Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Altı ölümün öldürdüyü tək adam

Altı ölümün öldürdüyü tək adam

17.07.2026 [11:42]

Edqar Allan Ponun yaradıcılığı haqqında

əvvəli ötən sayımızda

Qırmızı ölüm adı altında müəllifin hansı xəstəliyi, hansı mikrobdan yayılan epidemiyanı nəzərdə tutduğu bilinmir; bilinən budur ki, həyat - ölümdən qaçmaq üstündə qurulmuş ötəri tamaşa, əcəl yuxusundan bir anlıq ayılıb bir yerə yığılmış məxluqatın çal-çağırlı məclisi, hər kəsin özünə layiq maska taxıb rol oynadığı bal-maskaraddır. Ancaq çılğın rəqslər hər saatbaşı ara verir, əcəl hər saat zəngini çalıb əylənənlərin kefinə zəhər qatır. Qırmızı qan rəngidir, qan həm həyat, həm də ölüm simvoludur. Qırmızı ölüm elə həyatın özüdür. Şahzadənin qəsrində olum ölümlə iç-içədir, həyat şərbətlə ağunu bir qabda verir; ömür fələkdən oğurlanmış, əcəlin gözündən yayındırılmış bir neçə andır. Yəni əslində həyat müstəqil səltənət deyil, mütləq ölümün sonsuz ərazisində muxtariyyət verilmiş ötəri bir məmləkətdir. Qara döşənmiş otağın xüsusi seçdirilməsi də buna görədir: həyatdakı bütün rənglər gəldi-gedərdir, yalnız rəng məzarlığı, ölüm rəmzi qara rəng - kainatın qara materiyası, dünyanın təməl materialı, varlığın qaranlıq müstəvisi əbədidir, yalnız ölüm özü ölməzdir.

Saat on iki zəng çalanda məclisdə yeni bir maskalının peyda olduğu gözlərdən yayınmır. Şahzadə yad adamı tutmaq əmri versə də, kimsə ürək eləyib üst-başına qan çilənmiş, sir-sifətindən qırmızı dəhşət yağan dəlisov məxluqa yaxın düşəmmir:

“O, şahzadənin yanından düz keçdi, - qonaqlar ona yol vermək üçün hər iki divar boyu sıralanmışdılar, - onu başqalarından ayıran həmin o səlis, təntənəli yerişlə mavi otaqdan qırmızıya, qırmızıdan yaşıla, yaşıldan narıncıya, oradan ağ otağa, oradan da bənövşəyi otağa, nəhayət, qara otağa adladı, bu müddətdə bir adam da onun qabağına durmadı. Bu zaman həm qəzəbdən, həm də ötəri ağciyərliyinə görə çəkdiyi xəcalətdən başını itirmiş şahzadə Prospero özünü dəhlizin dərinliyinə atdı; ancaq ölüm qorxusuna mübtəla olmuş saray adamlarından heç kim onun ardınca getmədi. Əlində siyrilmiş xəncər qaçan şahzadə qara otağın astanasında düşmənə çataçatda yad adam qəfil dönüb gözlərini ona zillədi. Tükürpədən bağırtı qopdu, əvvəlcə qaranlıqda parıldayıb-sönən xəncər, sonra da şahzadənin cansız bədəni matəm xalısının üstünə düşdü. Onda qorxudan qeyrətə gələn məclis əhli bütün cəsarətini toplayıb qara otağa axışdı. Ancaq saatın kölgəsində boyaboy donub qalmış bəduğur məxluqu ələ keçirər-keçirməz dəhşətlə duydular ki, hikkəylə yırtmaq istədikləri kəfənin də, qorxunc maskanın da altında heç nə yoxdur.

Gələnin Qırmızı ölüm olduğuna daha kimsənin şübhəsi qalmadı. O, gecənin qaranlığında içəri oğrun girmişdi. Qan çilənmiş ziyafət salonlarında əyyaşlar bir-birinin ardınca yerə döşənir, ölüm onları hansı vəziyyətdə haqlayırdısa, o halda da can verirdilər. Sonuncu kef əhlinin ölümüylə abnos ağacından qayırılmış saatın da səsi batdı, kürələrin də alovu söndü. Sonra hər yerdə Zülmətin, Fəlakətin, bir də Qırmızı ölümün şəriksiz hökmranlığı başlandı”.

