Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Mehriban Əliyevanın təşəbbüsü ilə...

Mehriban Əliyevanın təşəbbüsü ilə...

03.09.2026 [10:54]

TƏBİB sistemində 72 mindən çox tibb işçisi əməkhaqqı artımına sevinəcək

Azərbaycan sosial dövlətdir və hər zaman öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Ölkəmizdə kifayət qədər geniş əhatə dairəsinə malik olan sosial siyasətin ən mühüm istiqamətlərindən biri kimi səhiyyə sisteminə mütəmadi qaydada dövlət qayğısı göstərilməsi bunun əyani təsdiqidir. 

Bu siyasətin davamı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Öz növbəsində  Prezident İlham Əliyev bu təşəbbüsü müsbət qarşılayıb və icrası ilə bağlı müvafiq tapşırıq verib.

Müstəqil Azərbaycanda müasir səhiyyə infrastrukturunun qurulması böyük nailiyyətdir

Ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Sahənin spesifikliyi nəzərə alınaraq bu sahədə həyata keçirilən islahatlar barədə qərarlar qabaqcıl dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla verilir və bir-birini tamamlayır. Əsas hədəf isə əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətini yüksəltmək, əlçatanlığı artırmaq və vətəndaş məmnunluğunu təmin etməkdir. Qısa müstəqillik tarixində respublikamızda müasir səhiyyə sisteminin formalaşdırılması, sahənin inkişafını şərtləndirən möhkəm hüquqi baza yaradılması, müxtəlif illəri əhatə edən Dövlət proqramlarının həyata keçirilməsi və əlbəttə ki, yüksəksəviyyəli infrastruktur qurulması böyük uğurdur.

Son 22 ildə böyük həcmlərdə vəsait qoyuluşu hesabına respublikamızda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Belə tədbirlər sırasında ölkə üzrə yeni müasir xəstəxanaların tikilməsini, mövcud səhiyyə müəssisələrinin əsaslı şəkildə yenidən qurulmasını, kadr hazırlığına diqqətin artırılmasını xüsusi qeyd edə bilərik. Bəhs olunan dövrdə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Bu gün ölkəmizdə “Talassemiya” Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Yeni Klinika, ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmətlər göstərir.

Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Bəhs olunan dövrdə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika-müalicə mərkəzi inşa edilib, təxminən 30 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Paytaxtda və ayrı-ayrı regionlarda yeni xəstəxanaların inşası və yaxud mövcud tibb müəssisələrinin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Beləliklə, ancaq bölgələrdə təxminən 70 müasir tibb ocağı istifadəyə verilib. Eyni zamanda, bütün ölkə üzrə yaradılan müasir tibb ocaqlarının maddi-texniki bazası da kifayət qədər yüksək səviyyədədir - onların hamısında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan yüksək səviyyəli avadanlıqlar quraşdırılıb ki, bu da müxtəlif xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və səmərəli şəkildə müalicəsinə imkan verir.

Eyni zamanda, səhiyyə sitemində ciddi institusional islahatlar həyata keçirilir ki, bu da ilk növbədə insanlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın təmin olunması məqsədi daşıyır. Sığorta sisteminin tətbiqi bu sahədə ən böyük islahat tədbirlərindəndir. İcbari tibbi sığorta üzrə xidmətlər zərfi paketinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin tibbi-sanitariya, ambulator və stasionar xidmətlər, funksional-diaqnostik və laborator müayinələr, fizioterapiya, cərrahi əməliyyatlar və dərman təminatı daxildir. Hər kateqoriya üçün məqsədəuyğun şərtlər, göndəriş qaydaları və xidmət provayderləri siyahısı agentliyin rəsmi portalında yerləşdirilib. Xidmətlər zərfi 3 min 344 tibbi xidməti əhatə edir ki, bu da ölkənin səhiyyə potensialının geniş spektrini tamamlayır. Xüsusi olaraq qeyd olunmalıdır ki, xidmətlər zərfinə mütəmadi olaraq yeni tibbi xidmətlər əlavə edilir.

Respublikamızda Prezident İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli müvafiq fərmanı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaradılması əhaliyə göstərilən səhiyyə xidmətlərinin səmərəliliyini artırmaq məqsədi daşıyır. TƏBİB-in fəaliyyətinin əsas hədəfi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin yüksək səviyyədə  təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətlərini də xüsusi vurğulamaq lazımdır. Belə ki, fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında, infrastruktur quruculuğunda bir çox böyük layihələrə imza atıb.

Tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan növbəti mühüm addım

Yüksək diqqət göstərilən ən vacib istiqamətlərdən biri də kadr hazırlığı məsələsidir. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2030-cu ildə dünya üzrə tibb işçilərinin çatışmazlığı 11 milyon nəfərə çatacaq. Azərbaycanda hər 10 min əhaliyə düşən həkim sayı 34,5-dir ki, bu say səhiyyə sisteminin qarşısında duran ehtiyacları təmin edən bir rəqəmdir. Qarşıda duran çağırış isə bu sayın regionlar üzrə qeyri-bərabər bölünməsi və disproporsiyanın olmasıdır. Bakı, Gəncə, Sumqayıt, Abşeronda bu say səhiyyə sistemini qane edir. Hətta Bakıda hər 10 min nəfərə 101,7 həkim düşür.

Hazırda region xəstəxanalarında kadrların optimal yerləşdirilməsi və ölkə üzrə tibb işçilərinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü və dövlətimizin başçısının dəstəklədiyi təşəbbüs ölkəmizdə tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti mühüm addımdır.

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, tibb işçilərinin sosial rifahının gücləndirilməsinə və yeni əməkhaqqı mexanizmlərinin tətbiqinə yönəldilən əlavə maliyyə təminatını əks etdirir.

Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla differensiallaşdırılacaq. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar, nəzərdə tutur. O cümlədən regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq olunacaq. Bu mexanizmlər həkimlərin regionlara cəlb olunmasına və tibbi xidmətlərə əlçatanlığın artırılmasına xidmət edir

Qeyd edək ki, son illərdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib: 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə maaşlar artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artımı ilə əlaqədar növbəti yüksəlişlər olub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evləri işçilərinin tarif maaşlarına isə 1,5-3 dəfə artım əmsalları tətbiq edilib. Yeni islahat bu prosesin davamıdır. İslahatın əsas məqsədləri aşağıdakılardır:

- Tibb işçilərinin sosial rifahının gücləndirilməsi,

- Peşənin cəlbediciliyinin artırılması,

- Regionlarda kadr təminatının yaxşılaşdırılması,

- Vətəndaş məmnunluğunun yüksəldilməsi.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30