ABŞ NATO-nu tərk edərsə...
04.03.2025 [09:12]
Qərb yarımkürəsində vəziyyət gün keçdikcə dəyişir. Çətinlik təkcə Avropa qitəsindəki ayrı-ayrı dövlətlərin deyil, bu ölkələri öz çətiri altına alıb təhlükəsizliyini təmin edən NATO-nun gələcək fəaliyyətində də özünü büruzə verir. İstər ABŞ-Ukrayna, istər ABŞ-Aİ, istərsə də ABŞ-Rusiya münasibətlərində son proseslər Şimali Atlantika Alyansında da vəziyyətin əvvəlki kimi olmayacağından xəbər verir. İkinci Dünya müharibəsindən sonra əsası qoyulan və bu günə qədər davam edən vahid regional təhlükəsizlik sisteminin tarixə qovuşmaq ehtimalı güclənir. Artıq bu istiqamətdə qığılcımlar görünür. Eyni zamanda yaxın gələcəkdə Avropa məkanında ciddi təlatümlərin də baş verəcəyinin şahidi ola bilərik.
Senatorun çağırışı
Qeyd edək ki, Konqresdə bəzi respublikaçı senatorlar ABŞ-ın NATO-nu tərk etməsi ilə bağlı çağırışlar edirlər. Yuta ştatından olan senator Mayk Li öz “X” sosial şəbəkəsində ABŞ-ın NATO-dan çıxmasının zəruriliyini qeyd edib. Mayk Li, həmçinin “The American Conservative” jurnalı üçün yazdığı məqaləsində bildirib ki, alyansdakı Qərb ölkələri Ukraynaya hərbi personal göndərərsə, ABŞ NATO-dan çıxmalıdır: “Əgər müttəfiq qüvvələrin çəkmələri Ukrayna torpağına toxunarsa, biz NATO-dan tamamilə çıxmalıyıq,” - deyə Amerikalı senator vurğulayıb ki, Avropanın ABŞ-ı “nüvə eskalasiyası riskinə” itələməyə haqqı yoxdur və Birləşmiş Ştatlar alyansda özünün əsas milli maraqlarına uyğun hərəkət etməlidir. O xatırladıb ki, nüvə silahı olan düşmənin sərhədlərinin yaxınlığında alyansın genişlənməsi təhlükəli oyundur.
ABŞ prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenellin öz sosial şəbəkə hesabında senatorun çağırışına qoşulub və Avropa ölkələrinin NATO-ya kifayət qədər töhfə vermədiyini əsas gətirərək ABŞ-ın alyansın üzvlüyündən çıxmasının vaxtının çatdığını yazıb.
Xatırladaq ki, Prezident Tramp da birinci hakimiyyəti dövründə, o cümlədən 2024-cü ildə prezident seçkiləri kampaniyasındakı çıxışlarında dəfələrlə NATO-nun müdafiəsinə ən çox maliyyə xərcini ABŞ-ın çəkdiyini və Avropa ölkələrinin alyansa dəstəyinin yetərli olmadığını bildirirdi - o, açıq şəkildə bəyan edirdi ki, bu, onu NATO ilə bağlı sərt siyasət yürütməyə vadar edəcək.
Bu arada “Washington Post” qəzeti müəyyən mənbələrə istinadən məlumat verib ki, Tramp 20 min Amerika əsgərinin Avropadan çıxarılmasına göstəriş verə bilər.
NATO-dakı xərc bölgüsü
ABŞ hər il NATO-ya ÜDM-in 3,5 faizini, yəni 750 milyard dollar civarında vəsait xərcləyir. Amma Avropa ölkələrinin NATO-nun müdafiəsinə xərclərində ciddi fərqlər var. Polşa ÜDM-in 3.9 %, Yunanıstan ÜDM-in 3.2 %, Latviya və Estoniya ÜDM-nun 3%, Litva 2.5% və 2.99% arası, Almaniya, Fransa, Britaniya, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Niderland və Skandinaviya ölkələri ÜDM-nun 2% və 2.49 % arası, İspaniya, Portuqaliya, İtaliya və Belçika ÜDM-nun 2 %-dən aşağı vəsait xərcləyir.