Qotik üslubda yazılmış, qorxulu süjet üzərində qurulmuş əsər belə bir qiyamət ovqatıyla bitir, Edqar Po öz pessimizmini dünyanın sonuyla uzlaşdırır.

                                                                                                   ***

“Sfinks” (1846) hekayəsinin təhkiyəçi qəhrəmanı da dəhşətli epidemiya günlərində Nyu-Yorkdan qaçıb iki həftəliyə bir qohumunun (həm də dostunun) Hudzon çayı yaxasındakı gözdən uzaq xudmani kottecinə çəkilir. Təbiət qoynunda dincəlmək, əylənmək üçün hər cür şərait olsa da, azman şəhərdən gələn bəd xəbərlər onun kefinə zəhər qatır. Vəba quduzlaşdıqca insanlar dostlarının, doğmalarının itkisinə alışırlar: “Axır-axırda hər xəbərin gəlişini ürək döyüntüsüylə qarşılayırdıq. Cənubdan əsən külək elə bil ölümün nəfəsiydi. Bu duyğu, bu düşüncə mənim canıma-qanıma işləmişdi. Başqa nədənsə danışa, nəsə düşünə, yuxularımda ayrı nəsə görə bilmirdim. Ev yiyəsi çox da nazik adam deyildi, hərçənd özü də bərk sarsılmışdı, elə hey mənə ürək-dirək verməyə çalışırdı. Onun müdrik ağlı qara-qura xəyallara uymazdı. Gerçək təhlükəni o, göydə tutardı, ancaq olmayan yerdə təhlükə qorxusuyla yaşamazdı. Ev yiyəsinin kitabxanasında əlimə düşən bir para kitabların ucbatından onun mənim xəstə, qaranlıq xəyallarımı dağıtmaq cəhdi, demək olar, daşa dirəndi. O kitablarda yazılanlar mənə qanımla ötürülmüş, canımın bir küncündə gizlənmiş bütün mövhumat toxumlarını cücərtmək gücündəydi. Mən kitabları qohumumdan xəbərsiz oxumuşdum, buna görə də o, təxəyyülümü körükləyən səbəbləri anlamaqda çətinlik çəkirdi”.

Qəhrəmanın sözü-söhbəti hayana fırlansa, axır gəlib əlamətlərin, işarələrin üstündə bənd alır, bir ara o, əlamətlərə ciddi-ciddi inanır. Bu mövzuda qohumuyla uzun-uzadı çəkişmələrə baş vurur. Qohumu bu sayaq mövhumi inamların tam əsassız olduğunu deyib durur, qəhrəmanımızsa sübuta yetirməyə çalışır ki, insanlara kənardan sırınmamış, xalqın təbiətindən mayalanmış etiqadda mütləq hansısa həqiqət payı var, ona görə də bu inam, etiqad hörmətə layiqdir.

Bir müddət sonra kottecə qayıdanda onun başına elə anlaşılmaz bir iş gəlir ki, adam möhkəm sarsılır, fikri-xəyalı tamam dolaşdığından dostuna ürəyini açmaq üçün neçə gün düşünməli olur:

“Qızmar günün sonuna doğru mən əlimdə kitab açıq pəncərə qarşısında oturmuşdum; pəncərədən çayın sağ-sol yaxası, ondan da aralıda bizə baxan üzü sürüşmə ucbatından keçəl qalmış təpə görünürdü. Bayaqdan fikrim kitabdan yayınıb, zillətin, fəlakətin meydan suladığı qonşu şəhərə köçmüşdü. Başımı kitabdan qaldıranda mən uzaqda çılpaq yamac, yamacda da eybəcər görkəmli nəhəng bir məxluq gördüm; sonra o məxluq bir göz qırpımında yamacdan enib, təpənin ətəyindəki qalın meşədə itdi. Bu varlığı ilk görəndə düşündüm bəlkə dəli olmuşam, ona görə də haq-nahaq gözlərimə inanmadım; ağlımı itirmədiyimə, yuxu görmədiyimə əmin olana qədər bir xeyli keçdi. Ancaq indi açıq-aydın gördüyüm, təpənin ətəyinə enənəcən gözdən yayındırmadığım o bədheybəti təsvir eləməyə başlasam, oxucuları buna inandırmaq mənim özümü inandırmağımdan da çətin başa gələcək.

