Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İqtisadi inkişafın maliyyə təminatı

İqtisadi inkişafın maliyyə təminatı

18.09.2026 [10:54]

Gələn il dövlət büdcəsinin xərcləri 42 milyard manatı ötəcək

Maliyyə Nazirliyi (MN) “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədini ictimaiyyətə təqdim edib. Sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair Maliyyə Nazirliyinin baxışlarını əks etdirir.

“2027-ci ilin  dövlət və icmal büdcələrinin  ilkin  göstəricilərinə dair Açıqlama” sənədi dövlət maliyyəsinin idarəolunması sahəsində bir sıra fiskal diaqnostika alətləri, həmçinin Açıq Büdcə Sorğusu metodologiyasına uyğun olaraq, icmal və dövlət büdcəsinin əsas göstəricilərinin ictimaiyyətə mütərəqqi praktikaya  uyğun açıqlanması, bu sahədə şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb. Layihə növbəti  il və ortamüddətli dövr üzrə makroiqtisadi  proqnozları, büdcə, o cümlədən gəlir və xərc siyasətinin əsas istiqamətlərini, büdcə qaydasına əsaslanan makro-fiskal çərçivəyə, qəbul edilmiş strateji sənədlərə və hökumət tərəfindən müəyyən edilmiş prioritetlərə uyğun olaraq tərtib edilib.

Büdcə gəlirləri 39 milyard manatdan çox proqnozlaşdırılır

2027-ci ildə dövlət  büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625 milyon manat və yaxud 1,6 faiz çoxdur. 2027-ci ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 dollar səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirlərində ÜDM-in 27,8 faizi həcmində, yəni 39 milyard 234 milyon manat nəzərdə tutulur. Gəlirlərin 39,5 faizi və ya 15 milyard 480 milyon manatı neft-qaz sektorunun,  60,5 faizi və ya  23 milyard 754 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Büdcə gəlirlərinin əsas istiqamətlə ölkənin iqtisadi inkişafını  sürətləndirmək, rəqabət  qabiliyyətini gücləndirmək, investisiya  mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

Xərclərin əsas prioritet istiqamətləri

Növbəti ildə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artım ilə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.

Dövlət büdcəsinin əsas xərc istiqamətləri isə büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. Belə ki, 2027-2030-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.

Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, o cümlədən rəqəmsal  inkişaf yönümlü və innovasiya tutumlu sahələrə investisiyaların artırılması, kənd təsərrüfatı məhsullarının istehsalının yüksəldilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, biznes-investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı olacaq.

Büdcədə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin  bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki  təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi əsas milli xərc hədəfi kimi nəzərdə tutulub. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi başlıca xərc prioritetidir. Rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlərin həyata keçirilməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsi və rifahı, xüsusilə həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi də xərc siyasətində mühüm yer tutur. Bu xərc maddəsinə uyğun olaraq müdafiə olunan  xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar,  müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı xüsusi olaraq diqqətdə saxlanılacaq.

Dövlət büdcəsinin vəsaiti  hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı, təmiz ətraf mühit və eləcə də “yaşıl enerji” mənbələrinin genişləndirilməsi də xərclərdə əsas yerlərdən birini tutur.

Sosial təminat xərcləri 5 milyard manata yaxınlaşıb

2027-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 166 milyon manat proqnozlaşdırılır ki, onun da 2 milyard 751 milyon manatı borclanma, 275 milyon manatı vahid xəzinə hesabının qalığı,140 milyon manatı isə özəlləşmədən daxilolmalar hesabına maliyyələşdiriləcək.

Funksional təsnifat  üzrə 2027-ci  ildə ümumi dövlət xidmətləri  üzrə xərclərə 5 milyard 506,3 milyon manat, müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 816,4milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 433,6 milyon manat, təhsil xərclərinə 5 milyard 98,2 milyon manat, sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 916 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə isə 645,2 milyon manat, mənzil və kommunal təsərrüfatı üzrə xərclərə 335 milyon manat, kənd təsərrüfatı üzrə xərclərə 1 milyard 379,5 milyon manat, ətraf mühitin mühafizəsinə 438,7 milyon manat, iqtisadi fəaliyyət xərclərinə isə 8 milyard 891 milyon manat maliyyə ayrılması proqnozlaşdırılıb.

İcmal büdcənin gəlir və xərcləri də artıb

2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nəzərən 2 milyard 639,5 milyon manat və ya 5,9 faiz artım deməkdir. İcmal büdcə xərcləri isə növbəti ildə 50 milyard 386,7 milyon  manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi  ilə müqayisədə 1 milyard 547,4 milyon manat və ya 3,2 faiz çoxdur.

2027-ci il üzrə icmal büdcədə 2 milyard 777,9 milyon manat büdcə kəsri gözlənilir.

Ortamüddətli dövrdə fiskal dayanıqlıq tədbirləri

Ortamüddətli dövrdə makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını, Dövlət Neft Fondunun aktivlərinin qorunması, xərc səmərəliliyinin  yüksəldilməsi çərçivəsində tətbirlər davam etdiriləcək. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin mərhələli şəkildə azaldılaraq 2029-cu  ilin sonuna 13 faizə qədər endirilməsi nəzərdə tutulur ki, bu da uzunmüddətli fiskal dayanıqlığı təmin edən səviyyədir.

2027-ci il ərzində dövlət  borclanmasının daxili maliyyə bazarlarında emissiya ediləcək dövlət qiymətli kağızları ilə yanaşı, beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilməsi planlaşdırılır.Bu kontekstdə su və nəqliyyat sektorları üzrə təsdiq edilmiş dövlət proqramlarının icrası istiqamətində müəyyən olunmuş bir sıra  prioritet layihələrin maliyyələşdirilməsi üçün növbəti dövr ərzində beynəlxalq maliyyə institutlarından kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, büdcə prosesinin növbəti mərhələlərində - Nazirlər Kabinetində və Milli Məclisdə müzakirələr zamanı 2027-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin parametrlərində dəyişikliklərin edilməsi istisna edilmir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30