevi rəhmətlə anırıq. Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çanaqqala dastanında Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid oluruq. Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortaq mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afrində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı il 15 iyun xain dövlət çevrilişi cəhdindən dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub.
Azərbaycan bu gün başda “FETÖ” olmaqla, terror təşkilatları ilə mübarizəmizdə bizə ən çox dəstək verən ölkədir. Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu. Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığımızı da gücləndirməkdə qərarlıyıq.
Dəyərli qonaqlar, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası həm aramızdakı əlaqələrimizin müzakirə edilməsi, həm də mühüm qərarların verilməsi baxımından son dərəcə faydalı oldu. Bir az əvvəl imzalanan sənədlər bunun təsdiqidir. Burada müzakirə etdiyimiz bütün məsələləri həyata keçirməyə çalışacağıq və strateji münasibətlərimizi daha da genişləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Bu düşüncələrlə qardaşım cənab İlham Əliyevə və nümayəndə heyətinə bir daha “Türkiyəyə xoş gəldiniz!” deyirəm. Buradan bütün azərbaycanlı qardaşlarımı ən səmimi duyğularla salamlayıram”.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Əziz qardaşım, hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Siz qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbiidir. Siz də qeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir.
Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olmuşdur. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşləri başladıq, bu gün davam etdik. Bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır.
İlk növbədə, əziz qardaşımı və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz - Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir. Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Fürsətdən istifadə edərək, əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın.
Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəkləyir, Türkiyənin terrorla mücadilə yolunda hər zaman həmrəylik göstərmişdir, hər zaman Türkiyənin yanında olduğunu ifadə etmişdir. “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı bütün qardaş türk xalqını təbrik edirəm. Azərbaycan xalqı bu məsələdə də hər zaman həmrəylik göstərmişdir. Bu, bizim ümumi məsələmizdir.
Bu gün Türkiyə və Azərbaycan bizim bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir. Əziz qardaşımın dediyi kimi, Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq.
Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoymuşdur. Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın, “Star” neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Onu da qeyd etməliyəm ki, Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan “Petlim” limanı inşa edilibdir. Bu, Türkiyənin üçüncü böyük limanıdır. Biz bu gün güzəştli ticarət anlaşmasının imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaqdır.
Müdafiə sahəsində birgə hərbi təlimlər həyata keçirilir. Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi vardır və biz ordumuzun ehtiyacını, o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur.
Biz bütün sahələrdə - mədəniyyət, təhsil, incəsənət, humanitar sahələrdə daim birlikdəyik. Bizi birləşdirən qədim tarix var, bizi birləşdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq.
Əziz qardaşım, böyük diqqətə və qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram, qardaş türk xalqına daim rifah və tərəqqi arzulayıram. Sağ olun”.
* * *
Aprelin 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31