Yamacı endikcə sürüşməyə davam gətirmiş tək-tək azman ağacların böyründən ötdüyünə görə deyə bilərəm ki, bədheybət məxluq nəhənglikdə heç bir okean gəmisinə boy verməzdi. Gəmini elə-belə yada salmadım, onun biçimi-quruluşu həqiqətən də bizim yetmiş dörd toplu hərbi gəminin korpusuna bənzəyirdi. Ağzı altmış-yetmiş fut uzunluqda, fil gövdəsi yoğunluqda xortumunun ucunda yerləşirdi. Xortumunun kökündə çəngə-çəngə sıx tüklər qaralırdı - qırxan olsaydı, bir düjün vəhşi öküzün yunundan ağır gələrdi; oradan qaban qılıncına bənzər, ancaq ondan qat-qat iri bir cüt parlaq köpək dişi - biri aşağı, o biri yana əyilmiş iki azman diş çıxmışdı. Xortumun sağ-solundan yanlara otuz-qırx fut uzunluğu olan, büllur kimi işıldayan nəhəng prizmatik buynuzlar uzanırdı - batan günəşin o buynuzlara dəyib-qayıdan saçaqları göz çıxarırdı. Gövdəsi çivə bənzəyirdi, iti ucu aşağı yönəlmişdi. Hər biri az qala yüz yard uzunluğunda iki cüt qanadı vardı; qanadlar bir-birinin üzərində bitmişdi, hamısının da üstü diametri on-on iki fut olan dəmir pullarla örtülüydü. Onu da gözüm aldı ki, üst qanadlar alt qanadlara yoğun zəncirlə bağlanıb. Ancaq bu bədheybət varlığın ən gözəçarpan cəhəti onun, demək olar, bütün sinəsini tutmuş, tünd gövdəsinin üstündə yağlı rəssam fırçasıyla çəkilibmiş kimi ağaran kəlləsiydi. Ağlımın gücü yetməyən bir dəhşətlə, bir qaçılmaz fəlakət duyğusuyla əcaib heyvana, ən çox da heyvanın sinəsindəki kəllə təsvirinə baxdığım yerdə qəfildən onun xortumundan sallanan nəhəng ağzı açıldı, heyvan mənim qulaqlarımda nəhs əlamət kimi cingildəyən acı naləsiylə yeri-göyü titrətdi; bədheybət varlıq təpənin ətəyində gözdən itər-itməz mən özümdən gedib yerə sərildim”.

Bu əhvalatdan üç-dörd gün ötmüş axşam çağı dostlar bədheybət varlığın nağılçının gözünə göründüyü otaqda otururlar: qəhrəmanımız pəncərənin qarşısındakı həmin o kürsüdə əyləşir, qohumu ondan azca aralı taxtın üstündə dirsəklənir. Vaxt o vaxt, yer də o yer olduğundan təhkiyəçinin yaddaşı təzələnir, qəribə hadisəni dostuna danışmaq istəyir. Dostu qabaqca ürəkdən gülə-gülə, sonra da qohumunun havalandığına şəkk-şübhəsi qalmayıbmış kimi ciddi bir tövrlə onu sonacan dinləyir. Bu dəm eybəcər nəhəng yenə aydın görünür, qəhrəmanımız qorxunc bir bağırtıyla əlini ona tuşlayır. Bədheybətin çılpaq yamacla enişini xırdalığınacan təsvir eləsə də, dostu təpəyə sarı diqqətlə baxıb, bir şey görmədiyini deyir. Onda adam daha da həyəcanlanır, qarabasma ona ölüm əlaməti, bundan da betəri, dəlilik nişanəsi kimi gəlir. Əli yerdən-göydən üzülən nağılçı özünü kürsüyə yıxıb ovuclarıyla üzünü qapayır: “Gözümü açanda qarabasma yoxa çıxmışdı”.

davamı növbəti sayımızda

F.Uğurlu

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31