Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xalq-dövlət birliyi heç vaxt sarsılmamalıdır!

Xalq-dövlət birliyi heç vaxt sarsılmamalıdır!

21.07.2026 [11:40]

İlham Əliyev: Ancaq özümüzə və dövlətə güvənməliyik

Bu günlərdə uğurla başa çatan IV Şuşa Qlobal Media Forumu artıq tarix olsa da, onunla bağlı təəssüratlar, tədbirdə ifadə olunan fikirlər və irəli sürülən təşəbbüslər hələ uzun müddət bundan sonra da müzakirə mövzusu olaraq qalacaq. Forumu əlamətdar edən ən mühüm amil isə, heç şübhəsiz ki, Prezident İlham Əliyevin sualları cavablandırarkən Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə mühüm mesajlar verməsi oldu. Bu mesajlar həm ölkə, həm də qlobal gündəliyə aiddir və yaranan yeni çağırışlarla adekvatlıq təşkil edir. Dövlətimizin başçısı cavablarında, həmçinin Azərbaycandakı dünyada analoqu olmayan həmrəylik mühiti ilə bağlı məmnunluğunu ifadə edərək gələcəklə bağlı Özünün dəyərli tövsiyələrini verib.

Azərbaycan xalqına xüsusi hörmətin növbəti ifadəsi

Şuşa Qlobal Media Forumunda jurnalist Prezident İlham Əliyevdən dünya və Azərbaycan ictimaiyyətinə hansı müraciətlə üz tuta biləcəyini soruşur. Prezident İlham Əliyev isə özünə xas olan təvazökarlıqla diqqətə çatdırır ki, Onun müraciəti ancaq Azərbaycan xalqına ola bilər. Bu, dövlətimizin başçısının Azərbaycan xalqına xüsusi hörmətinin və ehtiramının növbəti ifadəsidir. Dövlətimizin başçısı 2003-cü ildən etibarən məhz xalqın dəstəyini qazanmaqla prezident seçkilərinin dəyişməz qalibi olub. O, Prezident kimi öz dayaqlarını hansısa dairələrdə, güc mərkəzlərində axtarmır. İlham Əliyevin güvəndiyi yeganə dayaq Azərbaycan xalqıdır və cəmiyyətin verdiyi sosial sifarişlər Onun ali kürsüdə fəaliyyətinin əsas istiqamətlərinin formalaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyev dövlət başçısı kimi çalışdığı 23 ilə yaxın müddət ərzində hər zaman ölkə üçün zamanın tələbinə uyğun ümummilli ideyalar müəyyənləşdirib və çox sevdiyi xalqı da bu ideyalar ətrafında səfərbər etməyi bacarıb. Ötən 23 ili mahiyyət etibarı ilə üç mərhələyə bölə bilərik: İşğal dövrü, İkinci Qarabağ müharibəsi günləri və postmüharibə mərhələsi. Hər üç mərhələnin çağırışları bir-birindən fərqlənir. İlham Əliyevin böyüklüyü və müdrikliyi ondadır ki, O, ölkə siyasətinin istiqamətlərini müəyyənləşdirərkən hər mərhələnin çağırışlarının prioritetliyini önə çəkməyi və milli gücü həmin çağırışlar ətrafında konsolidasiya etməyi bacarıb. Hər üç mərhələdə Prezident İlham Əliyev Onun fəaliyyətini səciyyələndirən dörd qızıl qaydaya əməl etməklə mühüm qərarlar verib. Bunlar aşağıdakılardır:

 -Vaxtı düzgün seçmək: Hər bir qərarın və addımın reallaşması üçün ən optimal zamanı dəqiqləşdirmək.

-Avantüraya getməmək:

Riskli, təhlükəli və əsaslandırılmamış hərbi və ya siyasi macəralardan qaçmaq.

- Ölkəni risk altına salmamaq: Dövlətin və xalqın təhlükəsizliyini qorumaq, manevr imkanlarını qoruyub saxlamaq.

-Maksimum uğura nail olmaq: Hərəkətlərin yekununda Azərbaycanın milli maraqlarına tam cavab verən ən yüksək nəticəni əldə etmək.

Fərqli dövrlər, fərqli müraciətlər

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda fərqli dövrlərdə Azərbaycan xalqına etdiyi fərqli müraciətləri xatırladıb. İşğal dövründə Onun müəyyənləşdirdiyi əsas ümummilli ideya ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə bağlı idi. Ayrı-ayrı beynəlxalq təşkilatlar, bəzi güc mərkəzləri Azərbaycana təzyiq göstərməklə keçmiş status kvonun sonsuzluğadək saxlanmasına nail olmağa çalışırdılar. Bizə işğalla barışmağı təlqin edirdilər, bildirirdilər ki, münaqişənin güc yolu ilə həllinə cəhd göstərmək əbəsdir.

İlham Əliyev isə xalqa müraciətlərində cəmiyyətimizə inam aşılayırdı ki, biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik, qaçqın və məcburi köçkün soydaşlarımızı mütləq öz dədə-baba yurdlarına qaytaracağıq. Prezident İlham Əliyev bu vədləri verməklə yanaşı, həm də ölkəni gücləndirdi, qarşıda duran istənilən vəzifəni yerinə yetirməyə qadir olan müasir Ordu formalaşdırmağa nail oldu. Elə bir Ordu ki, cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu, 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğalçılardan təmizlədi. 

Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin xalqa müraciətləri həm qələbə əhval-ruhiyyəli idi, həm də cəmiyyəti daha sıx birliyə səsləyirdi. Bu müraciətlərə cavab olaraq Azərbaycan cəmiyyəti bir yumruq kimi Ordu və Prezident ətrafında birləşdi. Müharibənin ilk günlərindən  50 siyasi partiyanın bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, 2020-ci il oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib və müzakirələr aparılıb. Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Bəhs olunan müraciətdə Ermənistanın son 30 ildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb, bu silahlanmanın əsasən, Azərbaycana qarşı yönəldiyi və yeni ərazilərin işğal edilməsi ilə bağlı olduğu vurğulanıb. Bu birlik möhtəşəm qələbələrimizin qazanılmasında mühüm rol oynadı.

Postmüharibə dönəmində Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri quruculuqla, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlıdır. Müharibə başa çatandan sonra ermənilər və qələbələrimizi sinirə bilməyən dairələr iddia edirdilər ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud buna uzun zaman lazım gələcək. Qalib Azərbaycan isə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında azad ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. Güclü Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev 30 il məşəqqətli həyat yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını tez və ləyaqətli şəkildə təmin etmək əzmindədir. Yeni strateji mərhələdə Böyük Qayıdış Azərbaycanın 5 mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Hazırda bu prioritetə uyğun olaraq azad ərazilərin məskunlaşdırılması uğurla davam etdirilir. Artıq bu yerlərdə təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır.

Azərbaycan bütün uğurlarına öz gücü ilə nail olub. Biz bundan sonra ölkəmizi daha qüdrətli etməliyik.  Prezident İlham Əliyev Şuşadan xalqa çağırış edərək bildirib ki, ancaq özümüzə güvənməliyik və dövlətə güvənməliyik. “Birlik heç vaxt sarsılmamalıdır. Nə üçün mən bunu deyirəm? Bəlkə də bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik - həm qəlbən, həm də necə deyərlər, fikir olaraq.

Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün”, deyə dövlətimizin başçısı vurğulayıb.

Gənclərə gələcəklə bağlı xitab

Düynada dövlətlər fərqlidirlər. Bəzi dövlətlər öz problemlərini başqalarının köməyi ilə həll etməyə öyrəşiblər və başqa cür yaşamaq iqtidarında deyillər. Belə dövlətlər uğursuz dövlətlərdirlər və daim forpost kimi yaşamağa məhkumdurlar. Prezident İlham Əliyevin bildirdiyi kimi, onlar hər zaman böyük oyunların qurbanlarına çevrilirlər. Azərbaycan isə fərqli prizmadan diqqət çəkir. Ölkəmiz milli maraqlar üzərində qurulan tam müstəqil siyasi kurs həyata keçirir. Respublikamızın qərarları hansısa xarici paytaxtlarda deyil, məhz Bakıda, məhz Prezident İlham Əliyev tərəfindən verilir. Buna görə də Azərbaycan dünyada ləyaqətli dövlət kimi tanınır. Bu gün biz dünyada Azərbaycana və onun Liderinə beynəlxalq miqyasda necə böyük hörmət bəslənildiyinin şahidi oluruq. Respublikamız, necə deyərlər, dünyanın mərkəzinə çevrilib. Paytaxtımız tez-tez BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların mötəbər tədbirlərinə ev sahibliyi edir və bu tədbirlərdə dünya gündəliyinin aktual məsələlərinin müzakirələri aparılır.

Bütün bunlar bizim üçün qürur mənbəyi olmaqla yanaşı, məsuliyyətimizi də artırır. Ənənələri yaşatmaq, ölkəni daha güclü etmək indiki və gələcək nəsillərin üzərinə düşür. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda gənclərə xitab edərək vurğulayıb: “Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun”.

Məmnunluq hissi ilə qeyd edə bilərik ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq geniş əhatə dairəsinə malik gənclər siyasəti həyata keçirilir. Bunun da nəticəsi olaraq respublikamızda həm müasir, həm də ənənələrə, tariximizə, milli dəyərlərimizə bağlı olan gənclər formalaşıblar. Azərbaycan gəncləri təhsilli, geniş dünyagörüşlü olmaqla bərabər, həm də vətənpərvərdirlər. 44 günlük Vətən müharibəsi gənclərimiz  üçün bir imtahan idi və onlar bu imtahandan alnıaçıq çıxdılar. Müharibədə cəmiyyətin bütün təbəqələrinin nümayəndələri iştirak edirdilər. Əsas ağırlıq isə Heydər Əliyev, İlham Əliyev dövründə formalaşan gənclərin üzərinə düşdü. Xatırlatmaq yerinə düşər ki, 44 gün ərzində Ermənistan ordusunda 11 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə heç bir dəfə də olsun fərarilik halına rast gəlinməyib ki, bu da gənclərimizin yüksək iradəyə malik olmalarının və vətənpərvərliyinin əyani göstəricisidir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31