Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regionun nəqliyyat xəritəsini Azərbaycan müəyyənləşdirir

Regionun nəqliyyat xəritəsini Azərbaycan müəyyənləşdirir

10.07.2026 [11:48]

Orta Dəhlizdə yeni mərhələ...

Özbəkistanın nəqliyyat və logistika üzrə tanınmış eksperti, beynəlxalq “Business Diplomat” platformasının təsisçisi Mirşod Şakirov bildirib ki, Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutu olan Orta Dəhliz artıq digər coğrafi regionların da traniz arteriyasına çevrilməkdədir. Dəhliz Avrasiya üçün yeni iqtisadi arxitekturanın formalaşdırılması üçün əsas platformalardan birinə çevrilir və burada limanların, dəmir yollarının və logistika mərkəzlərinin inkişafı ilə yanaşı, etimad, beynəlxalq tərəfdaşlıq və insan kapitalı getdikcə daha çox rol oynayır. Qlobal təchizat zəncirlərinin transformasiyası fonunda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin rolu isə tranzit potensiallarının güclənməsində və dünya miqyasında iqtisadi inteqrasiyaları dərinləşməsində rolu artır.

M.Şakirov vurğulayıb ki, XXI əsrin İpək Yolu hesab edilən Orta Dəhliz həm də  sahibkarları bir araya gətirən, real beynəlxalq tərəfdaşlıqlar yarada bilən və ideyaları konkret iqtisadi layihələrə çevirən nəhəng platformadır.

Azərbaycan yeni Avrasiya iqtisadi məkanının əsas memarı rolunu oynayır

Mirşod Şakirov bildirib ki, nəqliyyat və logistika infrastrukturuna ardıcıl investisiyalar yatıran Azərbaycan yeni Avrasiya iqtisadi məkanının əsas memarı rolunu oynayır. İllər ərzində ölkə nəqliyyat, liman və dəmir yolu infrastrukturunun inkişafına ardıcıl olaraq sərmayə yatıran Azərbaycan bütün marşrut boyunca gələcək artımın təməlini qoyub. “Bu gün Bakı artıq xəritədə sadəcə tranzit nöqtəsi deyil, yeni Avrasiya iqtisadi məkanının strateji mərkəzlərindən biridir. Mərkəzi Asiya baxımından Azərbaycan Avropa bazarlarına təbii körpüyə çevrilir. Avropa baxımından isə Şərq ilə Qərb arasında ticarət yollarının davamlılığını və şaxələndirilməsini təmin edən vacib tərəfdaşdır. Buna görə də Azərbaycan ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq bütün Orta Dəhliz arxitekturası üçün tamamilə yeni bir əhəmiyyət kəsb edir”.

Hazırda qlobal hublardan biri olan Orta Dəhliz fasiləsiz axıcılığı da məhz Azərbaycanın və yaxın tərəfdaşlarının iradəsi ilə genişlənir. Bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır. Bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biri Azərbaycandır. Rəsmi Bakı Çin və Aİ ilə bu layihənin imkanlarını bir neçə ilə əvvəl geniş müzakirə edib və beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevirməyi təklif edib. Xüsusilə də son 2 ildə regionda yaranmış yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi reallıqlara əsaslanaraq ölkəmiz regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynamağa başlayıb. Azərbaycan Xəzər regionunu beynəlxalq huba çevirmək üçün Orta Dəhliz xəttinin imkanlarını və gerçəkliyini qlobal səviyyədə bəyan edib və bu təşəbbüslər dünya birliyi tərəfindən birmənalı olaraq dəstəklənib.

Orta Dəhliz nəhəng arteriyaya çevrilir

Çin və Azərbaycanın artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizə inteqrasiya olunması təşəbbüsləri də reallaşıb və yeni hüquqi-iqtisadi əsaslar yaranıb. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan Orta Dəhlizə rəsmən qoşulub. Digər Mərkəzi Asiya ölkələri də bu dəhlzin imkanlarını dəyərləndirərək eyni mövqe nümayiş etdirir. Özbəkistanın, Qırğızıstanın, Tacikistanın dövlət başçılarının son dövrlərdə Azərbaycana səfərləri zamanı əsas müzakirə mövzulardan biri bölgədəki nəqliyyat bağlantılarının və infrastrukturların Orta Dəhlizlə birləşdirilməsi olub.