Ukrayna amili
Trampın NATO-ya mənfi münasibət sərgiləməsinin digər əsas səbəbi Ukrayna amilidir. Politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Aİ-nin Ukrayna siyasəti Vaşinqtonu qəzəbləndirir: “Avropa ölkələri Ukraynada müharibənin davam etməsində maraqlıdırlar. Məhz buna görə də onlar Ukraynaya hərbi və maliyyə yardımlarını davam etdirirlər. Tramp isə bunu məqbul hesab etmir. Tramp hesab edir ki, Aİ-nin Ukraynanı Rusiya ilə müharibənin davam etməsinə sövq etməsi kökündən yalnışdır. Əslinə baxanda, Ağ Evin rəhbəri öz mövqeyində haqlıdır. Ona görə ki, hazırda, eləcə də yaxın gələcəkdə Ukraynanın rus qoşunlarını öz ərazisindən tamamilə çıxarmaq perspektivi yoxdur. Aİ-nin bu məsələdə təkid etməsi Trampın NATO-ya münasibətinin dəyişməsinə səbəb olub”.
NATO dağıla bilər?
Tramp administrasiyasının NATO ilə bağlı mövqeyi, o cümlədən respublikaçı senatorların bəyanatları Avropada çox ciddi narahatlıq yaradıb. Siyasi texnoloqların qənaətinə görə, bu günə qədər özlərinin və böyük bir məkanın təhlükəsizliyinin təminatını ABŞ-a həvalə edən Avropa ölkələri Trampın gələcək addımlarından qorxu keçirirlər və indidən özünümüdafiə haqqında düşünməyə başlayıblar. Belə demək mümkünsə, Avropada NATO-nun dağılması kabusu dolaşır. Sözsüz ki, ABŞ-ın NATO-nun üzvlüyündən çıxması ciddi təlatümlərə səbəb olacaq: Birincisi, ABŞ öz qoşunlarını Avropadan çıxaracaq və məkanda bütün hərbi bazalarının fəaliyyətinə xitam verəcək. Vaşinqton əsasən Sakit okean, Arktika və Afrikada öz hərbi-strateji və hərbi-siyasi mövqeyini möhkəmləndirəcək. İkincisi, Şimali Atlantik-Avropa təhlükəsizlik konsepsiyası öz aktuallığını itirəcək. Bu konsepsiyanın əsasının qoyulmasında, onun təməl prinsiplərinin müəyyən edilməsində məhz ABŞ əhəmiyyətli rol oynayıb. Üçüncüsü, istər “Soyuq müharibə”, istərsə də son otuz illik dövrdə NATO-nun hərbi-müdafiə, hərbi-təhlükəsizlik və hərbi təchizatının təmin olunmasında və inkişafında, xüsusilə Avropada xarici təhlükələrin qarşısının alınmasında və NATO-nun Atlantik okeanı və Arktikada qlobal güc mərkəzinə çevrilməsində birbaşa ABŞ cavabdehlik daşıyıb. Nə Kanada, nə də Qərbi Avropa ölkələri NATO-nu bu imkanlarla təmin etmək iqtidarında deyil. ABŞ-ın meydanda olmayacağı təqdirdə NATO bütün bu imkanlardan məhrum olacaq. Dördüncüsü, Kanada və Qərbi Avropa, hətta Avropa ölkələri arasında NATO-da söz sahibi olmaq uğrunda ciddi mübarizə başlayacaq. Şübhəsiz ki, onlar heç bir ortaq məxrəcə gələ bilməyəcəklər. Belə olan halda ABŞ-ın ardınca digər ölkələr də NATO-nu tərk edəcək. Nəhayət, Avropa ölkələri məcbur qalıb öz hərbi-təhlükəsizlik təşkilatını yaradacaqlar. Bütün bunlar isə NATO-nun faktiki olaraq dağılması anlamına gəlir.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

