Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi

27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi

24.09.2026 [10:52]

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur hisslərinin vəhdət təşkil etdiyi müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir. Sentyabrın 27-si təsadüfi olaraq deyil, məhz 2020-ci ilin həmin günündə başlayan və Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən Vətən müharibəsinin başlanğıc günü kimi Anım Günü elan edilib. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Anım Günü kimi qeyd olunması müəyyənləşdirilib. 

Azərbaycan torpaqlarının uzun illər işğal altında saxlanılması, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərimizin dağıdılması Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələri idi. Beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərin mövcudluğuna baxmayaraq, Ermənistanın işğal faktını qoruyub saxlamaq cəhdləri regionda sülh və təhlükəsizliyə ciddi maneə yaradırdı. Azərbaycan uzun illər ərzində məsələnin sülh yolu ilə həllinə çalışsa da, nəticəsiz danışıqlar prosesi və qarşı tərəfin destruktiv mövqeyi vəziyyəti daha da mürəkkəbləşdirdi. 

Azərbaycanın üzləşdiyi işğal və onun ağır nəticələri uzun müddət beynəlxalq ictimaiyyətin diqqətində olsa da, təcavüzün aradan qaldırılması istiqamətində qəbul edilən qərarların icrası təmin edilmədi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb etsə də, bu tələblər illər ərzində yerinə yetirilmədi. Belə vəziyyət beynəlxalq münasibətlər sistemində ikili standartların mövcudluğu ilə bağlı Azərbaycanda əsaslı narazılıq doğururdu. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək üçün bütün imkanlarından istifadə etmək məcburiyyətində qaldı. 

Azərbaycan xalqı müharibə deyil, sülh istəyirdi. Lakin 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutması yeni hərbi qarşıdurmanın başlanmasına səbəb oldu. Azərbaycan Ordusu dövlətin və xalqın təhlükəsizliyini qorumaq, düşmənin hücumlarının qarşısını almaq və işğal altında olan torpaqların azad edilməsi məqsədilə əks-hücum əməliyyatına başladı. Həmin gün xalqın iradəsi ilə Ordunun gücü birləşdi və bütün Azərbaycan vahid amal ətrafında səfərbər oldu. 

44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin ən parlaq nümunələrindən birinə çevrildi. Cəbhədə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərir, arxa cəbhədə isə xalqımız Ordumuza mənəvi və maddi dəstəyini əsirgəmirdi. Hər bir evdə, hər bir ailədə Vətən sevgisi, qələbəyə inam və şəhidlərimizin müqəddəs amalına sədaqət hissi hökm sürürdü. “Öldü var, döndü yoxdur” düşüncəsi ilə döyüşə atılan igidlərimiz öz canlarını Vətənin azadlığı naminə fəda etdilər.

Azərbaycan Ordusu 44 gün ərzində yalnız irəlilədi və nəticədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Şuşa və çoxsaylı yaşayış məntəqələri azad edildi. Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin qüdrətinin və Ordumuzun döyüş qabiliyyətinin əyani nümayişinə çevrildi. 

Vətən müharibəsində qazanılan Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı hesabına mümkün oldu. Dövlətimiz müharibədən sonrakı dövrdə də hərbi qulluqçuların, şəhid ailələrinin və qazilərin sosial müdafiəsini diqqət mərkəzində saxladı. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinə göstərilən diqqət və qayğı, qazilərin müalicəsi və sosial təminatının gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, şəhidlərin və qazilərin fədakarlığı heç vaxt unudulmayacaq. 

Bu gün şəhid ailələrinin və qazilərin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması, sosial ödənişlərlə əhatə edilməsi və digər istiqamətlərdə göstərilən dövlət qayğısı Vətən qarşısında xidmətə verilən yüksək qiymətin ifadəsidir. Şəhid ailələrinin və qazilərin qayğıları dövlətin daim diqqətində saxlanılır.

27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı ifadə edir, qazilərimizin qarşısında minnətdarlıq hissi ilə dayanırıq.

Mahir Qurbanov

YAP Kəngərli rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30