Hazırda Orta Dəhliz vasitəsilə daşımaların həcminin artması bu tranzit xəttinin coğrafiyasını əhatə edən ölkələrin, xüsusilə də türk dövlətlərinin vahid nəqliyyat ailəsində birləşməsini də zəruri edir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Trans-Xəzərin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsində dair niyyətlər ifadə olunub.

Bolqarıstan və Sloveniya Orta Dəhlizə qoşulur

Avropa ölkələri də Orta Dəhliz ailəsinə qoşulmaq üçün öz nəqliyyat infrastrukturlarını inteqrasiya etmək yönündə addımlar atmağa başlayıb.

Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanlarının Orta Dəhliz birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində razılaşma əldə edilib.Tərəflər Burqas və Varna dəniz limanlarının Qazaxıstanın strateji nəqliyyat-ticarət marşrutlarına inteqrasiyası üçün birləşdirici dəhliz layihəsi üzərində işləməyə razı olduqlarını bəyan ediblər.

Həmçinin, Sloveniya da nəqliyyat şəbəkəsini Orta Dəhlizə birləşdirmək yönündə praktiki addımlar atmaqdadır. Cari ilin aprelində Sloveniya hökuməti Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətini bəyan edib. Qazaxıstan və Sloveniyanın dövlət başçıları - Kasım-Jomart Tokayev və Nataşa Pirç Musarın görüşü zamanı nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zamanı rəsmi Lyublyana Orta Dəhlizə qoşulmaq niyyətini ifadə edib. Sloveniya hökuməti Adriatik dənizindəki Koper dəniz limanının digər nəqliyyat xətlərinə inteqrasiya olunması sayəsində Orta Dəhlizə çıxış eldə etmək istəyir. Nataşa Pirç bildirib ki, Qazaxıstanla əldə edilmiş ortaq razılığa əsasən, yaxın vaxtlarda səlahiyyətli orqanlar nəqliyyat sxemlərinin əlaqələndirilməsi üçün konkret tədbirlər görəcək.

Avropa İttifaqının Xəzər-Qara dəniz bölgəsinə marağı

Orta Dəhlizdə daşınmaların həcminin və dəhlizin geoiqtisadi əhəmiyyətinin artması Avropa İttifaqının da marağını bu bölgəyə daha çox fokuslayıb, Avropanın əksər ölkələri Mərkəzi Asiya-Xəzər -Avropa coğrafiyasına xüsusi önəm verərək bu bölgənin nəqliyyat infrastrukturlarının yenilənməsinə dəstək niyyətlərini bəyan edirlər. Belçika Krallığının Qazaxıstandakı səfiri Anri Vantigem bildirib ki, Mərkəzi Asiyadan Avropaya nəql edilən daşınmaların intensivliyini daha da artırmaq üçün əhəmiyyətli sərmayə yatırımları nəzərdə tutulur. Onun sözlərinə görə, Mərkəzi Asiya və Xəzər regionu təbii resurs və digər iqtisadi potensial baxımından son illərdə daha da inkişaf edir, bu bölgənin ehtiyatlarının nəqli Avropa üçün xüsusi maraq kəsb edir və resursların daha tez və maneəsiz daşınması üçün bütün zəruri logistika infrastrukturını yeniləməyə başlamaq lazımdır.

Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizin formalaşması istiqamətində səylərini müsbət dəyərləndirib, onların bu iradəsi sayəsində vahid Asiya-Avropa nəqliyyat blokunun tam rentabelli işinin təmin ediləcəyini vurğulayıb. Bu prosesdə Aİ-nin bütün zəruri dəstəkləri verəcəyi xatırlanıb.

Zəngəzur dəhlizi üçün yeni imkanlar

Cari ilin mart ayında Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) işçi qrupunun iclasında Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün mövcud infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idaretmənin qurulması və digər məsələlər müzakirə olunub. 10 ölkənin dəmir yolu administrasiyası və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi tədbirdə yeni strateji hədəflər müəyyənləşdirilib. Orta Dəhlizdə yer almaq niyyətlərini bildirən Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlancağını vurğulayıblar.

Göründüyü kimi Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Orta Dəhlizin vahid nəqliyyat arteriyası formalaşmaqdadır. Dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. İkitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhlizdə Azərbaycan müasir geoiqtisadi və geosiaysi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31