Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəngilan: tarixi irsin qorunması, bərpa-quruculuq işləri və gələcək inkişaf perspektivləri

Zəngilan: tarixi irsin qorunması, bərpa-quruculuq işləri və gələcək inkişaf perspektivləri

19.10.2026 [12:28]

Zəngilan rayonu Azərbaycanın zəngin tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi, təbii sərvətləri və turizm imkanları ilə seçilən bölgələrindən biridir. Uzun illər işğal altında qalan rayonun tarixi və dini abidələri ciddi dağıntılara məruz qalmış, yaşayış məntəqələri və infrastruktur obyektləri vandalizm nəticəsində yararsız vəziyyətə salınmışdır. Lakin Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra Zəngilan yeni inkişaf mərhələsinə qədəm qoymuş, burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır.

Azərbaycan xalqının milli-mədəni irsinin mühüm tərkib hissəsini təşkil edən tarixi və dini abidələr xalqımızın keçmişini, mənəvi dəyərlərini və zəngin memarlıq ənənələrini özündə əks etdirir. İşğal dövründə Zəngilan rayonunun bir sıra tarixi və dini abidələrinin dağıdılması, zədələnməsi və baxımsız vəziyyətə salınması Azərbaycanın mədəni irsinə vurulmuş ağır zərbədir.

Zəngilan rayonunun 2020-ci il oktyabrın 20-də işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm tarixi hadisə olmuşdur. Rayonun azadlığı ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalan hissəsinə nəzarət bərpa edilmiş, ölkənin sərhəd təhlükəsizliyi və regional nəqliyyat imkanları baxımından yeni perspektivlər yaranmışdır. Zəngilanın əlverişli coğrafi mövqeyi onun gələcək inkişafında mühüm rol oynayır. Rayonun beynəlxalq nəqliyyat dəhlizləri baxımından əhəmiyyəti, qonşu dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları və müasir infrastruktur layihələri bölgənin strateji əhəmiyyətini daha da artırır. Bu amillər Zəngilanın Azərbaycanın iqtisadi inkişafında mühüm mərkəzlərdən birinə çevrilməsi üçün əlverişli zəmin yaradır.

Zəngilan rayonunda həyata keçirilən quruculuq işlərinin ən diqqətçəkən nümunələrindən biri Ağalı ağıllı kəndidir. Müasir texnologiyaların, enerji səmərəliliyi prinsiplərinin və innovativ idarəetmə həllərinin tətbiqinə əsaslanan bu layihə işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ağalıda yaşayış evləri ilə yanaşı, sosial xidmətlərin, təhsil və digər zəruri infrastrukturun təşkili əhalinin rahat və təhlükəsiz yaşayışına şərait yaradır. Layihənin əsas məqsədlərindən biri sakinlərin doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, kənd həyatını müasir şəhərsalma və texnoloji yeniliklərlə uzlaşdırmaqdır. Ağalı ağıllı kəndi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq siyasətinin uğurlu nümunələrindən biri kimi diqqət çəkir. Bu təcrübə gələcəkdə digər yaşayış məntəqələrinin inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir.

Zəngilan rayonu zəngin təbiəti, meşələri, su ehtiyatları, əlverişli coğrafi mövqeyi və tarixi-mədəni abidələri ilə geniş turizm potensialına malikdir. Rayonun ekoturizm, kənd turizmi, mədəni irs və istirahət turizmi istiqamətlərində inkişaf etdirilməsi üçün mühüm imkanlar mövcuddur. Turizm infrastrukturunun yaradılması, mehmanxana və xidmət obyektlərinin fəaliyyətinin genişləndirilməsi, tarixi abidələrin qorunması və təbii ərazilərin turizm marşrutlarına daxil edilməsi bölgənin iqtisadi fəallığını artıra bilər. Bu istiqamətdə həyata keçirilən layihələr yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına və əhalinin məşğulluğunun yüksəldilməsinə töhfə verir.

2023-cü il sentyabrın 28-də dövlət başçısı Zəngilana səfəri çərçivəsində Alıbəyli kəndinin təməlqoyma mərasimində iştirak etmiş, Zəngilan Konqres Mərkəzi Kompleksinin və “AzərEnerji” ASC-nin Cahangirbəyli Su Elektrik Stansiyasının açılış mərasimlərinə qatılmışdır. Həmin gün Zəngilan kəndinin, şəhərdə ikinci, üçüncü və dördüncü yaşayış komplekslərinin, eləcə də 160 yerlik uşaq bağçasının təməli qoyulmuşdur. Prezident Zəngilan şəhər məscidində aparılan işlərlə də tanış olmuşdur. Bu tədbirlər rayonun yaşayış, sosial, enerji və ictimai infrastrukturunun kompleks şəkildə inkişaf etdirildiyini nümayiş etdirir.

2023-cü il sentyabrın 29-da İlham Əliyevin 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakı işğaldan azad edilmiş ərazilərin gələcək inkişafı, müasir şəhərsalma prinsiplərinin tətbiqi və dayanıqlı yaşayış məntəqələrinin yaradılması məsələlərinin əhəmiyyətini bir daha ön plana çıxarmışdır.

2024-cü il mayın 18-də Prezidentin Zəngilan rayonuna növbəti səfəri çərçivəsində Ağalı kəndində “Ağalı” hotelinin açılışı keçirilmiş, Mincivan qəsəbəsinin təməli qoyulmuşdur. Həmçinin “AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarının açılış mərasimləri baş tutmuşdur. Həmin səfər zamanı Zəngilan məscidinin açılışı da rayonun dini-mədəni həyatında əlamətdar hadisə olmuşdur. Bundan əlavə, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi şəhərin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində mühüm addım olmuşdur.

Zəngilan rayonunda həyata keçirilən bərpa və quruculuq layihələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi siyasətinin mühüm tərkib hissəsidir. Tarixi və dini abidələrin qorunması, müasir yaşayış məntəqələrinin yaradılması, enerji və nəqliyyat infrastrukturunun inkişafı, turizm imkanlarının genişləndirilməsi rayonun gələcək tərəqqisi üçün möhkəm təməl formalaşdırır.

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31