Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Siyasi həmrəylikdən iqtisadi tərəfdaşlığa: Azərbaycan–Laos əməkdaşlığının yeni üfüqləri

Siyasi həmrəylikdən iqtisadi tərəfdaşlığa: Azərbaycan–Laos əməkdaşlığının yeni üfüqləri

19.10.2026 [13:37]

Azərbaycan ilə Laos arasındakı siyasi münasibətlərin yüksək səviyyəsi heç kimdə şübhə doğurmur. Otuz ildən artıq davam edən diplomatik əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, parlamentlərarası və partiyalararası təmaslar bu münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Lakin oktyabrın 13-də Bakıda keçirilən görüşlərdə hər iki dövlət başçısı açıq şəkildə bəyan etdi ki, bu uğurlu siyasi mənzərə iqtisadi sahədə də öz əksini tapmalıdır. Məhz bu yanaşma Laos Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfərinin əsas leytmotivlərindən birinə çevrildi.

Prezident İlham Əliyev geniş tərkibdə görüşdə səmimi və real bir qiymətləndirmə verdi: iqtisadi göstəricilər hələlik çox kiçikdir, lakin böyük potensiala malikdir. Mətbuata bəyanatında isə dövlətimizin başçısı vurğuladı ki, fikir mübadiləsi zamanı hər iki tərəf eyni mövqeni ifadə edib – hazırkı ticarət dövriyyəsi nə iki ölkənin potensialını, nə də niyyətini əks etdirir. Problemin açıq etirafı onun həllinə doğru atılan ilk və ən vacib addımdır. Buna görə də müvafiq qurumlara iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində əməkdaşlığın intensivləşdirilməsi barədə göstərişlər verildi.

Bu istiqamətdə konkret mexanizmlərdən biri Bakıda keçiriləcək Laos–Azərbaycan biznes-forumudur. Prezident İlham Əliyev ümid ifadə etdi ki, forum iki ölkənin iş adamları arasında məlumat mübadiləsi və birbaşa təmaslar üçün önəmli addım olacaq. Laos Prezidenti də öz növbəsində əminliyini bildirdi ki, gələcəkdə Azərbaycan iş adamları Laosa daha çox investisiya yatıracaq, ticarətin və turizmin həcmi artacaq.

Azərbaycanın xarici investisiya siyasəti bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir; həm maliyyə tutumu, həm də sərmayələrin coğrafiyası artır. Milyardlarla dollar səviyyəsində olan bu sərmayələr həm Azərbaycanın imkanlarını nümayiş etdirir, həm də tərəfdaş ölkələrə böyük fayda gətirir – yeni iş yerləri yaradılır, yeni istehsal sahələri formalaşır. Prezident İlham Əliyev bildirdi ki, eyni yanaşma Laosla ikitərəfli formatda da tətbiq oluna bilər: əgər Laos tərəfi konkret layihələr təqdim edərsə, Azərbaycan onlara böyük maraqla baxacaq. Təkbətək görüşdə də dövlətimizin başçısı Laosda praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazır olduğumuzu bildirmişdi.

İqtisadi əməkdaşlığın perspektivli istiqamətlərindən biri nəqliyyat və bağlantılardır. Laos Prezidenti məlumat verdi ki, ölkəsi qonşu dövlətlərlə dəmir yolu bağlantıları layihələrini icra edir və bu layihələr başa çatdıqdan sonra Trans-Xəzər nəqliyyat marşrutuna birbaşa qoşulmaq mümkün olacaq. Prezident İlham Əliyev isə vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb; indi əsas diqqət yüklərin aşkar edilməsinə, yeni ünvanlardan yüklərin səfərbər olunmasına və daşınma həcminin artırılmasına yönəlib. Hər iki tərəfdə həyata keçirilən layihələr tamamlandıqdan sonra yükdaşımaların həcminin artacağı gözlənilir. Bu, Cənub-Şərqi Asiyanı Xəzər hövzəsi vasitəsilə Avropa ilə birləşdirən geniş nəqliyyat şəbəkəsində Azərbaycan ilə Laosun maraqlarının üst-üstə düşdüyünü göstərir.

Görüşlərdə energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları da müzakirə olundu. Bu sahələrdə vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda hər bir istiqamət nəticə verə bilər. Kənd təsərrüfatı sahəsində artıq hüquqi baza yaradılıb: Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Laosun Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında Anlaşma Memorandumu mübadilə edildi. Bu sənəd təcrübə mübadiləsi, aqrar texnologiyalar və ticarət sahəsində gələcək layihələr üçün əlverişli zəmin yaradır.

Laos Prezidenti iqtisadi gündəliyin icrasına ciddi yanaşdığını konkret bəyanatla nümayiş etdirdi. Thonqlun Sisulit bildirdi ki, investisiya, təhsil, enerji və Azərbaycan üçün maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha çox nazir göndərəcək ki, ətraflı müzakirələr davam etdirilsin. O, həmçinin Azərbaycanın Baş naziri ilə görüşdə müvafiq sahələr üzrə əməkdaşlığın davam etdirilməsini təklif edəcəyini qeyd etdi. Xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş isə bu rəsmi təmasları xeyli asanlaşdıracaq.

Turizm və mədəni mübadilələr də iqtisadi əməkdaşlığın tamamlayıcı hissəsi kimi nəzərdən keçirilməlidir. Laos Prezidenti gələcəkdə turizmin həcminin və mədəniyyət sahəsində mübadilələrin artacağına əminliyini bildirdi. İki ölkə arasında birbaşa insan təmaslarının çoxalması işgüzar əlaqələrin də canlanmasına təkan verir, çünki qarşılıqlı tanışlıq və etimad hər bir uğurlu iqtisadi layihənin ilkin şərtidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ən önəmlisi qarşılıqlı iradənin mövcudluğudur. İmkanlar var, siyasi dəstək var, indi isə növbə konkret layihələrdədir. Siyasi həmrəylikdən iqtisadi tərəfdaşlığa keçid asan proses olmasa da, iki dövlət başçısının bu məsələyə göstərdiyi diqqət onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan–Laos iqtisadi əlaqələri yeni məzmun və miqyas qazanacaq. Bu isə həm iki ölkənin xalqlarının rifahına, həm də Asiyada qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası 

Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31