Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı türk dünyasının mərkəzinə çevrilir

Bakı türk dünyasının mərkəzinə çevrilir

18.09.2026 [09:45]

Hazırda türk dövlətlərinin və xalqlarının birliyi üçün mühüm addımlar atılır. Türk dövlətləri arasında  siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması isə türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində tarixi mərhələ oldu. Artıq hər il TDT-nin zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir.

Türk dünyası daha da güclənir

Son illər TDT-nin sammitlərində qəbul olunan qərarlar artıq türk dünyasını dünyaya qlobal güc kimi təqdim edir. Nəzərə alaq ki, TDT müstəvisində təkcə Zirvə görüşləri keçirilmir, türk dövlətlərinin müvafiq dövlət qurumlarının, strukturların təşkilatlanmış platformaları da yaradılıb və onların da vaxtaşırı toplantıları keçirilir. Təqdirəlayiq haldır ki, bu prosesdə Azərbaycan çox fəal iştirak edir. Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünün  keçirilməsi də bunun göstəricisidir. Ümumilikdə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.

Bir gün sonra - sentyabrın 16-da isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda “Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib. Tədbir yüksək səviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirib. Konfransın məqsədi yalnız elmi və analitik müzakirələrin təşkili deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.

Konfransın açılışında İİTKM-in icraçı direktoru Vüsal Qasımlı TDT ölkələrinin iqtisadi potensialı və əməkdaşlıq perspektivlərindən danışıb. O, ticarət və investisiya əlaqələrinin, logistika imkanlarının və Orta Dəhlizin inkişaf etdirilməsini, maliyyə və ixrac potensialından səmərəli istifadəni, rəqəmsal transformasiya və innovasiyaların təşviqini əsas prioritetlər kimi qeyd edib.

TDT-ə üzv və müşahidəçi ölkələrin 180 milyon əhalisi var

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, təşkilatın üzv və müşahidəçi ölkələrinin ümumi əhalisi 180 milyon nəfərdir. Onun sözlərinə görə, bu göstərici Türk dövlətlərinin iqtisadi potensialının miqyasını və həmin potensialın ümumi rifaha çevrilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini göstərir.

Milli Məclis sədrinin müavini Musa Qasımlı türk xalqlarının birliyinin dövlət başçılarının fəaliyyəti sayəsində daha da möhkəmləndiyini bildirib. O, ortaq türk dilinin formalaşdırılmasını, ümumi tarix, mədəniyyət və köklərin Türk dünyasını birləşdirən əsas amillər olduğunu vurğulayıb.

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Orta Dəhlizin Türk dünyasının coğrafi və iqtisadi əlaqələrinin gücləndirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, marşrut üzrə yükdaşımaların həcminin qarşıdakı dövrdə üç dəfəyə qədər artması tranzit imkanlarının genişlənməsinə, ticarət dövriyyəsinin və regional iqtisadi əməkdaşlığın artmasına mühüm töhfə verə bilər.

Orta Dəhlizin regional inteqrasiyadakı rolu

Daha sonra tədbir panel müzakirələrlə davam edib. Birinci panel “Orta Dəhliz regional inteqrasiya və infrastruktur yönümlü inkişaf üçün katalizator kimi” mövzusuna həsr olunub. Panel çərçivəsində Orta Dəhlizin 2040-cı ilədək Türk dünyasının strateji nəqliyyat və iqtisadi dayağına çevrilməsi, infrastruktur və gömrük sistemlərinin uyğunlaşdırılması, logistikanın səmərəliliyinin artırılması və regional dəyər zəncirlərinin formalaşdırılması məsələləri müzakirə olunub. Həmçinin Orta Dəhlizin ticarət yollarının şaxələndirilməsi və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi dayanıqlığının gücləndirilməsində rolu vurğulanıb.

İkinci panel “TDT dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: tendensiyalar və istifadə olunmamış imkanlar” mövzusuna həsr olunub. Paneldə 2040-cı ilədək daha inteqrasiya olunmuş iqtisadi məkanın yaradılması, ticarət və gömrük sistemlərinin uyğunlaşdırılması, iqtisadi maneələrin azaldılması və innovasiyayönümlü iqtisadi inkişaf məsələləri müzakirə edilib. Türk İnvestisiya Fondunun rolu, həmçinin rəqəmsal ticarət, elektron gömrük, fintech, insan kapitalı və əmək mobilliyi məsələləri nəzərdən keçirilib.

Konfransın üçüncü paneli “Davamlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzusuna həsr olunub. Paneldə vahid rəqəmsal ticarət ekosistemi, süni intellekt, rəqəmsal infrastruktur və məlumatların idarə olunması məsələləri müzakirə edilib. Eyni zamanda, startaplar, tədqiqat əməkdaşlığı, texnoparklar, birgə innovasiya fondları və insan kapitalına investisiyaların artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Panel sessiyalarında 10-a yaxın ölkədən 30-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30