Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Aqrar və sənaye sektorları üçün yeni güzəştlər

Aqrar və sənaye sektorları üçün yeni güzəştlər

23.06.2026 [10:39]

Bir sıra istehsal təyinatlı malların idxalı ƏDV-dən azad olunub

Nazirlər Kabineti (NK) yerli istehsalın təşviqinə dair mühüm qərarlar qəbul edib. NK-nın “Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında qərarına əsasən, sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru bir sıra malların idxalına görə, əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad olunub.

Həmin mallar texnika, texnoloji avadanlıq və qurğuların siyahısına, NK-nın digəq qərarına əsasən, quşçuluq və arıçılıq üçün avadanlıqlar, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqları, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar, habelə kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatları ƏDV-dən azad edilib.

Qeyri-neft sənayesinin inkişafına töhfə

Sənaye parkları ölkəmizin iqtisadi imkanlarının daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töhfə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılmasında mühüm əhəmiyyət daşıyır. Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Ağdam, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir. Dövlət başçısının imzaladığı müvafiq fərmanlara əsasən, hazırda Naxçıvan və Qərbi Sənaye Parkları yaradılmaqdadır. Həmin sənaye parkları ölkəmizin iqtisadi imkanlarının daha da artması, qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft resurslarının tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, bu hüquqi təşkildən sonra sənaye parklarının sayı 10-a çatmış olub və yeni parklar Azərbaycanın sənaye ixracına qoşulmaqla qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verəcək. Eləcə də Masallı, Neftçala, Sabirabad və Şərurda yerləşməklə 4 sənaye məhəlləsi fəaliyyət göstərir ki, bu da regionlarda sənaye potensiallarının səfərbər olunması, həmin bölgələrin inkişafında mühüm rol oynamaqdadır.

Azad ərazilərdə sənayeləşməyə dəstək

Qarabağ və Şərqi Zəngəzurda sayı daha da artan sənaye obyektləri, ələlxüsus da sənaye parklarında yeni rezidentlərin fəaliyyətə başlaması isə bu bölgənin sürətli inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına reinteqrasiyasına imkan yaratmaqdadır. Hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 350 milyon manatdan çox olan 40-dan reziden fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən sənaye parklarına 90 milyon manatdan çox investisiya yatırılıb.

Bir müddət əvvəl “Baku International Tobacco” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusunun verilməsi parkın fəaliyyət sahəsini genişləndirib. Yeni rezident tərəfindən sənaye parkının ərazisində tütün məmulatlarının istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır. Təkcə bu sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 48,3 milyon manatdan çox investisiya qoyulub, 130-dan artıq iş yeri yaradılıb.

Sənaye sahəsinin inkişafı üçün yeni imkanlar

Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafını daha da artırmaqdır. Bu məqsədlə sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra mühüm vergi güzəştlərindən yararlanır. Belə ki, onlar əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədi ilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda sənaye sahəsinin inkişafı prioritet olaraq müəyyənləşdirilib. Dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Sənədə əsasən, qeyri-neft/qaz sənayesi hər il orta hesabla 8,4 faiz artacaq, sənaye zonalarının qeyri-neft/qaz sənaye istehsalında payı 15 faiz, qeyri-neft/qaz sənaye ixracında payı isə 25 faiz olacaq. Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahənin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Bu isə öz növbəsində qeyri-neft sektorunun iqtisadiyyatımızın aparıcı artım mənbəyi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək.

Vergi və gömrük güzəştləri kənd təsərrüfatının inkişafına stimul verir

NK-nın aqrar sahəyə növbəti dəstəyi isə kənd təsərrüfatı sektorunda inkişafa əlavə imkanlar yarada biləcək amil kimi dəyərləndirilə bilər. Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, mənfəət, gəlir, ƏDV, sadələşdirilmiş və əmlak vergilərindən azaddırlar. Həmçinin kənd təsərrüfatı texnikası, gübrə və toxum idxalı gömrük rüsumlarından və ƏDV-dən azad olunur. Kənd təsərrüfatı üçün zəruri olan xammal və materialların güzəştli gömrük prosedurları ilə əhatə olunması da mühüm əhəmiyyət daşıyır. Bu, fermerlərə istehsal xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Müasir aqrar texnologiyaların, qurğuların, suvarma sistemlərinin və xüsusi ehtiyat hissələrinin ölkəyə idxalını təşviq edir, xammalın ölkə daxilində hazır və ya qablaşdırılmış məhsula çevrilməsini gücləndirir.

Ümumilikdə, vergi və gömrük təşviqləri aqrar biznesin rentabelliyini artırır və qida təhlükəsizliyini təmin edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30